Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-403/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-159/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc olaraq 34355,20 manat və gecikmə tarixlərinə görə hər gün üçün yaranan məbləğlərin cəmi 12539 manat, cəmi olaraq 46894,20 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-159/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən əsas borc olaraq 34355,20 manat, gecikmə tarixlərinə görə 1253,90 manat cərimə, cəmi 35609,10 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin dəyişdirilməsi, 24355,20 manat borcun hissə-hissə ödənilməsi və cərimə ödənişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx xxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixinə qədər ədv ilə birlikdə 106387,03 manat dəyərində elektron qaimə göndərilmiş və Cavabdeh MMC tərəfindən 12513,33 manat ədv (xx.xx.2018-ci il tarixdən-xx.xx.2020-ci il tarixinə qədər) 69518,50 manat əsas borc (xx.xx.2018-ci il tarixdən-xx.xx.2020-ci il tarixinə qədər) cəmi 82031,83 manat ödənilmiş və 24.355.20 manat əsas borc qalmışdır. Ödənişlər xx xxxx 2018-ci il tarixdən - xx xxxxxx 2020-ci il tarixinə qədər aparılmış və həmin tarixə qədər borcun ödənilməsi dayandırılmamış, elektron qaimə əsasında borc hissə-hissə ödənilmişdir. Buna görə də, 1253,90 manat cərimə borcu əsassızdır. Hal-hazırda da cavabdehə pandemiya görə zərər dəymiş, sifariş və podrat işləri dayandırılmış və nəticədə qismən qəbul etdiyi borcu birdəfəlik ödəmək iqtidarında deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli 27/2018 saylı malların alqı-satqısı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı İddiaçı MMC malı alıcı Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə alıcıya ödəməyi öz öhdəsini götürmüşlər. xx.xx.2019-cu il tarixə cavabdehin iddiaçıya olan borcu 50268 manat təşkil etmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və onun xx.xx.2020-ci il tarixə olan əsas borcu 34355,20 manat, cərimə 12539 manat, cəmi borcu isə 46894,20 manat təşkil edir. Cavabdeh birinci instansiya məhkəməsində iddianı qismən qəbul etmiş və bildirmişdir ki, iddiaçıya mövcud olan borcdan hər ay hissə-hissə ödəniş edilir. Apellyasiya icraatında cavabdehin nümayəndəsi bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilən tarixə borcun məbləği 34355,20 manat təşkil etsə də, qətnamədən sonra ödənişlər aparılmış və hazırda borcun məbləği 22555,20 manat təşkil edir. İddiaçının nümayəndəsi də qeyd olunan faktı təsdiq etmiş və bu barədə maliyyə arayışı təqdim etmişdir. Həmin arayışdan müəyyən olunur ki, qətnamə qəbul edildiyi tarixdən sonra (xx.xx.2020-ci il tarixdə) cavabdeh tərəfindən 10000 manat və 1800 ƏDV məbləği ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən 34355,2 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia tam əsaslıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1 faizi məbləğində dəbbə pulu ödəyir. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni cavabdeh tərəfindən alınan malların dəyərini, onun tərəfindən aparılmış ödənişləri, malların təhvil verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 12539 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas borcun 10 faizi məbləğində, yəni 1253,90 manat müəyyənləşdirmişdir. Cavabdehin dəlillərinə dair qeyd olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra aparılmış ödənişlər və borcun hissə-hissə ödənilməsi məsələsi qətnamənin icrası mərhələsində həll olunan məsələlərə aiddir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-159/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-403/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-403/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver