Məhkəmə qərarları › İş №2-2(103)-403/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-403/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-403/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-686/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 049/2024 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilə üzrə 28060 manat əsas borc və ödənilmiş 174,18 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-686/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 28060 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174,18 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.

3. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-686/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yuxarıda qeyd edilən müqavilənin mövcudluğu barədə iddia ərizəsi ilə tanış olduqda məlumatı olmuşdur. Sahibkar olaraq qəbul etdiyi malları müqavilə əsasında deyil, elektron qaimə vasitəsi ilə qəbul edir. O, uzun illərdir ki sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 2020-ci il tarixindən etibarən bütün malların alqı-satqısı elektron qaimə vasitəsi ilə həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, satışla məşğul olan firmalar 2020-ci il tarixindən bu günədək elektron qaimə olmadan kağız üzərində heç bir müqavilə bağlanılmamışdır. Cavabdeh şirkətdən malları qəbul etdikdən sonra mağazalara paylamışdır. Bu barədə firma işçilərinə və rəhbərliyinə məlumat verilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, müqavilə bağlandığı gündən yalan əqd olmuşdur. Belə ki, müqavilə Gəncə şəhərində bağlandığı halda müqavilənin bağlanma yeri kimi Bakı şəhəri göstərilmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə maddi hüquq normasının pozulması nəticəsində qəbul olunduğundan ləğv olunmalıdır. Bildirilir ki, məhkəmə prosesual huquq normalarına istinad etmədən qətnamə qəbul etmişdir. Birinci instansiyası məhkəməsi cavabdehin haqlı tələblərinə məhəl qoymamışdır. Bu isə onun maddi vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxaran bir haldır. Məhkəmənin diqqətinə çatdırılır ki, həmin müqavilənin formal olması müqavilədən aydın şəkildə görünür. Məhkəmə qətnaməsindən də görünür ki, müqavilənin bağlanması şərtlərinin pozulması ilə baxılmışdır. Həmçinin məhkəmənin diqqətinə çatdırılır ki, onun qeydiyyat ünvanı ünvan 1 ünvanıdır. Məhkəmə qətnamə qəbul edərkən aidiyyət qaydaları pozulmuşdur. Bu səbəbdən qətnamə ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etmiş və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır

10. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

11. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

13. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

15. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

17. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətənirəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

18. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.

22. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 29 yanvar 2024-cü il tarixli 049/2024 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqavilədən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müxtəlif çeşidli məhsulları (və ya taranı) cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin məhsulları qəbul edərək əvəzində onların dəyərini 3 ay ərzində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı əsasında cavabdehə 33300 manat məbləğində müxtəlif çeşidli içkilər təhvil vermişdir.

23. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 33300 manat dəyərində müxtəlif çeşidli içkilər cavabdehə təhvil verilmiş, sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir.

24. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

25. İddiaçı xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı əsasında təhvil verilən malların dəyərinin tam ödənilmədiyini bildirir və alqı-satqı müqaviləsinə əsasən verilmiş malların dəyəri olan 28060 manat məbləğində pulun ödənilməsini tələb edir.

26. Həmçinin məhkəmə göstərmişdir ki, iddia ərizəsinə xx.xx.2024-cü il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə də əlavə edilmişdir. Lakin iddiaçı nə iddia ərizəsində, nə də məhkəmə iclasında həmin müqaviləyə iddianın faktiki əsası kimi istinad etdiyindən və məhkəmənin öz təşəbbüsü ilə iddianın faktiki əsasını dəyişməsi mümkün olmadığından hazırkı mübahisə məhz xx.xx.2024-cü il tarixli məhsulların nisyə alqısatqısı barədə müqaviləyə əsaslanmaqla həll edilməlidir.

27. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqaviləsi olub (müqavilələrin 3-cü bəndi ilə alıcının ödəməni 3 ay ərzində həyata keçirməli olduğunun şərtləşdirildiyi nəzərə alındığında), iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.

29. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

30. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.

31. Məhkəmə xüsusilə vurğulamışdır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Beləliklə, məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

33. Lakin cavabdeh apellyasiya şikayətində alqı-satqı müqaviləsindən xəbəri olmaması, əqdin yalan əqd olmasını göstərmişdir. Cavabdeh qeyd edilən akta və müqaviləyə imza etməməsini qeyd etməmiş və əqdi mübahisələndirsə də müvafiq əsaslar göstərməmişdir. Cavabdeh istinad etdiyi hala dair heç bir sübut təqdim etməmişdir.

34. Cavabdeh aidiyyət qaydalarının pozulduğunu iddia etmişdir. Belə ki, cavabdehin qeydiyyat ünvanı Gəncə şəhəridir. Lakin iddiaçı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

35. Kollegiya cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmişdir ki, müqavilənin icra yeri Bakı şəhəridir. Həmçinin tərəflər razılığa gəlmişlər ki, mübahisə yaranarsa işə satıcının qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılacaqdır.

36. Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.

37. İddiaçının qeydiyyat ünvanı Bakı şəhəri olduğundan iddiaçı prosessual qanunvericilik baxımından düzgün olaraq Bakı Kommersiya Məhkəməsində müraciət etmişdir.

38. Həmçinin qeyd edilməlidir ki, müqavilədə elektron qaimənin istifadə edilməsi nəzərdə tutulmamışdır. Ona görə müqavilənin aktla və ya qəbz vasitəsilə icra edilməsi və eqaimədən istifadə edilməməsi müqavilənin etibarlılığına və ya qanuniliyinə təsir etmir.

39. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş üzrə maddi və prosessual hüquq normalarını da düzgün tətbiq edərək, iş üzrə mövcud olan bütün mötəbər sübutları araşdırmış və düzgün nəticəyə gəlmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-686/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar