Məhkəmə qərarları › İş №2-2(103)-41/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-41/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-41/2023 22.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadə və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdeh “X2” MMC-nin nümayəndəsi Vəkil Sücayət oğlunun iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “X2” MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1823/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC cavabdeh “X2” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 48.592,50 manat əsas borc, 2575 manat cərimə olmaqla, cəmi 51.167,50 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2018-ci il 19 fevral tarixdə beton alğı-satqısı haqqında müqavilə imzalanmışdır. Həmin müqavilə imzalandığı tarixdən bu günədək cəmi 818.592,50 manat dəyərində mal sifarişi verilmiş, həmin sifarişlər qaimələrlə təsdiqlənmiş və satıcıya 770.000 manat məbləğ ödənilmişdir və əsas borc olan 48.592,50 manat məbləğ cavabdeh dəfələrlə xəbərdar edilməsinə baxmayaraq ödənilməmişdir. Müqavilənin 8.2-ci bəndinə əsasən alıcı satış qiymətinin ödənilməsini otuz gündən artıq gecikdirdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,01% faizi miqdarında cərimə ödəməlidir. Malların sonuncu təhvil tarixi 2019-ci il 21 avqust tarixdən 2021-ci il 1 fevral tarixinədək cərimə məbləği 2575 manat təşkil edir. 2021-ci il 2 fevral tarixdə cavabdehə borcun ödənilməsi tələbi barədə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən məktub qəbul edilməmişdir. 2021-ci il 3 fevral tarixinə cavabdehin iddiaçı qarşısında ümumi borcu 51.167,50 manat təşkil edir.

3. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi 48.592,50 manat əsas borc, 2575 manat cərimə olmaqla, cəmi 51.167,50 manat borcun olması həqiqətə uyğun deyil. Belə ki, iddiaçı tərəf iddia ərizəsində qeyd etmişdir ki, alıcı tərəfindən edilmiş mal sifarişləri qaimələrlə təsdiq edilmiş, alıcı tərəfindən 818.592,50 manat dəyərində mal sifariş edilmiş, satıcıya 770.000 manat pul ödənilmiş, 48.592,50 manat cavabdehin iddiaçıya borcu qalmışdır. İddiaçı cavabdehin borcu olmasına dair hər hansı bir rəsmi sənəd, cavabdeh tərəfindən təsdiq edilmiş qaimə-faktura təqdim edə bilməmişdir. Əgər iddiaçı tərəfindən cavabdehə mal təhvil verilibsə, müqaviləyə əsasən bu qaimə-fakturada əksini tapmalıdır. Əgər iddiaçı tərəfindən qaimə-faktura təqdim edilməmişdirsə, cavabdehin hər hansı borcundan söhbət gedə bilməz. İddiaçı tərəfindən cavabdehə satılmış malın dəyəri iddiaçıya tam ödənilmişdir və cavabdehin iddiaçıya heç bir borcu yoxdur.

4. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 24 iyun tarixli e-2-2(113)-1823/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

5. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 dekabr tarixli 2-2(103)-1175/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. İddiaçı tərəfindən kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

Kassasiya instansiyası məhkəməsindəki icraat

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 459/2022 saylı, 29 iyul 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 dekabr tarixli 2-2(103)-1175/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qismən təmin edilmişdir.

9. Ali Məhkəmə işi apellyasiya baxışına qaytararkən qərarında qeyd etmişdir ki, iddiaçının kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, dəyəri ödənilməmiş və cavabdehə təhvil verilməmiş malların qəbul edilməsində iştirak etmiş şəxs, eyni zamanda dəyəri ödənilmiş hissəyə münasibətdə cavabdehə təhvil verilmiş malların təhvil alınmasında da iştirak etmişdir. Həmçinin, mübahisəsiz və mübahisəli hissələr üzrə təhviltəslim sənədlərinin tərtibatı (imzalanması və möhür vurulması) da eyni formada olmuşdur. Bu əsasla da ƏDV daxil 48.585,50 manat dəyərdə beton məhsulunun cavabdehin mülkiyyətinə verilməsi sübuta yetirilir. Qeyd edilən dəlil iddiaçının həm də apellyasiya şikayətinin dəlilini təşkil etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərinin düzgün qiymətləndirilməsi aparılmamış, bu dəlillərə müfəssəl, düzgün hüquqi qiymət verilmədən birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində tərəflərin mübahisəli hüquq münasibətlərinin aydınlaşdırılması baxımından əhəmiyyət kəsb edən bu hala müfəssəl hüquqi qiymət verməməklə, eləcə də qeyd edilən məsələni tərəflər arasında mübahisə doğurmayan hissədə təhvil-təslimin hansı qaydada həyata keçirilməsi ilə müqayisəli şəkildə araşdırıb qiymətləndirməməklə işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, MM-in “müqavilənin təfsiri”ndən bəhs edən 404-cü maddəsinin tələbinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmçinin, işə baxan məhkəmələr 2019cu il 26 iyul, 2019-cu il 21 avqust və 2019-cu il 22 avqust tarixlərdə B-25/M-350 markalı beton məhsullarını (malları) təhvil-təslim edilməsi barədə sənədlərin mülki prosessual qanunvericiliklə yazılı sübutlar üçün müəyyənləşdirilmiş qaydada təqdim edilmədiyini, həmin sənədlərin MPM-in 89.3-cü maddəsinə uyğun olaraq lazımi qaydada təsdiq edilmədiyini nəzərə almamışlar. Bundan başqa, işə baxan məhkəmələr malların təhviltəslim edilməsi barədə sənədlərdə betonu təhvil alan və imzalayan şəxslərin adları, soyadları və vəzifələrinin göstərilmədiyini qeyd etməklə kifayətlənmiş, təhvil-təslim aktlarındakı imza sahiblərinin kimliyini, həmin imzaların həqiqiliyini müəyyənləşdirmək və bununla da işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün, bu sənədlərdəki imzaların cavabdehin qəbul edib dəyərini ödədiyi digər sənədlərdəki imzaları icra etmiş şəxslərin imzaları ilə eyni olub olmadığını dəqiq müəyyən etməmiş, bu məqsədlə zəruri prosessual tədbirləri görməmiş, bu isə öz növbəsində tam əsaslandırılmamış məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur. Apellyasiya Məhkəməsi tərəfindən həmçinin cavabdehin, ƏDV daxil 757.225,76 manat məbləğində beton məhsulu təqdim edildiyi halda 770.000 manat ödəniş aparılması, cavabdeh tərəfindən 818.592,50 manat dəyərində beton məhsulu sifariş verilməsi halı da düzgün qiymətləndirilməmiş, sonuncu tərəfindən “faktiki təqdim olunan”dan 13.000 manat artıq ödəniş aparılması səbəbləri araşdırılmamış, düzgün qiymətləndirilməmişdir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparılmaqla, onların müfəssəl hüquqi qiymətləndirilməsi təmin edilməli, malların təhvil-təslim aktlarındakı imza sahiblərinin kimliyi, həmin imzaların həqiqiliyi müəyyənləşdirilməli, bu sənədlərdəki imzaların, cavabdehin qəbul edib dəyərini ödədiyi digər sənədlərdəki imzaları icra etmiş şəxslərin imzaları ilə eyni olub-olmadığı dəqiq müəyyən edilməli, bu məqsədlə zəruri prosessual tədbirlər görülməli, nəticəsindən asılı olaraq mübahisənin qanuni həlli təmin edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “iddiaçı xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə ümumi miqdarı təqribən 570 kub.m. olan B- 25/M-350 markalı beton məhsullarını (malları) təhvil-təslim etməsi barədə sənədləri məhkəməyə təqdim etsə də, həmin sənədlərdə betonu təhvil alan və imzalayan şəxslərin adları, soyadları və vəzifələri qeyd edilməmiş, həmin şəxslərə şirkət tərəfindən etibarnamə verilməmiş və imzaların üzərinə “X2” MMC-nin möhürü vurulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən təhvil-təslim sənədləri mötəbər sübut kimi qəbul edilə bilməz.” Qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında iddiaçının səlahiyyətli nümayəndəsi mübahisə edilən hissəyə dair satılmış betonu qəbul etmiş şəxsin cavabdehə münasibətdə kimliyinin və satılmış malların qəbul edilməsində səlahiyyətli olmasının müəyyən edilməsi məqsədilə müvafiq sorğunun verilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmiş, lakin məhkəmə heç bir tutarlı əsas və səbəb göstərmədən vəsatəti rədd etmişdir. Məhkəmə vəsatətə qiymət verərkən nəzərə almamışdır ki, yalnız dəyəri ödənilməmiş və cavabdehə təhvil verilmiş malların qəbul edilməsində iştirak etmiş şəxs, eyni zamanda, dəyəri ödənilmiş hissəyə münasibətdə cavabdehə təhvil verilmiş malların təhvil alınmasında da iştirak etmişdir. Dəyəri ödənilmiş malların təhvil-təslim aktlarında da imzalar üzərinə cavabdehə aid möhür icra edilməmişdir. Deməli, məhkəməyə sübut kimi təqdim edilmiş təhvil-təslim aktlarının mötəbərliyi məhkəmədə şübhə doğurmamalı idi. Beləliklə, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bundan başqa, xx.xx.2021-ci il tarixdə auditin aparılmasının maraqlı tərəf olan iddiaçının təqdim etdiyi sənədlər və nümayəndəsinin iştirakı ilə həyata keçirilməsi səbəbindən məhkəmə tərəfindən auditor hesabatı mötəbər sübut kimi qəbul edilməsə də, bununla bağlı öz qətnaməsində heç bir hüquqi əsaslandırma aparmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, beton maye halda olan məhsuldur, onun verilməsi ilə bağlı təhvil-təslim aktının və ya qəbzlərin olması mümkün deyil. Rəhbərlər arasında sıx dostluq münasibətləri olmuşdur. Əlavə ödəmələri onunla əsaslandıra bilər ki, qarşı tərəf dostluq münasibətlərinə əsasən müxtəlif vaxtlarda onlara bildirirdi ki, bu gün bu qədər ödəniş edin, onlar da ödəniş edirdilər. Elektron qaimələrdə nə qeyd olunurdusa onu ödəyirdilər. Suallara cavab olaraq bildirdi ki, beton qatı maye şəklində olub kubla hesablanır, yerində müəyyən etmək mümkün deyil, yalnız mərtəbənin kvadratı və hündürlüyünə əsasən müəyyənləşir. Hazırda həmin binalarda yaşayış mövcuddur. Təqdim etdikləri qəbzləri ümumiyyətlə görməyiblər.

13. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 10.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.

15. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

16. Həmin Məcəllənin 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

22. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

24. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır.

27. 2018-ci il 19 fevral tarixli beton alqı-satqısı haqqında müqavilədən görünür ki, satıcı – İddiaçı MMC malı alıcı – Cavabdeh MMC-nin mülkiyyətinə verməyi, alıcı isə malı qəbul etməyi və onun əvəzində malın satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.

28. Həmin müqavilənin 2.2-ci bəndinə görə müqaviləyə əsasən satılan malın adı və miqdarı müqavilənin ayrılmaz hissəsi sayılan hesab-faktura ilə müəyyən edilir. Hesabfaktura müqavilənin ayrılmaz tərkib hissəsidir.

29. Həmin müqavilənin 3.1-ci bəndə əsasən satıcı müvafiq hesabfakturanın imzalandığı tarixdən 3 təqvim günü ərzində razılaşdırılmış çeşiddə və miqdarda keyfiyyətli malı alıcının səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş nümayəndəsinə təhvil verir.

30. Həmin müqavilənin 4.2-ci bəndə əsasən alıcı malın satış qiymətini müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə ödəyir.

31. Həmin müqavilənin 5.1-ci bəndə əsasən müqavilə qüvvəyə mindikdən sonra satıcı alıcının tələbatını və müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla, satdığı malı qaimə-faktura əsasında alıcıya təhvil verir.

32. Həmin müqavilənin 6.2-ci bəndə əsasən alıcı qaimə-faktura üzrə qəbul etdiyi malın dəyərini köçürmə yolu ilə fakturada malın təslimi anında və ya tərəflərin razılaşdırdığı başqa bir müddətdə, nisyə aldıqda isə fakturada göstərilən tarixdə, lakin malı təhvil aldığı tarixdən 30 təqvim günü gec olmayaraq satıcıya ödənilməsini təmin etməlidir. Razılaşdırılmış müddət ərzində malın dəyəri ödənilmədikdə, satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır.

33. Həmin müqavilənin 8.2-ci bəndə əsasən alıcı malın satış qiymətinin ödənilməsini 30 gündən artıq gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,01 %-i məbləğində dəbbə pulu ödəyir.

34. Qiymət razılaşma protokolundan görünür ki, B-25/M-350 markalı mala (beton) görə 1 m3 üçün 85 manat və B-30/M-400 markalı mala (beton) görə 1 m3 üçün 90 manat müəyyən edilmişdir.

35. İddiaçı MMC tərəfindən verilən elektron qaimələrdən görünür ki, İddiaçı MMC ümumilikdə ƏDV daxil 757.225,76 manat məbləğində malı alıcı Cavabdeh MMC-yə təhvil vermişdir.

36. İddiaçı MMC tərəfindən təqdim edilmiş 2021-ci il 22 iyun tarixli audit prosedurlarının aparılmasına dair aktdan görünür ki, bağlanmış müqaviləyə əsasən (2018ci il 19 fevral tarixli beton alqı-satqısı haqqında müqavilə) Cavabdeh MMC-nin İddiaçınə 48.585,50 manat ödənilməmiş borcu qalmışdır. Aktın doğruluğunu sərbəst auditor (Ş.M.Bəşirov) və İddiaçı MMC-nin hüquqşünası (Nümayəndə1) öz imzaları ilə təsdiq etmişlər.

37. Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 2-2(103)-41/2023 saylı, 03 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin 2023-cü il 12 oktyabr tarixli, 4/1605 saylı ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, 2-2(103)-41/2023 nömrəli işin 1-ci cildində i/v 47-də olan FİS 15710 nömrəli, i/v 50-də olan FİS 15716 nömrəli, i/v 74-də olan FİS 15830 nömrəli, i/v 75-də olan FİS 15829 nömrəli, İ/v 76-da olan FİS 15828 nömrəli, i/v 81-də olan FİS 15819 nömrəli, i/v 82-də olan FİS 15816 nömrəli, i/v 86-da olan FİS 15810 nömrəli, i/v 88-də olan FİS 15808 nömrəli, i/v 89-da olan FİS 15807 nömrəli, i/v 90-da olan FİS 15806 nömrəli, i/v 91-də olan FİS 15805 nömrəli, i// 92-da olan FİS 15804 nömrəli, i/v 95-də olan FİS 15831 nömrəli, İ/v 98-də olan FİS 15834 nömrəli, i/v 99-da olan FİS 15836 nömrəli, i/v 102-də olan FİS 15837 nömrəli aktların kserosurətlərində “TESLİM ALAN” qrafalarında əks olunan imzalar, 2-ci cilddə i/v 35-də olan FİS 15640 nömrəli, i/v 42-də olan FİS 15648 nömrəli, i/v 43-də olan FİS 15652 nömrəli aktların kserosurətlərində “TESLİM ALAN” qrafalarında əks olunan imzalar – eyni şəxs tərəfindən icra olunmuşdur.

38. Rəydə həmçinin qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş, 2-2(103)- 41/2023 nömrəli işin 1-ci cildində i/v 48-də olan FİS 15713 nömrəli, i/v 49-da olan FİS 15715 nömrəli, i/v 51-də olan FİS 15717 nömrəli, i/v 52-də olan FİS 15718 nömrəli, i/v 53də olan FİS 15719 nömrəli, i/v 54-də olan FİS 15720 nömrəli, i/v 55-də olan FİS 15721 nömrəli, i/v 56-da olan FİS 15722 nömrəli, i/v 57-də olan FİS 15723 nömrəli, i/v 58-də olan FİS 15724 nömrəli, i/v 59-da olan FİS 15725 nömrəli, i/v 60-da olan FİS 15726 nömrəli, i/v 61-də olan FİS 15727 nömrəli, i/v 62-də olan FİS 15736 nömrəli, i/v 63-də olan FİS 15735 nömrəli, i/v 64-də olan FİS 15734 nömrəli, i/v 65-də olan FİS 15733 nömrəli, i/v 66-da olan FİS 15732 nömrəli, i/v 67-də olan FİS 15731 nömrəli, i/v 68-də olan FİS 15730 nömrəli, i/v 69-da olan FİS 15729 nömrəli, i/v 70-də olan FİS 15728 nömrəli, i/v 71-də olan FİS 15712 nömrəli, i/v 72-də olan FİS 15801 nömrəli, i/v 73-də olan FİS 15814 nömrəli, i/V 77-də olan FİS 15827 nömrəli, i/v 78-də olan FİS 15826 nömrəli, i/v 79-da olan FİS 15825 nömrəli, i/v 80-da olan FİS 15824 nömrəli, i/v 83-də olan FİS 15815 nömrəli, i/v 84-də olan FİS 15813 nömrəli, i/v 85-də olan FİS 15812 nömrəli, i/v 87-də olan FİS 15809 nömrəli, i/v 93-də olan FİS 15803 nömrəli, İ/v 94-də olan FİS 15802 nömrəli, i/v 96-da olan FİS 15811 nömrəli, i/v 97-də olan FİS 15835 nömrəli, i/v 100-də olan FİS 15833 nömrəli, i/v 101-də olan FİS 15832 nömrəli aktların kserosurətlərində “TESLİM ALAN” qrafalarında əks olunan, 2-ci cilddə il 36-da olan FİS 15636 nömrəli, i/v 37-də olan FİS 15638 nömrəli, i/v 38-də olan FİS 15637 nömrəli, i/v 39-da olan FİS 15639 nömrəli, i/v 40-da olan FİS 15641 nömrəli, i/v 41-də olan FİS 15645 nömrəli, i/v 44-də olan FİS 15651 nömrəli aktların kserosurətlərində “TESLİM ALAN” qrafalarında əks olunan imzalar tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən bildiririk ki, imzaların eyni şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir.

39. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında münasibətlər elektron qaimənin təqdim olunması, daha sonra ödənişin həyata keçirilməsi ilə rəsmiləşdirilmişdir.

40. İddiaçı apellyasiya şikayətində dəyəri ödənilmiş malların təhvil-təslim aktlarında da imzalar üzərinə cavabdehə aid möhür icra edilməməsini bildirsə də, hər hansı bir təhviltəslim aktına dair müəyyən edilmiş məbləğ üzrə ödənişin olması barədə möhtəbər sübut təqdim etməmişdir.

41. İddiaçı iddia tələbinin əsaslandırılmasında 2018-ci il 19 fevral tarixli müqavilə imzalandığı tarixdən bu günədək cəmi 818.592,50 manat dəyərində mal sifarişi verildiyini, həmin sifarişlər qaimələrlə təsdiqləndiyini bildirsə də, elektron qaimələrdən görünür ki, İddiaçı MMC ümumilikdə ƏDV daxil 757.225,76 manat məbləğində malı alıcı Cavabdeh MMC-yə təhvil vermişdir.

42. Bundan əlavə, iş materiallarında olan elektron qaimələrin əksəriyyəti 2018-ci ilə aid olsa da, həmin təhvil-təslim aktları 2019-cu ilə aiddir. 2018-ci ildə elektron qaimələrin verilməsindən sonra 2019-cu il tarixli aktların tərtib olunması anlaşılan deyil.

43. Bundan başqa, cavabdehin nümayəndəsi tərəflərindən 48592 manatla bağlı elektron qaimənin qəbul edilmədiyini, sistem vasitəsi ilə ləğv edildiyini bildirmişdir. İddiaçının nümayəndəsi buna etiraz etməmiş, əksini təsdiq edən sənəd təqdim etməmişdir.

44. Həmçinin 2019-cu il 26 iyul, 2019-cu il 21 avqust və 2019-cu il 22 avqust tarixlərdə B-25/M-350 markalı beton məhsullarını (malları) təhvil-təslim edilməsi barədə sənədlər mülki prosessual qanunvericiliklə yazılı sübutlar üçün müəyyənləşdirilmiş qaydada təqdim edilməmiş, həmin sənədlər MPM-in 89.3-cü maddəsinə uyğun olaraq lazımi qaydada təsdiq edilməmişdir.

45. İddiaçı xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə ümumi miqdarı təqribən 570 m3 olan B-25/M-350 markalı beton məhsulların (malları) təhvil-təslim etməsi barədə aktların surətini məhkəməyə təqdim etmiş, həmin sənədlərdə betonu təhvil alan və imzalayan şəxslərin adları, soyadları və vəzifələri qeyd edilməmiş, həmin şəxslərə şirkət tərəfindən etibarnamə verilməmiş və möhür vurulmamışdır.

46. Kollegiya həmçinin qeyd edir ki, bu sənədlərin bəzilərində olan imzalar eyni şəxs tərəfindən icra olunsa da, həmin şəxslərin cavabdehə aidiyyəti, səlahiyyətli şəxs olmaları müəyyən edilmir.

47. İddiaçı tərəfindən elektron qaimələrə əsasən ümumilikdə ƏDV daxil 757.225,76 manat məbləğində mal cavabdehə satıldığı halda, cavabdeh tərəfindən satılan mallara görə 770.000 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı cavabdehin nümayəndəsi bildirmişdir ki, tərəflər arasında dostluq münasibətləri olmuş, bəzi hallarda əvvəldən ödəniş edilmişdir.

48. Bundan başqa, İddiaçı MMC tərəfindən təqdim edilmiş 2021-ci il 22 iyun tarixli audit prosedurlarının aparılmasına dair aktdan görünür ki, bağlanmış müqaviləyə əsasən (2018-ci il 19 fevral tarixli beton alqı-satqısı haqqında müqavilə) Cavabdeh MMC-nin İddiaçınə 48.585,50 manat ödənilməmiş borcu qalmışdır.

49. 2018-ci il tarixli müqavilə üzrə borc qalmışdırsa nəyə görə iddiaçı yalnız 2021-ci ildə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

50. Bununla yanaşı, qeyd edilməlidir ki, məhkəmə iclası dəfələrlə iddiaçının nümayəndəsinin iştirakının təmin edilməsi məqsədilə təxirə salınsa da, iddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir.

51. Beləliklə kollegiya hesab edir ki, iş materiallarında olan sənədlər iddianın əsaslı olması nəticəsinə gəlmək üçün kifayət deyildir.

52. Həmçinin, iddianın əsas borcun ödənilməsinə dair ilk tələbi əsassız olduğundan, həmin tələbdən bilavasitə asılı olan cərimənin ödənilməsi barədə tələb də əsaslı hesab edilə bilməz.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən Məhkəmə kollegiyası hesab edir ki, 126 manat ekspertiza xərci iddiaçıdan Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır

54. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

55. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, iddiaçının apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1823/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. 126 manat ekspertiza xərci İddiaçı MMC-dən Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Aytən Oruczadə Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar