Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-415/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə1, Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-2(113)-5366/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1.Satıcı qismində "xxxx" MMC ilə alıcı qismində Cavabdeh MMC arasında süd və süd məhsullarının alqı-satqısı üzrə 15 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. 2.Həmin müqavilənin 4.3-cü bəndinə əsasən tərəflər razılaşır ki, heç bir halda alıcı tərəfindən satılmamış və ya yararsız hala düşmüş məhsul tullantı kimi atıla bilməz. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən satılmamış (saxlama müddəti başa çatmış) və yararsız hala düşmüş məhsullar satıcıya (əvəzi ödənilmədən) geri qaytarılmalıdır. Geri qaytarmalar həftədə ən azı 1 (bir) dəfə satıcı tərəfindən alıcının anbarından geri götürülür. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən məhsulların satıcıya geri qaytarılması tərəflərin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş xüsusi “qaytarılma aktı” (anbar qəbzi əlavə edilməklə) əsasında həyata keçirilir.
3. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 489 nömrəli pretenziya məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 15 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilənin 10 may 2019-cu il tarixli, 11 saylı Əlavəsinə əsasən 2.3cü bəndində nəzərdə tutulmuş hesablaşmalar üzrə Cavabdeh MMC öz öhdəliklərini yerinə tam yetirməmişdir. Belə ki, audit yoxlaması zamanı aşkar olunmuş məlumatlarına əsasən 2016-2019-cu il dövr üçün Cavabdeh MMC-nin 161095,93 manat əsas və 33802,49 manat ƏDV məbləğində "xxxx" MMC-yə qarşı debetor borc yaranmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh MMC-dən 15 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 194989,42 manat məbləğində borcun 10 (on) gün müddətində ödənilməsi xahiş edilmişdir.
4. Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 0189 nömrəli məktubda qeyd edilmişdir ki, aparılmış daxili araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 2019-cu ilin may-iyun ayları ərzində ümumi dəyəri 195392,87 manat olan məhsullar müqavilə şərtlərinə uyğun olaraq, "xxxx" MMC-yə geri qaytarılmışdır (bunu təsdiq edən sənədlərin surəti məktuba əlavə olunur). Müqavilə şərtlərinə uyğun olaraq "xxxx" MMC-yə geri qaytarılmış malların dəyərini Cavabdeh MMC-dən tələb etməyiniz başa düşülən deyildir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş alış fakturası adlı sənədlər (faktura növü: geri qaytarma fakturaları) iş materiallarına əlavə edilmişdir.
6. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubuna əlavə edilmiş siyahıdan görünür ki, X5 xx.xx.2008- xx.xx.2015-ci il tarixlərdə və xx.xx.2015-xx.xx.2021-ci il tarixlərdə sürücü, X2 xx.xx.2010-xx.xx.2021-ci il tarixlərdə yük avtomobili sürücüsü, X4 xx.xx.2013-xx.xx.2020-ci il tarixlərdə fəhlə, X3 isə xx.xx.2014-xx.xx.2021-ci il tarixlərdə tır sürücüsü olaraq "xxxx" MMC-də işləmişlər.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 194989,42 manat müqavilə üzrə borcun, 800 manat mediasiya xərcinin və 85 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləyə və həmin müqavilənin 11 saylı, xx.xx.2019-cu il tarixli əlavəsinə əsasən satıcı malları sifarişçiyə satmağı, bunun müqabilində isə alıcı alınan malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, Cavabdeh MMC tərəfindən öhdəliklər hələ də icra olunmamışdır. Yəni müqavilə üzrə Cavabdeh MMC-yə verilmiş malların dəyəri tam ödənilməmişdir. Belə ki, hal-hazırda müqavilə üzrə satılmış malların dəyəri olaraq 161095,93 manat və ƏDV olaraq 33802,49 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə ödənilməmişdir. Cavabdehin pretenziya məktubuna cavabından görünür ki, müxtəlif həcmdə və növdə olan 195382,87 manat dəyərində süd məhsulları iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir və cavabdeh bu faktı qəbul edir. Bununla bağlı olaraq cavabdehə alqı-satqı müqavilələri üzrə öhdəliyin icra edilməməsinə dair xx.xx.2022-ci il tarixdə pretenziya göndərilmiş və 194989,42 manat məbləğində pul vəsaiti ödənilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq, həmin məbləğ hələ də ödənilməmişdir. Odur ki, müqavilənin 8.2-ci bəndi rəhbər tutularaq həmin müqavilə üzrə ödənilməmiş pul vəsaitinin tələb edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-5366/2022 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axudova) iddia rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. "xxxx" MMC ilə Cavabdeh MMC arasında 15 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsinə X1 adlı əlavələr bağlanmış (sonuncu 10 may 2019cu il tarixli, 11 saylı Əlavə) və həmin əlavələrə əsasən tərəflər 15 avqust 2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə protokolda göstərilmiş məhsulların çeşidi və qiyməti barədə razılığa gəlmişlər. Müqavilə şərlərinə əsasən satıcı alıcının sifarişinə uyğun olaraq istehsal eldiyi süd və süd məhsullarını qablaşdırılmış vəziyyətdə alıcıya təqdim elməyi, alıcı isə məhsulu qəbul edərək öz adından istehlakçılara satmağı və məhsulun qiymətini müqavilənin şərtlərinə uyğun olaraq satıcıya ödəməyi öhdəsinə götürmüş, həmçinin satılmamış (saxlama müddəti başa çatmış) və yararsız hala düşmüş məhsulların satıcıya (əvəzi ödənilmədən) geri qaytarılması öhdəliyi müəyyən olunmuşdur. Hazırda iddiaçı tərəf Cavabdeh MMC-yə verilmiş malların dəyərinin tam ödənilmədiyini iddia edərək, cavabdehdən müqavilə üzrə 194989,42 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının gedişində cavabdeh tərəf 2019-cu ilin may-iyun ayları ərzində ümumi dəyəri 195392,87 manat olan malların iddiaçıya geri qaytarıldığını bildirsə də, iddiaçı tərəf cavabdeh tərəfindən onlara malların qaytarıldığını təkzib etmişdir. Cavabdeh tərəf malların qaytarılması faktı ilə bağlı iddiaçı tərəfə pretenziyaya cavab məktubu ilə qoşma olaraq sübutlarını göndərmiş, eləcə də həmin sənədləri məhkəməyə təqdim etmişdir. İddiaçı tərəf həmin sənədləri qəbul etməyərək, həmin sənədlərin müqavilə şərtlərinə uyğun səlahiyyətli nümayəndələr tərəfindən imzalanmadığını bildirmişdir. Şahid ifadələri ilə digər sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında olan münasibətlərdə məhsulların geri qaytarılması zaman geri qaytarma fakturalarının əməkdaşlar, sürücülər tərəfindən imzalanaraq təhvil alınması praktikası mövcud olmuşdur. Əksini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır.
12. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, digər bir ziddiyyətli məqam borcun yaranma dövrü ilə bağlıdır. İddiaçı tərəfindən göndərilmiş pretenziya məktubunda borc məbləğinin iddiaçı MMC-də aparılan audit yoxlamaları zamanı aşkar edildiyi və həmin borcun (194989,42 manat (161095,93 manat əsas + 33802,49 manat ƏDV)) 2016-2019cu illər dövrünə aid olduğu qeyd edilmişdir. İddiaçı tərəf dəyərinin ödənilmədiyini iddia etdiyi məhsulların cavabdehə hansı dövrdə təhvil verildiyini, həmin məhsulların çeşidi və növünü təsdiqləyəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-5366/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyinə əsasən “ziddiyyətli məqam borcun yaranma dövrü ilə bağlıdır. İddiaçı tərəfindən göndərilmişpretenziya məktubunda borc məbləğinin iddiaçı MMC-də aparılan audityoxlamaları zamanı aşkar edildiyivə həmin borcun (194989,42 manat (161095,93 manat əsas+ 33802,49 manat ƏDV)) 2016-2019-cu illər dövrünə aid olduğu qeyd edilmişdir. İddiaçı tərəf dəyərinin ödənilmədiyini iddia etdiyi məhsulların cavabdehə hansı dövrdə təhvil verildiyini, həmin məhsulların çeşidi və növünü təsdiqləyəcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir”. Məhkəmə tərəfindən ziddiyətli məqamın olduğu düzgün müəyyənləşdirilsə də həmin ziddiyətin mahiyyəti ilə bağlı araşdırma aparılmamışdır. Belə ki, malların 2016-2019-cu illər ərzində cavabdehə təhvil verilməsinə baxmayaraq sonuncunun istinad etdiyi geri qaytarma ilə bağlı aktlar 2019-cu ilə aiddir. Müqavilə predmetinin süd və süd məhsulları olduğunu və qısa istifadə müddəti nəzərdə tutulduğunu nəzərə alsaq onların bir neçə il müddət keçdikdən sonra geri qaytarılması ağlabatan deyil. Halbuki cavabdeh ona ünvanlanmış pretenziya məktubuna münasibətdə, iddia ərizəsinə etirazında və çoxsaylı məhkəmə iclaslarında verdiyi izahatlarda müqavilə üzrə tələb olunan pulun əvəzində alınmış malların 2019-cu il tarixli aktlar əsasında geri qaytarıldığını iddia etmişdir. Yəni müvafiq malların cavabdeh tərəfindən iddiaçıdan təhvil alınması ilə bağlı mübahisə olmamış, cavabdeh həmin malları iddiaçıya geri qaytardığını iddia etmiş və bununla bağlı 2019-cu ilə aid aktlara və şahid ifadələrinə istinad etmişdir. Qeyd olunan ziddiyyət məhkəmə tərəfindən araşdırılmamış, yəni süd və süd məhsullarının təhvil alındıqdan bir neçə il sonra geri qaytarılmasının mümkünlüyinə münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən cavabdehin iddia etdiyi geri qaytarma prosesinin hansı səbəblə - malların istifadə müddəti ərzində satılmaması yoxsa lazımi keyfiyyətdə olmaması – baş verdiyi araşdırılmamışdır. Belə ki, bununla bağlı cavabdeh məhkəmə iclasında ziddiyyətli izahatlar vermişdir. Satılmış malların geri qaytarılma səbəbləri ilə bağlı nəticələr tərəflər arasındakı müqavilədə fərqli tənzimlədiyindən işin həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cavabdeh tərəfindən qaytarıldığı iddia edilən malların keyfiyyətsiz olması və ya hansı şəraitdə xarab olması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən məhsulların satıcıya geri qaytarılması tərəflərin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş xüsusi “qaytarılma aktı” (anbar qəbzi əlavə edilməklə) əsasında həyata keçirilir. Hesab edirik ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən aktlar müqavilə şərtlərinə cavab vermir. Məhkəmə tərəfindən şahid ifadələri ilə cavabdehin izahatları arasındakı ziddiyətlərə qiymət verilməmişdir. Belə ki, cavabdeh məhkəmə iclaslarında istinad edilən aktlarda sadalanan malların istifadə müddəti bitənə qədər satılmadığı üçün geri qaytarıldığını bildirsə də, şahid qismində dindirilən Məmmədli Tunar onun tərəfindən imzalanmış aktlarda sadalanan malların keyfiyyət standartlarına cavab vermədiyi üçün mağazalardan geri qaytarıldığına dair ifadə vermişdir. Sonradan cavabdeh bununla bağlı izahatında müvafiq malların doğurdan da keyfiyyətsiz olduğu üçün qaytarıldığını bildirmiş, lakin bununla bağlı məhkəməyə hər hansı sübut – rəy təqdim edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şiakyətini müdafiə edərək iddianın cərimə borcu hissəsində tam təmin edilməsini xahiş etmişdir.
16. Cavabdehlərin nümayəndələri Nümayəndə1, Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
17. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi; 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 433.1-ci maddə-borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2-ci maddə-əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 589.6-cı maddəsinə əsasən-yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 598.1-ci maddə- əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddə- əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5366/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək Cavabdeh MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 190.464,28 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
20. İşin sübutlar əsasında birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli süd məhsullarının alqı-satqısı barədə müqaviləyə əsasən, cavabdehə süd məhsulları satılmışdır. İddiaçı hazırkı iddia ərizəsində aparılmış daxili audit nəticəsində cavabdehin 2016-2019-cu illər ərzində aldığı mallardan 194989,42 manat süd məhsulunun dəyərinin ödənilmədiyini iddia etmişdir.
21. Cavabdeh işə birinci instansiya qaydasında baxılarkən iddiaçıdan elektron qaimələr əsasında təhvil alınmış mallardan 195392,97 manat malın dəyərinin ödənilmədiyi faktını qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu səbəbdən iddiaçı birinci instansiya məhkəməsinə qeyd edilən malların cavabdehə təhvil verildiyini təsdiq etmək üçün elektron qaimələri təqdim etməmişdir.
22. Cavabdeh tərəfin iddiaya etirazı bundan ibarət olmuşdur ki, iddiaçıdan alınmış 195.392,97 manat dəyərində mal 2019-cu ilin may-iyun aylarında sənədlə qaytarılmışdır. Cavabdeh tərəfindən məhkəməyə 195.392,97 manat dəyərində malın qaytarılmasına sübut olaraq “Alış fakturası” adlı sənədlər təqdim etmişdir. Bu sənədlər iddiaçı tərəfindən qəbul edilmədiyinə, üzərində iddiaçıya aid möhür və səlahiyyətli şəxslərinin imzası olmadığı halda (bəzilərində ümumiyyətlə təhvil alan şəxsin imzası və adı olmadığı halda) məhkəmə həmin sənədləri cavabdehin etirazının əsasını təşkil edən mötəbər sübut kimi qəbul etmişdir. Halbuki, MM-nin 433-cü maddəsinə əsasən hazırkı işdə malların ixtiyarlı şəxsə qaytarıldığını sübut etmək öhdəliyi (sübut etmə yükü) cavabdehin üzərində olmuş, cavabdeh malları iddiaçının adından qəbul etmiş işçilərin (X5, X2, X3 -sürücülər, X4-fəhlə) buna səlahiyyətləri olmaları (əvvəllər həmin şəxslərə malların qaytarıldığı və iddiaçı tərəfindən bu halın qəbul edildiyi) sübut edə bilməmişdir. "xxxx" MMC-nin işçiləri olmuş həmin şəxslər birinci instansiya məhkəməsində işə baxılarkən şahid qismində ifadə verərkən cavabdeh tərəfindən geri qaytarılan malların onlara təhvil verildiyi hallar olduğunu bildirsələr də, qayrtarılmış malın dəyərinin ümumilikdə 195392,97 manat olması və 2019-cu ilin may-iyun aylarında bu məbləğdə malın onlar vasitəsilə geri qaytarıldığına dair ifadə verməmişlər. Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Tunar Məmmədli (Cavabdeh MMC-nin əməkdaşı) ifadəsində bildirmişdir ki, geri qaytarılan mallar onun tərəfindən təhvil verilmiş, həmin mallar müştərilər tərəfindən qaytarılan keyfiyyətsiz mallar olmuşdur.
23. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 4.5-ci bəndində məhsulların satıcıya geri qaytarılmasının tərəflərin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş xüsusi “qaytarılma aktı” (anbar qəbzi əlavə edilməklə) əsasında həyata keçirilməsi nəzərdə tutulduğu halda cavabdeh məhkəməyə belə bir akt təqdim etməmişdir.
24. Apellyasiya instansiyası qaydasında işə baxılarkən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, araşdırma aparılaraq 2019-cu ildə iddiaçıya geri qaytarılan malların dəyərinin tam ödənildiyi müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi mal keyfiyyətsiz olduğuna görə qaytarıldığı və müqavilə şərtlərinə əsasən alıcının onun dəyərini ödəməkdən imtina etmək hüququ olduğu halda qaytarıldığı iddia edilən malların dəyərinin hansı səbəbdən ödənildiyinə məntiqli izah verə bilməmişdir.
25. Eyni zamanda qeyd edilməlidir ki, MM-nin 589.6-cı maddəsinə əsasən yararlılıq müddəti müəyyən edilmiş malların keyfiyyətsiz olması ilə bağlı alıcının satıcıya pretenziyası yalnız yararlılıq müddətində irəli sürüldüyü halda əsaslı hesab olunduğundan hazırkı halda cavabdeh tərəf keyfiyyətsiz olması əsası ilə geri qaytarılmış mallardakı qüsurun məhz yararlılıq müddəti ərzində aşkar edildiyinə dair sübutlar təqdim etməli idi.
26. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəsatətinə əsasən 2016-2019cu illərdə cavabdehə elektron qaimələr əsasında nə qədər mal təhvil verildiyi və nə qədər ödəniş edildiyinin müəyyənləşdirilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4618 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, 2017- 2019-cu illərdə iddiaçı tərəfindən cavabdehə 2017-ci ildə elektron qaimələrə əsasən 1.307.219,30 manat, 2018-ci ildə 1.662.923,64 manat, 2019-cu ildə 1.706.207,04 manat olmaqla, cəmi ƏDV-siz 4.676.349,98 manat dəyərində mal verilmişdir. Cavabdeh MMC tərəfindən 2017-ci ildə ƏDV-siz 1.116.614,72 manat, 2018-ci ildə 1.618.359,93 manat, 2019-cu ildə 1.779.964,92 manat ödəniş edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən cavabdehin iddiaçıya borcunun ƏDV-siz 161410,41 manat olduğu müəyyən edilmişdir.
27. Ekspert rəyinə əsasən müəyyən olunur ki, cavabdehin iddiaçıdan 2017-ci aldığı məhsullara görə ödədiyi məbləğ arasında 190604,58 manat fərq olmuşdur. 2019-cu ildə isə alınmış məhsulun dəyərindən artıq ödəniş edilmişdir. Belə olan halda müəyyən olunur ki, tələb olunan borc 2017-ci il üzrə təhvil verilmiş məhsulların dəyəri tam ödənilmədiyi üçün yaranmışdır. Süd məhsullarının yararlılıq müddətinin qısa olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, 2017-ci ildə təhvil verilmiş məhsulların yararlılıq müddəti bitməmiş keyfiyyətsiz olması əsası ilə geri qaytarılması ya həmin il ərzində, ya da ən geci 2018-ci ildə baş verə bilərdi. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsinə təqdim etdiyi “Alış fakturası” adlı sənədlər əsaslı şübhədən kənar mötəbər sübut standartına cavab vermir.
28. Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş, iş üzrə hərtəfəli araşdırma aparmamışdır. Cavabdeh tərəfindən 2017-ci ildə iddiaçıya hər hansı məbləğdə mal qaytarılması barədə sübutlar təqdim edilmədiyindən məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4618 saylı ekspert rəyinə əsasən cavabdehin iddiaçıya xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi üzrə ümumilikdə 190.464,28 manat (161410,41 +29053,87 ƏDV) manat borcu olduğunu müəyyən edərək hesab edir ki, mübahisələndirilən qətnamə ləğv edilərək iddia 190.464,28 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməli, qalan hissədə iddianın əsaslı olduğu sübut edilmədiyindən təmin edilməməlidir.
29. xx.xx.2023-cü il tarixdə cavabdeh məhkəməyə vəsatət təqdim edərək iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini, malların geri qaytarılması barədə sübutlar nəzərə alınmaqla borcun yenidən hesablanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasi cavabdeh tərəfindən təqdim edilmiş malların ekspert tərəfindən müəyyən edilmiş dəyərinin və ödənişlərin məbləğinin mübahisələndirilmədiyini, geri qaytarma aktlarının mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməsinin isə ekspertin deyil, məhkəmənin səlahiyyətinə aid olduğunu nəzərə alaraq iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatəti əsassız hesab etmişdir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Hazırkı halda mübahisə cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması ilə əlaqədar yarandığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərcləri (800 manat mediasiya xərci, birinci və apellyasiya instansiyası məhkəmələrində ödənilmiş 329 manat dövlət rüsumu ) tam həcmdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 5366/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək Cavabdeh MMCdən iddiaçı "xxxx" MMC-nin xeyrinə 190.464,28 manat pul və məhkəmə xərcləri tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
32. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3, 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5366/2022 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək Cavabdeh MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə 190.464,28 manat pul tutulsun. İddia qalan hissədə rədd edilsin. 800 manat mediasiya xərci, 329 manat dövlət rüsumu Cavabdeh MMC-dən iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. 150 manat ekspertiza xərci Cavabdeh MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.