Məhkəmə qərarları › İş №2-2(103)-405/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-405/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-405/2022 07.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə borcun, öhdəliyin icrasının gecikdirilməsinə görə əldən çıxmış faydanın ödənilməsi, lizinq predmetinin geri qaytarılmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-214/2022 nömrəli qətnaməsindən (hakim Kənan Hüseynov) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 dekabr 2013-cü il tarixli, 5xx/xx/2013 saylı X1 Müqaviləsi üzrə yaranmış 71.912,47 manat əsas borcun, 72.648,26 manat hesablanmış faiz borcunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 144.590,73 manat pul vəsaitinin, cavabdehlərdən birgə tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, 1 ədəd KOMATSU PC34ONLC-7EO markalı tırtıllı ekskovatorun Cavabdeh1 işlək vəziyyətdə alınaraq Beynəlxalq Lizinq QSC-ə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (əvvəlki adı “X2” QSC ) ilə Lizinq alan Cavabdeh1 arasında bağlanılmış 09 dekabr 2013-cü il tarixli, 5xx/xx/2013 saylı X1 Müqaviləsinə əsasən, 1 ədəd KOMATSU PC34ONLC-7EO markalı tırtıllı ekskovator Cavabdeh1 lizinqə təhvil verilmiş və Cavabdeh1 lizinq müqaviləsi üzrə lizinq haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Lizinq verən İddiaçı QSC müqavilə üzrə ödəliklərini tam icra etsə də Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərini tam icra etmir və bundan qərəzli olaraq boyun qaçırır. (sonuncu ödəniş 2.500 manat olmaqla cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə edilib). Həmçinin, 577 saylı, 09 dekabr 2013-cü il tarixli Zaminlik Müqaviləsi üzrə digər Cavabdeh2 lizinq müqaviləsi üzrə borcların ödənilməsi üçün Cavabdeh1 zamini qismində birgə məsuliyyət daşıdığına dair öhdəlik götürmüşdür. Lizinq müqaviləsi üzrə yaranmış lizinq borcunun ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə şifahi müraciətlər edilmiş, müvafiq Pretenziya göndərilmişdir. Lakin cavabdehlər borcun müəyyən hissəsini ödəsələr də qalıq borcu hələ də ödəmirlər və dövlət büdcəsinin vəsaiti hesabına alınmış lizinq obyektini geri qaytarmırlar. Cavabdehlərin 22 iyun 2021-ci il tarixədək xx.xx.2013-cü il tarixli, 5xx/xx/2013 saylı X1 Müqaviləsi üzrə yaranmış əsas borcu 71.912,47 manat, faiz borcu 72.648,26 manat, ümumilikdə borcu 144.560,73 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2-2(113)-214/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 71.912,47 manat əsas borc üzrə 9.063,97 manat mükafat borcu olmaqla cəmi 80.976,44 qəpik məbləğində pulun Cavabdeh1 tutularaq "Beynəlxalq Lizinq” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, 1 Ədəd Komatsu PC340NLC-7EO markalı tırtıllı ekskovatorun işlək vəziyyətdə Cavabdeh1 alınaraq "Beynəlxalq Lizinq” Qapalı Səhmdar Cəmiyyətinə qaytarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-214/2022 saylı qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-373-cü maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Mülki iş üzrə iki tərəf təsərrüfat subyekti olduqları halda (VÖEN-lə fəaliyyət göstərdikləri) kommersiya mübahisələri üzrə “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunu 2021-ci ilin iyul ayından məcburi tətbiq edilməsinə baxmayaraq, məhkəmə icraatı dayandırmaqla tərəfləri icbari ilkin mediasiya sessiyasından keçməyə dəvət etməmişdir. Ən azında həmin qanunun və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən hakim prosessdə bu barədə tərəflərə təklifdə çıxış etməli idi. Lakin protokoldan göründüyü kimi, hakim bu hərəkətləri etməməklə mübahisənin məhkəmədən kənar qaydada həlli istiqamətində heç bir addım atmamamış və istiqamətdə hüquqlarını məhdudlaşdırmışdır. Mülki işin materiallarına əlavə edilmiş 09 dekabr 2013-cü il tarixli 5xx/xx/2013 saylı X1 müqaviləsi tərəflər arasında 7 il öncədən bağlanmışdır. Bu müqavilə bütün ödənişləri iki il müddətində 2015-ci ildək lizinq Cəmiyyətinin “Meqafan adlanan” (Yeni həyatın binasında) yerləşən baş ofislərinin kassasına nağd şəkildə ödənilmişdir. 2015-ci ildən hal-hazıradək bu illər ərzində məni İddiaçı QSC-dən narahat etməmişdir. Lakin son bir il ərzində mənə zəng edərək cüzi də olsa ödəniş etməyi təklif etmişlər. Lakin mənim maddi durumum çox pis olduğundan borcun qalan hissəsini ödəyə bilməyəcəyimi onlara bildirmişəm. Hazırda üstündən 7 (yeddi) il keçdikdən sonda lizinq şirkəti iddia müddətini ötürməklə mənə qarşı şişirdilmiş faiz borcu ilə məhkəmədə iddia qaldırmışdır. İndi başa düşürəm ki, bir ildir lizinq Cəmiyyətinin mənə cüzi də olsa pul ödəməyi və yeni qrafik açmağı təklif etməkdə məqsədləri, iddia müddətinin axımını bərpa etmək imiş. Məhkəmə səhf nəticəyə gələrək qətnamənin əsaslandırıcı hissəsində göstərmişdir ki, müəyyən dövri ödənişlərin (kredit, lizinq və s.) məhz borclu şəxsin özü tərəfindən ödənilməli olmasına dair nə qanunvericlikdə imperativ norma, nə də müqavilədə tərəflərin belə bir öhdəliyi müəyyən edilməmişdir. Qeyd edilən ödənişlərin istənilən şəxs tərəfindən edilməsi imkanı mövcuddur. Həmçinin cavabdehin qeyd edilən dəlilinin doğru olması belə fərz edilsə məhz nəyə görə lizinq təşkilatı tərəfindən belə yüksək məbləğin (2500 manat) ödənilməsi halını cavabdeh izah bilməmişdir. Belə olan halda cavabdehin qeyd edilən dəlili əsassız olmaqla, cavabdehin borcu müəyyən edilməlidir. Belə fərz edilsə məhz nəyə görə lizinq təşkilatı tərəfindən belə yüksək məbləğin (2500 manat) ödənilməsi halını cavabdeh izah edə bilməmişdir. Belə olan halda cavabdehin qeyd edilən dəlili əsassız olmaqla, cavabdehin borcu müəyyən edilməlidir. Halbuki, prosess zamanı hakimin sualına cavab olaraq bildirmişdir ki, onun tərəfindən bütün ödənişlər hər zaman lizinq təşkilatının inzibati binasında kassaya ödənilmiş və mənə müvafiq qəbzlər verilmişdir. Xəbəri olmayan bu 2500 manat ödəniş isə harda və hansı şəraitdə ödənilməsi məlum deyildir. Bundan başqa lizinq şirkəti əməkdaşları onun əvəzinə 2500 və ya ondan yuxarı məbləğdə ödəniş etmələrinə baxmayaraq, bu məbləq onsuz da onların özünə qayıdır və itirdikləri bir məbləğ yoxdur. Belə olan halda məhkəmənin gəldiyi bu əsaslandırma və dəlil qanuna müvafiq deyildir. Bundan başqa ödənişi mübahisələndirdiyi təqdirdə məhkəmə qarşı tərəfdən bu 2500 manat məbləğinin hardan və necə ödənildiyini araşdırmalı idi. Sübutetmə vəzifəsi tərəflərin öz üzərinə düşür və iddiaçı tərəf iddia ərizəsində gətirdiyi bu sübutunu əsaslandırmağa borclu idi. İddiaçı QSC Bakı Kommersiya Məhkəməsinə təqdim edilən 01 iyul 2022-ci il tarixli iddia ərizəsində ondan əsas borc məbləği olaraq 71.912,47 manat və faiz borcu olaraq 72.648,26 manat tələb etdikləri halda bundan əvvəl 2019-cu ilin dekabr ayında ünvanına göndərilən pretenziya məktublarında və xx.xx.2019-cu il tarixli iddia ərizəsində əsas borcun 42181,64 manat dəbbə borcunun 19821,05 manat olduğu, cəmi 63450.69 manat olduğu göstərilmişdir. Birinci instansiya məhkəməsi 6 ay müddətində cavabdehə qarşı irəli sürülüən əsas borc məbləğinin 30.466,62 manat necə artması barədə adalətli araşdırma aparmamışdır. Cavabdeh1 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-214/2021 saylı qətnaməsi qismən ləğv edilərək iddia Cavabdeh1 "Beynəlxalq Lizinq” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 17878 manat pulun tutulması və lizinq predmeti olan 1 ədəd Komatsu PC340NLC- 7EO markalı tırtıllı ekskovatorun işlək vəziyyətdə "Beynəlxalq Lizinq” Qapalı Səhmdar Cəmiyyətinə qaytarılması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6.-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən iddia zamin Cavabdeh2 qarşı hissədə rədd edilmiş, həmin hissə mübahisələndirilməmişdir. Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayır və hesab edir ki, həmin hissədə məhkəmənin iş üzrə gəldiyi nəticə qismən əsaslıdır. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən olunmuş mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (əvvəlki adı “X2” QSC ) ilə Cavabdeh1 arasında 09 dekabr 2013-cü il tarixdə X1 müqaviləsi bağlanmış və 1 ədəd KOMATSU PC34ONLC-7EO markalı tırtıllı ekskovator xx.xx.2013cü il tarixdə təhvil-təslim aktına əsasən Cavabdeh1 təhvil verilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixədək iddiaçıya 30.000 manat avans ödənişi çıxılmaqla 90.000 əmlakın dəyəri, 32210 lizinq mükafatı, 2820 manat sığorta haqqı da daxil olmaqla cəmi 125030 manat ödəniş edilməli idi. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdən sonra ümumilikdə 61932 manat ödəniş edilmiş, sonuncu ödəniş xx.xx.2019-cu il tarixdə 2500 manat olmuşdur. Lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermiş, xx.xx.2019-cu il tarixdə həyata keçirilmiş 2500 manat ödənişin onun tərəfindən həyata keçirilmədiyini iddia edərək sonuncu dəfə ödəniş edildiyi tarixdən 7 il keçdiyindən MM-nin 373.2 və 377.2-ci maddələrinə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh eyni zamanda tələb olunan borcun məbləği ilə razı olmadığından işə birinci instansiya qaydasında baxılarkən cavabdehin lizinq müqaviləsi üzrə qalıq borcunun hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/8053 saylı ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixə cavabdehin lizinq müqaviləsi üzrə borcu 73430,41 manat, mükafat üzrə 9063,97 manat təşkil edir. Ekspert rəyində lizinq mükafatı ilə birlikdə iddiaçıya ödənilməli olan məbləğin 120406,47 manat olduğu, xx.xx.2021-ci il tarixədək cavabdeh tərəfindən cəmi 57792 manat ödəniş edildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətini bu hissədə əsassız hesab edir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 noyabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi; əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi;öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Müqavilə şərtlərindən və ödəniş cədvəlindən göründüyü kimi, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixdə bitmiş və 3 illik iddia müddətinin axımı başlamışdır. xx.xx.2019-cu il tarixdə müqavilə üzrə 2500 manat məbləğində ödəniş həyata keçirildiyindən iddia müddətinin axımı kəsilmiş, 3 illik müddət yenidən başlamış, iddiaçı xx.xx.2021-ci il tarixdə iddia qaldırmaqla iddia müddətini ötürməmişdir. xx.xx.2019-cu il tarixdə müqavilə üzrə 2500 manat məbləğində ödəniş həyata keçirildiyi işdəki maliyyə arayışı və işə apellyasiya instansiyası qaydasında baxılarkən iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaçının Azərbaycan Beynəlxalq Bankında olan hesablaşma hesabından çıxarışla təsdiq edilir. Cavabdeh apellyasiya şikayətində həmin ödənişin onun tərəfindən deyil, lizinq şirkətinin özü tərəfindən həyata keçirildiyini iddia etsə də, bu hal iş materialları ilə təsdiq edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda məhkəmə düzgün olaraq hesab etmişdir ki, həmin ödənişin şəxsən cavabdehin özü tərəfindən həyata keçirilməməsi həmin ödənişin məhkəmə tərəfindən nəzərə alınmaması üçün əsas ola bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Mülki Məcəllənin qeyd edilən normasına əsasən öhdəliyin icrasının şəxsən borclunun özü tərəfindən həyata keçirilməli olduğunun müqavilə ilə şərtləşdirildiyi və öhdəliyin təbiətindən irəli gəldiyi hallar istisna olmaqla öhdəliyin borclunun əvəzinə üçüncü şəxs tərəfindən icra edilməsi qanunla qadağan edilmir. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi lizinq ödənişləri ilə bağlı mədaxil qəbzləri birinci instansiya məhkəməsinə sübut qismində təqdim edilmədiyindən və bunun səbəbi əsaslandırılmadığından MPM-nin 372.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul edilmir və onlara hüquqi qiymət verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan lizinq borcunun məbləği müəyyənləşdirilərkən məhkəmə iş materiallarında olan sübutları düzgün qiymətləndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə cavabdehin öhdəliyin icra müddəti bitdiyi tarixə iddiaçıya ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği, o cümlədən ödənilmiş vəsaitin məbləği barədə iddiaçının maliyyə arayışı olduğundan, cavabdeh tərəfindən ödənişlə bağlı sübutlar təqdim edilmədiyindən qalıq borcun adi riyazı hesablama ilə hesablanması mümkün olduğu üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinə hər hansı zərurət yox idi. Bundan əlavə ekspert rəyinin tədqiqat hissəsindən görünür ki, hesablama yalnız iş materiallarına kağız daşıyıcıda əlavə edilmiş sənədlər və iddiaçının təqdim etdiyi maliyyə arayışı məlumatları əsasında aparıldığından, lizinq müqaviləsi üzrə elektron iş materiallarında olan ödəniş cədvəli çap olunaraq kağız daşıyıcıda iş materiallarına əlavə edilmədiyindən ekspert iddiaçıya müqavilə üzrə ödənilməli olan məbləğin ümumilikdə 120406,47 manat olması barədə qənaətə gəlmişdir. Halbuki ödəniş cədvəlinə əsasən bu məbləğ 125030 manat təşkil edirdi. Ekspert rəyində maliyyə arayışı məlumatlarına əsasən xx.xx.2021-ci il tarixədək cavabdeh tərəfindən iddiaçıya cəmi 57792 manat vəsait ödənildiyi qeyd edilmiş, halbuki maliyyə arayışında iddiaçı özü həmin tarixədək həyata keçirilmiş ödənişlərin cəminin 61932 manat təşkil etdiyini, 4140 manat məbləğin sığorta haqqı olaraq silindiyini qeyd etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin borcu müəyyənləşdirilərkən ekspert rəyi əsas götürülə bilməz. İlk öncə qeyd edilməlidir ki, ödəniş cədvəlinə əsasən cavabdeh iddiaçıya cəmi 2820 manat aığorta haqqı ödəməli olduğundan ödənilmiş məbləğin 4140 manatının hansı səbəbdən sığorta haqqı borcu üzrə silinməsi iddiaçı tərəfindən əsaslandırılmamamış, iddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən sığorta haqqı borcuna səhvən faiz hesablandığını göstərmişdir. Ödəniş cədvəlinə əsasən cavabdehin lizinq müqaviləsi üzrə ödəməli olduğu ümumi məbləğin 125030 manat (sığorta haqqı ilə birlikdə) təşkil etdiyi, qrafik üzrə cəmi 61932 manat ödəniş edildiyi nəzərə alınarsa qalıq borcun lizinq mükafatı ilə birgə 63098 manat olduğu müəyyən olunur. Buna görə məhkəmə hesab edir ki, qətnamə borcun tutulması ilə bağlı hissədə qismən ləğv edilərək iddia Cavabdeh1 "Beynəlxalq Lizinq” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 17878 manat (80976-63098=17878) pulun tutulması hissəsində rədd edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi lizinq obyektinin cavabdehdən alınaraq iddiaçıya geri qaytarılmasına dair hissədə də əsassızdır. Lizinq müqaviləsinin 5.3-cü bəndinə əsasən müqavilə müddəti lizinqalanın öhdəlikləri yerinə yetirməməyinə əsasən vaxtından əvvəl bitmiş hesab olunarsa, lizinqalan lizinq obyektini 3 iş günü ərzində lizinqverənə təhvil verməyə borcludur. Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həm müqavilə şərtindən, həm də MM-nin istinad edilən normasının məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda lizinq müqaviləsi lizinqalan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə lizinqverən müqavilənin ləğv edildiyi tarixədək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 1.6-cı bəndində qeyd edilir ki, lizinqalan bütün ödəniş və öhdəlikləri yerinə yetirdikdən lizinq obyektinə olan mülkiyyət və sərəncam hüququnu əldə edir. Müqavilənin qeyd edilən şərtindən görünür ki, lizinq ödənişləri tam həyata keçirildikdən sonra lizinqverənin lizinq obyekti üzərində mülkiyyət hüququnu lizinqalana ötürmək öhdəliyi yaranır. İddiaçı lizinq müqaviləsinə vaxtından əvvəl xitam vermədiyindən və hazırkı iddia ərizəsi ilə cavabdehdən lizinq müqaviləsi üzrə bütün ödənişlərin tam həyata keçirilməsini (öhdəliyin tam icrasını) tələb etdiyindən məhkəmə kollegiyası hesab edir ki, lizinqalanın eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququ yoxdur. Birinci instansiya məhkəməsi iddiaçının bu tələbini təmin edərkən qeyd edilənləri nəzərə almamış, qeyd edilən hissədə tələbin qanuni əsası kimi, Mülki Məcəllənin 748- 1.12.4-cü maddəsinə istinad etməklə maddi hüquq normasını mübahisə üzrə düzgün tətbiq etməmişdir. Qətnamənin cavabdehdən iddiaçının xeyrinə lizinq müqaviləsi üzrə 63098 manat borcun tutulması hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi üçün əsaslar müəyyən edilmədiyindən qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 214/2021 saylı qətnaməsi qismən ləğv edilərək iddia Cavabdeh1 "Beynəlxalq Lizinq” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 17878 manat pulun tutulması və lizinq predmeti olan 1 ədəd Komatsu PC340NLC-7EO markalı tırtıllı ekskovatorun işlək vəziyyətdə "Beynəlxalq Lizinq” Qapalı Səhmdar Cəmiyyətinə qaytarılması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-214/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia Cavabdeh1 "Beynəlxalq Lizinq” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 17878 manat pulun tutulması və lizinq predmeti olan 1 ədəd Komatsu PC340NLC-7EO markalı tırtıllı ekskovatorun işlək vəziyyətdə "Beynəlxalq Lizinq” Qapalı Səhmdar Cəmiyyətinə qaytarılması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar