Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-414/2021 31.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-602/2021 nömrəli qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət ərizəsinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X2 İnşaat Sanayi və Ticaret” Anonim Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 76178 (yetmiş altı min yüz yetmiş səkkiz) ABŞ dolları əsas, 5000 (beş min) ABŞ dolları zərər və ümumilikdə 81178 (səksən bir min yüz yetmiş səkkiz) ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehnə məxsus “xxxx” ASC-də olan AZ82MUGA**********00098USD00 saylı hesabına və digər Bank hesablarının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-3786/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddianın təmin etmə tədbirinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-3786/2020 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək Cavabdehnə məxsus “xxxx” ASC-də olan AZ82MUGA**********00098USD00 saylı hesabına iddia tələbinin 76178 (yetmiş altı min yüz yetmiş səkkiz) ABŞ dolları (əsas borc) həcmində həbs qoyulmuşdur. Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2- 2(113)- 3786/2020 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-602/2021 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-3786/2020 saylı qərardadı ləğv edilərək iddianın təmini tədbiri barədə ərizə qismən təmin edilmiş və Cavabdeh “xxxx” ASC-də olan AZ82MUGA**********00098USD00 saylı hesabında 76178 ABŞ dolları məbləğində pul vəsaiti üzərinə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan həbs qoyulmuşdur. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikasında uzun müddətdir ki, fəaliyyət göstərir və tender əsasında müxtəlif dövlət sifarişli tikinti, quraşdırma layihələrini həyata keçirir. Cəmiyyətin bank hesablarına həbs qoyulması onun hal-hazırda və gələcəkdə dövlət tərəfindən elan edilmiş tenderlərdə iştirakına və dövlət sifarişli layihələrin icrasına maneçilik törədəcəkdir. Belə ki, dövlət sifarişli tender və katirovkalarda iştirak etmək üçün Cəmiyyətdən bank zəmanətləri tələb olunur və eyni zamanda bank əməliyyatlarının aparılması zərurəti vardır. Lakin bank hesabına həbs qoyulmaqla, Cavabdeh MMC bu hüquqlardan məhrum olacaq və dövlət sifarişli layihələri həyata keçirə bilməyəcək, fəaliyyətini iflic edəcək və dövlət sifarişlərinin vaxtında və keyfiyyətli icra edilməsində çətinlik yaradacaqdır. Bundan başqa, X2, İnşaat, Sanayi və Ticaret” AŞ-yə qarşı qarşılıqlı iddia ərizəsi verərək, X2, İnşaat, Sanayi və Ticaret” AŞ-dən 38802 (otuz səkkiz min səkkiz yüz iki) ABŞ dolları məbləğində pulun; hüquqların müdafiəsi üçün vəkilə ödənilmiş 1000 manat məbləğində hüquqi yardım haqqının və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddialarının əsası kimi də X2, İnşaat, Sanayi və Ticaret” AŞ ilə aramızda bağlanmış xx xxxx 2019-cu il tarixli 2№-li AlqıSatqı Müqaviləsi, Müqaviləyə 1 və 2 saylı Əlavələr və X2, İnşaat, Sanayi və Ticaret” Anonim Şirkəti rəhbərinin xx.xx.2019-cu il tarixli məktubu əlavə edilmişdir. Belə ki, həmin məktubda qarşılıqlı iddia üzrə Cavabdeh MMC-nin diektoru Nail bəyə müraciət edərək, bildirmişdir ki, “Genka Klima” olaraq X1 ilə bağlı gələn Klima və təsisat malzamələrinin gömrükdəki xərci, vergi, ƏDV və tır nəqliyyat pulları tərəflərindən ödəniləcəkdir və daha sonra hesablarından çıxılmasını xahiş edirlər. Beləliklə, onların X2, İnşaat, Sanayi və Ticaret” AŞ-yə deyil, onların Cavabdeh MMC-yə pul borcu vardır və, buna görə də hesab edirlər ki, Cavabdeh MMC-nin bank hesabına həbs qoyulması yolverilməzdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-602/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflər lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-602/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər; 158.3.1-ci maddəsinə əsasən, birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulur. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsi ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə tərəfindən iddianı təmin etmə tədbiri görülərkən əsas götürülməli olan məqsəd işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin də mənafeləri və onların müdafiəsindəki mütənasibliyin qorunmasıdır. Hazırkı halda iddiaçı tərəfindən pul tələbi irəli sürüldüyündən əsas borc tələbi həddində cavabdehin banklardakı hesablaşma hesablarında olan pul vəsaiti üzərinə həbs qoyulması növündə iddianı təmin etmə tədbiri görülməsi prosessual normaların tələblərinə uyğundur. Şikayətlə bağlı məhkəmə qeyd edir ki, iş üzrə iddianı təmin etmə tədbiri görülməsi nəticəsində cavabdehin hüquqlarının məhdudlaşması və zərərə məruz qalması tədbirin ləğv edilməsi üçün əsas ola bilməz. İddianın əsassız olması barədə şikayət ərizəsində qeyd edilənlərlə bağlı izah olunur ki, həmin hallar məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılaraq araşdırılmalı və hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsində nəzərdə tutulur ki, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-602/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-602/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-414/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-414/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver