Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-424/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1183/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC cavabdeh “xxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxx” ASC-dən İddiaçı MMC-nin xeyrinə 210357 manat sığorta ödənişi məbləğinin, 100000 manat əldən çıxmış faydanın, 21456 manat məbləğində dəbbə pulun, 1000 manat vəkil xərcləri məbləğinin, ümumilikdə 332813 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(81)- 1183/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh “xxxxxxxxx” ASCdən 119000 manat məbləğində sığorta ödənişi üzrə borc məbləği, 1190 manat məbləğində dəbbə pulunun tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh “xxxxxxxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün sığorta sahəsində qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, 44486 manat məbləğində pul vəsaiti ilə həmin əmlakı tam bərpa edilməsi mümkündür. Lakin, məhkəmə yanğın hadisəsinin səbəblərinin araşdırılması ilə bağlı ekspert rəyində göstərilən, sığorta qanunvericiliyinin tələbinə uyğun olaraq sığorta təminatına daxil olmayan əmlak üzrə qiymətləndirilmiş əmlakların zərər məbləğinin də cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməsini təmin etmişdir. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə və cavabdehə iddia tələbinin əsası qismində çıxış edən ekspertiza rəyində də istinad olunan smeta və dəymiş zərər məbləğləri ilə əlaqədar heç bir mötəbər sübut təqdim edilməmiş zərər məbləği hesablanan zaman şişirdilmiş məbləğlər qeyd olunmuş eyni zamanda zərərə uğramayan əmlakı da qüsur kimi qeyd etmişdir. Mülki iş üzrə yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin qiymətləndirilməsi ilə bağlı təkrar və əlavə komisyon məhkəmə ekspertizası təyin olunması üçün verilmiş vəsatət təmin edilməmişdir. Sığortaçı yalnız “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinə əsasən təminata daxil olan aşağıdakı zərərləri qarşılayır, yaşayış binalarının icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 1 A ünvanında yerləşən qeyri-yaşayış sahəsi “xxxxxxxxx” ASC tərəfindən 885483 saylı sığorta şəhadətnaməsi əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əmlakın yanğından və digər risklərdən sığortalanmışdır. Cəmi sığorta məbləği 397.266,00 manat müəyyən edilmişdir. Sığorta şəhadətnaməsinə əsasən sığorta risklərinə yanğın, ildırım vurması, partlayış, daxili su, fırtına, tufan, qasırğa, zəlzələ və vulkan püskürməsi aid edilmişdir. xx xxx 2019-cu il tarixdə həmin qeyri-yaşayış sahəsinin (ticarət mərkəzi) zirzəmi qatında yanğın - sığorta hadisəsi (sığorta hadisəsinin baş verməsi cavabdeh "xxxxxxxxx" ASC tərəfindən mübahisələndirilmir) baş vermişdir. Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin cinayət işini başlanmasının rədd edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərarına əsasən xx xxx 2019-cu il tarixdə, saat 19:05-də ünvan 2 a ünvanında yerləşən İddiaçı MMC-nin mülkiyyətində olan 3 mərtəbəli ticarət mərkəzinin zirzəmi qatında baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İddiaçı bildirir ki, yanğın hadisəsi ilə bağlı İddiaçı MMC-yə tikinti üzrə 210357 manat məbləğində zərər dəymişdir. Lakin hadisədən 102 gün (3 ay, 10 gün) keçməsinə baxmayaraq, “xxxxxxxxx” ASC üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək sığorta ödənişini sığortalıya verməmişdir. Cavabdeh iddianı qismən qəbul edir və özü tərəfindən təqdim edilən zərər aktında müəyyən edilən məbləğin əsas məbləğ hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 934.1-ci maddəsi və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1 və 41.1-ci maddələri təşkil edir. Həmin normaların tələblərinə görə Mülki Məcəllənin 933.1-ci maddəsində və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsində göstərilən sənədlər sığortaçıya təqdim edildiyi andan sonuncunun 7 iş günü müddətində sığorta ödənişini vermək öhdəliyi yaranır. Hazırki işdə də qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, xx xxx 2019-cu il tarixdə icbari qaydada sığortalanmış ünvan 1 A ünvanında yerləşən qeyri-yaşayış sahəsində baş vermiş yanğın sığorta hadisəsi hesab edildiyindən və həmin hadisə nəticəsində sığortalanmış daşınmaz əmlaka zərər dəydiyindən, bununla da, cavabdehin Mülki Məcəllənin 934.1-ci maddəsi və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1 və 41.1-ci maddələrinə əsasən sığorta ödənişinin verməsi öhdəliyi yarandığından iddiaçı daşınmaz əmlakın icbari sığortası müqaviləsi üzrə sığorta ödənişinin ödənilməsi tələb etməkdə haqlıdır. Sığorta ödənişinin məbləği isə aşağıdakı qadada müəyyən olunmalıdır. Belə ki, baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxx 2019-cu il tarixli 13452 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ünvan 2 a ünvanında yerləşən İddiaçı MMC-nin mülkiyyətində olan üç mərtəbəli ticarət mərkəzinin zirzəmisində baş vermiş yanğın nəticəsində, zirzəminin və digər mərtəbələrdə yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli təmir bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 123.000 manat məbləğində müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə şərtsiz azadolma məbləği isə 4000 manat təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan sığorta ödənişi qeyri-yaşayış sahəsinə dəymiş 123.000 manat məbləğindən tərəflərin razılaşdığı 4000 manat azadolma məbləği çıxılmaqla 119.000 manat təşkil edir və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin nəticəyə gəlmişdir. Dəbbə pulunun tutulmasına dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 18.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Cavabdehin mövqeyini, yəni onun tərəfindən yalnız sığorta ödənişinin məbləğinin mübahisələndirildiyini və iddiaçı tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 18.1-ci maddəsində göstərilən sənədlərin təqdim edilməməsinə istinad etmədiyini nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehin Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin cinayət işini başlanmasının rədd edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərarı qəbul edildiyi tarixdən 7 iş günü müddətində sığorta ödənişini vermək öhdəliyi yaranmışdır. Həmin müddət bitdiyi tarixdən (xx.xx.2019) iddiaçının məhkəməyə müraciət etdiyi tarixə (xx.xx.2019) qədər olan müddət 38 gün, ödəməli olan dəbbə pulu isə 4522 manat təşkil edir (119000 x 01 % = 119 x 38 = 4522). Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin məbləğ 1190 manat məbləğinə azaldılmış (halbuki Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına görə qanunla müəyyən edilmiş dəbbə pulu azaldıla bilməz), iddiaçı tərəfindən isə qətnamədən apellyasiya şikayəti verilməmişdir. Ona görə də, dəbbə pulunu ödənilməsi barədə tələblərin təmin edilmədiyi hissə hazırkı apellyasiya baxışının predmetini təşkil etmir. Bu baxımdan kollegiya hesab edir ki, qətnamənin mübahisələndirilən hissəsinin ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin sübut kimi istifadə etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019cu il tarixli 13452 saylı ekspert rəyinin şübhə altına alınması üçün heç bir əsas mövcud deyildir. Çünki həmin rəy məhz baş vermiş yanğın hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən aparılan təhqiqat zamanı verilib və ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün hər hansı əsas yoxdur. Cavabdeh tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 35.4-cü maddəsinə istinad edilməsinə dair qeyd olunur ki, xx xxxx 2019-cu il tarixli 13452 saylı ekspert rəyinin tədqiqat hissəsində görülməli olan işlər ayrıayrılıqda aşağıdakı kimi qeyd olunmuşdur: 1) havalandırma işləri, 2) kamera, telefon xətləri, internet şəbəkəsi, 3) elektrik quraşdırılma işləri, 4) zirzəmi və birinci mərtəbələr üzrə görülmüş işlər və avadanlıqlar, 5) konvensional yanğın siqnalizasiya sistemi. Həmin işlər isə məhz “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 35.4-cü maddəsində göstərilən (rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlər) təminatlara aiddir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “xxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1183/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-424/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-424/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver