Məhkəmə qərarları › İş №2-2(103)-417/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-417/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-417/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-105/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC (əvvəlki adı “X1” QSC) ilə “xxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 4xx/xx/2011 saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi, cavabdehdən lizinq ödənişləri borcu 279568,81 manat tutularaq iddiaçının xeyrinə köçürülməsi, İddiaçı QSC-yə məxsus olan 10 ədəd İSUZU URBAN sərnişin avtobusu (qeydiyyat nişanları: 10TE438, 10TE439, 10TE440, 10TE451, 10TE437, 10TE455, 10TE622, 10TE454, 10TD998, 10TD999) “xxxxxxxxxxxxxxx” MMCdən geri alınaraq İddiaçı QSC-yə verilməsi və İddiaçı QSC tərəfindən ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun cavabdehdən tutulub İddiaçı QSC-nin xeyrinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin sahibliyi və istifadəsində olan 10 ədəd İSUZU URBAN sərnişin avtobusu (qeydiyyat nişanları: 10TE438, 10TE439, 10TE440, 10TE451, 10TE437, 10TE455, 10TE622, 10TE454, 10TD998, 10TD999) üzərinə həbs qoyularaq sahiblik və istifadə hüquqlarının həyata keçirilməsi cavabdehdə və başqalarına qadağan edilməsi, həmçinin həmin nəqliyyat vasitələrinin axtarışa verilərək tutulub saxlanılmasının dövlət yol polisi orqanlarına tapşırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-105/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı QSC həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq (158.1.1); müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3). Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə iddianın təmin etmə tədbiri barədə ərizədə göstərilənləri müqayisə edərək kollegiya hesab edir ki, hazırkı işdə iddianın təmini tədbiri kimi avtobusların üzərinə həbs qoyulması üçün əsaslar mövcud deyildir və həmin tədbir qətnamənin gələcəkdə icrasını təmin etmək üsulu kimi çıxış edə bilməz. Ona görə də, həmin hissədə ərizə təmin edilə bilməz. Həmçinin kollegiya hesab edir ki, mübahisəli avtobusların axtarışa verilərəktutulub saxlanılmasınındövlət yol polisi orqanlarına tapşırılması hissəsində də ərizə təmin edilə bilməz. Çünki Mülki Prosessual Məcəllənin 158-ci maddəsində bu növ iddianın təmin etmə tədbiri nəzərdə tutulmayıb, eyni zamanda ərizədə göstərilənlərin həmin maddədə nəzərdə tutulmuş hər hansı iddianın təmin etmə tədbirinə aid edilməsi mümkün deyildir. Bununla yanaşı kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılana qədər mübahisəli avtobuslardan istifadə edilməsinin cavabdehə və başqa şəxslərə qadağan edilməsi hissəsində ərizə əsaslıdır. Çünki mübahisənin mahiyyətindən aydın şəkildə görünür ki, işə mahiyyəti üzrə baxılana qədər lizinq predmeti olan avtobusların məhv edilməsi və ya zədələnməsi gələcəkdə qəbul edilə biləcək qətnamənin icrasına maneçilik törədə bilər. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli, yuxarıda göstərilən əsaslara görə həmin hissədə ərizə təmin edilməli və qalan hissədə qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-105/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı qismən, yəni lizinq predmeti olan avtobusların istifadəsinə qadağa qoyulmasından ibarət iddianın təmini tədbirinin seçilməsindən imtina edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə ərizə təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin sahibliyi və istifadəsində olan 10 ədəd İSUZU URBAN sərnişin avtobuslarından (qeydiyyat nişanları: 10TE438, 10TE439, 10TE440, 10TE451, 10TE437, 10TE455, 10TE622, 10TE454, 10TD998, 10TD999) istifadə etmə cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-yə və başqa şəxslərə qadağan edilsin. Qalan hissədə qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə həvalə edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar