Məhkəmə qərarları › İş №2-2(103)-417/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-417/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-417/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-302/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı 2020-ci ilin yanvar ayından 2020-ci ilin dekabr ayı da daxil olmaqla müqaviləyə əsasən 12 aylıq işi cavabdeh "xxxx" ASC-yə təhvil vermiş, cavabdeh isə iddiaçıya aktlar üzrə ödənilməli olan 36.084 manat pulun ödənilməsini təmin etməmişdir.

2. İddiaçı əsas borcun, həmçinin borcun ödənilməsinin gecikdirilməsinə görə məbləğin, mediasiya xərci və dövlət rüsumunun əvəzinin ödənilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən görülmüş işin dəyəri olaraq 36.084 manat və dəbbə olaraq 4.690,92 manat, o cümlədən mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş 212,32 manat olmaqla, cəmi 40.987,24 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən İddiaçı (icraçı)” Görülmüş işin təhvil-təslimi barədə” xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli aktlarla 2020-ci ilin yanvar ayından 2020-ci ilin dekabr ayı daxil olmaqla 12 aylıq işi sifarişçi "xxxx" ASC-yə təhvil vermişdir. Hər akt üzrə 3007 manat olmaqla, cəmi 36.084 manat dəyərində iş icra olunmuşdur. Həmin aktlar üzrə cavabdeh (sifarişçi) iddiaçıya (icraçıya) işin dəyərini ödəməli olduğu halda, öhdəliyini lazımi qaydada icra etməmişdir. Bu səbəbdən cavabdeh "xxxx" ASC-dən 36.084 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Eyni zamanda özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirildiyi üçün Mərkəzi Bankın uçot dərəcəsi üzrə 6.5 % olmaqla ((36084*6.5%)x2 il) 4.690,92 manat, mediasiya xərci və dövlət rüsumu olaraq ödənilmiş 212,32 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-302/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 36.084 manat məbləğində pul vəsaitinin, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 180 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X1 ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 449.1, 462-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.

7. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-302/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmuş hissəsində rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilən işlərin görülməsi barədə aktlar əlavə edilsə də, həmin aktların imzalar hissəsində böyük şübhələr mövcuddur. Belə ki, həmin aktlar tərəfdə olsa da, korporasiyada onun nüsxəsi aşkar edilməmişdir.

9. Eyni zamanda elektron məhkəmə sistemində həmin aktların surətləri əlavə edilmişdir. Cavabdehin nümayəndəsinin iştirakı təmin edilmədiyindən qanunvericiliyin bu prinsipi pozulmuş və ədalətsiz məhkəmə qərarının qəbul edilməsinə səbəb olmuşdur.

10. Qeyd edilən aktlarda imzaların korporasiyanın baş direktoruna məxsus olubolmamasını müəyyən etmək üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin etməli idi.

11. Məhkəmə iddianı təmin etməmişdən öncə aktlarda imzanın nümayəndəyə məxsus olmasını müəyyən etmək üçün ekspertiza təyin etməli idi. Eyni zamanda aktları nümayəndə imzalamışdır. Məhkəmə nümayəndənin imza səlahiyyətini təsdiq edən etibarnaməni tərəfdən tələb etməmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, birincisi, məhkəmədən öncəki prosedur çərçivəsində və mediasiya sessiyasında məktublar sifarişli poçt vasitəsi və elektron qaydada cavabdehə təqdim edilmiş, dəvət edilmiş, lakin iştirak etməkdən imtina edən cavabdeh, məhkəmə icraatı çərçivəsində elektron kabinet, onlayn kargüzarlıq qaydasında məhkəmə bildirişi təqdim edilsə də, qəsdən işi yubandırmaq məqsədi ilə məhkəmədə iştirak etməmişdir. Əks halda necə ola bilərdi ki, qətnamədə elektron kabinet vasitəsilə təqdim edilmiş olduğu halda əldə etmiş və müddət ötürmədən apellyasiya şikayəti vermişdir.

13. İkincisi, prosessual norma mülki işlər üzrə məhkəmə icraatının elektron kabinet vasitəsi ilə həyata keçirilməsi tələb edir ki, bu da birinci instansiya məhkəməsi tərəfindən prosessual normanın tələblərinin pozulmadığını ehtiva edir.

14. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə ASFX18/334 saylı bağlanmış xidmət müqaviləsinə əsasən görülmüş işlərin təhvil-təslimi barədə aktlara əsasən sifarişçi tərəfindən təhvil alınmışdır. Aktlar sifarişçinin imzası və möhürü ilə təsdiqlənmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

21. Mülki Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

23. Həmin qaydaların 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

24. 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

25. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Mülki Prosessual Məcəllənin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.

28. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 36.084 manat məbləğində pul vəsaitinin tutulması hissələrində əsaslıdır.

31. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı (icraçı) ilə "xxxx" ASC (sifarişçi) arasında bağlanmış 12 mart 2019-cu il tarixli ASFX18/334 saylı xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin Qazaxıstan Respublikasında icrasını həyata keçirdiyi “dövlət əhəmiyyətli A-27 Aktobe-Atıray-Rusiya Federasiyası sərhədi, 236-275-ci km” yolunun yenidən qurulması layihəsində süni qurğuların tikintisi üzrə işlərin həyata keçirilməsini öz üzərinə götürmüşdür.

32. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən sifarişçi icraçıya 1 ay üçün 3.050 manat xidmət haqqı ödəyir.

33. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ödəniş tərəflər arasında icra olunmuş işlər haqqında təhvil-təslim aktı imzalandıqdan sonra sifarişçi tərəfindən hər növbəti ayın sonunadək bank köçürmə yolu ilə icraçıya ödənilir.

34. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən icraçı bu müqavilə üzrə işlərin icrasına 12 mart 2019-cu il tarixdən başlayacaqdır.

35. Həmin müqavilənin 13.8-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan hüquqi qüvvəyə minir və 3 ay müddətinədək qüvvədə qalır. Müqavilə müddətinin bitməsinə 1 həftə qalmış tərəflərdən biri, digərinə müqaviləyə xitam verilməsi barədə yazılı müraciət etməzsə, müqavilə eyni müddətə uzadılmış hesab edilir.

36. Müqavilə tərəflərin imzası və sifarişçinin möhürü ilə təsdiq edilmişdir.

37. xx.xx.2020-ci il - xx.xx.2020-ci il tarixli görülmüş işin təhvil-təslimi barədə aktlara əsasən xx.xx.2020 - xx.xx.2020-ci il dövrü ərzində hər ay 3007 manat dəyərində olmaqla, 12 akt üzrə cəmi 36.084 manat dəyərində xidmətlər sifarişçi tərəfindən təhvil alınmışdır. Aktlar sifarişçinin imzası, möhürü və icraçının imzası ilə təsdiq edilmişdir.

38. İddiaçı tərəfindən ümumilikdə 36.084 manat məbləğində olan xidmətlərin göstərilməsinə dair xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 613883 saylı, EBCL seriyalı, 613827 saylı, EBCL seriyalı, 613579 saylı, EBCL seriyalı, 613520 saylı, EBCL seriyalı, 613476 saylı, EBCL seriyalı, 613237 saylı, EBCL seriyalı, 613218 saylı, EBCL seriyalı, 613180 saylı, EBCL seriyalı, 613152 saylı, EBCL seriyalı, 613122 saylı, EBCL seriyalı, 613051 saylı və EBCL seriyalı, 612932 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə "xxxx" ASC-yə göndərilmişdir.

39. İddiaçı tərəfindən "xxxx" ASC-yə pretenziya məktubu göndərilərək ASC-dən xidmət müqaviləsi üzrə yaranmış 36.084 manat məbləğində borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq instansiyalara müraciət olunacağı bildirilmişdir.

40. Qeyd edilənlərdən müəyyən edilir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında 12 mart 2019-cu il tarixdə ASFX18/334 saylı xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək müqavilədə nəzərdə tutulmuş xidmətlər göstərmiş, xx.xx.2020xx.xx.2020-ci il dövrləri ərzində İddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri cəmi 36.084 manat təşkil etmişdir. Göstərilən hal iş materiallarına əlavə edilmiş ikitərəfli təhvil-təslim aktları, eləcə də cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaimələrlə öz təsdiqini tapır. Cavabdeh "xxxx" ASC xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arası dövrdə göstərilmiş xidmətlərin haqqını İddiaçı ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 36.084 manat məbləğində borcu yaranmışdır.

41. Belə olan halda birinci instansiya məhkəməsi, müqaviləyə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini təşkil edən – 36.084 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.

42. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdeh "xxxx" ASC iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət ediməmişdən əvvəl elektron q aydada pretenziya məhtubu ilə xəbərdar edilmiş, həmçinin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də elektron qaydada cavabdehə çatdırılmışdır. Cavabdeh həmçinin müdiasiya sessiyasında iştirak etmək üçün mediator tərəfindən də xəbərdar edilmişdir.

43. Bundan başqa birinci instansiya məhkəməsində 4 məhkəmə prosesi keçirilmiş, bütün məhkəmə prosesləri barədə cavabdeh mülki prosessual qanunvericiliyə uyğun olaraq kommersiya işləri üçün nəzərdə tutulmuş formada xəbərdar edilmiş, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

44. İddiaçı tərəfindən cavabdehə elektron qaimə-fakturalar göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən həmin elektron qaimələrə hər hansı etiraz etməyərək qəbul etmişlər.

45. Həmçinin iddiaçı tərəfindən təhvil-təslim aktlarının əslləri birinci instansiya məhkəməsinə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Həmin aktların onlarda akşar edilməməsi barədə cavabdehin gətirdiyi dəlillər isə inandırıcı olmamaqla yanaşı işin mahiyyətinə də təsir etməməkdədir.

46. Cavabdeh məhkəmə iclasları barədə birinci instaniya məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar edilmədiyini bildirsə də, vaxt itirmədən qətnamədən apellyasiya şikayəti vermişdir.

47. İş apellyasiya instansiya məhkəməsinin icraatında olduğu müddətdə 3 dəfə məhkəmə iclası təyin edilməsinə və məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh mülki prosessual qanunvericilikdə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq yenə də nümayəndəsinin iştirakını təmin etməmişdir.

48. Belə olduğu halda cavabdeh tərəfindən Mülki Prosessual Məcəllənin 209.3-cü maddəsinə zidd olaraq apellyasiya şikayətində aktlarda olan imzaların mübahisələndirilməsi də əsassızdır.

49. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi dövlət rüsumu və mediyasiya xərci olaraq 180 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir.

50. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

51. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-302/2023 saylı qətnaməsi mübahisələndirilən – cavabdehdən 36.084 manat məbləğində pul vəsaitinin, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 180 manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-302/2023 saylı qətnaməsi mübahisələndirilən – cavabdeh "xxxx" ASC-dən 36.084 manat məbləğində pul vəsaitinin, eləcə də mediasiya xərclərinin əvəzi olaraq 180 manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar