Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-405/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5657/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə 43/19 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı 1 №-li Əlavədə göstərilən malları alıcıya göndərməyi, alıcı isə göndərilmiş malın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 31624,28 manat (otuz bir min altı yüz iyirmi dörd manat iyirmi səkkiz qəpik) məbləğində pulun, Azərbaycan Mərkəzi Bankının illik 5% uçot faiz dərəcəsinə uyğun son üç il üzrə - 4743 manat (dörd min yeddi yüz qırx üç) cərimə məbləğinin və mediasiya xidmətinə görə ödənilmiş 210 (iki yüz on) manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, müqavilə üzrə cavabdehə ümumi dəyəri 31624,28 manat mal satışı baş tutmuş və mallar təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdehə bununla bağlı xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 696314 nömrəli elektron qaimə göndərilmişdir. Alınan mala münasibətdə cavabdeh (alıcı) tərəfindən hazıra kimi hər-hansı ödəniş həyata keçirilməmişdir. Dəfələrlə iddiaçı tərəfindən cavabdehdən müqavilə üzrə borcun ödənilməsinin tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir.
4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı öz iddiasında cavabdehə 31624,28 manat məbləğində müxtəlif növlü və ölçülü metal məmulatlarının satdığını iddia etsə də, həmin məbləğ və miqdarda cavabdehə malın satılmasına və təhvil verməsinə dair heç bir sübut təqdim etməmişdir. Bundan başqa, xx.xx.2019-cu il tarixli, 43/19 saylı müqavilənin 1.2-ci bəndinə əsasən alınan malın adı, miqdarı və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma əsasında müəyyən olunmalıdır. Lakin tərəflər arasında elə bir razılaşma mövcud deyildir. İddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixdə sistem tərəfindən təsdiq olunmuş EBAQ 696314 saylı e-qaimə isə malın təhvil verilməsini təsdiq edən sənəd hesab oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2022-ci il tarixli qərarında da qeyd olunub ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5657/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 31624,28 manat (otuz bir min altı yüz iyirmi dörd manat iyirmi səkkiz qəpik) əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 1581,21 manat (min beş yüz iyirmi dörd manat iyirmi bir qəpik) və 210 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 33415,49 manat (otuz üç min dörd yüz on beş manat qırx doqquz qəpik) məbləğində pulun iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz etdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
12. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
15. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
19. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
20. İddiaçı xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 696314 nömrəli e-qaimə üzrə malları cavabdehə təhvil verdiyini, cavabdeh isə həmin malları təhvil almadığını bildirir.
21. Göründüyü kimi mübahisənin həlli üçün ilk növbədə malların cavabdehə təhvil verilibverilmədiyi müəyyən olunmalıdır.
22. Bunun üçün isə əvvəlcə tərəflər arasında işgüzar münasibətlərin hansı qaydada həyata keçirildiyi aydınlaşdırılmalıdır.
23. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
24. Hazırki işin halları da ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə hazırki mübahisə predmetinə aid olmayan 3 ədəd e-qaimə göndərilmiş və onlardan ikisi cavabdeh tərəfindən ləğv edilmiş, biri təsdiqlənmişdir.
25. Təsdiqlənmiş e-qaiməyə görə cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2020-ci il tarixdə 5420,19 manat məbləğində ödəniş edilmişdir.
26. Həmin e-qaimə üzrə isə heç bir üzləşmə və ya təhvil-təslim aktı tərtib edilməmişdir. Çünki bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
27. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında işgüzar adətlərə görə malların təhvil verilməsi elektron qaimələr əsasında rəsmiləşdirilmişdir.
28. Eyni zamanda iş materiallarında olan xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 696314 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 31624,28 (ƏDV daxil) manat təşkil edir.
29. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların cavabdehə təhvil verilməsi və ödənilməli olan məbləğ cavabdehin heç bir etiraz etmədiyi elektron qaimə ilə təsdiq olunur.
30. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.
31. Eyni zamanda, iş materiallarından müəyyən edilir ki, hazırki mübahisənin predmetinə aid olmayan xx.xx.2020-ci il tarixli EBAP seriyalı 939169 saylı və xx.xx.2020-ci il tarixli EBAİ seriyalı 335396 saylı elektron qaimələr ləğv edilmişdir.
32. Göründüyü kimi, tərəflər arasında olan işgüzar adətlər də bu şəkildə həyata keçirilmişdir. Yəni mallar təhvil verilmədiyi və ya digər hallarda iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələr ləğv edilmişdir.
33. Lakin hazırki mübahisənin predmetinə aid olan xx.xx.2020-ci il tarixli, EBAQ seriyalı, 696314 nömrəli elektron qaimə ləğv edilməmiş və ya cavabdeh tərəfindən həmin qaiməyə digər şəkildə etiraz edilməmişdir.
34. Bu mənada kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.
35. Ona görə də kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 31624,28 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
36. Həmçinin kollegiya qeyd edir ki, illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.
37. Həmin maddənin tələblərini, elektron qaimənin göndərilməsi və iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı 1 il üçün pul öhdəliyinin gecikdirilməsinə görə hesablanmış 1581,21 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır (31624,28 x 5 = 1581,21).
38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5657/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn