Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-405/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: lizinq müqaviləsi, lizinq müqaviləsi üzrə avans ödənişi, avans ödənişinin hüquqi təbiəti, sübutetmə, maddi ziyan) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən), Cavabdeh (lizinq alan) və X2 (satıcı) arasında bağlanmış 20 fevral 2023-cü il tarixli İF/06080 nömrəli “Lizinq obyektinin alqı-satqısı müqaviləsi”nin şərtlərinə əsasən, satıcı, lizinq alan tərəfindən seçilmiş və müqavilədə təsvir edilən nəqliyyat vasitəsini alıcı – lizinq verənə satır, alıcı – lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana lizinq vermək üçün əldə edir və razılaşdırılmış məbləği satıcıya ödəyir. Nəqliyyat vasitəsinin təsviri: “Chevrolet Cruze” minik (marka və modeli), sedan (tip), KL1JF69E9DK107048 (ban nömrəsi), 2013 (buraxılış ili), 1600 kub sm (mühərrik həcmi), ağ (rəngi).
2. Lizinq alan müqavilənin 1.1-ci bəndində təsvir edilən nəqliyyat vasitəsinin onun sifariş etdiyi lizinq obyekti olduğunu təsdiq edir və həmin əmlakı lizinqə almağı öz öhdəsinə götürür (Bənd 1.1). Tərəflər nəqliyyat vasitəsinin qiymətini 18 500 manat məbləğində müəyyən edirlər (Bənd 1.3).
3. Lizinq verən və lizinq alan arasında bağlanmış 20 fevral 2023-cü il tarixli İF/06080 nömrəli “Daxili maliyyə lizinqi müqaviləsi”nə görə, lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi öhdəsinə götürür.
4. Lizinq obyektinin təsviri aşağıdadır: “Chevrolet Cruze” minik (marka və modeli), sedan (tip), KL1JF69E9DK107048 (ban nömrəsi), 2013 (buraxılış ili), 1600 kub sm (mühərrik həcmi), ağ (rəngi) (Bənd 2.1). Lizinq alan bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə №1-ə (“Lizinq ödənişləri cədvəli”) müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür (Bənd 2.2). Lizinqin müddəti bitdikdən və lizinq ödənişləri lizinq alan tərəfindən tam ödənildikdən sonra lizinq alan lizinq obyektinin qalıq dəyərini (əgər varsa) ödəmək şərti ilə lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verməyi, lizinq alan isə mülkiyyət hüququnu əldə etməyi öhdəsinə götürür (Bənd 2.3). Bu müqavilə imzalandığı və lizinq obyekti lizinq alana təhvil-aktına əsasən təhvil verildiyi gündən qüvvəyə minir. Lizinq obyekti 36 (otuz altı) ay müddətinə lizinqə verilir (Bənd 3.1).
5. Lizinq obyekti alqı-satqı müqaviləsi əsasında lizinq verən tərəfindən lizinq alanın müəyyən etdiyi lizinq obyektinin satıcısından alınır (Bənd 5.1). Lizinq obyektinin qiyməti: 18 500 (on səkkiz min beş yüz) manat (Bənd 5.2). Avans məbləğ: 4500 (dörd min beş yüz) manat (Bənd 5.3). Lizinq məbləği: 14 000 (on dörd min) manat (Bənd 5.4).
6. Müqaviləyə 5 nömrəli əlavədən görünür ki, 14 000 manat əsas məbləğ və 9085,11 manat mükafat məbləği olmaqla ümumilikdə 23 085,11 manat məbləğində lizinq ödənişinin 20 mart 2023-cü il tarixdən 20 fevral 2026-cı il tarixədək 36 ay müddətində hər ay üçün 641,25 manat ödənilməsi razılaşdırılmışdır.
7. İş materiallarında olan 20 fevral 2023-cü il tarixli təhvil-təslim aktına görə, “Chevrolet Cruze” minik markalı, KL1JF69E9DK107048 ban nömrəli, buraxılış ili 2013-cü il olan ağ rəngli nəqliyyat vasitəsi lizinq alana təhvil verilmiş və o, bəyan etmişdir ki, “lizinq obyektinin texniki göstəriciləri və keyfiyyəti 20 fevral 2023 tarixli İF/06080 nömrəli daxili lizinq müqaviləsinin şərtlərində göstərilənlərlə tam uyğundur, lizinq obyektində nasazlıq yoxdur və istismara tam yararlıdır, lizinq obyekti bütün ləvazimatları, ehtiyat hissələri və texniki sənədləri ilə birlikdə qəbul edilmiş və onlarda hər hansı çatışmazlıq aşkar edilməmişdir”.
8. 21 fevral 2023-cü il - 07 sentyabr 2023-cü il tarixlərini əhatə edən hesabdan çıxarışa görə, 28 mart 2023-cü il tarixdə 221,25 manat və 28,75 manat, 20 aprel 2023-cü il tarixdə 650 manat, 22 iyun 2023-cü il tarixdə 200 manat, 06 sentyabr 2023-cü il tarixdə 400 manat olmaqla cavabdeh tərəfindən ümumilikdə 1500 manat məbləğində ödəniş edilmişdir.
9. 13 noyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, “Kia Service”in yaxınlığında yerləşən avtomobil təmir mərkəzindən **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təhvil alınmış, təhvil alınan zaman təmir mərkəzinin ustası akta imza etməkdən imtina etmişdir.
10. 09 fevral 2024-cü il tarixli təhvil-təslim aktına görə, **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün qüsur aktının tərtib edilməsinə görə 50 manat məbləğində xidmət haqqı hesablanmışdır.
11. 16 fevral 2024-cü il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, lizinq verən tərəfindən 700 manat xidmət haqqı müstəqil ekspertə ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
12. "xxxx" MMC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi, sonradan isə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizələr ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 20 fevral 2023-cü il tarixli “Daxili maliyyə lizinqi müqaviləsi”nə əsasən 4271,25 manat lizinq ödənişinin, nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2500 manatın, qiymətləndirmə üçün ödənilmiş 50 manatın və 107 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında 20 fevral 2023-cü il tarixdə İF/06080 nömrəli “Daxili maliyyə lizinq müqaviləsi” bağlanılmış, müqaviləyə əsasən, “Chevrolet Cruze” minik markalı ** AL *** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan kimi cavabdehin istifadəsinə verilmiş, bir müddət ödəniş olunduqdan sonra, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Cavabdeh 20 mart 2023-cü il tarixindən başlayaraq 10 noyabr 2023-cü il tarixinə qədər hər ay 641,25 manat olmaqla 5771,25 manat ödəniş etməli olduğu halda, cəmi 1500 manat ödəniş etmişdir. Cavabdehin qalıq borcu 4271,25 manatdır. Avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi aktından göründüyü kimi, avtomobilə dəymiş ziyan 2500 manat həcmindədir. Qiymətləndirmə zamanı iddiaçı tərəfindən müstəqil ekspertə 50 manat xidmət haqqı ödənilmişdir.
14. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz verilməmişdir.
15. Birinci instansiya məhkəməsinin 03 sentyabr 2024-cü il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, Məhkəmə Ekspertizası Mərkəzinin 28 noyabr 2024-cü il tarixli məktubu ilə iş, 2013-cü il buraxılışı “Chevrolet Cruze” minik markalı avtomobilin ehtiyat hissələrinin həmin tarixə satışı və qiymətinə dair yerli internet saytlarında məlumat olmadığı əsas göstərilməklə rəy verilmədən məhkəməyə geri qaytarılmışdır.
16. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat vermiş, eyni zamanda bildirmişdir ki, “Chevrolet Cruze” minik markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabeh tərəfindən iddiaçının razılığı olmadan üçüncü şəxslərin idarəetməsinə verilmişdir. Nəqliyyat vasitəsi təmir müəssisəsində olmuş, onu cavabdehdən deyil, ustadan götürmüşlər. Nəqliyyat vasitəsinə zərər dəymiş, bu zərər nəqliyyat vasitəsinə vaxtı-vaxtında xidmət göstərilməməsi nəticəsində yaranmış zərər olmuşdur. Nəqliyyat vasitəsi 27 dekabr 2023cü il tarixdə yenidən lizinqə verilmiş, yeni lizinq alanın təmir üçün çəkəcəyi xərc ilkin ödənişə çıxılmışdır. Cavabdeh tərəfindən 4500 manat avans ödənişi edilmiş, həmin məbləğ iddiaçı tərəfindən satıcıya ödənilmişdir (i.v cild 1, səhifə 50).
17. Birinci instansiya məhkəməsinin 16 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı və cavabdeh arasında bağlanmış 20 fevral 2023-cü il tarixli İF/06080 saylı “Daxili maliyyə lizinqi müqaviləsi” üzrə 2321,25 manat məbləğində pul vəsaitinin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur.
18. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
18.1. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 20 fevral 2023-cü il tarixli “Daxili maliyyə lizinqi müqaviləsi”ndən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdeh tərəfindən seçilmiş “Chevrolet Cruze” minik markalı KL1JF69E9DK107048 ban nömrəli, buraxılış ili 2013-cü il olan ağ rəngli nəqliyyat vasitəsini öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində cavabdehə müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, cavabdeh isə lizinq obyektini lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. Qeyd edilən lizinq müqaviləsi üzrə lizinq obyektinin qiyməti 18 500 manat təşkil etmiş, həmin məbləğin 4500 manatı avans qaydasında ödənilmiş, lizinq obyekti 14 000 manat qalıq dəyəri, 9085,11 manat lizinq verənin mükafat məbləği olmaqla 36 ay müddətinə cavabdehə lizinqə verilmişdir. Lizinq obyekti iddiaçı tərəfindən 13 noyabr 2023cü il tarixdə geri götürülmüşdür. Lizinq obyektinə dəymiş zərər 15 noyabr 2023-cü il tarixdə qiymətləndirilmiş və ehtiyat hissələrinə dəymiş zərər 1900 manat, eləcə də 600 manat işçilik haqqı olmaqla ümumilikdə 2500 manat hesablanmışdır. Qiymətləndirilmənin aparılması üçün iddiaçı tərəfindən 50 manat məbləğində pul ödənilmişdir. Cavabdeh tərəfindən 20 fevral 2023-cü il tarixli müqavilə üzrə ümumilikdə 1500 manat məbləğində lizinq ödənişi edilmişdir. 18.2. Məhkəmə aylıq lizinq ödənişinin 641,25 manat olduğunu nəzərə alaraq təqdim edilən ödəniş cədvəlinə və hesabdan çıxarışa əsasən qeyd edir ki, iddiaçının hesablama apardığı 10 noyabr 2023-cü il tarixə ödənilməli lizinq ödənişlərinin ümumi məbləği 5564,4 (641,25 manat x 8 ayın ödənişi + 21 günün ödənişi: 641,25 manat : 31 gün x 21 gün) manat təşkil edir. Bu məbləğdən cavabdeh tərəfindən 1500 manat ödəniş edilmişdir. Belə olan halda 10 noyabr 2023-cü il tarixə cavabdeh tərəfindən ödənilməmiş lizinq ödənişlərinin ümumi məbləği 4064,4 (5564,4 - 1500) manat təşkil edir. 18.3. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən öhdəliyin pozulması nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır. Lakin mülki qanunvericliklə müəyyən edilmiş sübutetmə qaydasında görə müqavilə münasibətləri zamanı öhdəliyin pozulmasından irəli gələn zərərin ödənilməsi tələblərində təqsir prezumpsiya edilir, əksini borclunun sübutetməsi gözlənilir ("borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur"). 18.4. 20 fevral 2023-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinin 7.2.1 – 7.2.3-cü bəndlərinə əsasən, lizinq predmetindən yalnız təyinatı üzrə istifadə etmək, lizinq obyektindən istifadə edərkən yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik qaydalarına, sanitariya-gigiyena normalarına əməl etmək və lizinq obyektini daim saz vəziyyətdə saxlamaq və öz hesabına cari təmir etmək lizinq alanın vəzifəsidir. Məhkəmə təqdim edilən qəbul aktı, qiymətləndirmə aktı və rəyə əsasən bu nəticəyə gəlir ki, cavabdeh nəqliyyat vasitəsini saz və işlək vəziyyətdə saxlamalı olduğu halda, bu vəzifəsinə riayət etməmiş, nəticədə ehtiyat hissələri və işçilik haqqı daxil olmaqla ona 2500 manat zərər dəymişdir. Həmçinin zərər bilavasitə nəqliyyat vasitəsinin iddiaçı tərəfindən təhvil alınmasından sonra müəyyən edilmişdir, bu isə zərərin nəqliyyat vasitəsi cavabdehin istifadəsində olarkən yarandığını təsdiq edir. 18.5. Zərərin məbləği ilə bağlı isə məhkəmə göstərir ki, buraxılış ili 2013-cü il olan “Chevrolet Cruze” minik markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər üzrə iş materiallarında olan 15 noyabr 2023cü il tarixli qiymətləndirmə aktı və müstəqil ekspert rəyində əks olunan təmirbərpa işlərinin (avtomobilin buraxılış ili nəzərə alınmaqla, avtomobil ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə) görülməsi üçün nə qədər vəsaitin (ehtiyat hissələrinin dəyəri ilə işçilik haqqı ayrılıqda göstərilməklə) tələb olunduğunun müəyyən olunması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən imtina edilmişdir. Belə olan halda məhkəmə iş materiallarında olan 15 noyabr 2023-cü il tarixli müstəqil ekspert rəyi və qiymətləndirmə aktını cavabdehin mübahisələndirmədiyini nəzərə alaraq hesab edir ki, nəqliyyat vasitəsinə dəyən zərər məhz 2500 manat olaraq müəyyən edilməlidir. Həmçinin qiymətləndirmənin aparılması üçün 50 manat məbləğində pul da nəzərə alınmalıdır. 18.6. Bununla yanaşı, cavabdeh lizinq obyekti üzrə 4500 manat məbləğində avans ödənişi etmiş, lakin iddiaçı hazırkı tələblə müraciət edərkən həmin ödənişləri nəzərə alınmamışdır. Halbuki Mülki Məcəllədə lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər. 18.7. Lizinq müqaviləsinə mülki qanunvericilikdə verilmiş anlayışdan göründüyü kimi, lizinq verən lizinq obyektini öz vəsaiti hesabına əldə etməli olduğundan lizinq alan tərəfindən lizinq obyektinin əldə edilməsi üçün ödənilmiş avans məbləği lizinq müqaviləsi əsasında əmlakdan istifadə ilə bağlı ödəniş deyil, əmlakın alqı-satqı müqaviləsi əsasında əldə edilməsi üçün satıcıya ödənilmiş məbləğdir. Yəni hazırkı halda lizinqə verilmiş obyekt yalnız lizinq verənin deyil, eyni zamanda lizinq alanın vəsaiti hesabına əldə edilmişdir. Qanunun tələbinə əsasən lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz və tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Belə olan halda, lizinq müqaviləsi ləğv edilərkən qarşılıqlı hesablaşmalar zamanı avadanlığın əldə edilməsi ilə bağlı cavabdehin çəkdiyi xərclər, yəni avans kimi ödədiyi məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin müddəalarına ziddir. Çünki lizinq obyekti qaytarıldıqdan sonra iddiaçı onu özgəninkiləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onun iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini cavabdeh çəkmişdir. Həmçinin iddiaçının lizinq obyektini yenidən lizinqə veridiyi iddiaçı tərəfindən təsdiq edilmişdir. 18.8. Digər tərəfdən, 20 fevral 2023-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən, bu müqavilə vaxtından əvvəl ləğv edildikdə tərəflər arasında hesablaşma bütün haqlı tələblərin ödənilməsi prinsipi ilə aparılır. Bütün hallarda lizinq obyekti geri verilən günə qədər müqavilə ilə müəyyən edilmiş lizinq ödənişləri tam məbləğdə ödənilməlidir (Bənd 6.6). Göründüyü kimi, müqavilə birtərəfli qaydada ləğv edildikdən sonra hesablaşmanın bütün haqlı tələblərin ödənilməsi prinsipi ilə həyata keçiriləcəyi bilavasitə müqavilədə də razılaşdırılmışdır. 18.9. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lizinq ödənişi, dəymiş zərər və ekspertə ödənilən məbləğin cəmini təşkil edən 6821,25 (lizinq ödənişi 4064,4 + zərər 2500 + ekspertə ödənilən məbləğ 50) manat məbləğində puldan avans məbləği olan 4500 manat çıxılmalı, lizinq ödənişinin tutulması barədə iddia tələbi 2321,25 manat (6821,25 - 4500) hissəsində təmin edilməlidir.
19. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 442-ci, 443.1-443.4-cü, 748-1.8-ci, 748-7.1-ci, 750-ci maddələrinə istinad etmişdir.
20. İddiaçının nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin avans ödənişini cavabdehin ümumi borcundan çıxmaqla maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət verməyərək qanunsuz qərar çıxardığını, işin müəyyən olunmuş hallarını nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
22. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
25. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
28. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
29. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
30. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
31. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
32. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.
33. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
34. Maddə 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748- 11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri.
35. Maddə 748-11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” 04 iyun 2021-ci il tarixli Qərardadı
42. Bənd 55. Sadalanan normaların məzmunundan göründüyü kimi, mahiyyət etibarı ilə avans, mülki hüquqi əqd üzrə əvvəlcədən aparılan ödənişdir və podratçı avans ödənişindən yalnız müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir.
43. Bənd 58. Göründüyü kimi, MM-də lizinq müqaviləsi bağlanarkən lizinq alanın avans ödəmək öhdəliyi nəzərdə tutulmasa da, tərəflər sərbəst iradə ifadələrinə uyğun olaraq müəyyən etdikləri müqavilə şərtləri ilə lizinq alan tərəfindən avansın ödəniləcəyinə dair razılıq əldə etmişlər.
44. Bənd 59. Lakin həmin müqavilələrdə lizinq obyektinə görə avans ödənişinin təyinatı, müqavilə münasibətlərinə xitam veriləcəyi və mübahisə yaranacağı halda qarşılıqlı hesablaşmalar zamanı həmin ödənişin hansı qaydada nəzərə alınacağı barədə şərt müəyyən edilməmişdir. Odur ki, yuxarıda qeyd olunan mübahisəli məsələlərin yaranmasına zəmin yaratmamaq üçün lizinq müqaviləsi üzrə tərəflərin hazırda qüvvədə olan mülki qanunvericilikdə lizinq alanın avans ödəmək öhdəliyini tənzimləyən müvafiq normanın olmamasını nəzərə almaları, mübahisə halında qarşılıqlı hesablaşmaların aparılması qaydasına dair müqavilə şərtini müəyyən etmələri məqsədəuyğun olardı. Apellyasiya baxışının həddi
45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
47. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
48. Mülki (kommersiya) mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
49. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
50. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, avans ödəniş lizinq obyektinin əldə edilməsi üçün istifadə edildiyindən, həmin ödənişin cavabdehin ümumi borcundan silinməsi Mülki Məcəllənin 748.11.2-ci maddəsinə əsasən qanuni sayıla bilməz.
51. Kollegiya hesab edir ki, iddiaçı iddia tələbini əsaslandırdığı halları sübuta yetirə bilmədiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamaq üçün əsas mövcud deyildir.
52. Belə ki, tərəflər arasında bağlanmış 20 fevral 2023-cü il tarixli lizinq müqaviləsinin müddəalarında lizinq obyektinə görə avans ödənişinin təyinatı, müqavilə münasibətlərinə xitam veriləcəyi və mübahisə yaranacağı halda qarşılıqlı hesablaşmalar zamanı həmin ödənişin hansı qaydada nəzərə alınacağı barədə şərt müəyyən edilməmişdir.
53. Ali Məhkəmənin müvafiq qərardadında da göstərilmişdir ki, lizinq müqaviləsi çərçivəsində edilmiş avans ödənişlər ilə bağlı mülki qanunvericilikdə hər hansı tənzimləmə müəyyən edilməmişdir, odur ki, tərəflərin bu məsələlərdə tənzimləməni öz üzərinə götürməsi məqsədəuyğun olardı.
54. Bununla bağlı kollegiya qeyd edir ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 24). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.
55. Bu baxımdan tərəflər kommersiya fəaliyyəti ilə məşğul olan şəxslər olaraq müqavilələrin məhdud tənzimləməsinə görə risk daşıyırlar və əgər müqavilə üzrə avans ödənişləri ilə bağlı hər hansı şərt müəyyən etməmişlərsə, ümumi qaydalar tətbiq olunmalıdır.
56. Kollegiya həm lizinq, həm avans, həm də mülki qanunvericiliyin ümumi normalarından çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsi avans ödənişini ümumi borc məbləğindən çıxmaqla maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
57. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-234/2025 saylı iş üzrə 16 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Elnur Həsənov
Hakimlər Ziya Şirinov
Leyla Əliyeva