Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-410/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6442/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20073,99 ABŞ dolları məbləğində əsas borcun və Müqavilənin 12.2-ci bəndinə əsasən ödənişin gecikdirilməsi ilə bağlı hesablanmış 2,007.39 ABŞ dolları məbləğində cərimənin, ümumilikdə 22,081.38 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 202.62 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6442/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 20073,99 ABŞ dolları əsas borc, 1000 ABŞ dolları dəbbə pulu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 150 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia ərizəsi verilərkən ödənilmiş qalan 52,62 manat dövlət rüsumunun İddiaçı MMC-nin özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6442/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunan üzləşmə aktı cavabdeh tərəfindən təsdiq edilməmişdir. Daşınma xərcləri hesablanmış ilkin sənədlər və pretenziya məktubu onlara təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməmişdir. Bu səbəbdən də onun tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. Məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
7. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
10. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
11. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
14. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.;
15. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
17. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
18. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
20. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.
21. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
22. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
27. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı (icraçı) ilə cavabdeh (sifarişçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21-ADY-AZE-075a nömrəli xidmət göstərilməsi haqqında müqaviləyə görə, icraçı sifarişçinin yazılı sifarişinə əsasən xidmətlər yerinə yetirməyi və ya onların sifarişçi adından yerinə yetirməsini təşkil etməyi, sifarişçi isə həmin xidmətlər müqabilində icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür. Hər bir xidmət üzrə xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapacaqdır. Müqavilənin 2.2.2-ci bəndinə görə, bu müqavilə üzrə göstəriləcək xidmətin dəyərini qabaqcadan 100 (yüz) faiz ödmək sifarişçinin vəzifəsidir. Müqavilənin 4.9-cu bəndinə görə, icraçı xidmətləri həyata keçirdikdən sonra tərtib olunmuş VU-36 saylı bildirişi təmir həyata keçirən zavod və ya deponun tərtib etdiyi aktı və xidmət haqqını əks etdirən hesab fakturanı sifarişçiyə təqdim edir. Müqavilənin 12.2-ci bəndinə görə, müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə sifarişçi hər bir gecikdirilmiş gün üçün icraçıya ödənilməmiş məbləğin 0,5 %-i olmaqla cərimə ödəyir, lakin bu borc məbləğinin dəyərinin 10%-dən çox olmamalıdır.
28. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına görə, 21-ADY-AZE-075a nömrəli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə cavabdehin iddiaçıya olan əsas borcu 20073,99 ABŞ dolları, cərimə borcu isə 2007,39 ABŞ dolları təşkil edir. Cavabdeh xx.xx.2022-ci il tarixdən öz borc öhdəliklərini icra etmir.
29. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə 23010 manat, xx.xx.2022ci il tarixdə 10670 manat, xx.xx.2022-ci il tarixdə 2448 manat, xx.xx.2022-ci il tarixdə 1224 manat, 2473,22 manat, xx.xx.2022-ci il tarixdə 2448 manat, xx.xx.2022-ci il tarixdə 67051 manat, xx.xx.2022-ci il tarixdə 68000 manat, xx.xx.2022-ci il tarixdə 17000 manat vəsait ödənilmişdir.
30. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli İNV-AZE 2112-0460 nömrəli 14930 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixli İNV-AZE 2202-0946 nömrəli 16569,30 manat məbləğində, xx.xx.2022-ci il tarixli İNV-AZE 2204-0032 nömrəli 28353,04 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixli 45489,32 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixli İNV-AZE 2205-0742 nömrəli 720 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixli İNV-AZE 2206-0688 nömrəli 23548,92 ABŞ dolları məbləğində, xx.xx.2022-ci il tarixli İNV-AZE 2208-0861 nömrəli 5360 ABŞ dolları məbləğində hesab fakturalar təqdim edilmişdir.
31. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli EBBR 356945 nömrəli 25381 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBU 493773 nömrəli 28167,81 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBZ 091562 nömrəli 48200,17 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB 575686 nömrəli 77331,84 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB 717204 nömrəli 1224 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC 506505 nömrəli 40033,16 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCH 808564 nömrəli 9112 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
32. Məhkəmə müəyyən etmişdir ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21- ADY-AZE-075a nömrəli müqavilədən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət və yük daşınması müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 20073,99 ABŞ dolları borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, cavabdehdən 20073,99 ABŞ dolları məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
33. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən hesablanmış 2007,39 ABŞ dolları dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
35. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
36. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 1000 ABŞ dolları müəyyən edilməlidir.
37. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 20073,99 ABŞ dolları əsas borc və 2007,39 ABŞ dolları dəbbə pulu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
38. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılması barədə apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. İş materiallarından görünür ki, məhkəmə iclasları barədə bildirişlər ayrı-ayrı tarixlərdə cavabdehin ünvanına göndərilmiş, əlavə olaraq cavabdehə sms bildirişlər də göndərilmişdir. Bundan başqa vergi sisteminin kabinetinə də bildirişlər yüklənmişdir. Digər tərəfdən cavabdeh sübut təqdim etmək imkanından məhrum olunduğunu bildirsə də, apellyasiya icraatında sübut təqdim etməmişdir.
39. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin məlumatlandırma ilə bağlı tələblərinə əməl edilmiş, cavabdeh məhkəmə iclasları barəsində lazımi qaydada məlumatlandırılmış və məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar olmuşdur. Çəkişmə prinsipi pozulmamışdır.
40. Cavabdehin üzləşmə aktlarını təsdiq etməməsi iddia tələbinin əsassız olmasına dəlalət etmir. Belə ki, işdə olan invois sənədləri, etiraz edilməmiş e-qaimələr, hesab fakturalar və bunlara uyğun cavabdehin qismən ödənişlər etməsi iddia tələbinin əsaslılığı üçün kifayətdir.
41. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
42. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6442/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.