Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-424/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi, İddiaçının nümayəndəsi Vəkil2 qızının iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-328/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən müqavilə üzrə təchiz edilmiş materialların dəyəri olan 12383.86 manat vəsait (10494.80 manat əsas borc və 1889.06 manat ƏDV borcu olmaqla) və 1171.43 manat cərimə məbləği, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 131 manat məbləğində pulun Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-328/2025 nömrəli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.
3. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, "xxxx" MMC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra “cavabdeh”) arasında xx.xx.2023-cü il tarixli, 1303- 11/23 nömrəli müqaviləyə (bundan sonra “Müqavilə”) əsasən, iddiaçı cavabdehə inşaat materialları satmağı, cavabdeh isə onları qəbul edib dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən inşaat materialları təhvil verilsə də, təhvil verilmiş inşaat materiallarının dəyəri olan, 4 elektron qaimə üzrə ödənilməmiş 12383.86 (on iki min üç yüz səksən üç manat səksən altı qəpik) AZN vəsait (10494.80 manat əsas borc və 1889.06 manat ƏDV borcu olmaqla) bugünədək iddiaçıya ödənilməmişdir. Təchiz edilmiş materialların dəyəri, gecikdirilmiş pul öhdəliyinə görə hesablanmış faiz borcu və dövlət rüsumunun iddiaçıya ödənilməsi məhkəmədən xahiş edilmişdir. Buna baxmayaraq, məhkəmə təqdim edilmiş sübutların malların göndərilməsi faktını təsdiq etməməsini qeyd edərək ədalətsiz və iddiaçının sahibkarlıq fəaliyyətinə xeyli ziyan vuran qətnamə qəbul etmişdir. Bakı Kommersiya Məhkəməsi sübutların yetərli olmaması səbəbi ilə iddia tələbini rədd etmiş, bununla da tərəflərin arasındakı münasibətə düzgün qiymət verməmişdir. Qeyd edirik ki, cavabdehin müqavilə üzrə öhdəliklərindən üzrlü səbəb olmadan qəsdən boyun qaçırmasını təsdiq edən sübutlar vardır. Mülki Məcəllənin 334-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Hazırkı işdə hər iki tərəfin imza və möhürləri ilə təsdiqlədikləri müqavilə vardır və bu müqaviləni bağlayarkən tərəflərin məqsədi mal alqı-satqısını icra etməklə sahibkarlıq fəaliyyətləri üçün işlər görmək olmuşdur. Belə ki, tərəflər müqavilədən sonra qiymətləri razılaşdırmış və bu protokolu da imza və möhürləri ilə təsdiq etmişlər. Həmin qiymətlərə uyğun olaraq da iddiaçı malları və təhvil-təslim aktlarını cavabdehə göndərmiş, həmçinin elektron-qaimələri sistemə yerləşdirmişdir. Əlavə olaraq bildirilir ki, birinci instansiya məhkəməsinin tələb etdiyi təhvil-təslim aktlarının təqdim edilməməsinə səbəb həmin aktların cavabdeh tərəfindən imza və möhür vurulmaması olmuşdur. Çünki məhkəmə bu aktları mötəbər sübut olaraq qəbul etməyəcəkdir. Lakin məhz bu aktların imza və möhürlə təsdiq edilməsi ilə bağlı nə qanunvericilikdə, nə də tərəflərin bağladığı müqavilədə məcburedici tələbə rast gəlinmir. Bu zaman isə yerli praktikaya, işgüzar adətlərə əsaslanmaq olar. Həmçinin məhkəməyə təqdim edilmiş “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-fakturaların adından göründüyü kimi bu qaimə-fakturalar hazırkı işdə malların göndərilməsini təsdiq edir. Qaimə-fakturalar elektron sistemə yerləşdirildiyi və sistem tərəfindən təsdiq edildiyi andan malların təhvili rəsmiləşdirilmiş hesab olunur. Hazırda ölkədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə elektron sənəd dövriyyəsini təşviq etmək sahəsində bir sıra işlər görülür. Bu istiqamətdə Nazirlər Kabineti də elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydalarını müəyyən etmişdir. Beləliklə, məhkəmənin bu qaimə-fakturaları sübut olaraq qəbul etməməsi əsassızdır. Ölkədə mal alqı-satqısı ilə məşğul olan biznes subyektlərinin praktikasına nəzər saldıqda aydın olur ki, tərəflər formal tələblərə hər zaman əməl etmirlər. Onlar sadəcə sahibkarlıq fəaliyyətlərinin sürətli və davamlı şəkildə icrasına fokuslanırlar. Hazırkı işdə iddiaçı da tərəflər arasındakı biznes münasibətlərinin pisləşməməsi üçün cavabdehi formal tələblərə riayət etməkdə təkid etməmişdir. Lakin hazırda cavabdeh bu haldan sui-istifadə edərək ödəniş etməkdən yayınır. Həmçinin bildiririk ki, cavabdehin elektron sistemində 12383.86 manat məbləğində qaimələr olmasına baxmayaraq, bununla bağlı iddiaçıya etiraz bildirilməmiş və borc inkar edilməmişdir. Daha sonra pretenziya göndərildikdə və məhkəmə prosesi zamanı da cavabdeh tərəfindən borcun inkar edilməsi ilə bağlı heç bir hala rast gəlinməmişdir. Bu da təsdiq edir ki, cavabdeh iddiaçıya borclu olduğunu bilmiş, lakin öhdəliyi yerinə yetirmək üçün heç bir addım atmamışdır. Beləliklə, tərəflər arasındakı münasibətlərə və sübutlara hərtərəfli nəzər saldıqda aydın olur ki, cavabdeh qərəzli şəkildə öhdəliklərindən yayınır. Məhkəmənin hazırkı yanaşması isə iddiaçının göndərdiyi malların dəyərini əldə etməsinə maneə yaradır. Prosessual qanunvericiliyin pozulmasına dair qeyd edirik ki, Bakı Kommersiya Məhkəməsi mövcud sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə sübut etmə prosesində dəqiqləşdirilməsinə ehtiyac olan faktları məlum olan faktların köməyi ilə aydınlaşdırmalı idi. Lakin məhkəmə sübutların yetərsiz olması səbəbi ilə iddianı təmin etməmişdir. Məhkəmə sübutlara hərtərəfli və tam baxmamış, tərəflər arasındakı mövcud mübahisəni sadəcə formal tələblərdən çıxış edərək qiymət vermişdir. Bu isə məhkəmənin ədalətli yekun akt çıxarmasını şübhə altına salır. Hazırkı iş üzrə də Bakı Kommersiya Məhkəməsi qanunvericiliyin maddi və prosessual maddələrini düzgün tətbiq etməyərək pozmuş, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
9. Həmin Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
10. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
11. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
12. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
15. İddiaçı "xxxx" MMC (“satıcı”) ilə Cavabdeh MMC (“alıcı”) arasında imzalanmış xx.xx.2023-cü il tarixli,1303-11/23 saylı alqı-satqı müqaviləsi imzalanmışdır.
16. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
17. xx.xx.2023-cü il tarixli,1303-11/23 saylı müqaviləyə 01 saylı X2 iddiaçı tərəfindən sifariş veriləcək malların adı,miqdarı,qiyməti razılaşdırılmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
18. İddiaçı tərəfindən cavabdehə EBDJ 430780 saylı xx.xx.2023-cü il tarixli 3658.47 manat, EBDK 442927 nömrəli xx.xx.2023-cü il tarixli 503.15 manat,EBDN 445881 xx.xx.2023-cü il tarixli 212.40 manat,EBDİ 474650 nömrəli xx.xx.2023-cü il tarixli 8009.84 manat məbləğində elektron qaimə göndərilmişdir.
19. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli,1303-11/23 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı cavabdehə mallar təqdim etdiyini, lakin iddiaçının həmin malların dəyərini tam ödəmədiyini, nəticədə həmin müqavilə üzrə cavabdehin ona 12383.86 manat məbləğində borcunun ödənilməmiş qaldığını iddia edir və həmin borcun, eləcə də cavabdeh tərəfindən öhdəliyin lazımi qaydada icra edilməməsi nəticəsində cərimə borcunun cavabdehdən tutulmasını tələb edir.
20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ƏDV daxil 12383.86 manat dəyərində malların cavabdehə verilməsini birbaşa təsdiq edən sənədləri (məsələn, təhvil-təslim aktı) məhkəməyə təqdim etməsə də, sözügedən malların təqdim edilməsi faktı iddiaçı tərəfindən cavabdehə göndərilmiş qaimələrdə öz təsdiqini tapdığını bildirmişdir. İddiaçı tərəfindən elektron qaimələrlə yanaşı borcun əsaslığını sübut edən digər sənədlər iddiaçının nümayəndəsinə məhkəmənin hazırlıq iclaslarında dəfələrlə təklif olunmasına baxmayaraq, (təhvil-təslim aktı, bank hesabından çıxarış, borcların üzləşdirilməsi aktı, elektron qaimələrin cavabdeh tərəfindən təsdiqlənməsi barədə sənəd və s.) məhkəməyə təqdim edilməmişdir.
21. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı tərəfindən hazırda iddia tələbində tələb olunan məbləğin ifadə olunduğu 4 elektron qaimə üzrə malların cavabdehə çatdırılma faktı sübuta yetirilməmişdir.
22. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir.
23. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya inşaat materialları-Qum, atsep, qırma daş (bundan sonra “Mal”) satır, “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir; 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir; 3.1-ci bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini “Alıcı”dan tələb etmək satıcının hüququdur; 5.1-ci bəndinə əsasən Müqaviləyə əsasən “Alıcı” sifariş olunan malın dəyərini nağd qaydada və ya köçürmə yolu ilə həyata keçirir; 5.2-ci bəndinə əsasən mal “Alıcı”ya tam təhvil verildikdən sonra “Alıcı” 30 (otuz) gün ərzində Malın dəyərini hissə-hissə və ya tam şəkildə ödənilməsini öz öhdəsinə götürür.
24. Göründüyü kimi müqavilədə ödənişdən əvvəl malların iddiaçı tərəfindən təhvil verməsi və alıcının malları qəbul etməsi şərtləşdirilmişdir. Bu şərtə iddiaçı əməl etməsini sübut edə bilməmişdir.
25. Şikayətdə qeyd edilmişdir ki, təhvil-təslim aktları ona görə təqdim edilməmişdir ki, cavabdeh imza etməmişdir. Bu halda hesab olunur ki, mallar cavabdehə təqdim edilməmişdir. Müqavilədə müəyyən edilən şərtə əməl edilmirsə işgüzar adətə istinad oluna bilməz. İstisna yalnız tərəflərin uzun müddət müqavilə şərtinə uyğun olmayan formada işgüzar münasibələrinin formalaşmasıdır. Cavabdehin bu halda e-qaimələri təsdiq etməsi və ödəniş etməsi müəyyən edilməlidir. İşin hallarından isə bu müəyyən edilmir. Həmçinin təhvil-təslim aktının cavabdehə göndərilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.
26. Apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsinin işgüzar adətin əvvəllər də tərəflər arasında e-qaimələrin verilməsi əsasında formalaşmasına dair “sübut” adı ilə elektron sistemə yüklədiyi sistem tərəfindən təsdiq edilmiş e-qaimələrə və ödəniş tapşırıqlarına münasibətdə kollegiya qeyd edir ki, həmin sənədlər sübut kimi qəbul olunmamalıdır; çünkü iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı onları təqdim etməmişdir - yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər.
27. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.
29. İddiaçı sübutetmə vəzifəsini yerinə yetirmədiyindən məhkəmənin iddianı rədd etməsi əsaslı və qanuni olmuşdur.
30. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-328/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.