Məhkəmə qərarları › İş №2-2(103)-421/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-421/2023

12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-421/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkətinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-133/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8234,85 ABŞ dolları və ya Mərkəzi Bankın xx.xx.2022-ci il tarixinə olan məzənnəsinə görə 14000 manat əsas borcun, 2100 manat cərimə sanksiyasının, 385 manat vəkilə ödənilən məbləğin və 200 manat dövlət rüsumunun tutularaq iddiaçı “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, o, 26 avqust 2019-cu il tarixli, “nömrəsiz” müqaviləyə əsasən Cavabdeh 8234,85 ABŞ dolları məbləğində sintetik kompleks saplardan ibarət parça satmışdır. Cavabdeh həmin malları **********8759 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən qəbul etmişdir. Lakin bu günədək cavabdeh aldığı malların müqabilində 8234,85 ABŞ dolları (və ya Mərkəzi Bankın xx.xx.2022-ci il tarixinə olan məzənnəsinə görə 14000 manat) məbləğinin iddiaçıya ödənilməsini təmin etməmişdir. Nəticədə cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozmuşdur. Cavabdeh pul məbləğinin ödənişi ilə bağlı öhdəliyini pozduğuna görə iddiaçı borc məbləğinin illik 5% miqdarında, yəni 3 il ərzində borcunu qaytarmadığına görə 2100 manat məbləğində cərimə hesablamışdır.

3. Cavabdeh iddiaya etiraz edir və izahatında tərəflər arasında alqı-satqı müqaviləsinin mövcud olmamasını, iddiaçının təqdim etdiyi müqavilədə imzanın cavabdehə məxsus olmamasını, hazırki mübahisənin qanuni əsasını əsassız varlanma ilə bağlı müddəaların təşkil etdiyini, eyni zamanda tərəflər arasında müqaviləyə tətbiq edilməli hüquq barədə razılığın əldə edilmədiyindən “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci maddəsinə əsasən əsassız varlanma nəticəsində yaranmış öhdəliklərə belə varlanmanın baş verdiyi dövlətin hüququnun tətbiq olunduğunu qeyd edərək, mübahisənin Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməklə və kəsici müddət tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü iltarixli e-2-2(113)-133/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

5. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında hər hansı alqı-satqı ilə bağlı niyyət anlaşması olmamış, sözügedən müqavilələr cavabdeh tərəfindən imzalanmamış, cavabdehin adına malların gəlməsindən sonuncunun yalnız gömrük rəsmiləşdirilməsindən sonra xəbəri olmuş, həmin malları hazırda cavabdehlə aralarında məhkəmə mübahisələri olan Turan və Hasan Ak qardaşları Azərbaycan Respublikasına idxal etmiş, həmin vaxt cavabdehlə şərik fəaliyyətləri və cavabdehin oğlu Rəşad Babayevlə dostluq münasibətləri olmasından istifadə edərək Rəşad Babayevin vasitəsilə parçaları gömrük sərhəddindən çıxarmışlar. Bundan xəbər tutan cavabdeh parçaları özünə məxsus Gəncə şəhəri, M.C.Paşayev 72 ünvanında yerləşən 5 otaqlı mənzilin otaqlarından birinə yığmış və açarla ağzını kilidləmiş, mənzilin digər otaqlarında həmin vaxt Turan və Hasan Ak qardaşları, həmçinin Nihat adlı şəxs yaşamış, sonradan Turan və Hasan Akın göstərişi ilə parçalar olan otaqların kilidi qırılaraq həmin parçalar divan istehsalında istifadə edilmişdir. Hazırkı iddiaçı müəssisənin sahibi Selma adlı şəxs bir neçə il əvvəl Türkiyə Respublikasında Turan və Hasan Akın işçisi olmuş, məhz Turan Akla Cavabdeh arasında məhkəmə mübahisələri başladıqdan və Turan Akın ziyanına məhkəmə qətnamələri qəbul oldunduqdan sonra Turan Akın göstərişi və təlimatı əsasında hazırki iddia qaldırılmışdır. Reallıqda tərəflər arasında hər hansı alqı-satqı münasibətləri baş tutmamış, malları Azərbaycan Respublikasına gətirilməsindən və gömrük rəsmiləşdirilməsindən cavabdehin xəbəri olmamışdır. Mübahisə predmeti olan parçaların Gəncə şəhəri, M.C.Paşayev 72 ünvanında yerləşən 5 otaqlı mənzildən oğurlanması ilə bağlı cavabdeh tərəfindən Gəncə şəhər Baş Polis İdarəsinə verilmiş ərizə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı Aqil Əliyevə həvalə olunmuş, o isə hər hansı araşdırma aparmadan, sübutlara qiymət vermədən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul etmişdir. Həmin qərarda izahatı alınan Ak Turan və Ak Hasan izahatda bildirmişlər ki, parçadan onlar istifadə edərək divan istehsal etmişlər və Cavabdeh məxsus mağazalara satmışlar. Eləcə də, material üzrə izahatı alınmış Zaur Əşrəfov və Asəf Məmmədov parçaları Nihat Bayramın tapşırığı ilə fabrikə gətidiklərini və fabrikdə istifadə etdiklərini bildirmişdir. Nihat Bayram isə parçaların Cavabdeh direktor olduğu dövrdə fabrikə gətirilərək divan istehsalında istifadə edildiyini bildirmişdir. Həmin qərardan Cavabdeh tərəfindən Gəncə şəhər porkuroruna verilmiş şikayət təmin edilmiş, Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar ləğv edilərək əlavə araşdırılma aparılması üçün Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nə göndərilmişdir. Hal-hazırda istintaq davam edir.

7. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə iddiaçı tərəfindən təqdim edilmiş tarixsiz və Dövlət Gömrük Komitəsinə edilmiş sorğuya uyğun olaraq sonuncu tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli müqavilələrdə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt pozulmuşdur. Belə ki, faktiki olaraq Cavabdehlə iddiaçı arasında hər hansı alqı-satqı ilə bağlı niyyət anlaşması olmamış, sözügedən müqavilələr Cavabdeh tərəfindən imzalanmamış, onun adına malların gəlməsindən sonuncunun yalnız gömrük rəsmiləşdirilməsindən sonra xəbəri olmuşdur. Lakin məhkəmə sözügedən hissədə araşdırma aparmamış, tərəflər arasındakı münasibətlətin əsl xarakterini müəyyən edə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

11. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

12. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

13. Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.

14. Həmin Məcəllənin 443.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır:

15. 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda;

16. 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə.

17. Həmin Məcəllənin 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır.

18. Həmin Məcəllənin 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər.

19. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.

20. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur.

21. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.

22. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

25. Belə ki, hazırkı mübahisə xarici elementli olduğundan (iddiaçı xarici ölkədə MMC kimi qeydiyyata alınmış xarici ölkənin şirkəti olduğundan, eləcə də mübahisə xarici ölkədə bağlanılmış təchizat (alqı-satqı) müqaviləsindən irəli gəldiyindən) birinci instansiya məhkəməsi düzgün olaraq ilk növbədə hazırkı Azərbaycan Respublikası Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmamasını müəyyən etmişdir.

26. İşin hallarından görünür ki, mübahisə “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti ilə Cavabdeh arasında bağlanılmış təchizat (alqı-satqı) müqaviləsindən irəli gəlir. Həmin müqaviləyə görə tərəflər müqavilə ilə bağlı yaranacaq mübahisələrin həlli üzrə hər hansı şərtləri barədə razılaşmamışlar. Hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən fərdi sahibkar kimi qeydiyyatdan keçmiş (VÖEN-i olan), yaşadığı yer Azərbaycan Respublikası olan fiziki şəxs Cavabdehdur.

27. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər hazırkı mübahisəyə Azərbaycan Məhkəmələrində baxılmalı olması barədə razılığa gəlməsələr də, MPM-in yuxarıda istinad olunan normalarına əsasən Azərbaycan Respublikası məhkəmələri hazırkı mübahisəyə baxmaqda haqlıdırlar.

28. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır.

29. Bununla bağlı qeyd edilir ki, tərəflər mübahisəli müqavilədə həmin müqavilədən irəli gələn mübahisələrin hansı dövlətin hüququnun əsasında həll edilməli olması ilə bağlı şərt nəzərdə tutmamışlar.

30. Belə olan halda müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığından “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun istinad olunan normalarına görə alqı-satqı müqaviləsindən irəli gələn hazırkı mübahisəyə tətbiq edilməli olan hüquq satıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin, yəni Türkiyə Respublikasının hüququ tətbiq edilir.

31. Birinci instansiya məhkəməsi “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görmüşdür.

32. Belə ki, birinci instansiya məhkəməsi Türkiyə Respublikasının müvafiq sahədə hüquq normalarının məzmununu müəyyən edən sənədləri məhkəməyə təqdim edilməsini iddiaçı tərəfə təklif etmiş, eyni zamanda Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət edərək, alğı-satqı müqaviləsi haqqında ümumi müddəaları, eləcə də mülki hüquq münasibətlərində öhdəliyinin icra edilməsi vaxtı və yeri, müqavilə üzrə dəbbə pulunun tutulması qaydası və əsasları barədə müddəaları əhatə edən Türkiyə Respublikasının mülki hüquq qanunvericiliyindən çıxarışların Azərbaycan dilinə tərcümə olunmuş lazımi qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsini xahiş etsə də, məhkəmənin sorğusuna cavab məktubu məhkəməyə daxil olmamışdır.

33. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsaslanaraq məhkəmə düzgün olaraq hesab etmişdir ki, hazırkı halda Azərbaycan Respublikasının mülki qanunvericiliyi tətbiq edilməlidir.

34. Mübahisənin mahiyyətinə dair isə kollegiyanın mövqeyi aşağıdakı kimidir.

35. İddiaçı “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti təchizat (alqı-satqı) müqaviləsi əsasında xx.xx.2019-cu il tarixli 741844 nömrəli hesab-fakturaya (commercial invoice) əsasən Cavabdeh mallar təqdim etdiyini, lakin cavabdehin təqdim edilmiş malın dəyəri olan 8.234,85 ABŞ dolları məbləğində borcunun ödənilməmiş qaldığını əsas göstərərək həmin borcun cavabdehdən tutulmasını tələb edir.

36. Cavabdeh isə iddiaçı ilə aralarında hər hansı alqı-satqı münasibətlərinin yaranmadığını, bağlanmış müqavilədən xəbərsiz olduqlarını və hər iki müqavilədəki imzanın məxsus olmadığı bu və onun adına mal idxalı barədə yalnız gömrük rəsmiləşməsindən sonra xəbər tutduğunu əsas göstərərək iddia rədd edilməsini tələb edir.

37. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılıb-bağlanılmaması mübahisəlidir.

38. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ******* nömrəli mənşə sertifikatından görünür ki, 64 ədəd qablaşdırılmış (çəkisi 1.900 kq) olan malın (Upholstery (üzlük)) mənşə ökəsi Türkiyə Respublikası, yükgöndərən “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti, yükalan isə Cavabdehdur.

39. xx.xx.2019-cu il tarixli qablaşdırma siyahısından (packing list) görünür ki, 64 ədəd qablaşdırılmış (çəkisi 1.900 kq) olan 2667 ədəd Upholstery (üzlüyün) ixracatçısı - “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti, idxalçısı - Cavabdehdur).

40. xx.xx.2019-cu il tarixli 741844 nömrəli hesab-fakturadan (commercial invoice) görünür ki, “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti tərəfindən təqdim edilmiş malın (2667 ədəd və 1 ədədin qiyməti 3,09 ABŞ dolları olan Upholstery (üzlük)) ümumi dəyəri 8.234,85 ABŞ dolları təşkil edir (ixracatçı - “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti, idxalçı - Cavabdehdur).

41. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş **********8759 saylı, xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinə əsasən müəyyən edilir ki, göndərən (ixracatçı) “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti tərəfindən malı qəbul edən (idxalatçı) Cavabdeh ünvanlanmış invoys dəyəri 8.234,85 ABŞ dolları olan 64 qablaşdırma, 2667 ədəd sintetik kompleks saplardan parçalar: çap olumuş Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək Cavabdeh adına rəsmiləşdirilmişdir.

42. Qeyd olunan sənədlərdən də görünür ki, mübahisə predmeti olan mallar Cavabdeh adına Azərbaycan Respublikasına idxal edilmiş, gömrük rəsmiləşdirilməsindən keçirilmiş və gömrükdə Cavabdeh səlahiyyətli nümayəndəsi (oğlu X2) tərəfindən təhvil alınmaqla qəbul edilmişdir.

43. Məhkəmə kollegiyası hesab edir ki, bu hal, o cümlədən cavabdehin nümayəndəsinin malları gömrük rəsmiləşdirilməsindən keçirərkən müvafiq alqı-satqı müqaviləsini və invoysu gömrük orqanına təqdim etməsi faktları cavabdehin istinad etdiyi alqı-satqı müqaviləsindən xəbəri olmaması barədə dəlilləri təkzib etməklə yanaşı tərəflər arasında alqı-satqı münasibətlərinin mövcudluğuna dəlalət edir.

44. Göstərilən halların nəzərə alan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış yazılı alqı-satqı müqaviləsindəki imzanın cavabdehə məxsus olmaması barədə dəlillər inandırıcı görünür. Eyni zamanda göstərilən halın öz təsdiqini tapması ehtimal olunduğu halda da hazırkı iddianın rədd edilməsi üçün əsas vermir. Belə ki, tərəflər arasında yazılı alqı-satqı müqaviləsi olmasa belə, cavabdehin nümayəndəsinin alqısatqı müqaviləsini, eləcə də alqı-satqının predmeti barədə zəruri məlumatları və qiymətini əks etdirən invoysu gömrük orqanına təqdim etməklə malları götürməsi tərəflər arasında mübahisəli malın alqı-satqısı ilə bağlı müqavilənin mühüm şərtləri barədə razılığa gəlməsini, yəni tərəflər arasında mübahisəli malların alqı-satqısına dair şifahi alqı-satqı müqaviləsinin bağlanmasını sübut edir.

45. İddiaçı tərəfindən məhkəmə təqdim edilmiş alqı-satqı müqaviləsində malın gömrük dəyəri 8.000 ABŞ dolları müəyyən edildiyi halda hazırda iddiaçının həmin mallara görə 8.234,85 ABŞ dolları tələb etməsi məsələsinə gəldikdə Cavabdeh nümayəndəsi tərəfindən gömrük orqanına təqdim edilmiş müqavilə və invoysda malın qiymətinin 8.234,85 ABŞ dolları məbləğində müəyyən edilməsi, eləcə də gömrük bəyannamnəsində malın gömrük dəyərinin eyni məbləğdə göstərilməsi cavabdehin malı sözügedən qiymətə alınmasına razılıq verməsini sübuta yetirir.

46. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də tərəflər arasında hər hansı alqı-satqı müqaviləsi bağlanmasaydı, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş malları qəbul etməz, eyni zamanda yuxarıda qeyd olunan sənədləri gömrük orqanına təqdim etməzdi.

47. Bu mənada kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə 8234,85 ABŞ dolları dəyərində satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.

48. Ona görə də kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 8234,85 ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

49. Həmçinin kollegiya qeyd edir ki, illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblərin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.

50. Həmin maddənin tələblərini, malların cavabdehə təhvil verilməsi və iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı 3 il üçün pul öhdəliyinin gecikdirilməsinə görə hesablanmış 2100 manat məbləğində faizlərin ödənilməsini tələb etməkdə haqlıdır (8.234,85 ABŞ dolları x 1,7 = 14.000 manat, 14.000 x 5% = 700 x 3 il = 2.100 manat).

51. Cavabdeh dəlilləri isə məhkəmənin yuxarıda qeyd olunan əsaslandırmasına görə əsassızdır. Həmçinin kollegiya qeyd edir ki, Mülki Məcəllənin alqı-satqı ilə bağlı münasibətləri tənzimləyən 29-cu fəslinin 1-ci paraqrafında daşınar əşyanın alqı-satqı müqaviləsinin mütləq qaydada yazılı formada bağlanmasını nəzərdə tutan hər hansı imperativ norma mövcud deyildir. Bu isə onu deməyə imkan verir ki, daşınar əşyaların (rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar istisna olmaqla) alqı-satqı müqaviləsi şifahi formada da bağlanıla bilər. Bu baxımdan qeyd edilir ki, iddiaçının təqdim etdiyi alqı-satqı müqaviləsindəki imzanın cavabdehə məxsus olubolmamasının müəyyən edilməsinin işin həlli baxımından hər hansı əhəmiyyəti yoxdur. Eyni zamanda işin yuxarıda müəyyən edilən faktiki hallarından görünür ki, mübahisə predmeti olan mallar cavabdehin adına Azərbaycan Respublikasına idxal edilmiş, gömrük rəsmiləşdirilməsindən keçirilmiş və cavabdehin səlahiyyətli nümayəndəsi oğlu Rəşad Babayev tərəfindən təhvil alınmaqla qəbul edilmişdir. Bu hal, həmçinin cavabdehin nümayəndəsinin malları gömrük rəsmiləşdirilməsindən keçirərkən müvafiq alqı-satqı müqaviləsini və invoysu gömrük orqanına təqdim etməsi faktları cavabdehin istinad etdiyi alqı-satqı müqaviləsindən xəbəri olmaması barədə dəlilləri təkzib etməklə yanaşı tərəflər arasında etibarlı alqı-satqı münasibətlərinin mövcudluğuna dəlalət edir. Həmçinin işdə olan sənədlərdən görünür ki, mübahisəli mallar apellyasiya şikayətində qeyd olunduğu kimi Turan və Hasan Ak qardaşları tərəfindən deyil, məhz iddiaçı “Selma Turanoğlu ve ortağı N Tarz Koltuk” şirkəti tərəfindən göndərilmişdir. Cavabdehin istinad etdiyi digər hallar isə heç bir sübutla öz təsdiqini tapmır. Əksinə, Gəncə şəhər BPl-nin 1-ci Polis Şöbəsinin cinayət İşi başlanmasının rədd edilməsi haqqında 13 noyabr 2022-ci il tarixli qərarına əsasən müəyyən olunur ki, Cavabdeh öz ərizəsində bildirmişdir ki, “Həmin parçalar Türkiyə Respublikasından ona göndərilmiş, parçaları, aparıb M.C.Paşayev küçəsi 72 ünvanındakı evə Səbuhi Quliyev tərəfindən yığılmışdır, lakin onun icazəsi olmadan onlar həmin parçaları orada oğurlayaraq bir qisimini istifadə etsələr də, bir qismini isə hara apardıqlarını bilmir. Onunla birlikdə işlədiklərinə görə və ona məxsus evdə qaldıqlarına görə müvəqqəti olaraq istifadə etmək üçün vermişdir. Onların həmin parçadan istifadə etmək hüquqları yoxdur, həmin parçalar ona məxsus olmuş, Türkiyə Respublikasından da onun adına göndərilmişdir, bunu da gömrük bəyannaməsi təsdiqləyə bilər. Qoymağa yeri olmadığı üçün və həmin evə ona məxsus olduğuna görə orada bir otağa yığdırıb qapısını da bağlamışdır”. Göründüyü kimi cavabdeh hazırda iddianı inkar etsə də, hazırki alqı-satqı müqaviləsinin predmeti olan parçaların Türkiyə Respublikasından onun adına göndərildiyini, bunu gömrük bəyannaməsinin təsdiqlədiyini və həmin malları qəbul etdiyini Gəncə şəhər BPl-nin 1ci Polis Şöbəsinə verdiyi ərizədə etiraf etmişdir.

52. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

53. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-133/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar