Məhkəmə qərarları › İş №2-2(103)-406/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-406/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-406/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-441/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19/12/19 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı özünün istehsal etdiyi və özünə məxsus alıcının yazılı sifarişi əsasında alıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırma protokolu”nda göstərilən sayda və məbəğdə yerli balıq məhsullarını satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri "Əlavə İ" ilə müəyyən olunur. 3.1-ci bəndinə əsasən bu müqavilə təsdiq edildiyi tarixdən qüvvəyə minir və xx.xx.2020-ci il tarixədək qüvvədədir. Hər bir halda müqavilə tərəflərin müqavilə ilə öz üzərinə götürdükləri öhdəliklərini tam icra edənədək qüvvədədir. Tərəflər biri digərini müqavilənin xitamı ilə əlaqədar 15 gün qabaqcadan xəbərdarlıq məktubu verməzsə müqavilə növbəti 1 il üçün uzadılmış hesab olunur. 5.1-ci bəndinə əsasən satıcının aşağıdakı hüquqları vardır: 5.1.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək; 5.4-cü bəndinə əsasən alıcının aşağıdakı vəzifələri vardır: 5.4.1-ci bənidnə əsasən “Əlavələr” üzrə malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) vaxtında ödəmək.

2. xx.xx.2021-ci il tarixli EBBM604226 saylı e-qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 65372,20 manat, xx.xx.2022-ci il tarixli EBBQ278349 saylı e-qaiməyə əsasən 4440,20 manat, xx.xx.2022-ci il tarixli EBBR929039 saylı e-qaiməyə əsasən 10200,11 manat və xx.xx.2022-ci il tarixli, EBBW096152 saylı eqaiməyə əsasən isə 936,26 manatlıq mal satışına dair elektron qaimə göndərilmişdir.

3. 19.02.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, My food” MMC tərəfindən İddiaçı MMC-yə 20.11.18-ci il tarixində 17000 manat, xx.xx.2019-cü il tarixində 3968,64 manat, xx.xx.2019-cü il tarixində 4117,01 manat, xx.xx.2019-cü il tarixində 3515,18 manat, xx.xx.2019-cü il tarixində 2991,21 manat, xx.xx.2019-cü il tarixində 4000 manat, xx.xx.2019-cü il tarixində 3637 manat, xx.xx.2019-cü il tarixində 5000 manat, xx.xx.2019cü il tarixində 6000 manat təyinatı müqavilə və e-qaimə göstərilməklə ödənişlər edilmişdir.

4. 26.11.2021-ci il tarixli, BD1 saylı ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin hesabına 12711,86 manat dəyərində, xx.xx.2021-ci il tarixli, BD3 saylı ödəniş tapşırığına əsasən 10000 manat dəyərində, xx.xx.2021-ci il tarixli, BD7 saylı ödəniş tapşırığına əsasən 8474,58 manat dəyərində, xx.xx.2022-ci il tarixli, BD6 saylı ödəniş tapşırığına əsasən 3000 manat dəyərində, xx.xx.2022-ci il tarixli, BD6 saylı ödəniş tapşırığına əsasən 3000 manat dəyərində, xx.xx.2022-ci il tarixli, BD24 saylı ödəniş tapşırığına əsasən 4000 manat dəyərində və xx.xx.2022-ci il tarixli BD7 saylı ödəniş tapşırığına əsasən 3000 manat dəyərində təyinatı e-qaimə və ya alınan malların dəyəri kimi göstərilərək ödəniş edilmişdir.

5. xx.xx.2024-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin İddiaçı MMC yə olan rəsmi borcunun cəmi 25411,84 manat olması İddiaçı MMC tərəfindən imza və möhürü ilə, Cavabdeh MMC tərəfindən yalnız imza ilə təsdiq edilmişdir.

6. 14.11.2024-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixində İddiaçı MMC-ilə My food” MMC arasında, malların alqı-satqısı ilə bağlı 19/12/19 nömrəli müqavilə bağlanmışdır.Müqavlə şərtlərinə uyğun olaraq sifarişçi üçün İddiaçı MMC tərəfindən mallar təqdim edilmişdir, lakin Cavabdeh MMC müqavilə şərtlərinə əməl etməmiş və malların dəyərini bu günə kimi ödəməmişdir. Beləliklə də, Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə və müqavilə şərtlərinə görə Cavabdeh MMC-nin İddiaçı MMC-yə aşağıda göstərilən məbləğdə borcu yaranmıışdır. xx.xx.2021 tarixli EBBM 604226 nömrəli elektron qaiməyə əsasən əsas məbləğ üzrə borcu 11064.71 manat, xx.xx.2022 tarixli EBBQ 278349 nömrəli elektron qaiməyə əsasən əsas məbləğ üzrə borcu- 3762.88 manat, -xx.xx.2022 tarixli EBBR 929039 nömrəli elektron qaiməyə əsasən əsas məbləğ üzrə borcu- 8644.16 manat, -xx.xx.2022 tarixli EBBW 096152 nömrəli elektron qaiməyə əsasən əsas məbləğ üzrə borcu- 793.44 manat, -xx.xx.2022 tarixli EBBR 929039 nömrəli elektron qaiməyə əsasən Ədv məbləğ üzrə borcu- 1003.80 manat, - xx.xx.2022 tarixli EBBW 096152 nömrəli elektron qaiməyə əsasən Ədv məbləğ üzrə borcu142.82 manat. Pul öhdəliyinin icra edilməməsi üçün faiz borcu (5%dərəcəsi ilə) 1213.25 manat, cərimə borcu 5000 manat, əldən çıxmış faydaya görə 20 000 manat. Cəmi borc : 51625.06 manat.

7. Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19/12/19 saylı alğı-satqı müqaviləsi üzrə yaranmış ƏDV xaric 42 400.17 manat məbləğində ödənilməmiş pulun, 1146,65 manat ƏDV borcunun, 5000 manat məbləğində dəbbə pulunun, 2120 manat gecikdirilmiş vaxt üçün faiz borcunun və 48 000 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 98.666,82 manat borc məbləğinin, 387 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19/12/19 saylı alğı-satqı müqaviləsi əsasında "xxxx" MMC sözügedən müqavilənin Əlavəsində göstərilən sayda və məbləğdə müxtəlif balıq məhsulları satıcıya təhvil verilməsini təmin etmiş, lakin "xxxx" MMC üzərinə düşən öhdəlikləri icra etməyərək müqavilə şərtlərini pozmuşdur. Belə ki, müqavilə üzrə tərəflər alğı-satqı hərəkətlərinin subyektləri olaraq müəyyən vaxtlarda alğı-satqı həyata keçirmişlər lakin İddiaçı MMC tərəfindən "xxxx" MMC-ə təqdim edilən xx.xx.2021-ci il tarixli EBBM 604226 seriya nömrəli elektron qaiməyə üzrə İddiaçı MMC hər biri müxtəlif çəkilərdə olmaqla, 75 kq “Lunskoye more” təbii qırmızı kürü (Qarbuşa – çəki 25 kiloqramlıq), 75 kq “Lunskoye more” təbii qırmızı kürü (Keta – çəki 25 kiloqramlıq), 90 kq “Lunskoye more” təbii qırmızı kürü (çəki 0,5 kiloqramlıq – 1x9), 240 kq “Lunskoye more” təbii qırmızı kürü (çəki 0,32 kiloqramlıq – 1x16), 16 kq “Lunskoye more” təbii qırmızı kürü (çəki 0,23 kiloqramlıq – 1x16), 781 kq “Lunskoye more” təbii qırmızı kürü (çəki 0,2 kiloqramlıq – 1x32), 585 kq “Lunskoye more” təbii qırmızı kürü (çəki 0,09 kiloqramlıq – 1x50), 450 kq “Lunskoye more” təbii qırmızı kürü (çəki 0,75 kiloqramlıq – 1x75), ƏDV xaric toplam dəyəri55400,17AZN (əlli beş min dörd yüz manat on yeddi qəpik) olan məhsulu "xxxx" MMC-ə təhvil verərək öhdəliyini yerinə yeritmişdir. Lakin “Kapital Bank”ın xx.xx.2019xx.xx.2023-cü illərin çıxarışlarında görünür ki, "xxxx" MMC EBBM 604226 seriya nömrəli elektron qaiməyə üzrə, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə uyğun olaraq 3000 manat, 3000 manat, 4000 manat, 3000 manat, toplamda 13 000 manat ödəmişdir. Göstərilənlərə əsasən, EBBM 604226 seriya nömrəli elektron qaiməyə üzrə "xxxx" MMC-nin İddiaçı MMC-ə cəmi 42400,17 manat qalıq borcu qalmaqdadır. Həmçinin bu günə kimi "xxxx" MMC-nin İddiaçı MMC-ə əvvəlki bütün qaimələr üzrə toplamda1146,65 manat ƏDV borcu qalmaqdadır. Sonuncu elektron qaimə-fakturanın verildiyi tarixdən yəni xx.xx.2021-ci il tarixdən bu günə kimi (32 ay) öhdəliklər tam həcmdə icra edilmədiyindən "xxxx" MMC əsas öhdəliklərlə yanaşı İddiaçı MMC-yə cərimə də ödəməlidir. Hesab edirik ki, "xxxx" MMC dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi borcunu qaytarmadığı üçün İddiaçı MMC-yə 5000 AZN cərimə ödənilməlidir. Buna görə də, "xxxx" MMC, İddiaçı MMC-yə olan cəmi ƏDV xaric 42.400,17 manat ödənilməmiş borcuna 5% hesablanmaqla ümumi məbləğdən əlavə faiz ödəməlidir. Nəticədə "xxxx" MMC-nin pul öhdəliyinin icra edilməməsi üçün faiz borcu 2120 manat təşkil edir. Nəzərinizə çatdırmaq istəyirlər ki, "xxxx" MMC öhdəliklərini icra etsə idi, İddiaçı MMC borc məbləğinin 7%-i həcmində gəlir əldə edəcəkdi. Belə olan halda İddiaçı MMC 42 400.17AZN məbləğinin adi mülki dövriyyədən aylıq 3000 manat olmaqla öhdəliyin icra edilmədiyi 32 ay üçün 96000 manat qazanc (gəlir, bəhər) əldə edə bilərdi, lakin "xxxx" MMC öhdəliklərindən boyun qaçırdığından İddiaçı MMC həmin qazancdan məhrum olmuşdur. Lakin buna baxmayaraq, "xxxx" MMC ilə əməkdaşlıqlarını nəzərə alaraq 32 ay üçün hesablanmış əldən çıxmış faydanın 50%-ini, yəni manat ekvivalenti 48000 manat hissəsi tələb olunur.

10. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 19/12/19 saylı alğı-satqı müqaviləsi üzrə ƏDV xaric 24265.19 manat məbləğində ödənilməmiş əsas borcun, 1146,65 manat ƏDV borcunun, 5000 manat məbləğində cərimə (dəbbə) pulunun, 1213.25 manat gecikdirilmiş vaxt üçün faiz borcunun və 20 000 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 51625,09 manat borc məbləğinin, 387 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)-441/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən xx.xx.2019-cü il tarixli 19/12/19 saylı alqı-satqı müqaviləsi üzrə 24.265,19 manat əsas borc, 1.146,65 manat ƏDV məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 1213,25 manat faiz məbləği və dövlət rüsumunun əvəzi olaraq 170 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə rədd edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19/12/19 saylı alqı-satqı müqaviləsinə əsasən "Satıcı” özünün istehsal etdiyi və özünə məxsus "Alıcının yazılı sifarişi əsasında Alıcıya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırma protokolu”nda göstərilən sayda və məbəğdə yerli balıq məhsullarını satır, “Alıcı" isə həmin “Mal”ı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada “Marın dəyərini Satıcıya ödəyir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri lazımı qaydada yerinə yetirilsə də, cavabdeh tərəfindən ödənişlər tam şəkildə həyata keçirilməmiş və nəticədə iddiaçıya ödənilməyən borcu qalmışdır. Malların cavabdehə verilməsi işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdehin qanuni nümayəndəsi məhkəmə iclasında malların iddiaçı tərəfindən cavabdehə verilməməsini deyil, cavabdehin təxminən borclu qaldığı 25.500 manata görə iddiaçıya 25500 manat dəyərində müvafiq avadanlıqların verilməsinə görə borc məbləğinin sıfırlanmasını (əvəzləşdirilməsini) bildirərək iddia tələbini qəbul etməmişdir. İddiaçının nümayəndəsi cavabdehin etirazının əsasını təşkil edən faktların reallığa uyğun olmadığını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qeyd edilənlərə dair (cavabdehin məhz aldığı mallara görə iddaçıya borclu qaldığı 25.500 manata görə avadanlıqların verilməsi və həmin borcun tərəflər arasında əvəzləşdirlməsi) səs yazısı və foto-şəkillərdən başqa məhkəməyə hər-hansı sübutu təqdim edə bilməmişdir. Tərəflər arasında mövcüd olan səs yazısında hansısa (həcmi və dəyəri müəyyən edilməyən) avadanlıqların verilməsi müəyyən edilsə də, məhkəmə bir daha da vurğulamışdır ki, həmin avadanlıqların məhz mübahisələndirilən borc müqabilində verilməsi və iddiaçı tərəfin borcun avəzləşdirilməsinə dair razılığının olmasını təsdiq edən mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Cavabdeh öz etirazının əsasını təşkil edən faktları sübuta yetirə bilməmişdir, tərəflər arasında satılmış mallara görə qalmış borcun avadanlıqlar ilə əvəzləşdirilməsinə dair yazılı hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə, təyinatı müqavilə və e-qaimə göstərilməklə qismən ödənişlər və malların cavabdehə verilməsinə dair cavabdeh şirkətin direktorunun etirazının olmaması ilə təsdiq olunduğu üçün 24265,19 manat əsas borc və 1146,65 manat ƏDV məbləğinə dair hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə satılmış mallara görə göndərilmiş 2021-2022-ci il tarixli e-qaimələr üzrə qalıq borcun bugünə kimi ödənilmədiyini nəzərə alaraq, borcun ödənişinin gecikdirilməsinə görə (iddiaçı cəmi bir illik faiz borcunu tələb edir) illik 5% ilə hesablanmaqla 1213,25 manat məbləğində faiz borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbində haqlı olmuşdur. Beləliklə, bu hissədə də iddia təmin edilərək borcun ödənişinin gecikdirilməsinə görə 1213,25 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı 5000 manat cərimə məbləğin də cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin şərtlərindən də göründüyü kimi müqavilə şərtlərində və tərəflər arasında dəbbə pulu borcunun tutulması ilə bağlı hər hansı yazılı razılaşma mövcud olmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin oluna bilməz. İddia tələbinin digər hissəsi 20.000 manat əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlıdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğu üçün rədd edilməlidir. İstinad edilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 21.2, 567, 568.1, 579.1, 443.1, 443.4, 445.7, 449, 462.1, 463.1-ci maddələrinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 1.2, 3.1, 3.2, 3.3, 3.4-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

14. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(113)-441/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsi barədə qətnamədə göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla heç bir sübutla öz təsdiqini tapmır, konkret hüquqi əsası olmayan subyektiv xarakterli dəlillər kimi qəbul edilməlidir. Belə ki, iddiaçı ilə cavabdeh arasında olan müqavilə 2019-cu ildə bağlanmış və bir il müddətinə qüvvədə olmuşdur. Həmin müqavilə qüvvədən düşmüşdür. Bundan başqa iddiaçı qeyd edilən məhsulların cavabdeh olaraq Cavabdeh MMC-yə verilməsinə dair heç bir sübut (təhvil-təslim aktı və s) məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən onu da bildirir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024cü il tarixli üzləşmə aktı isə Cavabdeh MMC-nin qanuni nümayəndəsi tərəfindən imzası və möhürü təsdiq edilməmişdir. Həmçinin iddiaçı ilk olaraq məhkəmə müraciət edərkən 98666,82 manat borcun tutulmasını tələb etsə də bu barədə əsaslı sübutları olmadığından ərizə verərək iddia tələbinin həcminin azaldılması Cavabdeh MMC-dən 24265.19 əsas borc, 1146,65 manat ƏDV məbləğinin tutulmasını xahiş etdmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə müxtəlif borc məbləğlərinin tutulmasını tələb etməklə, hazırki borcun nə qədər olması və ümumiyyətlə borcun olub-olmaması barədə dəqiq məlumatı olmadığını təsdiq etmişdir. Belə ki, hesab etsə ki, iddiaçıya həqiqətən 24265,19 manat əsas qalıq borcu mövcuddursa o, zaman həmin məbləğə uyğun (18%) ƏDV qalıq borc 3701,49 manat təşkil etməlidir. Halbuki iddiaçı tərəfindən tərtib olunmuş arayışa əsasən ona 24265.19 əsas borc, 1146,65 manat ƏDV borcu olmaqla cəmi 25411,84 manat Cavabdeh MMC-nin borcu olmasını məhkəməyə bildirmiş və məhkəmədə qeyd edilən məbləğin tutulmasını qət etmişdir. Məhkəmənin nəzərinə çatdırır kı, əgər həqiqətən də 1146,64 ƏDV borcun olsa idi, o zaman iddiaçıya əsas məbləği üzrə borcu 6370,11 manat olmaqla cəmi 7516,75 manat təşkil etməli idi. Bu səbəbdən də, hesab edir ki, iddiaçı tərəfindən tərtib edilən həmin arayış özü-özlüyündə qüsurlu olduğu üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Digər tərəfdən məhkəmənin malların cavabdehə verilməsi işin mübahisə edilməyən halı olması ilə mövqeyinə münasibət bildirir ki, tərəflərindən borcun olması etiraf edilməmişdir. Belə ki, müqavilə üzrə tərəflərin öhdəlikləri olmuş bir tərəf digər tərəfə malların verilməsini digər tərəf isə pulun ödənilməsi öhdəliklərini götürmüşlər. Faktiki olaraq tərəflərin iradə ifadəsini əks etdirən və tərəflərin imzası ilə təsdiq edilən müqavilə üzrə öhdəlik tam icra edilməsinə baxmayaraq iddiaçı heç bir əsas olmadan məhkəmədən mallar üzrə qalıq qalmış məbləğin ödənilməsini tələb etmişdir. Lakin bu faktı təsdiq edən, yəni hansı miqdarda, hansı tarixdə məhsulla görə borcun yaranmasını təsdiq edən sübutu (malların təhvil-təslim aktını, borc üzrə üzləşmə aktını) məhkəməyə təqdim edə bilməmişdir. Tərəflərindən isə hazırki tarixə heç bir borcun olmaması, hətta hesab etsə ki belə bir borc mövcuddur (məbləği dəqiq olmayan) iddiaçı cavabdehdən götürdüyü avadanlıqlarla əvəzləşdirilməsi faktını təsdiq edən (avadanlıqların iddiaçı olmasını təsdiq edən) şirkətin direktoru ilə olan yazışma və səs yazısı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin, birinci instansiya məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən verilən izahatına istinad etmişdir. Halbuki, tərəflərindən təqim edilmiş iddiaçı şirkətin qanuni nümayəndəsi (direktoru)ilə aparılan Vtapp yazışmaları və səs yazılarına əsasən avadanlıqların iddiaçı tərəfdən götürülməsi və hazırda da onlara məxsus ərazidə olması öz təsdiqini tapır. İddiaçı ilə cavabdeh arasında olan müqavilə 2019-cu ildə bağlanmış və bir il müddətinə qüvvədə olmuşdur. Həmin müqavilə qüvvədən düşmüşdür. İşin hallarını araşdıran məhkəmənin sonda qərar verərkən yuxarıda qeyd edilən halları nəzərə almamaqla yanaşı, eyni zamanda mülki münasibətlərin vacib elementi olan vicdanlılıq prinsipini də nəzərə almamışdır. Belə ki, məhkəmənin qeyd edilən pulun tutulması ilə bağlı hazırki nəticəyə gəlməsinin “əsası” o olmuşdur ki, malların cavabdehə verilməsi işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdehin qanuni nümayəndəsi məhkəmə iclasında malların iddiaçı tərəfindən cavabdehə verilməməsini deyil, cavabdehin təxminən borclu qaldığı 25.500 manata görə iddiaçıya 25500 manat dəyərində müvafiq avadanlıqların verilməsinə görə borc məbləğinin sıfırlanmasını (inisəmliridşəlzəvə) bildirərək iddia tələbini qəbul etməmişdir. Lakin məhkəmə əsassız da olsa cavabdehin belə çıxışını mübahisəli borcun etirafı kimi qələmə vermişdir cavabdeh tərəfindən borcun olması etiraf edilməmişdir. Birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirməmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinin tələblərinə görə, faktın etiraf olunması məhkəmə iclasının protokoluna qeyd olunur və etiraf edən tərəf protokolu imzalayır. Lakin cavabdehin nümayəndəsinin məhkəmə iclasının protokolunu imzalamamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməyib.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi bildirdi ki, səs yazılarında avadanlıqların verilməsi ilə bağlı danışıq aparan şəxs şirkətin direktorunun dayısı olsa da, iddiaçı şirkətlə bağlılığı yoxdur, iddiaçı şirkətə hər hansı avadanlıq verilməmiş və borcla əvəzləşdirilməmişdir.

18. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədi, lakin ərizə ilə müraciət edərək iclasın təxirə salınmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

19. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

20. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən, cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə və iddianın rədd edilməsinə yönəldiyindən qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19/12/19 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etməsini, cavabdehin isə həmin malların dəyərini tam şəkildə ödəməməsini, nəticədə cavabdehin iddiaçıya ƏDV xaric 24265,19 manat məbləğində ödənilməmiş əsas borcun, 1146,65 manat ƏDV borcunun yaranmasını əsas göstərərək həmin borcun və borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış faizlərin ödənilməsini tələb edir. Cavabdeh isə malların təqdim edilməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilmədiyini, eləcə də qalıq borcun tərəflərindən iddiaçıya təqdim edilmiş avadanlıqla əvəzləşdirildiyini əsas göstərərək iddianın rədd edilməsini xahiş edir.

26. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 567, 598.1-ci maddələri təşkil edir.

27. İşin məhkəmə tərəfindən araşdırılmalı olan mübahisəli halı iddiaçının ödənilməsini tələb etdiyi malların cavabdehə təqdim edilib-edilməməsi və həmin mallara görə ödənilməmiş borcun qalıb-qalmaması ilə bağlıdır.

28. İddiaçı malların verilməsi faktını sübuta yetirmək üçün həmin mallara dair cavabdehə göndərilmiş elektron qaimələri, həmin elektron qaimələr üzrə cavabdeh tərəfindən ödənişlər edilməsinə dair ödəniş tapşırıqları və əvvəlki dövr (2018-2019-cu illər) üçün alqı-satqı əməliyyatları üzrə ödənişləri təsdiq edən hesabdan çıxarışı məhkəməyə təqdim etmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsində cavabdeh tərəf alqısatqı müqaviləsi üzrə qalıq borcun avadanlıqla əvəzləşdirilməsini bildirməklə, dolayısı ilə mübahisəli mallların iddiaçı tərəfindən onlara təqdim edilməsi və həmin malların dəyərinin bir hissəsinin ödənilməsi faktlarını təsdiq etmişdir.

29. Odur ki, kollegiya sübutlara məcmu şəkildə qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehə 2021-2022-ci illər arası dövrdə malların təqdim edilməsinə dair elektron qaimələrin iddiaçı tərəfindən cavabdehə göndərilməsi, cavabdeh tərəfindən onun üçün vergi öhdəlikləri yaradan elektron qaimələri düzəliş üçün qaytarılmaması, eləcə də iddiaçıya və ya vergi orqanına həmin qaimələrlə bağlı hər hansı etiraz edilməməsi, əksinə həmin qaimələr üzrə qismən ödənişlər edilməsi tərəflər arasında malların təqdim edilməsinin elektron qaimə göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar münasibətin formalaşmasına dəlalət edir.

30. Odur ki, hazırkı halda iddiaçı tərəfindən cavabdehə ƏDV daxil 80.948,77 manat dəyərində malların təqdim edilməsi faktı iş materialları ilə öz təsdiqini tapır. Cavabdeh isə həmin malların dəyərindən yalnız 44.186,44 manat hissəsinin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim emişdir.

31. Odur ki, iddiaçı mübahisəli alqı-satqı müqaviləsi üzrə yaranmış ƏDV xaric 24265.19 manat məbləğində ödənilməmiş əsas borcun, 1146,65 manat ƏDV borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

32. Kollegiya tələb olunan əsas borc məbləğinin ƏDV məbləğinə uyğun gəlməməsi barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən ƏDV ödənişləri vergi ödəyicisinin ƏDV subhesabına köçürülür, bu zaman ƏDV ödənişlərinin həyata keçirilməsi əsas məbləğlərin ödənişindən asılı edilmir. Odur ki, əsas məbləğin və ƏDV məbləğinin ödənişləri bir-birindən bağlı olmayan şəkildə ayrı-ayrı hesablara edildiyindən borclu şəxs tərəfindən əsas borca nisbətən ƏDV məbləğindən daha çox ödəniş edilməsi istisna edilmir.

33. Borcun əvəzinə iddiaçıya avadanlıq təqdim edilməsi və borcun sözügedən avadanlıqla əvəzləşdirilməsi barədə cavabdeh dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh həmin xüsusatları sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehin həmin halları sübuta yetirmək üçün təqdim etdiyi səs yazılarında dəyəri bəlli olmayan avadanlığın verilməsindən danışılsa da, həmin avadanlığın məhz mübahisəli borcun müqabilində verilməsi və öhdəliklərin əvəzləşdirilməsi barədə tərəflər arasında razılaşmanın mövcud olması iş materiallarında olan sübutlara əsasən müəyyən edilmir.

34. İddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, hazırkı işdə cavabdehin alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsini iki ildən artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə bir illik müddət üçün illik 5 faiz hesabı ilə 1213,25 manat məbləğində pulun ödənilməsinə dair tələbi də əsaslıdır.

35. MPM-in 106.3-cü maddəsinin tələblərinə əsasən faktın etirafı protokola yazılmalı olduğu və həmin protokol etiraf edən şəxs tərəfindən imzalamalı olduğu halda birinci instansiya məhkəməsinin sözügedən prosessual normaya əməl etmədən borcun əvəzinə avadanlıq verilməsi barədə nümayəndənin verdiyi izahatı borcun etirafı kimi nəzərə alması barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, MPM-in istinad edilən maddəsinin məzmunundan da göründüyü kimi həmin maddədə əks olunmuş fakt etirafının yazıldığı məhkəmə iclas protokoluna etiraf edən şəxsin imza etməli olması barədə tələb “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallara şamil edilmir.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-441/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar