Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-415/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-297/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı ATSC cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 006886 nömrəli aktın və həmin akt əsasında hesablanmış 36755,24 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)-297/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh “xxxxxxxx” ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və "X3 Qaydaları"na riayət olunması vəziyyətini yoxlamışdır. Bu səbəbdən, məhkəmənin qeyd etdiyi normalar hazırkı iş üzrə mübahisəyə tətbiq edilə bilməzdi. Məhkəmə hazırkı iş üzrə mübahisəyə "X1 Qaydaları"nın 8.17-ci bəndini tətbiq etməli olduğu halda əsassız olaraq tətbiq etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və xx xxxxxx 2019-cu il tarixli 006886 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçıya məxsus daş karxanasında sayğacın tablosu üzərinə xüsusi xətlə işarələr düşdüyü və üst qapağı üzərində cızıq izlərinin olduğu müəyyən edilmişdir. Aktda qoyulan tələbə əsasən sayğac xx.xx.2019-cu il tarixli aktla yeni sayğacla əvəz edilərək laborator müayinəyə göndərilmişdir. "Sayğacların və cərəyan transformatorlarının yoxlanışı üzrə" xx.xx.2019-cu il tarixli 164138 saylı protokola əsasən sayğaca müdaxilə olunması (kommutasiya naqilinin daxili damarlarının üzərində iynə aşkar edilməsi, sayğaca müxtəlif vaxtlarda maqnit vasitəsilə təsir göstərilməsi) barədə rəy verilmişdir. Aşkar edilən pozuntu ilə əlaqədar cavabdehin akt komissiyasının xx.xx.2019-cu il tarixli icra vərəqinə əsasən istehlakçı ilə 177 gün müddətinə yenidən hesablaşma aparılaraq, itirilmiş elektrik enerjisinə görə 345848 kvts əlavə sərfiyyat hesablanmış və itirilmiş elektrik enerjisinin dəyərini təşkil edən 36.755,24 manat iddiaçıdan tələb olunmuşdur. İddiaçı bildirir ki, akt tərtib edilərkən ona məlumat verilməmiş, onun nümayəndəsinin xəbəri və iştirakı olmamışdır. Cavabdeh qurum tərəfindən aparılmış yoxlama qeyri-rəsmi yoxlamadır. Çünki həmin yoxlamanın aparılmasına dair Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində heç bir qeydiyyat aparılmamışdır. Cavabdeh orqan aktda qeyd edilənləri aydınlaşdırmadan və heç bir hüquqi və qanuni əsas olmadan akt tərtib etmişdir. Sayğacın yerləşdiyi yerdə yüksək gərginliyin olması, habelə sayğacın xüsusi binada yerləşməsini nəzərə aldıqda, iddiaçı tərəfindən sayğacın olduğu yerə daxil olmaq, həmçinin sayğaca hər hansı müdaxilə etmək mümkünsüzdür. Sayğac tamamilə ayrı qapalı binada yerləşməklə yanaşı, həmin binanın qapısı “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən xüsusi möhürlə möhürlənmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı sayğaca müdaxilə etmişdir. Ona görə də, itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Lakin cavabdeh mübahisəli yoxlamanın qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir. Belə olan halda isə həmin yoxlama nəticəsində hesablanan borc iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektrik sayğacına “xxxxxxxx” ASC-nin nümayəndələri tərəfindən baxış keçirilməsi məhz Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “xxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-297/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-415/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-415/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver