Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-424/2021 30.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-607/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı “X3 İnşaat, İxracat, Sənaye və Ticarət Şirkəti” MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X3 İnşaat, İxracat, Sənaye və Ticarət Şirkəti” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh distributor firma Cavabdeh MMCdən xx xxx 2018-cı il tarixli distributorluq müqaviləsi üzrə 23812,50 ABŞ dolları miqdarında pul məbləğinin, icrası gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 2381,20 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli e-2-2(113)-607/2021 saylı qərardadı ilə iddia baxılmamış saxlanılmışdır İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X2 şikayətə etiraz etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 259.0.12, 40.1 və 40.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, iş materiallarında olan “X3 İnşaat, İxracat, Sənaye və Ticarət Şirkəti” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2018-cı il tarixli distributorluq müqaviləsinin tərcümə edilmiş surətindən görünür ki, müqavilənin 12-ci bəndinə əsasən müqavilənin icra edilməsi zamanı meydana gələcək istənilən mübahisələrin həllində Sakarya məhkəmələrinin səlahiyyətli olması nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia ərizəsi hüquqi şəxsin ünvanının olduğu yerə görə verilmədiyindən baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən prosessual normaların tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsində iddia ərizəsinin baxılmamış saxlanılmasının iki əsası nəzərdə tutulmuşdur. Birincisi – iddia ərizəsində Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərin göstərilməməsi, ikincisi – iddia ərizəsinə Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlərin əlavə edilməməsi. Lakin hazırkı işdə həmin əsaslardan heç biri mövcud deyildir. Birinci instansiya məhkəməsinin istinad etdiyi ərazi aidiyyəti qaydalarının pozulması isə iddia ərizəsinin baxılmamış saxlanılması üçün deyil, iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Belə ki, tərəflər arasında bağlanmış xx xxx 2018-cı il tarixli müqavilənin şərtlərinə görə hazırki mübahisəyə Türkiyə Respublikasının Sakarya məhkəmələrində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 40.2-ci maddəsində də nəzərdə tutulmuşdur ki, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Lakin iddiaçı qanunvericiliyin qeyd olunan tələblərini və müqavilə şərtlərini nəzərə almadan iddia ərizəsi ilə Baki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Halbuki tərəflərin razılığı ilə onlar arasında olan mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrində deyil, Türkiyə Respublikasının Sakarya məhkəmələrində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsində isə təsbit olunmuşdur ki, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İddiaçı tərəfindən irəli sürülmüş tələblərin Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-262, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “X3 İnşaat, İxracat, Sənaye və Ticarət Şirkəti” MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-607/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı “X3 İnşaat, İxracat, Sənaye və Ticarət Şirkəti” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-424/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-424/2021
30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver