Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-404/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-277/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 49.103 (qırx doqquz min yüz üç) manatın və dövlət rüsumu olaraq 30 manat, cəmi 49.133 (qırx doqquz min yüz otuz üç) manatın alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-277/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sonuncu məhkəmə iclasında iştirakları təmin edilməmiş, iş üzrə əsas şahidin Azərbaycan Respublikasının hüdudlarından kənarda olması və hansı tarixdə gələcəyi barədə rəsmi sənədləri məhkəməyə təqdim etsələr də, məhkəmə bunu nəzərə almamış, onların iştirakını təmin etmədən, ədalətli araşdırma aparmadan, təqdim etdikləri şahidin dindirilməsini təmin etmədən iddianın rədd edilməsinə dair qətnamə çıxarmışdır. Muhammed Güvən cavabdeh şəxsin təsisçilərindən biri olmuş, o, müəssisənin yeni yarandığını, ona görə yaranmış borcun 4-5 il gözləməyini xahiş etmiş, bu səbəbdən həmin müddət ərzində cavabdehin onların borcunu qaytarmasını gözləmişlər. Bundan sonra Muhammed Güvən müəssisədən ayrılacağını və həmin vaxt onlarında borcunun vericələcəyini bildirmişdir. Buna görə yenə də gözləməyə qərara almışlar. Daha sonra Muhammed Güvən müəssisədən ayrıldığını, lakin həmin vaxt cavabdeh şəxsin nümayəndələrini İddiaçı MMC ilə aralarında olan borclarını özləri həll edəcəklərini bildirmişdir. Ona görə onlar Cavabdeh MMC-yə pretenziya məktubu ilə müraciət etmişlər ki, borclarını qaytarsınlar. Lakin məktuba cavab olaraq bildirmişlər ki, belə bir borc yoxdur və belə sənədlərdə təqdim edilməmişdir. Lakin məhkəmə iclas zalında borca dair sənədlər təqdim edildikdən sonra iddia müddətinin keçdiyini bildirmişlər. Əslində iddia müddəti keçməmiş, cavabdeh tərəfin xahişi ilə onlara möhlət verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, tərəflər arasında olan razılaşmaya əsasən İddiaçı MMC Cavabdeh MMC-yə müxtəlif mebel məhsulları satmış və xidmətlər göstərmişdir. Satılmış məhsulların bir qisminin dəyəri ödənilmiş olsa da, hazıra qədər 49.103 manat qalmış borc ödənilməmişdir. Bununla bağlı tərəflər arasında dəfələrlə danışıqlar olmuş, lakin bir nəticəsi olmamışdır. Satıcı qismində mebel məhsulları Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin vaxt Cavabdeh MMC-nin təsisçisi olan Muhammed Güvən vasitəsi ilə tanımış və qalmış borcun tezliklə ödəniləcəyini qeyd etmişdir. Lakin buna baxmayaraq pul ödənilməmişdir. xx.xx.2021-ci il tarixli pretenziya məktubları göndərilməklə on beş gün ərzində həmin məbləği ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlığa baxmayaraq indiyə qədər həmin pul ödənilməmişdir. Cavabdeh iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, bildirir ki, iddiaçının cavabdehə qarşı müqavilə münasibətlərindən irəli gələn tələblərinə Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq iddia müddəti tətbiq edilməlidir. Belə ki, tərəflər arasında müqavilə münasibətləri 2015 və 2016-cı illərdə olmuşdur. İddia ərizəsindən göründüyü kimi, eləcə də məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinin və vəkilinin müqavilə münasibətləri zamanı yaranmış fikir ayrılığının konkret nədə ifadə edilməsi, iddia məbləğinin əsaslandığı malların və xidmətlərin siyahısını təqdim etməməsi, müddətin ötməsi səbəbi ilə sübutların əlçatan olmamasına dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 567 və 598.3-cü maddələri təşkil edir. Həmin maddələrə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (maddə 598.3). Qeyd olunan maddələrin dispozisiya şərtlərinə görə iddianın əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, tərəflər arasında etibarlı alqı-satqı müqaviləsi bağlanılmış, müqavilə üzrə satılmış əşyalar alıcıya (cavabdehə) verilmiş, sonuncu isə onların dəyərini ödəməmişdir. Birinci hal, yəni tərəflər arasında etibarlı alqı-satqı müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Digər hallar isə işin mübahisələndirilən hallarını təşkil edir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi və Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə ilk olaraq iddiaçı müqavilə üzrə satılmış əşyaların cavabdehə verildiyi halını sübut etməlidir. Bu hal sübut olunduğu halda onların dəyərinin ödənilməsini cavabdeh sübut etməlidir. İddiaçı tərəfindən ümumi dəyəri 49103 manat təşkil edən əşyaların cavabdehə verildiyini təsdiq edən birbaşa sübutlar (təhvil-təslim aktı, qaimə, üzləşmə aktı və s.) təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi (iş vərəqə 37-39) meyl yazışmalarına dair qeyd olunur ki, həmin elektron məktublar “mailto:mahmut.haziroğlu@dunyagoz.comElektron ünvan 1” elektron ünvanından “mailto:mgmgrup@yahoo.comElektron ünvan 2” və “mailto:Elektron ünvan 2” ünvanlarına göndərilmişdir. Həmin elektron ünvanların iddiaçıya aidiyyatı isə təsdiq olunmur. Həmin elektron məktubların iddiaçıya aidiyyatı qəbul edildiyi halda isə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü müəyyən edilir. Belə ki, Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. İddiaçı özü bildirir ki, mebel məhsullarının satışı və xidmətlərin göstərilməsi 2015- 2016-cı illərdə həyata keçirilmişdir. Eyni zamanda tərəflər arasında ayrı qaydanın nəzərdə tutulması (ödənişin müddəti ilə bağlı xüsusi razılaşmanın olması) öz təsdiqini tapmır. İddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Muhammed Güvən də öz ifadəsində bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2015-ci ildə alqı-satqı münasibətləri olmuşdur. 2015-2016-cı illərdə Cavabdeh MMC-nin açılışı olmuşdur. Həmin vaxta kimi İddiaçı MMC tərəfindən mebel məhsulları quraşdırılmış və təmir işləri bitmişdir. O, 2020-ci ilin fevral ayında Cavabdeh MMC-dən ayrılmışdır. Cavabdeh MMC-nin hazırki rəhbərləri də borcları olduğunu bilirlər, dəfələrlə möhlət istəmişlər, lakin sonradan ödəməmişlər. Hazırkı iddia ərizəsi isə xx.xx.2021-ci il tarixdə, yəni müqavilə üzrə mallar təhvil alındığı tarixdən hesablandıqda təxminən 5 il keçdikdən sonra verilmişdir. Halbuki Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İddiaçının təqdim etdiyi elektron məktublar isə 2018-ci ilin aprel ayında göndərilmişdir. Göründüyü kimi həmin məktublar Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən cavabdehin borcu etiraf etməsini göstərən hərəkətlər kimi edilərək iddia müddətinin axımının kəsilməsi kimi qəbul edildiyi halda belə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Çünki belə olan halda iddia müddəti 2021-ci ilin aprel ayında bitmiş, hazırkı iddia ərizəsi isə xx.xx.2021-ci il tarixdə, yəni həmin tarixdən 5 ay keçdikdən sonra verilmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyil. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 noyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Hazırki işdə isə iddiaçı cavabdehin borcu ödəməklə bağlı onlardan 4-5 il möhlət istədiyini, iddia müddətinin axımının kəsildiyini bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının şahid qismində təqdim etdiyi Muhammed Güvənin ifadəsi isə bu halı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki cavabdehin nümayəndəsi şifahi qaydada möhlət verilməsi halına və şahidin ifadəsinə etiraz etmiş, möhlətin verilməsini təsdiq edən hər hansı yazılı sübut isə təqdim edilməmişdir. Ona görə də, yalnız bir şahidin ifadəsi bu halı təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-277/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-404/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-404/2022
07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver