Məhkəmə qərarları › İş №2-2(103)-409/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-409/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-409/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 02.11.2021-ci il tarixli, e-2-2(113)-664/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.06.2019-cu il tarixli 2-2(102)-202/19 saylı qərarından sonra keçmiş 16 ay müddət üçün 93783 manat məbləğ üçün illik 5% hesablanmaqla 6252 manat tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.06.2019-cu il tarixli 2-2(102)-202/19 saylı qərarından sonra keçmiş 16 ay müddət üçün 93783 manat məbləğinə 16 ay ərzində "xxxx" ASC tərəfindən hesablanmış 17756 manat tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Mimaki CJV 30-160BS” çap avadanlığının (Seriya№ N62CE113) bazar dəyəri 20000 manat, “Flora LJ 320P” çap avadanlığının (Seriya№ LJİİ+3200A/8P-B/USB/789) bazar dəyəri 25000 manat və “Maxima GT2 PZ 3208” çap avadanlığının (Seriya№EJ**********0) bazar dəyəri 25000 manat, avadanlıqların cəmi bazar dəyəri 70000 manat tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04.06.2018-ci il tarixli qərardadı ilə Mimaki CJV30-160BS” çap avadanlığı (Seriya№ N62CE113), “Flora LJ 320P” çap avadanlığı (Seriya№ LJİİ+3200A/8PB/USB/789) və “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya№EJ**********0) avadanlıqların cəmi 70000 manat dəyəri ilə illik 20% illik olmaqla hesblanmış 24999 manat əldən çıxmış fayda tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia verilməsi üçün ödənilmiş 30 manat 07.12.2020 dövlətrüsumu tutularaq “MCB BOKT“ QSC-nin xeyrinə ödənilsin. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.11.2021-ci il tarixli, e-2-2(113)-664/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7.033,72 manat, vəkilə ödənilmiş 800 manat məhkəmə xərci, 30 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası ilə bağlı ödənilməli olan 100 manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın tam edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2- 2(103)-65/2019 saylı 16.01.2019-cu il tarixli qətnaməsinə uyğun olaraq geri qaytarılmalı olan “Mimaki CJV 30-160BS” çap avadanlığı, “Flora LJ 320P” çap avadanlığı və “Maxima GT2 PZ 3208” çap avadanlığı Cavabdeh1 tərəfindən "xxxx" QSC-yə geri qaytarılmamışdır. İş materiallarında olan Cavabdeh1 Yasamal rayon İcra və Probasiya şöbəsinə verdiyi 28.08.2018-ci il tarixli izahatına əsasən, həmin avadanlıqların geri qaytarılması mümkün deyildir. Həmin izahatında AtakişiyevƏnvər Akif oğlu təsdiq etmişdir ki, 3 avadanlığın dəyərini ödəməyə hazırdır, yəni onların artıq mövcud olmadığını etiraf etmişdir. Məhkəmənin təşəbbüsü ilə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 sentyabr 2021-ci il tarixli 9/3799 saylı rəyinə əsasən, “Mimaki CJV 30-160BS” çap avadanlığı 02.06.2019-cu il tarixə 20.000 manat, 08.12.2020-ci il tarixə 18.000 manat, “Flora LJ 320P” çap avadanlığı 02.06.2019-cu il tarixə 25.000 manat, 08.12.2020-ci il tarixə 22.500 manat, “Maxima GT2 PZ 3208” çap 02.06.2019-cu il tarixə 25.000 manat, 08.12.2020-ci il tarixə 22.500 manat olmaqla 02.06.2019-cu il tarixə cəmi 70.000 manat, 08.12.2020-ci il tarixə 63.000 manat qeyd olunmuşdur. Ekspertizanıın nəticəsində qeyd olunur ki, iddia ərizəsində adları sadalanan istifadədə olmuş çap avadanlıqlarının aşınma faizi nəzərə alınmaqla nəzəri qaydada orta bazar dəyəri ilə ümumi 02.06.2019-cu il tarixə təxminən 70000 manat, 08.12.2020-ci il tarixə isə 63000 manat müəyyən olunur. Göstərilənlərə əsasən hesab edirlər ki, Bakı Kommersiya Məhkəməsi avadanlıqların dəyirinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" QSCnin xeyrinə ödənilməsi barədə iddia tələblərini əsassız olaraq təmin etməmişdir. Məhkəmə Cavabdeh1 və Cavabdeh2 məhkəmə qətnaməsi üzrə 93783 manat məbləğini ödəmədikləri 16 ay ərzində "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə əlavə olaraq 17756 manat ödənməsi barədə iddia tələbinin təmin edilməməsini əsaslandırmamışdır. Bundan başqa, məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçı əldən çıxmış fayda ilə bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki iddiada göstərmişlər ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 04.06.2018-ci il tarixli qərardadı ilə Mimaki CJV 30-160BS” çap avadanlığı (Seriya№ N62CE113), “Flora LJ 320P” çap avadanlığı (Seriya№ LJİİ+3200A/8P- B/USB/789) və “Maxima GT2 PZ 3208” çap avadanlığı (Seriya№EJ**********0) üzərinə həbs qoyularaq istifadəsi qadağan olunmuşdu. Lakin həmin qərardad icra oluna bilmədyi üçün qərardadın tarixindən AR Ali Məhkəməsinin 02.06.2019-cu il tarixli 2-2(102)-202/19 saylı qərarına qədər ötmüş 12 ay müddət üçün "xxxx" QSC həmin avadanlıqları cəmi 70000 manat dəyəri ilə illik 20% illik olmaqla yenidən digər üçüncü şəxslərə lizinqə verməklə əldə edə biləcəyi 24999 manat gəlir formasında əldən çıxmış faydadan məhrum olmuşdur. Bundan başqa, iş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh2 arasında imzalanmış 14.12.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən, LM № 160/06-2014 saylı lizinq müqaviləsi və onun əlavələri üzrə ödənilməmiş 31500 manat qalıq lizinq ödənişi borcunun olması barədə razılıq əldə olunmuş və həmin borcun 17.01.2021-ci ildən başlayaraq 18 ay ərzində hər ay 1800 manat olmaqla ödənilməsi barədə 14.12.2020-ci il tarixdə ödəniş cədvəli imzalanmışdır. Lakin iddia verilən tarixə qədər həmin cədvəl üzrə də cavabdehlər tərəfindən heç bir ödəniş edilməmişdir. 14.12.2020-ci il tarixli cədvəl üzrə ödənilməmiş borc iddia verilən tarixə 7200 manat təşkil edirdi, lakin məhkəmə ümumiyyətlə bu sübuta heç bir qiymət verməmişdir və bu tələbə baxmamışdır. Bakı Kommersiya Məhkəməsi AR MM-nin 445-ci maddəsini düzgün tətbiq etməyərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.06.2019-cu il tarixli 2- 2(102)-202/19 saylı qərarından sonra keçmiş 16 ay müddət üçün 93.783 manat məbləğində illik 5% hesablanmaqla 7033,72 manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, "xxxx" QSC-nin xeyrinə ödənilməsini qət etmişdir. Halbuki, ARAli Məhkəməsinin 02.06.2019-cu il tarixli 2-2(102)- 202/19 saylı qərarından sonra keçmiş 16 ay müddət dövr üzrə 93783 manat məbləğin illik 5% məbləği iddia verilən tarixə 7815 manat təşkil edirdi. İşə apelyasiya qaydasında baxılması 01.06.2022-ci il tarixə təyin edilmiş, cavabdehlərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 02.11.2021-ci il tarixli, e-2-2(113)-664/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddiaçı "xxxx" QSC-nin Cavabdeh1 qarşı “Mimaki CJV 30-160BS” çap avadanlığının (Seriya№ N62CE113) bazar dəyəri 20000 manat, “Flora LJ 320P” çap avadanlığının (Seriya№ LJİİ+3200A/8P-B/USB/789) bazar dəyəri 25000 manat və “Maxima GT2 PZ 3208” çap avadanlığının (Seriya№EJ**********0) bazar dəyəri 25000 manat, avadanlıqların cəmi bazar dəyəri 70.000 manatın tutularaq “MCB BOKT“QSC-nin xeyrinə ödənilməsinə dair iddia tələbi üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, iddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pulun ödənilməsi, lizinq obyektinin geri qaytarılması və müqavilənin ləğv edilməsi tələbi ilə artıq bundan əvvəl məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-782/2018 saylı iş üzrə qəbul etdiyi 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə 81.582 manat borcun tutulması və lizinqə verilmiş avadanlıqların Cavabdeh1 tərəfindən iddiaçı "xxxx" QSC-yə geri qaytarılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdehlər apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2-2(103)-65/19 saylı, 16 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı "xxxx" QSC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-782/18 saylı iş üzrə qəbul etdiyi 31 iyul 2018- ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, 05.06.2014-cü il tarixli LM №160/06-2014 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2014 tarixli LM № 160/06- 2014-01 saylı, 21.01.2015-ci il tarixli LM № 160/06-2014-02 saylı, 30.03.2015-ci il tarixli LM № 160/06-2014-03 saylı, 29.07.2015-ci il tarixli LM № 160/06-2014-04 saylı və 29.04.2016-cı il tarixli LM № 160/06- 2014-05 saylı razılaşma müqaviləsi ləğv edilmiş, 05.06.2014-cü il tarixli LM № 160/06- 2014 saylı daxili maliyyə lizinqi müqaviləsi və bu müqaviləyə əlavə edilməsi haqqında 17.12.2014-cü il tarixli LM № 160/06-2014-01 saylı, 21.01.2015-ci il tarixli LM №160/06- 2014-02 saylı, 30.03.2015-ci il tarixli LM № 160/06- 2014-03 saylı, 29.07.2015-ci il tarixli LM № 160/06-2014-04 saylı və 29.04.2016-cı il tarixli LM № 160/06-2014-05 saylı razılaşma müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" QSC-nin xeyrinə 79.036,94 manat əsas borc, 13.212,56 manat faiz (mükafat) borcu, 703,4 manat gecikməyə görə borc (dəbbə pulu), olmaqla, cəmi 92.952,9 manat borcun tutulması, lizinq obyektləri olan “MİMAKİ UJV-160" çap avadanlığı (Seriya № G93CB571); "Roland LEC 540 UV" plotterçap avadanlığı (Seriya № ZBQ0398); "MAXİMA PZ3208 GT2" çap avadanlığı (Seriya № EJ**********T); "Roland ARM 10" çap avadanlığı (Seriya № ZBR0208); "Roland EGX 360" çap avadanlığı (Seriya № ZBN0328); "Mimaki CJV 30- 160BS" çap avadanlığı (Seriya № 2CE113), «Flora LJ 320P" çap avadanlığı (Seriya № LJİİ+3200A/8P-B/USB/789, "Maxima GT2 PZ 3208" çap avadanlığı (Seriya № EJ**********0) və Polietilen paket istehsal xəttinin (ekstruder 1, ekstruder 2, kəsim avadanlığı 2, çap avadanlığı, doğrayıcı, (drabilka), təkrar emal) Cavabdeh1n tərəfindən iddiaçı "xxxx" QSC-yə geri qaytarılması, iddiaçı "xxxx" QSC-nin xeyrinə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi xidmətlərə görə 800 manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 2-2(103)-65/19 saylı, 16 yanvar 2019-cu il tarixli qətnaməsi əsasında 18 iyul 2019-cu il tarixdə icra vərəqəsi tərtib edilərək borclu Cavabdeh2 aid hissədə icra olunması üçün Binəqədi rayon İcra və Probasiya Şöbəsinə və borclu Cavabdeh1 aid hissədə icra olunması üçün Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, icra sənədi lizinq müqaviləsi üzrə borcun tutulması hissəsində icra edilsə də, lizinqə verilmiş avadanlıqlardan üçünün iddiaçıya qaytarılması təmin edilməmişdir. Yasamal rayon İcra Şöbəsinin 04.05.2022-ci il tarixli məktubundan görünür ki, icra sənədinin icrasının təmin edilməsi üçün icra tədbirləri davam etdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-ci il““tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5ci“maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə“müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli Qərarı). İşdəki məhkəmə aktlarından görünür ki, iddiaçı "xxxx" QSC Cavabdeh1 qarşı eyni predmet və eyni əsasla daha əvvəl iddia qaldıraraq lizinqə verilmiş avadanlıqların geri qaytarılmasını xahiş etmiş və həmin tələb qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə təmin edilmişdir. İddiaçı hazırkı iddia ərizəsində iddianın obyektini dəyişsə də (əvvəlki iddiada avadanlığın özü, hazırkı iddia ərizəsində dəyəri tələb edilir) iddia tələbinin əsası (tələbin əsaslandığı hüquqi faktlar) və predmeti (barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq) eynidir. Bundan əlavə nəzərə alınmalıdır ki, lizinq predmeti olan çap avadanlıqlarının qaytarılması barədə icra sənədi hal-hazırda icra mərhələsində olduğu və iddiaçı həmin tələbindən imtina etmədiyi halda hazırkı iddia ərizəsi ilə avadanlıqların dəyərinin cavabdehlərdən tutulmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının lizinq predmetlərinin dəyərinin tutulması barədə tələbinə mahiyyəti üzrə baxmaqla prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Buna görə də məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 02.11.2021ci il tarixli, e-2-2(113)-664/2021 saylı qətnaməsi qismən ləğv edilməli, hazırki mübahisə üzrə iddia tələbinin bir hissəsini təşkil edən “Mimaki CJV 30-160BS” çap avadanlığının bazar dəyəri 20000 manat, “Flora LJ 320P” çap avadanlığının bazar dəyəri 25000 manat və “Maxima GT2 PZ 3208” çap avadanlığının bazar dəyəri 25000 manat, avadanlıqların cəmi bazar dəyəri 70.000 manatın tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi tələbi üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" QSC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 02.11.2021-ci il tarixli, e-2-2(113)-664/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı "xxxx" QSC-nin Cavabdeh1 qarşı “Mimaki CJV 30-160BS” çap avadanlığının (Seriya№ N62CE113) bazar dəyəri 20000 manat, “Flora LJ 320P” çap avadanlığının (Seriya№ LJİİ+3200A/8P-B/USB/789) bazar dəyəri 25000 manat və “Maxima GT2 PZ 3208” çap avadanlığının (Seriya№EJ**********0) bazar dəyəri 25000 manat, avadanlıqların cəmi bazar dəyəri 70000 manatın tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsinə dair iddia tələbi üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar