Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-403/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-433/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.01.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, 17.01.2018-ci il tarixli 123- GL/18 nömrəli müqavilə üzrə 10737 manat gecikdirilmiş əsas borc və hesablanmış 7123,82 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 350 manatın cəmi 18210,82 manat pulun Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19.01.2022-ci il tarixli e-2-2(113)-433/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 17.01.2018-ci il tarixli 123-GL/18 saylı lizinq müqaviləsi üzrə 03.09.2021-ci il tarixə yaranmış 10737 manat məbləğində gecikdirilmiş borc, 763 manat məbləğində cərimə və hüquqi yardımla bağlı 350 manat cəmi 11850 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilməsi, Cavabdeh 125,55 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərinə riayət edərək ödənişləri ödəniş qrafikinə uyğun ödəmişdir. Lakin bir müddət sonra pandemiya ilə əlaqədar olaraq maddi çətinliklər yarandığı üçün cavabdeh müqavilə öhdəliklərini yerinə yetirə bilməmişdir. İddiaçı tərəf bu haldan sui-istifadə edərək borcu şişirtmişdir. Məhkəmə iclasında cavabdehin iştirakı təmin edilmədiyi üçün cavabdeh borcun düzgün hesablanması ilə bağlı ekspertizanın təyin edilməsi ilə üçün vəsatət verə bilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında 17.01.2018-ci il tarixli, 123-GL/18 nömrəli lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən lizinq verən ümumi dəyəri 12537 manat olan və Spesifikasiyada (əlavə №1) göstərilən kənd təsərrüfatı texnikalarını satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə lizinq alana lizinqə vermişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür İddiaçı bildirir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və onun müqavilə üzrə 10737 manat əsas borcu və 7123,82 manat cərimə borcu qalmışdır. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı lizinq ödənişləri üzrə yaranmış 10737 manat borcun ödənilməsini tələb etməkdə haqlıdır. Dəbbə puluna dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. İşin hallarını, yəni lizinq müqaviləsinin bağlanılması və müqavilənin bitmə tarixlərini müqayisə edərək, həmçinin əsas borcun məbləğinin və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 763 manat məbləğində dəbbə ulunun tutulmasını tələb etməkdə haqlıdır. Apellyasiya şikayətinin dəlillərində dair kollegiya qeyd edir ki, cavabdehin maddi vəziyyəti və pandemiyanın olması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 17.01.2018-ci il tarixli, 123-GL/18 nömrəli lizinq müqaviləsinin 7.1 və 7.2-ci bəndlərində isə müəyyən edilmişdir ki, tərəflər müqavilədən irəli gələn öhdəliklərini həyata keçirməməyə görə məsuliyyətdən bir şərtlə azad edilirlər ki, bu hadisə qüvvədə olan qanunvericilik əsasında müəyyənləşdirilmiş qarşısıalınmaz qüvvənin meydana gəlməsinə görə baş versin. Müqavilədən irəli gələn öhdəliklərini bu səbəbə görə yerinə yetirə bilməyən tərəf digər tərəfi həmin hadisəni meydana gəldiyi tarixdən etibarən 5 gün ərzində fors-major şəraitinin meydana gəlməsi ilə başa çatması haqqında məlumatlandırılmalıdır. Lakin cavabdeh pandemiya ilə əlaqədar öz öhdəliklərini yerinə yetirə bilməməsi ilə əlaqədar iddiaçıya məlumat verməmişdir. Borcun məbləğinin hesablanmasına görə ekspertizanın təyin edilməsi üçün isə əsaslar mövcud deyildir. Belə ki, lizinq obyektinin ümumi dəyəri 12537 manat təşkil edir və iddiaçının bildirdiyinə görə cavabdeh tərəfindən müqavilə üzrə cəmi 1800 manat məbləğində ödənişin həyata keçirilmişdir. Eyni zamanda cavabdeh daha artıq məbləğdə ödəniş etməsi ilə bağlı sübut təqdim etməmişdir. Belə olan halda isə əsas borcun məbləğinin 10737 manat (12537 – 1800 = 10737) olması sadə riyazi hesablamaya əsasən müəyyən olunur. Ona görə də, ekspertizanın təyin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinin mənasına görə yalnız xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertiza təyin oluna bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-433/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19.01.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-403/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-403/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver