Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-405/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə2, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki adı İddiaçı Açıq Səhmdar Cəmiyyəti) cavabdeh “xxxx” MMC-yə (əvvəlki adı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) lizinq müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1149/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək 235.082,45 manat məbləğində əsas borcun, 20.404,90 manat məbləğində cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 255.517,35 manat məbləğində pul vəsaitinin “xxxx” MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə “X3” MMC arasında bağlanmış müqavilələr əsasında 271 baş Holştin-friz cinsli heyvan və onların 25 may 2018-ci il tarixinə qalan lizinq qrafiki üzrə öhdəlikləri 24 yanvar 2019-cu il tarixli 01-ÖT/19 nömrəli öhdəliklərin ötürülməsi barədə müqavilə ilə cavabdehə verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, heç bir ödəniş etməmişdir. Nəticədə müqavilə üzrə əsas borc 137.477,91 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 20.404,90 manat məbləğində olmuşdur. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1149/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 235.082,45 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin əsas borcun ödənilməsi hissəsində dəyişdirilməsini, əsas borcun məbləğinin azaldılaraq 137477,91 manat hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113-1149/2020 saylı 30.09.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən 235082,45 manat pul tutulması qət edilmişdir. Cavabdehin o qədər borcu ola bilməz. İlk əvvəl əsas borc məbləği 137.000 tələb olunmuş, sonra cərimə borcu göstərilərək tələb artırılmışdır. Amma işə hər hansı bir sübut təqdim edilməmişdir. Buna görə də əsas borcun məbləği dəqiq müəyyən edilməli, şişirdilmiş cərimə azaldılmalıdır. Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Nazirlər Kabinetinin 01.10.2020-ci il tarixli 549s saylı sərəncamına əsasən “xxxx” ASC-nin balansında olan və sərəncamın əlavəsində qeyd edilən əmlaklar, o cümlədən iddiaçıdan lizinqə götürülmüş mal-qara Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin balansına verilmişdir. Eyni zamanda lizinq predmeti olan əmlak “xxxx” MMC ilə bağlanmış 24.10.2019-cu il tarixli icarə müqaviləsinə əsasən həmin MMC-yə icarəyə verilmişdir. Həmin müqavilənin əlavəsinə əsasən lizinq ödənişlərinin iddiaçıya ödənilməsi “xxxx” MMC-yə həvalə edilmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apelyasiya şikayəti ilə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1149/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda apelyasiya şikayətində qətnamənin tam ləğv edilməsi xahiş olunsa da şikayətin məzmunundan və dəlillərindən aydın olur ki, qətnamə cavabdeh tərəfindən yalnız iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin əsas borcun tutulması hissəsində iş üzrə gəldiyi qanuni və əsaslıdır. Tərəflər arasında bağlanmış 24 yanvar 2019-cu il tarixli 01-ÖT/19 “Öhdəliklərin ötürülməsi barədə müqavilə”dən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli fərmanına əsasən “xxxx” QSC BOKT problemli aktivlərin (borcların) əvəzinə “X3” MMC-dən 25 may 2018-ci il tarixli aktla təhvil alınmış 271 baş Holstin-friz cinsli damazlıq heyvanların qalıq dəyəri-257605,50 manat “xxxx” MMC tərəfindən ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra borclunun mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən borclu müqavilənin 1.1-ci və 1.4-cü bəndlərinə əsasən 271 baş Holstin-friz cinsli damazlıq heyvanları üzrə 25 may 2018-ci il tarixə olan qalıq borcun 62.393,91 manat məbləğində hissəsini 2019-cu ilin yanvar ayının sonunadək və damazlıq heyvanların qalıq dəyərindən 195.211,59 manat məbləğində ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” QSC BOKT-dan “xxxx” ASC-nin balansına verilən dövlət əmlakının təhviltəslimi ilə bağlı yaradılmış işçi qrupu tərəfindən “X3” MMC-nin aktivlərinin dəyərinin, xammal və hazır məhsul qalığının, debitor-kreditor borclarının 25.05.2018-ci il tarixə olan vəziyyətinin yoxlanılmasına dair aktdan görünür ki, İddiaçı ASC ilə “X3” MMC arasında bağlanmış müqavilələr üzrə lizinq obyekti olan 271 baş heyvan təhvil alınmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, müqavilə bağlandıqdan sonra 15.09.2020-ci il tarixədək cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan məbləğ 235.082,45 manat təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş 25.09.2019-cu il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi üçün 02.10.2019-cu il tarixli pretenziya məktubu göndərilmişdir. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya etiraz bildirməmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, tərəflər arasında bağlanılmış 24 yanvar 2019-cu il tarixli 01-ÖT/19 nömrəli öhdəliklərin ötürülməsi barədə müqavilə ilə cavabdehə 271 baş Holştin-friz cinsli heyvan lizinqə verilmiş, 15.09.2020-ci il tarixədək cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə ödənilməli olan 235.082,45 manat cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.1-ci, 522.1, 522.2ci, 747.1-ci maddələrinə istinad edərək iddianın əsaslı olduğuna dair nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin yeganə dəlili bundan ibarətdir ki, iddiaçı ilk əvvəl 137477,91 manat borcun tutulmasını xahiş etdiyi halda, sonradan iddia tələbinin həcmini artıraraq 235082,45 manat borcun tutulmasını xahiş etmiş, məhkəmə bu halla bağlı araşdırma aparmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində qeyd edilmiş dəlil iş üzrə qəbul edilmiş qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Qeyd edilən normadan göründüyü kimi, hazırkı halda iddiaçının əsas borc tələbi ilə bağlı hissədə iddia tələbinin həcmini sonradan artırması prosessual qanunvericiliyin tələblərinə uyğundur. İddiaçı iddia tələbinin həcminin artırılması barədə 10.08.2020-ci il tarixli ərizədə ərizədə cavabdeh tərəfindən 2020-ci ilin İİİ rübünədək iddiaçıya ödənilməli olan 235.082,45 manat məbləğində borcun tutulmasını xahiş etmiş, tələb olunan məbləğdə borcun ödənilməsi barədə cavabdeh tərəfindən sübut təqdim edilmədiyindən məhkəmə əsaslı olaraq iddianı təmin etmişdir. Cavabdeh apelyasiya şikayətində iddianı qismən-137477,91 manat borcun tutulması hissəsində qəbul edərək qalan hissədə iddianın rədd edilməsini xahiş etsə də, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında Qanuni nümayəndə bildirmişdir ki, lizinqə verilmiş heyvanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə təhvil verildiyindən müqavilə yenilənməlidir. Nümayəndə eyni zamanda qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə təhvil verilməmişdən əvvəl 24.10.2019-cu il tarixli icarə müqaviləsinə əsasən “xxxx” MMC-yə icarəyə verilmişdir. Nümayəndə qeyd edilən hallarla bağlı sənədləri apelyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə qeyd edilən normaların tələbini nəzərə alaraq hesab edir ki, cavabdehin işə birinci instansiya qaydasında baxılarkən təqdim etmədiyi sübut və dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməsi üçün MPM-nin 372.2-ci maddəsində nəzərdə tutulmuş əsas olmadığından, o cümlədən iş üzrə qəbul edilmiş qətnamə yalnız apelyasiya şikayətində qeyd edilmiş dəlil və mübahisələndirilən hissə həddində yoxlanıldığından nümayəndənin apelyasiya instansiyası məhkəməsində təqdim etdiyi sənədlər sübut kimi qəbul edilmir və həmin sənədlərə hüquqi qiymət verilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1149/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxx” MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1149/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-405/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-405/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver