Məhkəmə qərarları › İş №2-2(103)-412/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-412/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-412/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, e-2-2 (113)-212/2021 saylı qətnaməsindən (hakim L.Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək 10.000 manat məbləğində borcun, 1800 manat məbləğində ƏDV-nin, 500 manat məbləğində faizlərin, 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulub “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh MMC arasında 10 aprel 2019 - cu il tarixli xidmət müqaviləsi bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən icraçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti “Hunday R - 520 LC 9 S” AZ 10-0-714 DNN-li texnika ilə sifarişçinin verdiyi sifarişlar əsasında xidmət etməyi və bu xidmət müqabilində sifarişçi icraçıya “xxxx” MMC-yə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən bu müqavilə üzrə “Hunday R - 520 LC 9 S” AZ 10-0-714 DNN-li texnika ilə bir aylıq xidmət haqqı (28 gün hesabı ilə) ƏDV xaric 10.000 manat təşkil edir. Gündəlik xidmət saatı isə 10 saat hesabı ilə hesablanır. Operatorun (sürücünün) xidmət haqqı müqavilədə qeyd edilən məbləğə daxildir. Müqaviləyə uyğun olaraq 2019-cu ilin avqust ayına qədər ödəniş aparılmışdır. Lakin 2019-cu ilin sentyabr ayı üçün nəzərdə tutulan 10.000 manat ödənilməmişdir. Cavabdeh uzun müddətdir ki, həmin məbləği ödəyəcəyini vəd etsə də bu günə qədər borcunu ödəməmişdir . Bu halda hesab edir ki, cavabdeh qəsdən 10.000 manat məbləğində pulu ödəməkdən yayınır. Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, e-2-2 (113)-212/2021 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən 10530 manatın haradan yarandığı qeyd edilməmiş, təhvil-təslim aktarındakı məbləğlərin təsdiqi ilə bağlı sübutlar əlavə edilməmişdir. Məhkəmə qətnamə üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və mübahisənin prosessual normaları üzrə istiqamətinə hüquqa aid olan bütün elementlərin və faktların tədqiqini təmin etməmiş, iş üçün bütün zəruri sübutları əlaqəli şəkildə, heç bir səbəb göstərmədən işin hərtərəfli həlli məqsədi ilə sübutların qəbul edilib-edilməməsi səbəblərini obyektiv yanaşmaqla izah etməmişdir ki, bu nəticə etibarı ilə işin tam, hərtərəfli və qanuni normalar əsasında araşdırılması və çəkişmə prinsiplərinin pozulmasına gətirib çıxarmışdır. Bu zaman işə baxan məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılmadan lazımi şərait yaratmamış, çəkişmə prinsipini kobud şəkildə pozmuş, sübutların qiymətləndirilməsində, hüququn tətbiqində səhvə yol vermiş, bu və ya digər sübutun qəbul edilib-edilməməsi səbəblərini əlaqəli olaraq düzgün və qanununun tələbinə uyğun izah verməmişdir. Halbuki, “Məhkəmə Qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 6.3-cü bəndində göstərilir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada izah edilməlidir. Birinci instansiya məhkəməsində qətnamədə qeyd olunan səhvlərin göstəricisi kimi Azərbaycan Respublikası MPM-nin 88 və 218-ci maddələrinə əsasən hər hansı mülki mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Qətnamə çıxardıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini tərəflərin hansı hüquqi münasibətdə olmalarını həmin iş üzrə hansı qanun müddəalarının tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müfəssəl şərh etməlidir. İşə apelyasiya qaydasında sonuncu dəfə baxılması 19.05.2021-ci il tarixə təxirə salınmış, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, e-2-2 (113)-212/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında bağlanmış 10.04.2019-cu il tarixli, HMC/X 208/0419 saylı xidmət müqaviləsinin 1-ci bəndinə görə icraçı “Hunday R-520 LC 9S” AZ 10-O-714 D.N.N-lı texnika ilə sifarişçinin verdiyi sifarişlər əsasında xidmət edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, razılaşmaya görə bu müqavilə üzrə “Hunday R-520 LC 9S” AZ 10-O-714 D.N.N-lı texnikanın bir aylıq xidmət haqqı (28 gün hesabı ilə) ƏDV xaric 10.000 manat təşkil edir. Gündəlik xidmət haqqı saatı isə 10 saat hesabı ilə hesablanır. Operatorların (sürücülərin) xidmət haqqı müqavilədə qeyd olunan məbləğə daxildir. Hazırkı müqavilənin şərtlərinə müvafiq olaraq göstərilən xidmətlərə görə sifarişçi hər ay icraçıya 350 manat həcmində xidmət haqqı ödəyir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı iddia ərizəsində 2019-cu ilin sentyabr ayı ərzində göstərilmiş xidmətin dəyərinin ödənilmədiyini göstərmişdir. 2019-cu ilin sentyabr ayı ərzində göstərilmiş xidmətlə bağlı tərtib edilmiş təhviltəslim aktından görünür ki, “xxxx” MMC-nin özünə məxsus texnikalar ilə “Cavabdeh“MMCyə 11.800 manat (1800 manat ƏDV daxil) dəyərində xidmət göstərdiyini cavabdeh tərəf aktı imzalamaqla təsdiq etmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdehnə 12 avqust 2020-ci il tarixli pretenziya məktubu ünvanlanaraq 10.000 manat məbləğində pulun 5 bank günü ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 386, 442 və 448.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəflər arasında bağlanmış 10.04.2019-cu il tarixli xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmiş, Cavabdeh isə göstərilmiş xidmətə görə xidmət haqqını ödəməməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Cavabdehin iddiaçıya 11.800 manat (ƏDV daxil) məbləğində əsas borcu olduğu işdəki sübutlarla təsdiq edildiyindən məhkəmə iddianı əsaslı hesab edərək təmin etmişdir. Bundan başqa məhkəmə hesab etmişdir ki, Cavabdeh MMC-nin pul öhdəliyinin icrasını 1 ildən artıq müddət ərzində gecikdirdiyinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 % hesabı ilə bir illik müddət üçün 500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı iddia tələbinin əsaslı olduğunu təsdiq etmək üçün 2019-cu ilin sentyabr ayı ərzində göstərilmiş xidmətlə bağlı tərtib edilmiş təhvil-təslim aktını məhkəməyə təqdim etmiş, cavabdeh tərəf isə həmin xidmətin dəyərinin ödənilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin sübutlara düzgün hüquqi qiymət vermədiyini qeyd etsə də, məhkəmənin konkret hansı sübutu düzgün qiymətləndirmədiyini qeyd etməmişdir. Cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməsi üçün məhkəmə tərəfindən lazımı tədbirlər görülmədiyinə dair dəlillər də əsassızdır. Belə ki, cavabdehin nümayəndəsi E.Quliyev 11.11.2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, digər məhkəmə iclaslarının vaxtı barədə SMS xəbərdarlıq məktubları göndərilsə də nümayəndə həmin iclaslarda iştirak etməmişdir. Apelyasiya şikayəti üzrə araşdırma aparılarkən də cavabdeh məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu da belə qənaətə gəlməyə əsas verir ki, apelyasiya şikayəti formal olaraq verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, e-2-2 (113)- 212/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, e-2-2 (113)-212/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar