Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-403/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair kommersiya işi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahvardi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1304/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Temel Bülentin (VÖEN: **********) dövlət büdcəsinə 8855,76 manat məbləğində (o cümlədən, vergilər üzrə 7913,92 manat, faizlər üzrə 941,84 manat) , İcbari Tibbi Sığorta Fonduna 14,08 manat, Dövlət Sosial Müdafiə Fonduna 88,37 manat olmaqla, ümumilikdə 8958,21 manat borcu vardır.
2. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********059800, xx.xx.2023-cü il tarixli **********591900, xx.xx.2023-cü il tarixli **********592600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 8855,76 manat, dövlət sosial müdafiə fonduna olan 88,37 manat, icbari tibbi sığorta fonduna olan 14,08 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxsin (VÖEN: **********) dövlət büdcəsinə 8855,76 manat məbləğində (o cümlədən, vergilər üzrə 7913,92 manat, faizlər üzrə 941,84 manat), icbari tibbi sığorta fonduna 14,08 manat, dövlət sosial müdafiə fonduna 88,37 manat olmaqla, ümumilikdə 8958,21 manat borcu vardır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1304/2024 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) ərizə təmin edilmişdir.
6. Məhkəmə tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
7. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1304/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və maraqlı şəxsin ölkədən çıxışına qoyulmuş məhdudiyyətin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən və qətnamə çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Maraqlı şəxs tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət edilərək vergi orqanı tərəfindən hesablanmış əlavə vergi məbləğlərinin ləğv edilməsi xahiş edilmişdir. Maraqlı şəxs tərəfindən təqdim edilmiş iş üzrə iddia icraatı Bakı İnzibati Məhkəməsinin hakimi cənab Həmid Ağalarovun icraatında 2-1(112)-6514/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Maraqlı şəxs bu barədə məhkəmədə məlumat verilməsinə və iddia ərizəsi məhkəməyə təqdim edilməsinə baxmayaraaq birinci instansiya məhkəməsi bu kimi halları nəzərə almamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi işin faktiki hallarını araşdırmadan yekun məhkəmə aktı qəbul etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
10. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: - 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; - 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. - 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
11. Qətnamə maraqlı şəxs tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
12. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1304/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Vergi orqanının ərizəsinə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Türkiyə Respublikasının vətəndaşı olan Temel Bülent müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında Azərbaycan Respublikasında yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ərizə verilən tarixə maraqlı şəxsin dövlət büdcəsinə olan ümumilikdə 8855,76 manat (vergilər üzrə 7913,92 manat, faizlər üzrə 941,64 manat), dövlət sosial müdafiə fonduna olan 88,37 manat, icbari tibbi sığorta fonduna olan 14,08 manat məbləğində borcu olmuşdur.
14. Apellyasiya .şikayətinin məzmunundan aydın olur ki, həmin borclar ödənilməmiş, maraqlı şəxs bu borcları inzibati iddia icraatı qaydasında mübahisələndirmişdir. Maraqlı şəxs bu əsasla birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraatın dayandırılmamasını prosessual pozuntu hesab etmişdir.
15. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, hazırkı halda vergi orqanının ərizəsinə xüsusi icraat qaydasında baxılaraq maraqlı şəxsin ölkədən getmək hüququ yalnız dövlət büdcəsində ödənilməli olan borclarla bağlı məhdudlaşdırıldığından və inzibati məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında borc ləğv edildiyi təqdirdə məhdudlaşdırma götürüləcəyindən iş üzrə icraatın dayandırılması üçün MPM-nin 254.1.4cü maddəsində nəzərdə tutulmuş əsas mövcud deyil.
16. Məhkəmə kollegiyası eyni zamanda ı qeyd edir ki, borcun maraqlı şəxs tərəfindən inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi ona hesablanmış borcun əsassız olması barədə nəticəyə gəlmək üçün kifayət etmədiyindən ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizənin rədd edilməsi üçün əsas ola bilməz.
17. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1304/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 18.. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Maraqlı şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1304/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.