Məhkəmə qərarları › İş №2-2(103)-418/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-418/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-418/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-608/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 19 dekabr 2019-cu il tarixli CC********** saylı müqaviləyə əsasən, icraçı (iddiaçı) sifarişçiyə (cavabdeh) dünya üzrə DHL şirkəti şəbəkəsinin əhatə etdiyi ərazilərə sənədlərin və bağlamaların Aviaqaimənin arxa hissəsində göstərilən DHL Express xidmətlərinin şərtlərinə əsasən qəbul edilib nəql edilməsi və çatdırılması, xarici ölkələrdən Azərbaycan Respublikasına göndərilən sənədlərin və bağlamaların Bakıya nəql edilməsi və çatdırılması, sənədlərin və bağlamaların nəql edilməsi ilə bağlı digər xidmətlərin (gömrük rəsmiləşdirilməsi və s.), həmçinin digər hava nəqliyyatı əməliyyatlarının həyata keçirilməsi xidmətlərini təqdim etmişdir.

2. İddiaçı qeyd edilən müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdehin ümumilikdə 6131,16 manat məbləğində borcu yarandığını, cavabdeh isə sübut qismində müqaviləni və invoysları təqdim edilməsinə baxmayaraq, aviaqaimənin arxa hissəsində göstərilən DHL xidmətlərinin şərtlərinə əsasən sənədlərin və bağlamaların sifarişçi tərəfindən aviaqaimədə göstərilən alıcıya və ünvana çatdırılmasını sübut edən sənədlərin təqdim edilmədiyini bildirir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6131,16 manat xidmət haqqı borcu, 110 manat hüquqi yardıma görə ödəniş, 100 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında “Cəmiyyətə məxsus sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması xidmətinə dair” 19 dekabr 2019cü il tarixli, CC********** saylı müddətsiz Xidmət Müqaviləsi bağlanmışdır. Müqavilənin 4.3cü bəndinə əsasən Şirkət tərəfindən yerinə yetirilən sənədlərin və bağlamaların göndərilməsi və çatdırılması haqqının ödənilməsi İcraçı tərəfindən tərtib edilmiş avans invoysu əsasında həyata keçirilir. Xidmət tam istifadə edildikdən sonra qaimə faktura və hesab faktura tərtib edilir. Lakin Müqavilənin qeyd olunan bəndinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, təqdim edilmiş 26 oktyabr 2021-ci il tarixli TC 667\21 saylı hesab-faktura ilə 2021-ci ilin oktyabr ayında göstərilmiş xidmət üçün cvabadehə verilmiş invoys üzrə 1716,45 manat; təqdim edilmiş 21 dekabr 2021-ci il tarixli TC 809\21 saylı hesab-faktura ilə 2021-ci ilin dekabr ayında göstərilmiş xidmət üçün cavabdehə verilmiş invoys üzrə 4414,71 manat, cəmi 6131,16 məbləğində xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi Şirkətə ödənilməmişdir. Nəticədə Şirkətə xeyli ziyan vurulmuşdur. Müqavilənin 5.2-ci maddəsinə görə cavabdeh şirkətin xidmət haqqının vatında ödənilməsinə görə məsuliyyət daşıyır.

5. İddia ərizəsinə etiraz daxil olmamışdır.

6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-608/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC-dən 6131,16 (altı min bir yüz otuz bir manat on altı qəpik) manat əsas borc, 110 (bir yüz on) manat hüquqi yardıma görə çəkilmiş xərc, ümumilikdə 6241,16 (altı min iki yüz qırx bir manat on altı qəpik) manat məbləğində pulun və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

7. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-608/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin 3.1-ci bəndinə əsasən icraçı aşağıda qeyd olunan şərtləri yerinə yetirəyi öz üzərinə götürür: Sifarişçidən göndərişin DHL Expressin xidmət göstərdiyi ərazilərdə qəbul edilməsi və DHL şəbəkəsi üzrə göndərişin həyata keçirilməsi; Aviaqaimənin arxa hissəsində göstərilən DHL xidmətlərinin şərtlərinə əsasən sənədlərin və bağlamaların sifarişçi tərəfindən aviaqaimədə göstərilən alıcıya və ünvana çatdırılmasını təmin etmək; Lakin sənədlərin çatdırılması təmin olunmamışdır. O, səbəbdən ki, iddiaçı lazımi sənədləri cəmiyyətə təqdim etməmişdir (avioqaimə və sair sənədlər).

9. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır.

10. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Buna baxmayaraq iddiaçı cavabdehə iddia ərizəsini, pretenziyanı və digər sənədləri elektron qaydada göndərməmişdir. Məhkəmə bu halı nəzərə almamış və nəticədə prossesual pozuntu baş vermişdir.

11. Tərəf sübut qismində müqaviləni və invoysları təqdim etməsinə baxmayaraq Aviaqaimənin arxa hissəsində göstərilən DHL xidmətlərinin şərtlərinə əsasən sənədlərin və bağlamaların sifarişçi tərəfindən aviaqaimədə göstərilən alıcıya və ünvana çatdırılmasını sübut edən sənədləri təqdim etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında “Cəmiyyətə məxsus sənədlərin və bağlamaların nəql edilməsi və çatdırılması xidmətinə dair” 19 dekabr 2019-cu il tarixli, CC********** saylı müddətsiz Xidmət Müqaviləsi bağlanmışdır. X2 Əmirliyinə daşınmışdır. Qaimə-faktura tərəfə təqdim olunub, qəbul edib, imzalamışlar. Yeni qanunvericiliyin tələbinə əsasən 5 gün müddətində etiraz olunarsa mübahisələndirilə bilər. Lakin etiraz bu müddət ərzində daxil olmamışsa, qəbul edilmiş sayılır. 2021-ci ildən bu günə kimi heç bir etiraz olmamışdır. Cavabdeh tərəf daha əvvəl müəyyən ödənişlər etmişlər. İş materiallarında buna dair sənədlər var. 2 qaimə üzrə ödəniş olmamışdır. Elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir. Həm qaimə, həm faktura vermişlr. Ödənişlər də bu qaydada olmuşdur.

14. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

18. Həmin məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

19. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

20. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

21. Həmin məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. ...”

24. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. ...”

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

26. Həmin qaydaların 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

27. 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

28. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

29. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Mülki Prosessual Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

31. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

32. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.

33. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

36. Tərəflər arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli CC********** saylı müqavilənin predmeti ondan ibarətdir ki, “İcraçı” (iddiaçı) “Sifarişçi”yə (cavabdeh) aşağıda qeyd olunmuş xidmətləri təqdim edir: - Dünya üzrə DHL şirkəti şəbəkəsinin əhatə etdiyi ərazilərə sənədlərin və bağlamaların aviaqaimənin arxa hissəsində göstərilən DHL Express xidmətlərinin şərtlərinə əsasən qəbul edilib nəql edilməsi və çatdırılması. - Xarici ölkələrdən Azərbaycan Respublikasına göndərilən sənədlərin və bağlamaların Bakıya nəql edilməsi və çatdırılması. - Sənədlərin və bağlamaların nəql edilməsi ilə bağlı digər xidmətlər (gömrük rəsmiləşdirilməsi və s.). - Digər hava nəqliyyatı əməliyyatları.

37. Müqavilənin 3.1-ci bəndinə əsasən “İcraçı” aşağıda qeyd olunan şərtləri yerinə yetirməyi öz üzərinə götürür: - “Sifarişçi”dən göndərişin DHL Express-in xidmət göstərdiyi ərazilərdə qəbul edilməsi və DHL şəbəkəsi üzrə göndərişin həyata keçirilməsi (“İcraçı”nın iş saatları ərzində və Aviaqaimənin arxa hissəsində göstərilən DHL xidmətlərinin şərtlərinə əsasən). - Aviaqaimənin arxa hissəsində göstərilən DHL xidmətlərinin şərtlərinə əsasən sənədlərin və bağlamaların “Sifarişçi” tərəfindən aviaqaimədə göstərilən alıcıya və ünvana çatdırılmasını təmin etmək. - “Sifarişçi”dən sənədlərin və bağlamaların qəbul edildiyi andan göstərilən ünvana çatdırılmasına qədər olan müddət ərzində sənədlərin və bağlamaların təhlükəsizliyini təmin etmək.

38. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən “Sifarişçi” “İcraçı”ya göstərilmiş xidmətin haqqını, “İcraçı” tərəfindən tərtib edilmiş avans invoysu əsasında həyata keçirir. Xidmət tam istifadə edildikdən sonra qaimə faktura və hesab faktura tərtib edilir.

39. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən ödəniş Azərbaycan Respublikasının milli valyutası ilə Azərbaycan Respublikası Mərkəzi Bankının xidmət göstərilmiş gününə Avro-manat məzənnəsi ilə həyata keçirilməlidir.

40. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş TC 667/21 nömrəli xx.xx.2021-ci il tarixli hesab-fakturaya əsasən 1716,45 manat, TC 809/21 nömrəli xx.xx.2021-ci il tarixli hesab-faktuaya əsasən 4414,71 manat xidmət haqqı ödənilməlidir.

41. İddiaçı tərəfindən cavabdehə EBBL 325013 nömrəli xx.xx.2021-ci il tarixli (1716,45 manat), EBBO 475943 nömrəli xx.xx.2021-ci il tarixli (4414,71 manat) elektron qaimələr təqdim göndərilmişdir.

42. İddiaçı xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək, TC 667/21 nömrəli xx.xx.2021-ci il tarixli hesab-fakturaya əsasən 1716,45 manat, TC 809/21 nömrəli xx.xx.2021-ci il tarixli hesab-faktuaya əsasən 4414,71 manat, cəmi 6131,16 manat xidmət haqqının 10 gün müddətində ödənilməsini xahiş etmişdir. Məktub xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir.

43. Hazırda iddiaçı cavabdehə 6131,16 manat məbləğində göstərilmiş xidmətlərin dəyərinin ödənilmədiyini iddia edir, cavabdeh isə həmin dəyərdə xidmətin cavabdehə göstərildiyini qəbul etmir.

44. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında da əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

45. İşin müəyyən edilmiş hallarından, eyni zamanda qeyd olunan müqavilənin 4.3-cü bəndindən göründüyü kimi tərəflər arasında işlərin təhvil-təslimi qaimə faktura və hesab faktura göndərilməsi ilə rəsmiləşdirilmişdir.

46. İddiaçı tərəfindən ilk öncə xx.xx.2021-ci il tarixi TC 667/21 saylı və xx.xx.2021-ci il tarixli TC 809/21 saylı hesab-fakturalar tərtib edilərək cavabdehə göndərilmiş və həmin hesab-fakturalar müvafiq olaraq xx.xx.2021 və xx.xx.2021 tarixlərdə qəbul edilmişdir.

47. Həmin hesab-fakturalar üzrə xx.xx.2021-ci il tarixdə 325013 saylı, xx.xx.2021-ci il tarixdə isə 475943 saylı elektron qaimə-faktura göndərilmişdir. Həmin elektron qaimələrdə göstərilən məlumatlarla bağlı elektron qaiməyə düzəliş edilməsi və ya ləğv edilməsi halları iş materialları ilə müəyyən olunmur, eyni zamanda cavabdeh tərəfindən bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmin qaimələr cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir.

48. Cavabdehin xidmət göstərilməməsi və müqaviləyə əsasən, aviaqaimənin arxa hissəsində göstərilən DHL xidmətlərinin şərtlərinə əsasən sənədlərin və bağlamaların sifarişçi tərəfindən aviaqaimədə göstərilən alıcıya və ünvana çatdırılmasını sübut edən sənədlərin təqdim edilməməsi barədə arqumentlərinə münasibətdə kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli TC 744/20 saylı və xx.xx.2020-ci il tarixli TC 768/20 saylı hesab-fakturalar müvafiq olaraq xx.xx.2020 və xx.xx.2020 tarixlərdə cavabdeh tərəfindən qəbul edilmiş, həmin hesab-fakturalar üzrə ümumilikdə ödənilməli olan 3661.58 manat iddiaçıya ödənilmişdir.

49. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin 6131,16 manat dəyərində işlərin görülməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə işlərin görülməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi, habelə tərəflər arasında Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə istinadn belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə əsasən sifariş verilmiş 6131,16 manat dəyərində görülmüş işlər iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

50. Həmin müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə cavabdehin ümumilikdə 6131,16 manat məbləğində borcu yaranmışdır.

51. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi 110 manat hüquqi yardıma görə çəkilmiş xərcin və 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.

52. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat özünə aid edilməlidir.

53. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

54. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

55. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-608/2023 saylı, 15 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar