Məhkəmə qərarları › İş №2-2(103)-423/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-423/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-423/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kommersiya işi Açar söz: lizinq müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Guseinov Gasanın, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və zərərin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5653/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 28 dekabr 2022-ci il tarixli FAT- 318 nömrəli daxili lizinq müqaviləsinə əsasən lizinq verən lizinq alanın sifariş etdiyi 2022-ci il buraxılışlı, “Chevrolet Damas VAN” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı, ağ metal rəngli avtomobil muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, ödənişlər hər ayın 28-də ayda 347,88 manat olmaqla həyata keçirilməli idi.

2. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq müqaviləsinin əsas məbləği 15000 manat təşkil edir. Lizinq alan, bu müqavilə imzalandığı gün 2500 manat məbləğində lizinq ödənişini lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 2500 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 48 ay müddətində illik 15% həcmində mükafat məbləği hesablanır.

3. Müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3% dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir.

4. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli iddiaçının əməkdaşı Faiq Abbasəliyev və R.Haşumov adlı şəxs tərəfindən imzalanmış aktdan görünür ki, iddiçıya məxsus **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ orta qapı batıq vəziyyətdə Cavabdeh geri alınmışdır.

5. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Chevrolet Damas VAN” markalı 77- JE203 dövlət qeydiyyat nişanlı avtomobilə 750 manat məbləğində ziyan dəymişdir.

6. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 203,91 manat, mükafat borcu üzrə 143,24 manat, cərimə borcu üzrə 309,79 manat, cəmi 656,94 manat borcu var.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13 iyul 2023-cü il tarixə 203.91 manat gecikdirilmiş əsas, 143.24 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 309.79 manat dəbbə pulu, lizinq obyekti olan “Chevrolet Damas VAN” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 750 manat, cəmi 1406.94 manat borc və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 70 manat rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2022-ci il tarixli FAT-318 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2022-ci il buraxılışlı, “Chevrolet Damas VAN” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı, ağ metal rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 15 % mükafat məbləği hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 347.88 manat, ümumilikdə isə 19198 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 19198 manatın 15000 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş "xxxx" MMC-nin mülkiyyətində olan “Chevrolet Damas VAN” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 iyul 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəsi tərəfindən tərtib edilmiş qüsur aktına əsasən lizinq obyekti olan avtomobilin təmir-bərpa xərcləri 750 manat təşkil edir. Eyni zamanda Cavabdeh 28 dekabr 2022-ci il tarixli FAT-318 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 iyul 2023-cü il tarixə ümumilikdə 656.94 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lzinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. “Daxili lizinq” müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. “Daxili lizinq” müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. “Daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. “Daxili lizinq” müqaviləsinin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5653/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia qismən təmin edilmiş, Cavabdeh 203,91 manat əsas, 143,24 manat mükafat borcu, 10 manat cərimə, dəymiş zərərə görə 750 manat, ödənilmiş 70 manat dövlət rüsumu, ümumilikdə 1177,15 (bir min bir yüz yetmiş yeddi manat on beş qəpik) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə iddianın gecikdirilmiş borcun ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 10 manat məbləğində müəyyən edilməlidir.

11. Məhkəmə iddianın 750 manat lizinq obyektinə dəymiş zərərin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və cavabdehin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən edilmişdir ki, lizinq obyekti xx.xx.2022ci il tarixdə saz vəziyyətdə cavabdehə təhvil verilmiş, həmin avtomobil xx.xx.2023-cü il tarixə qədər cavabdehin istifadəsində olmuşdur. İddiaçı tərəfindən həmin tarixdə avtomobil geri alınan zaman maşının sağ orta qapısı batıq vəziyyətdə olmuş, dəymiş zərər qüsur aktına əsasən 750 manat müəyyən edilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5653/2023 nömrəli qətnaməsinin ləğv edilməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 28 dekabr 2022-ci il tarixli FAT-318 saylı “Daxili lizinq” müqaviləsinin 9-cu bəndində həmin müqaviləyə lizinq verənin təşəbbüsü əsasında birtərəfli qaydada xitam verilməsinin 6 əsası müəyyən edilmişdir. Cavabdeh tərəfindən sözügedən 6 pozuntudan hər hansı birinə yol verildiyi birinci instansiya məhkəməsində iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, lizinq alan tərəfindən (tərəfindən) lizinq ödənişləri nə ardıcıl olaraq iki dəfədən artıq ödənilməməsinə, nə 15 (on beş) təqvim günündən artıq 3 dəfədən artıq gecikdirilməsinə yol verilməmişdir. Qurban bayramı ilə əlaqədar 26 iyun- 2 iyul tarixləri arasında 7 gün ardıcıl qeyri-iş günləri müddətində tərəfimdən ödənişin 11 gün gecikdirilməsi ilə əlaqədar lizinq obyekti olan nəqliyyat vasitəsi GPS naviqasiya cihazı ilə Cavabdeh məlumatı və iştirakı olmadan götürülmüş, daha sonra isə müqaviləyə xitam verilməsinə hüquqi don geyindirmək məqsədilə nəqliyyat vasitəsinə 750 manat zərər dəyməsi barədə iddiaçının öz əməkdaşları tərəfindən saxta akt hazırlanmışdır. Bundan sonra isə hazırki məhkəmə qətnaməsi ilə də tənasübsüz surətdə yüksək olduğu üçün 309.79 manatdan 10 manata endirilmiş cərimə məbləği və dəymiş zərərin əvəzi bir aylıq gecikmə borcunun üzərinə gəlməklə avtomobilin Cavabdeh qaytarılması üçün Cavabdeh 1.406.94 (min dörd yüz alt manat 94 qəpik) pul tələb edilmişdir. Beləlikdə, 11 günlük ödənişin gecikməsinə görə həm nəqliyyat vasitəsi cavabdehdən alınmış həm qeyd olunan məbləğ Cavabdeh tələb edilmişdir. Halbuki iddiaçının müqaviləni birtərəfli qaydada xitam etməyə heç bir hüquqi olmamışdır. Çünki Cavabdeh tərəfindən lizinq obyektinə zərər vurulmasını təsdiq edən, avtomobil lizinqverən tərəfindən götürülərkən onun qapısı üzərində batıq olmasını təsdiq edən heç bir şəkil, videogörüntü məhkəməyə təqdim edilməmiş, hətta zərərin məbləğinin 750 manat məbləğinə bərabər olması barədə belə məhkəməyə heç bir sübut təqdim olunmamış və məhkəmə tərəfindən bu faktın araşdırılması üçün heç bir hərəkət yerinə yetirilməmiş, heç bir ekspertiza təyin edilməmişdir. Halbuki məhkəməyə bildirdiyim izahatımda Cavabdeh tərəfindən və nəqliyyat vasitəsinin cavabdehdə olduğu müddətdə hər hansı ziyanın dəymədiyini qeyd etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

15. İddiaçının nümayəndəsi Guseinov Gasan məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

16. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-11.1-ci maddə-lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-11.2-ci maddə-lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır. 750-ci maddə-lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

17. Qətnamə cavabdeh tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5653/2023 nömrəli qətnaməsi qismən ləğv edilərək iddia Cavabdeh İddiaçı MMC-nin xeyrinə 10 manat cərimə və 750 manat dəymiş zərərə görə pulun tutulması hissəsində rədd edilməlidir.

19. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış 28 dekabr 2022-ci il tarixli FAT-318 nömrəli daxili lizinq müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 2022-ci il buraxılışlı, “Chevrolet Damas VAN” markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı, ağ metal rəngli avtomobil liiznqə verilmiş, cavabdeh tərəfindən bir ay ödəniş edilmədiyinə görə xx.xx.2023-cü il tarixdə müqaviləyə birtərəfli qaydada iddiaçı tərəfindən xitam verilərək nəqliyyat vasitəsi geri alınmışdır.

20. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın tam rədd edilməsini xahiş etsə də, məhkəmə iclas protokolllarından görünür ki, xx.xx.2023-cü il tarixli hazırlıq iclasında cavabdeh əsas borcla bağlı hissədə iddianı qismən etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddia etiraf edildikdə digər şəxslərin hüquqlarına toxunmursa məhkəmə tərəfindən təmin edilməli olduğundan məhkəmə hesab edir ki, lizinq müqaviləsi üzrə əsas borcun cavabdehdən tutulması hissəsində qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.

21. Cavabdeh cərimə borcu ilə bağlı hissədə iddianı qəbul etməmişdir. Müqavilənin 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3% dəbbə pulu hesablanması nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddiaçı ödənişin gecikdirildiyi günlər üçün cavabdehə dəbbə pulu hesablamağa haqlı olsa da, müqavilə ləğv edildikdən sonra lizinq alan tərəfindən ödənilmiş 2500 manat avans geri qaytarılmadığından (MM-nin 748-11.2-ci və 750-ci maddələrinin tələbinə əsasən lizinq obyektinin əldə edilməsi üçün lizinqverən tərəfindən deyil, lizinq alan tərəfindən çəkilmiş xərc olduğundan lizinq alanın müqavilə ləğv edildiyi halda əmlakın əldə edilməsi üçün ödədiyi avansı geri almaq hüququ olduğu nəzərə alınaraq) məhkəmə hesab edir ki, məhkəmə tərəfindən azaldılaraq 10 manat məbləğində müəyyən edilmiş cərimə borcu avansdan çıxılmalı və iddia cavabdehdən cərimə borcu tutulması hissəsində rədd edilməlidir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cərimə borcu ilə bağlı hissədə iddianı təmin edərkən MM-nin 748-11.2-ci və 750-ci maddələrinin tələblərini ödənilmiş avans məbləğinin qaytarılmadığını, qarşılıqlı hesablaşma zamanı lizinq alanın borclarının bu məbləğdən çıxılmalı olduğunu nəzərə almamışdır.

22. Lizinqə verilmiş nəqliyyat vasitəsi lizinq alandan geri təhvil alınarkən onun qapısında batıq olmasına görə 750 manat dəymiş ziyanın ödənilməsi ilə bağlı hissədə iddia cavabdeh tərəfindən qəbul edilməmiş, cavabdeh birinci instansiya məhkəməsində iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş aktı mübahisələndirərək xx.xx.2023-cü il tarixli aktdakı “təhvil verdi”qrafasındakı imzanın ona və ailə üzvlərinə aid olmadığını göstərmişdir. Belə olan halda avtomobil geri götürülərkən onun qapısında batıq olması faktını mötəbər sübutla təsdiq etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü halda iddiaçı məhkəməyə qeyd edilən aktdan başqa hər hansı sübut təqdim edə bilməmiş, aktı cavabdehin adından imzalamış şəxsin kim olduğu barədə məlumat verə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia dəymiş ziyanla bağlı hissədə mötəbər sübutlarla təsdiq edilmədiyindən qətnamə bu hissədə ləğv edilərək iddia rədd edilməlidir.

23. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 5653/2023 nömrəli qətnaməsi qismən ləğv edilərək iddia Cavabdeh İddiaçı MMC-nin xeyrinə 10 manat cərimə və 750 manat dəymiş zərərə görə pulun tutulması hissəsində rədd edilməlidir.

24. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5653/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia Cavabdeh İddiaçı MMC-nin xeyrinə 10 manat cərimə və 750 manat dəymiş zərərə görə pulun tutulması hissəsində rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar