Məhkəmə qərarları › İş №2-2(103)-41/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-41/2024

06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-41/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1695/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Cavabdeh MMC və “İddiaçı Uluslarası Taşımacılık” arasında imzalanmış xx.xx.2021ci il tarixli AS-NV2031 nömrəli nəqliyyat və broker xidmətləri haqqında müqaviləyə əsasən icraçı, sifarişçinin sifarişləri əsasında X1 müvafiq olaraq yüklərin daşınmasını təşkil etməyi, sifarişçi isə göstərilmiş xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini icraçıya ödəməyi öhdəsinə götürmüşdür.

2. Daha sonra tərəflər arasında imzalanmış müqavilənin müddəti bitmiş, lakin müqavilə əsasında yaranmış münasibətlər qarşılıqlı şifahi razılıq əsasında davam etmişdir. İddiaçı tərəfindən cavabdehə 8.000 ABŞ dolları məbləğində daşıma xidməti həyata keçirilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ona göstərilən daşıma xidmətləri üzrə 8000 ABŞ dolları, ödənilmiş mediasiya xərcinin 210 manat, 7 (yeddi) ay ərzində borc məbləğinin ödənilməməsinə görə faiz borcunun əvəzi olan 360,08 manatın Cavabdeh MMC-dən tutularaq İddiaçı Hasan oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Eyni zamanda, Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, İddiaçı əsas borc olaraq 10200 manat (6000 ABŞ dolları), faiz borcu olaraq 377 manat, dövlət rüsumu olaraq ödənilən 122 manat, cəmi 10699 manat (6293 ABŞ dolları) məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı bildirir ki, aralarındakı razılaşmaya əsasən Türkiyə Respublikası ərazisindən idxal edilən malların çatdırılması İddiaçı həvalə olunmuşdur. İddiaçı fərdi sahibkar kimi beynəlxalq daşımaları həyata keçirir. Türkiyə, Rize, Ardeşen Vergi dairəsində № VKN (X4) ********** saylı nömrə ilə rəsmi sahibkar kimi (sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) qeydiyyata alınmışdır. Karabük-Bakı (daşıma xərci (dəyəri): 2500 USD), İzmir-Bakı (daşıma xərci-3000 USD) və Karabük-Bakı (daşıma xərci (dəyəri) - 2500 USD) xətti üzrə daşıma xərcləri (dəyəri) ümumilikdə 8000 USD (səkkiz min ABŞ dolları) təşkil edir. Ödəmələrin həyata keçirilməsi məqsədi ilə iddiaçı tərəfindən xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci tarixli elektron fakturalar (elektron qaimələr) cavabdehə təqdim edilmiş olsa da, hazıra kimi yaranmış borc məbləği ödənilməmiş qalır. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, borcun ödənilməsi istiqamətində cavabdeh tərəfindən heç bir addım atılmamışdır.

6. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, İddiaçı xahişinə əsasən Cavabdeh MMC xx.xx.2022-ci il tarixində gələcəkdə daşınması nəzərdə tutulan yüklərə görə İddiaçı 23.800 manat (14000 ABŞ dolları) məbləğində tərəflərin təsdiq etdiyi qəbz əsasında avans ödənişi etmişdir. Avans ödəniş ödənildikdən sonra İddiaçı Cavabdeh MMC-nin daşıma xərci cəmi 8000 ABŞ dolları təşkil edən üç daşımanı həyata keçirmişdir. Daha sonra İddiaçı Cavabdeh MMC sifarişlərini yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh MMC ödədiyi avansın bir hissəsini işləri yerinə yetirmədiyinə görə İddiaçı geri tələb etmişdir. İddiaçı ödənişi qaytarmaqdan imtina etmişdir. Daha sonra ödənişi geri qaytarmamaq üçün əsassız iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh MMC tərəfindən ona ödənilmiş məbləğdən 3 daşıma üzrə 8000 ABŞ dolları məbləğ çıxılaraq geri qalan 6000 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh MMC-yə geri qaytarılmalıdır. Həmçinin, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən Cavabdeh MMC tərəfindən ödənilən məbləğdən Mərkəzi bankın faiz uçot dərəcəsinə uyğun olaraq 10200 manat pul vəsaitinə görə 377 manat faiz borcu ödənilməlidir.

7. İddiaçı qarşılıqlı iddiaya etiraz edir və bildirir ki, cavabdehin təqdim etdiyi qəbzdə iddiaçının imzası mövcud deyil və iddiaçının iradə ifadəsi öz əskini tapmamışdır. Bundan əlavə, müqavilədəki imza İddiaçı və hazırki işə heç bir aidiyyəti olmayan Murat Navdara məxsus deyil. Möhür Cavabdeh MMC-yə məxsus binada qalmışdır. Cavabdeh möhürün onlarda qaldığından istifadə edərək saxta müqavilə tərtib etmişdir. Bu günə kimi də iddiaçının möhürünü onun özünə geri qaytarmamışdır. Həmçinin, qəbzdə Murat Navdarın adının qarşısında İddiaçı şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin (TC kimlik numarası) yazılmasıdır. Murat Navdarın hazırki işə heç bir adiyyatı yoxdur. Cavabdeh iddiaçıya heç bir avans ödəməmiş, eyni zamanda 8000 ABŞ dolları borcunu ödəməmişdir. Bundan başqa, Murat Navdar İddiaçı qardaşı oğludur. Onunla cavabdeh arasında olan münasibətlərin hazırki işə aidiyyəti yoxdur.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1695/2023 nömrəli qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 10.200 manat əsas borc, 122 manat dövlət rüsumu Cavabdeh xeyrinə tutulması və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsini qət edilmişdir.

9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh saxta sənəd tərtib edərək borcun ödənilməsindən yayınmağa çalışmış, məhkəmə də bu hallara düzgün hüquqi qiymət verə bilməmişdir. Qarşılıqlı iddia ərizəsi verilərkən cavabdeh tərəfindən pretenziya qaydasına riayət olunmayıb. Həmçinin xx.xx.2023-cü il tarixli avans ödənişi üçün qəbzdəki imzanın Murat Navdara məxsus olmadığını sübuta yetirmək üçün məhkəmədən məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Lakin məhkəmə heç bir əsaslandırma etmədən vəsatəti təmin etməmişdir. Həmin qəbz İddiaçıla deyil, Murat Navdarla bağlanılmışdır. Məhkəmə-xətşünaslıq ekspertizası təyin olunarsa, həmin imzanın heç Murat Navdara da aid olmadığı ortaya çıxardı. Məhkəmə iclasında həm yazılı, həm şifahi formada xx.xx.2023-cü il tarixli avans ödənişi üçün qəbzin saxtalığı məhkəmənin nəzərinə çatdırılsa da, bunun əhəmiyyəti olmamışdır. Belə ki, həmin qəbzdə təkcə imzalar deyil, bir sıra rekvizitlər saxtalaşdırılmışdır. Belə ki, mütəmadi daşımalarla əlaqədar iddiaçının möhürü Cavabdeh MMC-də qalmış, yaranmış münbit şəraitdən istifadə edən cavabdeh borcdan yayınmaq məqsədilə avans ödənişi barədə qəbz yazaraq iddiaçının möhürünü qəbzə vurmuşdur. Halbuki, imza olmadan tək başına möhür iradə ifadəsi sayıla bilməz. Bundan əlavə, “alıcı” qismində “İddiaçı Uluslararası Taşımacılık” yazılsa da, qarşısında Murat Navdarın adı yazılmışdır. Murat Navdar İddiaçı qardaşı oğlu olmaqla şirkətin sürücüsü olub. Üstəlik avans ödənişi barədə qəbzdə Murat Navdarı “İddiaçı Uluslarası Taşımacılık” şirkətinin təsisçisi kimi qeyd etmişlər. Lakin, İddiaçı tək başına sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və Murat Navdar İddiaçı nümayəndəsi deyil. Həmçinin, avans ödənişi barədə qəbzdə Murat Navdarın adının qarşısında İddiaçı şəxsiyyət vəsiqəsinin seriya nömrəsi yazılmışdır. Eyni zamanda, pandemiyadan təzə çıxmış şirkətin digər şirkətə 23.800 manat məbləğində qabaqcadan avans ödəniş etməsi ağlabatan deyil. Yük daşıma müqavilələrindən doğan işgüzar münasibətlərdə heç bir şirkət digər şirkətə avans ödənişi vermir. Formalaşmış belə bir praktika, işgüzar adətlər mövcud deyil. Bundan əlavə, iddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra cavabdeh vəkillə müqavilə bağlayaraq qarşılıqlı iddia qaldırmışdır. İş materiallarına əlavə edilmiş WhatsApp yazışmalarından da görünür ki, cavabdehin nümayəndəsi Nümayəndə3 26 iyul 2022ci il tarixdə qarşı tərəf ödəniş edəcəyini bildirmişdir. Göründüyü kimi avans ödənişi barədə qəbz 11 may 2022-ci il tarixə aiddir, Nümayəndə3 isə 26 iyul 2022-ci il tarixdə borcunu etiraf edərək ödəyəcəyini bildirmişdir. Lakin məhkəmə bu halları nəzərə alnanışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

14. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

15. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

16. Həmin Məcəllənin 850.1-ci maddəsinin tələblərinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

17. Mülki Prosessual Məcəllənin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər.

18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və qarşılıqlı iddianın qismən təmin olunduğunu, lakin Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia rədd edilməlidir.

21. Belə ki, ilk iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir.

22. Həmin maddənin tələblərinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

23. Hazırki işdə isə cavabdehdən daşıma dəyərinin tutulması üçün əsaslar mövcud deyildir.

24. Belə ki, tərəflər arasında yük daşınması müqaviləsinin bağlanılması, daha sonra müqavilə müddətinin bitməsi, lakin müqavilə əsasında yaranmış münasibətlərin qarşılıqlı şifahi razılıq əsasında davam etməsi, o cümlədən həmin razılıq əsasında iddiaçı tərəfindən cavabdehə cəmi 8.000 ABŞ dolları dəyərində daşımaların həyata keçirilməsi işin mübahisəsiz hallarını təşkil edir.

25. Bununla belə, cavabdeh 11 may 2022-ci il tarixli avans ödənişi üçün qəbzi məhkəməyə təqdim edir və bildirir ki, o, əvvəlcədən iddiaçıya avans qismində 14.000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Daşımalarla bağlı 8.000 ABŞ dolları xidmət haqqı da həmin məbləğdən çıxılmış və onun iddiaçıya hər hansı məbləğdə borcu qalmamışdır. Əksinə iddiaçı avans ödənişindən qalan 6000 ABŞ dolları məbləğində xidmət haqqı üzrə hər hansı xidmət göstərməmişdir.

26. İddiaçı isə cavabdehin 8.000 ABŞ dolları məbləğində borcunu ödəməkdən yayınması məqsədilə saxta avans şdənişi barədə qəbzin tərtib edildiyini və həmin qəbzdə iddiaçının iradə ifadəsinin əks edilmədiyini bildirir.

27. İddiaçının vəsatəti nəzərə alınaraq, hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 dekabr 2023-cü il tarixli 4/1766 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 194-cü vərəqində olan 11 may 2022-ci il tarixli avans ödənişi üçün qəbzdə “Alıcı” hissəsində Murad Navdarın adının qarşısındakı imza - Murat Navdar tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 194-cü vərəqində olan 11 may 2022-ci il tarixli avans ödənişi üçün qəzdə “Alıcı” hissəsində Murad Navdarın adının qarşısındakı imza ilə 3 ədəd xx.xx.2021-ci il tarixli “e-Arşiv Fatura” adlı sənədlərdə (kserosurətləri mülki işin 75, 102 və 104-cü vərəqlərində) “İddiaçı” yazıları üzərindəki imzalar öz aralarında - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

28. Göründüyü kimi cavabdehin istinad etdiyi 11 may 2022-ci il tarixli avans ödənişi üçün qəbzdəki imzanın iddiaçıya və həmin qəbzdə adı qeyd olunan şəxsə aid olması müəyyən edilmir.

29. Bununla yanaşı, həmin qəbzdəki möhür əksinin iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır.

30. İddiaçı bildirir ki, ona məxsus möhür cavabdehdə qalmışdır və o da həmin möhürdən istifadə edərək, qəbzi möhürləmişdir.

31. Kollegiya qeyd edir ki, 11 may 2022-ci il tarixli avans ödənişi üçün qəbzdə möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin sənədin möhürün sahibi olan fərdi sahibkar tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya fərdi sahibkar tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir.

32. Çünki, fərdi sahibkar olan fiziki şəxs hüquqi şəxs kimi mülki dövriyyənin daha mütəşəkkil subyektidir. Onun işçi işə qəbul etmək, icra və nəzarət orqanları yaratmaq, hüquq münasibətlərinə rəsmi forma verən möhür və rekvizitlərə malik olmaq imkanları var.

33. Fərdi sahibkar kimi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə fərdi sahibkar və ya hüquqi şəxsin adından imza etmək səlahiyyətinə malik olan şəxs olur.

34. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən fərdi sahibkar və ya hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir.

35. Hazırkı işdə də 11 may 2022-ci il tarixli avans ödənişi üçün qəbzdə olan möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. İddiaçı həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin, o cümlədən istinad etdiyi kimi cavabdehin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir.

36. Bu baxımdan 11 may 2022-ci il tarixli avans ödənişi üçün qəbzdə olan möhür əksinin iddiaçının səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə həmin qəbzdəki imzanın səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onun etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin qəbz imzalandıqdan sonra fərdi sahibkar olan iddiaçı tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, o, qəbzdə göstərilənləri bəyənmişdir. Yaxud əgər fərdi sahibkar olan iddiaçı imzalanmamış qəbzi qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq qəbzi, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmişdir.

37. Bu isə onu qeyd etməyə əsas verir ki, 11 may 2022-ci il tarixli avans ödənişi üçün qəbz iddiaçının iradə ifadəsinə uyğun imzalanmış və möhürlənmişdir.

38. Beləliklə, müəyyən olunur ki, iddiaçı cavabdehə 8000 ABŞ dolları dəyərində işlər görmüş, cavabdeh də həmin xidmətlərin dəyərini avans şəklində əvvəlcədən ödəmişdir.

39. Göründüyü kimi cavabdehin iddiaçıya hər hansı məbləğdə borcu yoxdur.

40. Bu baxımdan kollegiya hesab edir ki, 8000 ABŞ dolları məbləğində pulun tutulması hissəsində ilk iddia tələbləri, o cümlədən həmin tələbdən asılı olan və ondan irəli gələn borc məbləğinin ödənilməməsinə görə 360 manat faiz borcunun tutulması barədə tələblər rədd edilməlidir. Sonuncuya dair qeyd edilir ki, cavabdehin iddiaçı qarşısında pul öhdəliyi müəyyən edilmədiyinə görə Mülki Məcəllənin 445.7 və 449.1ci maddələrinə əsasən faiz məbləğinin tələb edilməsi əsassızdır.

41. Müqavilə üzrə ödənilmiş pul vəsaitinin zərər kimi geri qaytarılması barədə qarşılıqlı iddia tələblərin qanuni əsasını isə Mülki Məcəllənin 443.1-ci maddəsi təşkil edir.

42. Həmin maddənin tələblərinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

43. Hazırki işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

44. Belə ki, işin yuxarıda qeyd olunan hallarına əsasən müəyyən olundu ki, Cavabdeh MMC tərəfindən İddiaçı avans qismində 14000 ABŞ dolları məbləğində avans ödənilmiş, lakin iddiaçı tərəfindən yalnız 8000 ABŞ dolları dəyərində işlər görülmüş, geriyə qalan 6000 ABŞ dolları dəyərində işlər görülməmişdir.

45. Çünki İddiaçı ümumiyyətlə, nə həmin işlərin görülməsinə istinad etməmiş, nə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

46. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh MMC müqaviləyə istinad edərək öhdəliklərin pozulması nəticəsində zərərin əvəzinin ödənilməsini (Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən) tələb etməkdə haqlıdır.

47. Ona görə də, 6000 ABŞ dolları məbləğində pulun tutulması barədə qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir.

48. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin Məcəllənin 4.3-4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. WhatsApp yazışmalarında cavabdehin nümayəndəsinin borcunu etiraf edərək, ödəyəcəyini bildirməsi barədə dəlillər də əsassızdır. Belə ki, yazışmalardan çıxarışlardan görünür ki, mesajların bir hissəsi silinmişdir (cild 1, i/v 131-132, 134- 135). Bu hal isə həmin yazışmaların bütövlüyünün pozulması mənasına gəlir. Belə olan halda isə işin 1-ci cildinin 130-140-cı vərəqələrində olan yazışmalar mötəbər sübut qismində qəbul edilə və qiymətləndirilə bilməz. Eyni zamanda, cavabdeh bildirir ki, iddiaçı onun tərəfindən ödənilmiş daşıma pulunu boşdayanma günlərinə silmiş və yenidən daşıma pulunu tələb etmişdir. İşin 1-ci cildinin 144-149-cu vərəqələrində olan yazışmalardan çıxarışlardan görünür ki, həmin mesajların bütövlüyü pozulmamış və cavabdehin istinad etdiyi həmin hallar iddiaçının yazdığı mesajlarda əks olunmuşdur. Avans ödənişi barədə qəbzin saxta olması və iddiaçının iradə ifadəsini əks etdirməməsi barədə dəlillər isə məhkəmənin yuxarıda göstərilən əsaslandırmasına görə əsaslı hesab edilmir. Həmin qəbzdə iddiaçının əvəzinə Murat Navdarın adının qeyd edilməsinə dair qeyd edilir ki, tərəflərin nümayəndələrinin izahatlarına əsasən həmin şəxs iddiaçının qohumudu, onun işçisi olmuş və tərəflər arasında olan iş fəaliyyətində yaxından iştirak etmişdir. Ona görə də, həmin şəxsin adının qeyd edilməsi qəbzin saxtalaşdırılması anlamına gəlmir.

49. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

50. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1695/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar