Məhkəmə qərarları › İş №2-2(103)-412/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-412/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-412/2025 11.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1011/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. “Holcim (Azərbaycan)” ASC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış xx.xx.2024-cü tarixli, O001709023 saylı beton təchizatına dair müqaviləyə görə, təchizatçı sifarişçinin sifariş etdiyi məhsul və xidmətləri satmağı, sifarişçi isə bu məhsul və xidmətləri bu müqavilədə və onun əlavələrində göstərilən qiymət və şərtlərlə qəbul edərək dəyərini ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin: 2.1-ci bəndinə görə, müqavilə 04 iyul 2024-cü il tarixindən qüvvəyə minir və bu sənədin müdddəaları nəticəsində xitam verilməzsə 04 iyul 2025-ci il tarixinə qədər qüvvədə qalır. 7.1-ci bəndinə görə, məhsullar çatdırılmadan ən azı 24 saat əvvəl, ölçüsü 200 metr kubdan böyük olan sifarişlər üçün çatdırılmadan 48 saat əvvvəl sifarişçinin təchizatçıya göndərdiyi yazılı sifariş əsasında çatdırılır. Sifarişlər rəsmi qeyri-iş günləri istisna olmaqla bazar ertəsi-cümə saat 08:00-dan 16:00-a qədər beton zavodunun normal iş saatları ərzində göndəriləcək. 9.1-ci bəndinə görə əgər sifarişçi fakturaların dəyərini ödəniş tarixinin sonuna qədər ödəməzsə təchizatçı öz mülahizəsinə uyğun olaraq ödənilməli ümumi məbləğə tətbiq olunmaqla son tarixdən ödəniş anına qədər hesablanmaqla hər gecikmiş təqvim gününə görə 0,1 % dəbbə pulu tətbiq edə bilər.

2. xx.xx.2024-cü tarixli, O001709023 saylı müqaviləyə 1 və 2 nömrəli əlavələr ilə müqavilə üzrə məhsul barədə məlumatlar, çatdırılma ünvanları və digər şərtlər razılaşdırılmışdır.

3. “Holcim (Azərbaycan)” ASC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli MT2407 11276947 nömrəli 3696,94 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2407 11277660 nömrəli 2773 manat məbləğində elektron qaimələr (ümumilikdə 6469,94 manat) təqdim olunmuşdur.

4. “Holcim (Azərbaycan)” ASC və Cavabdeh MMC tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktına görə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixə olan borcu 6470 manat (ƏDV daxil) təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat:

5. İddiaçı “Holcim (Azərbaycan)” ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı pulun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alınmış beton məhsullarına görə 5906 manat, borcun gecikdirilməsinə görə 505 manat cərimə məbləğinin, dövlət rüsumu qismində ödənilmiş 85 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı Holcim (Azərbaycan) ASC arasında bağlanmış O001709023 saylı, xx.xx.2024-cü tarixli beton təchizatına dair müqaviləəy əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları təchiz etməyi, cavabdeh isə bu məhsul və xidmətləri həmin müqavilədə və onun əlavələrində göstərilən qiymət və şərtlərlə qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş məhsullarla cavabdeh təchiz edilmiş, cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqaviləyə əsasən sifarişçi malın dəyərini müddətində təchizatçıya ödəməlidir. Cavabdeh borcunun 5906 manat məbləğində olan hissəsini ödəməmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvil aldığı məhsulların dəyərini ödəməmişdir. Müqavilənin 9.1-ci bəndində ödənişi gecikdirildiyi hər günə görə əsas borcdan 0,1% qədər cərimənin ödənilməsi qeyd olunur. Həmin bəndə əsasən hazırkı tarixədək cavabdehə hesablanan cərimənin məbləği 505 manat təşkil edir. Cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu göndərib borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət etmək üçün tədbirlər görüləcəyi bildirilmişdir. Cavabdehə pretenziya məktubu təqdim edilmişdir (poçt qəbzi iddia ərizəsinə əlavə edilir). Bundan başqa pretenziya məktubu vergi portalı vasitəsilə cavabdehə göndərilmişdir. Tərəflər arasında imzlanmış müqavilənin 13.2- ci maddəsinə əsasən mübahisələrə təchizatçının (iddiaçının) hüquqi ünvanının olduğu məhkəmə tərəfindən baxılacaqdır. Ona görə də iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1011/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 5906 manat əsas borc, 250 manat dəbbə pulu, 81,56 manat dövlət rüsumu, ümumilikdə 6237,56 manat məbləğində pul tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İddia ərizəsi verilərkən ödənilmiş 3,44 manat dövlət rüsumu iddiaçı “Holcim (Azərbaycan)” ASC-nin özünə aid edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü tarixli, O001709023 saylı alqısatqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, satılmış malların dəyəri cavabdeh tərəfindən iddiaçıya tam şəkildə ödənilməmiş, cavabdehin iddiaçıya 5906 manat qalıq borcu yaranmışdır Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Bununla yanaşı, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 9.1-ci bəndinə əsasən hesablanmış 505 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 250 manat müəyyən edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 81,56 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 3,44 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) isə iddiaçının özünə aid edilməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 386.1, 398.1, 399.1, 442, 462.1, 467, 567, 598.1, 598.2, 600.1, 600.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad eməklə əsaslandırmışdır.

10. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1011/2025 saylı qətnaməsinin cavabdehdən 250 manat məbləğində cərimənin tutulması hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında O001709023 saylı, xx.xx.2024-cü tarixli müqavilə Cavabdeh MMC-nin qalib gəldiyi tender nəticəsində həvalə edilmiş dövlət layihəsinin icrası ilə əlaqəli olmuşdur. Həmin dövlət layihəsinin reallaşdırılması üçün Cavabdeh MMC müxtəlif şəxslərlə müqavilələr bağlamış və layihənin icrasını davam etdirmişdir. Lakin layihə üzrə ödənişlər müəyyən gecikmələrlə üzləşdiyi üçün, Cavabdeh MMC tərəfindən də, müqavilə üzrə "xxxx" MMC-yə ödənişlərin edilməsi mümkün olmamışdır. Göründüyü kimi, öhdəliyin icrası cavabdehdən asılı olmayan səbəblərdən baş vermişdir. Buna görə də, cavabdehin üzərinə hər hansı faiz və ya dəbbə pulu kimi əlavə borcların tətbiq edilməsi tamamilə əsassız və qanunsuzdur. Birinci İnstansiya Məhkəməsi tərəfindən Mülki Məcəllənin 443.7ci maddəsi tətbiq edilməmiş, bununla da iş üzrə qanunsuz qətnamə çıxarılmışdır. Müqavilə üzrə ödənişlərin gecikdirilməsi Cavabdeh MMC-dən asılı olan və ya əvvəlcədən baş verməsini görə biləcəyi səbəblərdən olmamışdır. Belə ki, gecikdirmə CavabdehMMC-nin icra etdiyi əsas layihə üzrə ödənişləri vaxtında almaması nəticəsində baş vermişdir. İddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında olan müqavilə üzrə gecikmələr cavabdehdin təqsiri olmadan baş vermişdir. Buna görə də, cavabdeh icranı gecikdirmiş hesab edilməməli və gecikdirmə səbəbindən 250 manat cərimə tətbiq edilməməli idi. X2 Məhkəməsi tərəfindən qeyd edilən norma ümumiyyətlə tətbiq edilməmiş, yaranmış gecikmələrin hansı səbəbdən və təqsirli-təqsirsiz baş verməsi araşdırılmamışdır. Buna görə də, cavabdeh icranı gecikdirmiş hesab edilməməli və gecikdirmə səbəbindən 250 manat cərimə tətbiq edilməməli idi.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış beton təchizatına dair müqavilənin 9.1-ci bəndinə əsasən ödənişin gecikdirildiyi hər günə görə əsas borcdan 0.1% qədər cərimə ödənilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 367.2, 384.0.1-ci maddələrinə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1011/2025 saylı qətnaməsini dəyişdirmədən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini təmin etmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

13. Tərəflər məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh ərizə ilə müraciət edərək rəsmi görüşlərdə iştirak etmələri səbəbindən məhkəmə iclasının təyin edildiyi tarixdə Qubadlı rayonunda olacaqlarını bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən, cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin qismən, 250 manat dəbbə pulunun tutulması hissəsində ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, iddiaçı “Holcim (Azərbaycan)” ASC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü tarixli, O001709023 saylı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqavilə üzərinə düşən öhdəlikləri icra edərək sifariş edilmiş malları cavabdehə təqdim etdiyini, cavabdehin isə həmin malların dəyərini tam şəkildə ödəməməsini, nəticədə cavabdehin iddiaçıya 5906 manat məbləğində borcunun yaranmasını əsas göstərərək həmin borcun və borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsini tələb edir.

21. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin yoxlanılan hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 9.1-ci bəndinə uyğun olaraq sifarişçi fakturaların dəyərini ödəniş tarixinin sonuna qədər ödəməzsə təchizatçı son tarixdən ödəniş anına qədər hesablanmaqla hər gecikmiş təqvim gününə görə 0,1 % dəbbə pulu tətbiq edə bilər. Cavabdeh MMC -nin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də tələb edilən dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğin azaldılaraq 250 manat məbləğində dəbbə pulunun tutulması dair hissədə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

22. Layihə üzrə ona çatmalı ödənişləri ala bilməməsi səbəbindən iddiaçıya olan borcunu vaxtında ödəməməsi, yəni öhdəliyin vaxtında icra edilməməsinin ondan asılı olmayan hallardan baş verməsi barədə cavabdehin dəlillərinə gəldikdə kollegiya qeyd edir ki, birincisi, cavabdeh istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki hüquqda təşəkkül tapmış təqsirililik prezumpsiyasına əsasən öhdəliyin pozulmasında borclunun təqsirli olması ehtimal edilir və bu halda təqsirsiz olmasını sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür.

23. Digər tərəfdən cavabdehin öhdəliyin vaxtında icra edilməməsinə görə məsuliyyətdən azad edilməsi üçün əsas kimi istinad etdiyi halların öz təsdiqini tapması ehtimal edilsə belə qeyd edilməlidir ki, kontragentdən vaxtında ödəniş almaması sahibkarlıq fəaliyyəti ilə məşğul olan cavabdehin iddiaçı ilə müqavilə bağlayarkən ehtimal edə və nəzərə ala bildiyi adi risklərə aid olduğundan həmin halın cavabdehin öhdəliyinin icrasının gecikdirilməsində təqsirli olmamasını təsdiq edən və öhdəliyin icrasına görə məsuliyyətdən azad edən hal kimi qiymətləndirilməsi üçün əsas yoxdur.

24. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-1011/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar