Məhkəmə qərarları › İş №2-2(103)-424/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-424/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-424/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və xərclərin tutulması” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 23.02.2022-ci il tarixli 2-2(113)-591/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01.06.2018-ci il tarixli 705-L/18 nömrəli müqavilə üzrə 15.361 manat gecikdirilmiş borc və hesablanmış 6.387,39 manat cərimə borcu olmaqla, cəmi 21.748,39 manat, habelə mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat və hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 350 manat olmaqla, ümumilikdə cəmi 22.298,39 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01.06.2018-ci il tarixli 705-L/18 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqaviləyə əsasən borclu satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsiniisə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 31.08.2021-ci il tarixə müqavilə üzrə 15,361.00 manat gecikdirilmiş borc və hesablanmış 6.387,39 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.02.2022-ci il tarixli 2-2(113)-591/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 01.06.2018-ci il tarixli, 705-L/18 nömrəli müqavilə üzrə 15361 manat gecikdirilmiş əsas borcu və hesablanmış 700 manat cərimə borcu olmaqla, cəmi 16061 manatın, habelə hüquqi yardımla bağlı ödənilmiş 100 manatın, mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat məbləğində pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin hüquqi yardımla bağlı iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın həmin hissədə tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və ona görə də 15.361 manat pul tələbi ilə bağlı işə görə 350 manat pul ödənilmişdir. İşdən də görünür ki, hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən tam icra edilmişdir. Bundan əlavə, 15.361 manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 350 manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən peşəkarcasına həyata keçirilmişdir. Vəkilin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı məhkəmənin dəlilinə gəldikdə isə nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə kommersiya mübasəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasını tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan yazılı icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Göründüyü kimi, məhkəmənin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin ağlabatanlılığına hüquqi qiymət verərkən vəkilin məhkəmə iclasında iştirakını əsas götürməsi məhkəmənin düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. Cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası izahatı, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 23.02.2022-ci il tarixli 2-2(113)-591/2022 nömrəli qətnaməsi hüquqi xidmət xərci ilə bağlı hissədə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 350 manat hüquqi xidmət xərci tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə hüquqi xidmət xərci ilə bağlı iddianın təmin olunmadığı hissəsində mübahisələndirildiyindən məhkəmə baxışının predmetini həmin hissə təşkil edir. İşdəki “Məhkəmə hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə” 27.05.2021-ci il tarixli sazişdən görünür ki, iddiaçı ilə "xxxx" MMC arasında məhkəmə hüquq xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 20.12.2021-ci il tarixli 866593/00833 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Vəkil hesabına hüquqi xidmət haqqına görə 030921 nömrəli müqaviləyə əsasən 350 manat pul ödənilmişdir. Birinci instansiya məhkəməsi hüquqi xidmət xərci ilə bağlı hissədə iddianı qismən-100 manat məbləğində təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Vəkil məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclasında iddiaçını öz işçisi Nümayəndə təmsil etmişdir. Bu səbəbdən iddiaçının xeyrinə hüquqi yardıma görə 100 manat tutulması ağlabatandır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 68.1.-ci maddəsinə əsasən iş məhkəmə baxışına hazırlandıqda və həmin işə məhkəmədə baxıldıqda vəkil ixtisaslı hüquqi yardım göstərməyə borcludur. Həmin Məcəllənin 69.2.-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.3.-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Həmin Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası hesab edir ki, kommersiya mübahisələri ilə bağlı mediasiya prosesində iştirak, qarşı tərəfə pretenziya məktubu göndərmək, iddianın qaldırılması üçün zəruri olan sübutları toplamaq və iddia ərizəsini tərtib etmək də daxil olmaqla vəkil tərəfindən göstərilmiş hüquqi xidmətlərə görə 350 manat ödəniş edilməsi ağlabatan olduğundan və Mülki Prosessual Məcəllənin 119.3-cü maddəsi məhkəməyə müqavilə şərtlərinin pozulmasından irəli gələn mübahisələr üzrə məhkəmə xərclərini işin nəticəsindən (iddianın tam və ya qismən təmin edilməsindən) asılı olmayaraq müəyyən etmək və cavabdehdən tutmaq hüququ verdiyindən qətnamə mübahisələndirilən hissədə dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə 350 manat hüquqi xidmət xərci tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 23.02.2022-ci il tarixli 2-2(113)-591/2022 nömrəli qətnaməsi hüquqi xidmət xərci ilə bağlı hissədə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 350 manat hüquqi xidmət xərci tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 23.02.2022-ci il tarixli 2-2(113)-591/2022 nömrəli qətnaməsi hüquqi xidmət xərci ilə bağlı hissədə dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə 350 manat hüquqi xidmət xərci tutulsun. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar