Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-411/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı kommersiya işi Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun” tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5073/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında 30 may 2022-ci il tarixli 65 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Müqavilənin 3.1-ci bəndinə əsasən ödəniş, alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada, satıcının bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. Satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 1% miqdarında alıcıya cərimə tətbiq edə bilər.
3. Müqavilənin 3.3-cü bəndinə əsasən Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan sonradan ödəmə şərtində Alıcı aldığı malın dəyərini malı əldə etdikdən sonra qaiməfaktura təqdim edilən tarixdən etibarən 30 təqvim günündən gec olmayaraq satıcıya ödəməlidir.
4. Müqavilənin 6.1.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə ödəniş şərtlərinə əməl olunmadığı halda, satıcının hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1%-i qədər cərimə və bundan yarana biləcək xərcləri tətbiq və tələb etmək hüququ vardır.
5. Müqaviləyə 1 saylı və 2 saylı Əlavələrdə iddiaçı tərəfindən cavabdehə təqdim ediləcək malların adları, çəkisi, qiyməti barədə məlumatlar razılaşdırılmışdır.
6. İddiaçı tərəfindən cavabdehə satılmış mallarla bağlı EBBH 432901 nömrəli xx.xx.2021-ci il tarixli (31333,72 manat), EBBX 241851 nömrəli xx.xx.2022-ci il tarixli (12214,18 manat), EBBX 416652 nömrəli xx.xx.2022-ci il tarixli ( 21240 manat), EBBY 019425 nömrəli xx.xx.2022- ci il tarixli (34833.60 manat), EBBY 157831 nömrəli xx.xx.2022-ci il tarixli (8968 manat), EBBX 728792 nömrəli xx.xx.2022-ci il tarixli (20579,20 manat), EBBX 638849 nömrəli xx.xx.2022-ci il tarixli (21428,80 manat), EBBY 405598 nömrəli xx.xx.2022-ci il tarixli ( 5222,68 manat), EBBY 530176 nömrəli xx.xx.2022-ci il tarixli ( 5838,64 manat), EBBY 731600 nömrəli xx.xx.2022-ci il taruxli (6695,32 manat), EBBY 819593 nömrəli xx.xx.2022-ci il tarixli (17887,62 manat), EBBY 879633 nömrəli xx.xx.2022-ci il tarixli (2629,04 manat), EBBZ 059789 nömtəli xx.xx.2022-ci il tarixli (13652,60 manat), EBBZ 134740 nömrəli xx.xx.2022-ci il tarixli (5324,16 manat), EBBZ 169058 nömrəli xx.xx.2022-ci il tarixli (1642,56 manat), EBBZ 276908 nömrəli xx.xx.2022ci il tarixli (12328,64 manat), EBBZ 685641 nömrəli xx.xx.2022-ci il tarixli (11661,35 manat), EBBZ 826680 nömrəli xx.xx.2022-ci il tarixli (10628,26 manat), EBCA 115179 nömrəli xx.xx.2022-ci il tarixli (11614,74 manat), EBCA 179889 nömrəli xx.xx.2022-ci il tarixli (2415,46 manat) elektron qaimələr təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı MMC Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən yaranmış 226.804, 85 manat məbləğində əsas borc, 22.680,48 manat cərimə, borc ödənilməyən günlərə görə hesablanmış illik 5%-i dəyərində 11.340,24 manat faiz, cəmi 260.825 manat borc məbləğinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 400 manat məbləğində haqqının və iddiaçı tərəfindən ödənilmiş 151 məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 30 may 2022-ci il tarixli 65 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Qaimələrə əsasən alıcıya 226.804, 85 manat dəyərində mal göndərilmişdir. Cavabdeh tərəfindən qaimə üzrə olan 226.804,85 (iki yüz iyirmi altı min səkkiz yüz dörd manat səksən beş qəpik ) manat məbləğində borcu yaranmış və bu günədək ödəməmişdir. Müqavilənin 10-cu bəndinə əsasən, Tərəflər hər hansı səbəbə görə müəyyən razılığa gələ bilmədikləri halda, bütün mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyinin tələblərinə uyğun olaraq həll ediləcəkdir. Eyni zamanda, Müqavilənin 6.1.2-ci bəndinə əsasən, bu Müqavilə üzrə ödəmə şərtlərinə əməl olunmadığı halda, Satıcının hər bir gecikdirilmiş günə görə ödənilməyən borc məbləğinin 1%-i qədər cərimə və bundan yarana biləcək xərcləri tətbiq və tələb etmək hüququ vardır. Göstərilənləri nəzərə alaraq, Cavabdehə elektron qaydada 1 mart 2023-cü il tarixli ******* nömrəli pretenziya məktubu ünvanlanaraq 30 may 2022-ci il tarixli 65 Nömrəli Alğı-satqı müqaviləsi üzrə yaranmış 226.804, 85 (iki yüz iyirmi altı min səkkiz yüz dörd manat səksən beş qəpik) manat borc məbləğinin ödənilməsi tələb olunmuş, lakin Cavabdeh tərəfindən bu günə kimi ödəniş etməmişdir. Daha sonra “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 28.1-ci maddəsinin tələblərinə uyğun olaraq, Cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərilsə də, Cavabdeh tərəfindən təklifə Qanunla müəyyən edilmiş müddət ərzində münasibət bildirilməmişdir. Bununla əlaqədar Qanunun 28.3 və 28.4-cü maddələrinə uyğun olaraq tərəfimizdən Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət olunmuş və Təşkilat tərəfindən X1 mediator qismində təyin olunmuşdur.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5073/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia qismən təmin edilmiş, Cavabdeh QSC-dən 226804,85 manat məbləğində əsas borc, 10000 manat cərimə, 11340,24 manat faiz borcu, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 248545,09 (iki yüz qırx səkkiz min beş yüz qırx beş manat doqquz qəpik) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir.
10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
11. Məhkəmə işin qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 226804,85 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 226804,85 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
12. Məhkəmə iddianın cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 10000 manat məbləğində müəyyən edilməlidir.
13. Məhkəmə iddianın vurulmuş zərər qismində ümumilikdə 11340,24 manat pulun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən iddiaçının həmin tələbi də əsaslıdır və iddia tələbi həmin hissədə də təmin edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5073/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş, mallar Cavabdeh QSC-yə təhvil verilməmişdir. Malların hansı tarixdə və ya harada təhvil verilməsi barədə hər hansı sübutun olmaması bunun bariz göstəricisidir. Məhkəmə mülki işə mahiyyəti üzrə baxarkən maddi və prosessual hüquq normalarını kobud surətdə pozaraq, MPM-nin 385-ci maddəsinin tələblərinə əməl etməmişdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərəbərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cümaddələri). Lakin, hazırki iş üzrə birinci insansiya məhkəməsi tərəfindən qanunvericiliyin göstərilən tələblərinə əməl edilməmiş, işin halları hər tərəfli araşdırılmamış, həmçinin maddi və prosessual hüquq normalarına uyğun olmayan məhkəmə aktı qəbul edilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişdir.
17. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
18. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddə-əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddə- əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddə- alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddə- əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.2-ci maddə-birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin tələb hissəsində qətnamənin tam ləğv edilməsi xahiş olunsa da məzmununda qeyd edilənlərə əsasən qətnamə cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5073/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin hallarından görünür ki, tərəflər arasında beton məhsulunun alqı-satqısı barədə müqavilə bağlanmış, satılmış malların təqdim edilməsi elektron qaimələrlə rəsmiləşdirilmiş, həmin qaimələr iş materiallarına əlavə edilmişdir. İddiaçı həmin elektron qaimələr əsasında 2022-ci ilin avqust ayınadək təqdim edilmiş 226.804,85 manat malın dəyərinin ödənilməsi tələb edir.
22. Cavabdeh apellyasiya şikayətində iddiaçıdan ümumiyyətlə mal almadığını göstərsə də nümayəndəsi və vəkili Nümayəndə işə birinci instansiya məhkəməsində baxılarkən xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş qaimələr əsasında verilmiş malın əksər hissəsi qaytarılmış, lakin elektron qaimələr naməlum səbəbdən ləğv olunmamışdır. Bu izahat onu təsdiq edir ki, cavabdeh qaimələr əsasında malların təhvil verilməsi faktını qəbul etmiş, Cavabdeh qaytarılan mallarla bağlı sənədləri təqdim edəcəyini bildirsə də məhkəməyə bu barədə hər hansı sənəd təqdim etməmişdir. Eyni zamanda nümayəndə qəbul etmişdir ki, iddiaçıya 6000-7000 ödənilməmiş borcları vardır. Bundan sonra nümayəndə alqı-satqı müqaviləsi üzrə borcun hesablanması və malların qüsursuz şəkildə təhvil verilib-verilmədiyinin müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilməsi barədə məhkəməyə vəsatət vermişdir.
23. Məhkəmə kollegiyası cavabdehin öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etmədiyini, işə apellyasiya qaydasında baxılarkən nümayəndəsinin məhkəmə iclaslarına gəlmədiyini nəzərə alaraq hesab edir ki, hesablanması və araşdırılması xüsusi bilik tələb edən sübutlar olmadığından apellyasiya şikayətində qeyd edilmiş formal mülahizələr qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 5073/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5073/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.