Məhkəmə qərarları › İş №2-2(103)-410/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-410/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-410/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-326/2024 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC (satıcı) və cavabdeh "xxxx" MMC (alıcı) arasında 05 noyabr 2020-ci il tarixli 088K/020 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 2-ci bəndində göstərilən və bundan sonra mal adlandırılacaq müvafiq sement növlərini alıcıya satır, alıcı isə malı alır və dəyərini satıcıya ödəyir.

3. Müqavilənin 2.1-ci bəndinə əsasən malın növü və qiyməti satıcı ilə alıcı arasında razılaşdırılmış formada bu müqaviləyə edilən 1 saylı Əlavə ilə müəyyən olunur.

4. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı tərəfindən alınacaq hər malın dəyəri vergilər daxil olmaqla, satıcının bank hesabına avans ödəniş köçürməsi yolu ilə həyata keçirilir.

5. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı tərəfindən alınacaq hər malın dəyəri vergilər daxil olmaqla, razılaşdırılmış kredit limiti çərçivəsində və qaydada sonradan ödəmə şərtilə, satıcının bank hesabına mal alıcıya təhvil verildikdən sonra köçürmə yolu ilə həyata keçirilə bilər.

6. Müqavilənin 4.4-cü bəndinə əsasən alıcı daşınmaları sutkanın 24 saatı ərzində qəbul edir və yük nəqliyyat qaiməsini imza və möhürlə təsdiq edir. Yük nəqliyyat qaiməsində qeyd olunan malın çəkisi satıcının ölçü göstəricilərinə əsasən müəyyən olunur. Alıcının malın şəkisinə dair hər hansı iradı yaranarsa, tərəflərin nümayəndələri tərəfindən müvafiq yoxlama aparılır.

7. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı mal alınması üçün satıcıya elektron poçt, sms və ya telefon vasitəsilə sifariş göndərir.

8. Müqavilənin 7.7-ci bəndinə əsasən ödənişin bu müqavilə ilə nəzərdə tutulmuş müddətdən artıq gecikdirildiyi hər gün üçün ödənilməyən borcun 0,1 faizi həcmində cərimə ödəyir.

9. Müqaviləyə xx.xx.2020-ci il tarixli 01 nömrəli Əlavə ilə müqavilə üzrə satılacaq mallar və onun qiyməti, çatdırma və sairə razılaşdırılmışdır.

10. Əlavənin 2-ci bəndinə əsasən mal alıcının tikinti obyektinə satıcı tərəfindən çatdırılır.

11. Əlavənin 3.2-ci bəndinə əsasən Betonsem-CEM11/A-P 42,5 R qalaq-ın daşınma qiyməti Azərbaycanın bölgələri üzrə məsafədən asılı olaraq dəyişir. Birinci instansiya məhkəməsindəki icraat

12. İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixində bağlanmış №088K/020 saylı alqı-satqı müqaviləsi üzrə ödənilməli olan ümumilikdə əsas borc 265860,99 manat məbləğində pul vəsaiti, müqavilənin 7.7-ci maddəsinə əsasən hər gün (15 may 2021-ci il tarixdən) 0.1%-i hesablanmaqla ümumillikdə 210295,26 manat pul məbləğində cərimə, eyni zamanda illik 5% olmaqla 26586,099 manat pul məbləğinin iddiaçıya ödənilməsi, eyni zamanda ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı bildirir ki, müqaviləyə əsasən, iddiaçı cavabdehə Betonsem-CEM İİ/ A-P 42.5 R qalaq (sement) adlı tikinti materialı satmışdır. Elektron Qaimə üzrə Sement (BetonsemCEM İİ/ A-P 42.5 R qalaq) 2011,66 ton olmaqla 112 manatdan cəmi 225305,92 manat dəyərində olmuşdur. Eyni zamanda, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 40555,07 manat pul məbləği də qaimədə qeyd olunmuşdur. Ümumilikdə, cavabdehin iddiaçıya 265860,99 manat məbləğində borcu qalmış, lakin cavabdeh öhdəliyini icra etməmişdir.

14. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmiş və iddiaya dair öz münasibətini bildirməmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-326/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

16. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən sənədlərin təqdim olunması sübut kimi qiymətləndirilməli və cavabdehin üzürsüz səbəbdən məhkəməyə gəlməməsi nəzərə alınmalıdır. Həmin sübutlara əsasən tərəflər arasında malların alqı-satqısı olmuş və həmin malların qarşı tərəfə çatdırılması müəyyən olunmuşdur. Lakin məhkəmə bu sübutlara yanlış qiymət vermiş və nəticədə ədalətsiz qətnamə çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi.

20. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 22.Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 23.Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

24. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

25. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

26. Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 27.Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

28. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

34. Belə ki, iddiaçı 05 noyabr 2020-ci il tarixli alqı-satqısı müqaviləsinə istinad edərək, hazırki iddianı qaldırmış və iddianın əsasını təsdiq edən sübutlar qismində həmin müqaviləni, ona aid 1 saylı əlavəni və EBBB 737172 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməni təqdim etmişdir.

35. Həmin elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə 05 noyabr 2020-ci il tarixli 088K/020 saylı alqı-satqı müqaviləsi üzrə ümumi dəyəri 225305,92 manat və ƏDV məbləği 40555,07 manat olan 2011,66 ton “Betonsem-CEM İİ/ A-P 42.5 R qalaq” adlı mal təqdim edilmişdir.

36. Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilənin 4.4-cü bəndində alıcının daşınmaları sutkanın 24 saatı ərzində qəbul etməsi və yük nəqliyyat qaiməsini imza və möhürlə təsdiq etməsi şərti nəzərdə tutulsa da, həmin elektron qaimədə göstərilən mallar üzrə yük nəqliyyat qaiməsi və ya təhvil-təslim aktı tərtib edilməmişdir.

37. Bununla yanaşı, cavabdeh məhkəmə iclaslarından kifayət qədər məlumatlı olsa da, birinci instansiya məhkəməsində nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya etiraz etməmiş, iddiaçının təqdim etdiyi sübutları mübahisələndirməmiş, ümumiyyətlə iddiaya öz münasibətini bildirməmişdir.

38. Bu baxımdan, kollegiya hesab edir ki, tərəflər arasında işgüzar münasibətlər, yəni malların təhvil verilməsi məhz elektron qaiməyə əsasən həyata keçirilmişdir. Əks halda cavabdeh həmin elektron qaiməni təsdiq etməzdi, onu təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edərdi və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi.

39. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

40. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi üzrə mallar, yəni EBBB 737172 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında ƏDV daxil ümumilikdə 265860,99 manat dəyərində mallar İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir.

41. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə ƏDV daxil 265860,99 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

42. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə 05 noyabr 2020-ci il tarixli 088K/020 nömrəli alqı-satqı müqaviləsi üzrə malın alıcıya verilməsini təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən zəruri əlavə sübutların (265860,99 manat məbləğində sifarişin olmasını təsdiq edən sənəd, təhvil-təslim aktı və sairə) təqdim edilməsi iddiaçıya dəfələrlə təklif edilsə də, iddiaçının nümayəndəsi və vəkili Vəkil malın təhvil verilməsini təsdiq edə biləcək sübut qismində yalnız elektron qaimənin olmasını bildirmiş, digər sübut təqdim edə bilməyəcəyini göstərmişdir. Bundan əlavə, tərəflər arasında imzalanmış müqavilənin 3.1-ci bəndində alıcı tərəfindən alınacaq hər malın dəyəri vergilər daxil olmaqla, satıcının bank hesabına avans ödəniş köçürməsi yolu ilə həyata keçirilməsi razılaşdırılmışdır. Habelə, müqavilə və onun əlavəsi 05.112020ci il tarixdə imzalanmış, elektron qaimədə isə malların təhvil verilmə tarixinin xx.xx.2021-ci il olması (müqavilə bağlandıqdan 6 ay sonra) göstərilmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasındakı izahatında malın cavabdehə həmin müqavilə ürə yalnız bir partiya verildiyini bildirmişdir. Beləliklə, borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ürə malların cavabdehə təhvil verilməsini təsdiq edən) hər hansı mötəbər və təkzibedilməz sübutlar təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir.

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2 və 77.1-ci maddələrinin tələblərinə ziddir.

44. Belə ki, həmin maddələrdə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi, məhkəmə qərarının yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərə, onların verdiyi izahatlara, sənədlərə və sübutlara əsaslanması, sübutetmə vəzifəsinin tərəflərə aid olması müəyyən edilmişdir.

45. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında da qeyd edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

46. Birinci instansiya məhkəməsi isə mülki prosesin qeyd olunan prinsiplərinə zidd olaraq cavabdehin iddiaya etiraz etməməsini və iddiaçının təqdim etdiyi sübutları mübahisələndirməməsini nəzərə almamış və öz mülahizəsi ilə iddiaçının istinad etdiyi halları qəbul etməmiş, müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş şərtləri nəzərə almadan müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş şərtlərə istinad etmiş və iddiaçının təqdim etdiyi sübutları qeyri-mötəbər hesab etmişdir.

47. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsas borcun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tam təmin edilməlidir.

48. Eyni zamanda, iddiaçı tərəfindən irəli sürülmüş illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də əsaslıdır.

49. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

50. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı elektron qaimənin göndərildiyi 17 may 2021-ci il tarixdən hazırki iddianın qaldırıldığı xx.xx.2023-cü il tarixədək olan 2 il 5 ay üçün 265860,99 manat əsas borcun gecikdirilməsinə görə illik 5 %-lə hesablanan faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

51. Həmin məbləğ 32.121 manat (1 il üçün – 265860,99 x 5% = 13.293; 1 ay üçün - 13.293 : 12 = 1.107; 2 il 5 ay üçün – 13.293 x 2 + 1.107 x 5 = 32.121) təşkil edir, lakin iddiaçı 26586,099 manat pul vəsaitinin tutulması tələbini irəli sürmüşdür.

52. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində isə təsbit edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

53. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 26586,099 manat pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

54. Gecikdirilmiş günlərə görə cərimənin tutulması barədə tələblər isə qismən əsaslıdır.

55. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

56. Tərəflər arasında bağlanmış müqavilənin 7.7-ci bəndində də nəzərdə tutulmuşdur ki, ödənişin bu müqavilə ilə nəzərdə tutulmuş müddətdən artıq gecikdirildiyi hər gün üçün ödənilməyən borcun 0,1 faizi həcmində cərimə ödəyir

57. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

58. İşin hallarını, yəni tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə ödənilməli olan əsas məbləği, iddiaçının məhkəməyə müraciət etdiyi tarixi və dəbbə pulunun tutulması barədə tələblərə dair məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçının tutulmasını tələb etdiyi 210295,26 manat dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ olduğundan, eyni zamanda iddiaçının mənafeləri nəzərə alınmaqla həmin məbləği azaldaraq 15.000 manat məbləğində müəyyənləşdirilməlidir.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.

60. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-326/2024 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 265.860,99 manat məbləğində əsas borc, 15000 manat məbləğində cərimə, illik 5% hesablanmış 26.586,099 manat faiz pulu və iddiaçı tərəfindən cəmi ödənilmiş 829 manat məbləğində dövlət rüsumu və mediasiya xərci tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar