Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-404/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Ağayev Valeh Məmməd oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh “Cavabdeh» MMC-yə qarşı «pul tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin iddianın təmini tədbiri barədə e-2-2(113)-1444/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh “Cavabdeh» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14730 manat əsas borc, 53028 manat məbləğində cərimə, 5000 manat məbləğində əldən çıxmış fayda, bank uçot dərəcəsi 7,25 % hesablanmaqla 1067 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb yekun qərar qanuni qüvvəyə minənənədək iddia təmin tədbiri qismində cavabdehə məxsus «xxxxxxxxxxxxxx» ASC-nin Mərkəz filialında yerləşən, İvan-H/HAZ48AZRT **********020714002, VÖEN-********** M/H-AZ02NABZ********************, bank kodu- 501361 SWİFT AZRTAZ22» olan, bank hesabındakı pul vəsaitlərinin üzərinə həbs qoyulması, özgəninkiləşdirilməsinin cavabdeh və üçüncü şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1444/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş və cavabdehin adıçəkildən bank hesabında 14.730,00 manat məbləğində pul vəsaiti üzərinə həbs qoyulmuşdur. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, tərəflər arasında bağlanan xx.xx.2017-ci il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqaviləsi üzrə görülən işlərin dəyəri hissə-hissə ödənilmiş, sonuncu dəfə iddiaçıya xx.xx.2019-cu il tarixində 5000 manat ödəniş olunmuş, qalan borcun ödənilməsinə dair isə şifahi olaraq möhlət istənilmiş və iddiaçı ilə hissə-hissə 6 ay ərzində ödənilcəyi barədə razılıq əldə olunmuşdur.Lakin sonradan cavabdeh tərəfindən ölkədə koronovirus (Covid-19) pandemiyası ilə bağlı ödəmələr gecikmişdir. İddiaçı ərizəsində ehtimal edir ki, cavabdeh öhdəliyinin yerinə yetirilməsindən imtina edir. Bu da gələcəkdə çıxarılan məhkəmə aktının icrasını qeyri-mümkün edə bilər. Bütün bunlar əsassızdır. Çünki cavabdeh tərəfindən xeyli ödənişlər edilmişdir. Məhkəmə belə bir mövaqedən çıxış edir ki, iddianı təmini tədbirinin görülməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirir və ya qeyri-mümkün edə bilər. Halbuki, qanunvericilikdə iddianı təmin etmə tədbirlərinin tətbiqinin zəruriliyi meyarları müəyyən edilmir. Cavabdehin bank hesabına həbsin qoyulması onun təsərrüfat və iqtisadi fəaliyyətinə ciddi zərər vura bilər və məhkəmə bunu mütləq nəzərə almalıdır. Ona görə də hakim işin konkret hallarını və ölkəmizdəki hazırkı pandemiya dövründə şirkətlərin iqtisadi fəaliyyətini nəzərə almalı idi. Odur ki, məhkəmənin qərardadı işin hallarına uyğun olmadığına və əsassız olduğuna görə ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi (vəkili) X1 işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehin səlahiyyətli nümayəndəsi isə məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi iddianı təmin etmə tədirini görə bilər. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2018-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2)bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Göründüyü kimi, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmini tədbiri görülərkən həmin tədbir iddia tələblərinə mütənasibliyi təşkil edir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından görünür ki, iddiaçının ərizəsi əsasında tətbiq edilən iddianı təmin etmə tədbiri sözügedən meyara cavab verir. Belə ki, işdə olan tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 07/17 saylı xidmət müqaviləsindən, cavabdehə ünvanlanmış elektron qaimələrdən, tərəflər arasında imzalanmış üzləşmə aktından, cavabdehə ünvanlanmış pretenziya məktubu və iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə göstərdiyi yükdaşıma xidmətləri ilə bağlı sonuncunun öhdəliklərinin yerinə yetirmədiyini mübahisələndirərək onun 14.730 manat məbləğində borcu yarandığını iddia edir. Cavabdehin şikayətinin məzmunundan isə göründüyü kimi, onun tərəfindən iddiaçıya boru olduğunı inkar da etmir, hətta maliyyə vəziyyəti imkan vermədiyindən hissə-hissə ödəyəcəyini iddiaçıya bildirdiyini qeyd edir. Belə olan halda, işə baxılıb qurtarana qədər onun maliyyə durumunun daha da pisləşəcəyi istisna edilmir. Bütün bunlar isə iddinanı təmin tədbirinin görülməsini zəruri edən hallar kimi qiymətləndirilməyə bilməz. Həm də nəzərə almaq lazımdır ki, MPM-in 157.2-ci maddəsinin tələbinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Hər bir halda, iddianı təmini tədbirinin görülməsi zəruriliyi həm də ondan irəli gəlir ki, mübahisənin obyektindən sui-istifadə olunmasın. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin şikayətinin qərardadın əsassız və işin hallarına uyğun olmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1444/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsindən isə göründüyü kimi, iddianı təmini tədbiri barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “Cavabdeh» MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1444/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Valeh Ağayev Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-404/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-404/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver