Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-422/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə Açar söz: lizinq müqaviləsi üzrə mübahisə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)- 473/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İş materiallarından görünür ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnhikasının lizinqə verilməsi barədə 30 may 2018-ci il tarixli 693-L/18 nömrəli müqaviləyə əsasən lizinq verən ümumi məbləği 192000 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfati texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir.
2. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən spesifikasiyada göstərilən 19.200 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişi yerinə yetirməzsə lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. 3.30 may 2018-ci il tarixli 693-L/18 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, 192000 manat məbləğində Sampo Rosenlew SR-2065 markalı kombayn taxılyığan ilkin ödənişi 19200 manat olmaqla cavabdehə verilir.
4. 30 may 2018-ci il tarixli 693-L/18 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikinə əsasən 2018-2028-ci illər üzrə cavabdeh tərəfindən rüblər üzrə ödənilməli məbləğlər öz əksini tapmışdır.
5. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 31 may 2018-ci il tarixli 298 nömrəli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli 2883/ü əmri əsasında saz, nizamlanmış və komplekt halda bazadan lizinq alana təhvil verilmişdir.
6. xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə cəmi 32.250 manat ödənilmiş, 25.920 manat müqavilə üzrə borcu, 6.117,12 manat cərimə üzrə borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 693-L/18 nömrəli müqavilə üzrə yaranmış 25920 manat gecikdirilmiş əsas borc və 6117.12 manat cərimə borcunun, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manatın, hüquqi yardımla bağlı ödənilmiş 300 manatın, cəmi: 32,537.12 manat pul vəsaitinin cavabehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 693-L/18 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli 693-L/18 nömrəli müqavilə üzrə 25920.00 (iyirmi beş min doqquz yüz iyirmi) manat gecikdirilmiş əsas borcu və 6117.12 (altı min bir yüz on yeddi manat, 12 qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehə müvafiq pretenziya məktubu göndərilmiş, öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-473/2023 saylı saylı qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia qismən təmin edilmiş, cavabdehdən 25920.00 manat gecikdirilmiş əsas borc və 1000 manat cərimə borcu, hüquqi yardıma görə ödənilmiş 300 manat pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
11. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 30 may 2018-ci il tarixli 693-L/18 nömrəli lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış 30 may 2018-ci il tarixli 693-L/18 nömrəli nömrəli lizinq müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya lizinq müqaviləsi və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ verdiyindən iddia müqavilə üzrə borcun tutulması hissəsində əsaslı təmin edilmişdir.
13. İddiaçı eyni zamanda iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 30 may 2018-ci il tarixli 693-L/18 nömrəli lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış 6117.12 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
14. Məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
15. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə cavabdehdən tələb edilmiş cərimə məbləğini azaldılaraq 1000 manat məbləğində müəyyən etmişdir. İddia qismən təmin edildiyindən iddiaçının 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcinin və ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehə aid edilməsi qət edilmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-473/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddiainın rədd edilməsi barədə (tələb hissəsində texniki səhvə yol verilmişdir) yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 01.02. 2023-cü il tarixli, 2-2(113)-473/2023 saylı qətnaməsinin qəbul edildiyi vaxt cavabdehin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Bu da nəticədə ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi prinsipinin pozulmasına gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi iş üzrə araşdırmanı və ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Bakı Kommersiya Məhkəməsi qətnamə qəbul edərkən məhkəmə işi tam və obyektiv araşdırılmamışdır. Belə ki, bu iş üzrə Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)--1125/2020 saylı qətnaməsi də vardır. Həmin qətnamədə də cavabdeh-Cavabdeh 30245 manat əsas borcun tutularaq iddiaçı “Aqroservis “Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İşdən də göründüyü kimi Cavabdeh ünvan 1i ünvanında qeydiyyatda olmaqla Qaradolaq kəndində yaşayır. Yaşadığı ərazi Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxildir. Belə olan halda da bu iddiaya Şirvan Kommersiya Məhkəməsində baxılmalı idi. Bir sözlə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 01.02. 2023-cü il tarixli, 2-2(113)-473/2023 saylı qətnaməsi ərazi aidiyyatının pozulması ilə qəbul olunmuşdur. Bu hala isə qanunla yol verilmir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2023-cü il tarixə təyin edilmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
19. Cavabdehin nümayəndəsi və vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmişdir.
20. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi; 385.1-ci maddəsi- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2-ci maddə- əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 747.1-ci maddə- lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-10.1-ci maddə- lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 121.1-ci maddə- məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 119.1-ci maddə- məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddə- məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 14.2-ci maddə- məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 40.2-ci maddə- tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 21.Apellyasiya baxışının predmeti iddianın təmin edildiyi hissədir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-473/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdehin mübahisələndirdiyi hallardan biri qətnamənin ərazi aidiyyəti qaydaları pozulmaqla qəbul edilməsidir.
24. Mülki Prosessual Məcəllənin 40.2-ci maddəsi müqavilə münasibətlərində olan tərəflərə mübahisəli işin qanunla müəyyən edilmiş ərazi aidiyyətini yazılı sazişlə dəyişmək hüququ verir. Hazırkı halda tərəflər arasında bağlanan lizinq müqaviləsinin 8-ci bəndində nəzərdə tutulmuşdur ki, tərəflər meydana çıxan mübahisənin həlli üçün lizinq verənin yerləşdiyi ərazı üzrə aidiyyəti məhkəmələrə müraciət edə bilərlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşdiyindən Bakı Kommersiya Məhkəməsi iddia ərizəsini icraata qəbul edib baxmaqla mübahisənin ərazi aidiyyəti ilə bağlı prosessual normaların tələblərini pozmamışdır.
25. Cavabdehin digər dəlili ondan ibarətdir ki, məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Məhkəmə bununla bağlı araşdırma apararaq müəyyən etmişdir ki, iş materiallarında olan poçt reyestrlərinə əsasən cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər göndərildiyindən apellyasiya şikayətinin bu dəlili əsassız hesab edilir.
26. Cavabdeh apellyasiya şikayətində eyni zamanda qeyd edir ki, hazırda tələb edilən borcun tutulması ilə bağlı Şirvan Kommersiya Məhkəməsinin e-e2-2(121)- 1125/2020 qətnaməsi mövcuddur. Bu hal məhkəmə tərəfindən araşdırılaraq işdəki xx.xx.2022-ci il tarixli maliyyə arayışı, cərimənin hesablanması qrafiki, Şirvan Kommersiya Məhkəməsinin e-e2-2(121)-1125/2020 qətnaməsi və iddiaçının nümayəndəsinin izahatına əsasən müəyyən edilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin e-e2-2(121)-1125/2020 qətnaməsi ilə cavabdehdən 30 may 2018-ci il tarixli 693-L/18 nömrəli lizinq müqaviləsi üzrə 2020-ci ilin oktyabr ayına qədər yaranmış borc tutulmuş, hazırkı iş üzrə isə iddiaçı 2021-ci ilin ikinci rübündən sonra yaranmış borcu tələb etmişdir. Göründüyü kimi, əvvəl baxılan mübahisə üzrə lizinq borcunun tələb edildiyi dövr fərqli olduğundan qeyd edilən hal iddianın rədd edilməsi və ya icraata xitam verilməsi üçün əsas deyil.
27. . Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 473/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-473/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.