Məhkəmə qərarları › İş №2-2(103)-429/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-429/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-429/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 22.02.2022-ci il tarixli 2-2(113)-429/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 66339,38 manat məbləğində borcun, 400 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 1000 manat xidmət haqqın "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, satıcı - İddiaçı MMC ilə alıcı - Cavabdeh MMC arasında 01 aprel 2019-cu il tarixili 010419/GDF/14 saylı xam süd alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən təchizatçı/satıcı müvafiq spesifikasiyalara əsasən mallan təchiz etməyi, alıcı isə malları qəbul etməyi və ödəniş həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, alıcı tərəfindən qəbul edilmiş malın dəyəri həftədə bir qaimə faktura əsasında satıcıya köcürmə və ya nağd yolla ödəniləcəkdir. Lakin, hazırda alıcı tərəfindən alınmış olduğu mallara dair 66339,38 manat məbləğində borcu yaranmışdır. Belə ki, tərəflər arasında təsdiqlənmiş ən son üzləşmə aktında borc məbləği 82571,28 manat olmuş, bundan sonra cavabdeh 16231 manat məbləğində ödəniş edərək borc məbləğini 66339,38 manata endirmişdir. Həmin ödənilmiş məbləğ 14 may 2020-ci il tarixinə 500 manat, 18 iyul 2020-ci il tarixinə 1600 manat, 09 oktyabr 2020-ci il tarixinə 400 manat, 14 oktyabr 2020-ci il tarixinə 10000 manat, 03 noyabr 2020-ci il tarixinə isə 3731,90 manat təşkil etmişdir. Beləliklə, qeyd edildiyi kimi satıcı öz öhdəliklərini həyata keçirmiş, malları tam şəkildə və qüsursuz olmaqla alıcıya təhvil vermişdir, lakin alıcı üzərinə götürdüyü öhdəlikləri qismən yerinə yetirilərək borc məbləğini tam şəkildə ödəməmişdir. Cavabdehin bu günə olan 66339,38 manat borc məbləği ilə bağlı 173157 saylı 04 noyabr 2020-ci il tarixli elektron qaimə tərəfə göndərilmişdir. Borc məbləği ödənilmədiyindən, satıcı tərəfindən 25 iyun 2021-ci il tarixində cavabdehə 23/21 saylı pretenziya məktubu göndərilmiş və müqavilə üzrə borclu olduğu məbləğin ödənilməsi tələb edilsə də, nəticəsi olmadığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 22.02.2022-ci il tarixli 2-2(113)-429/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə sübutlara və işin hallarına düzgün qiymət verməmiş, cavabdehin nümayəndəsinin verdiyi izahatı təhrif edərək yalnış nəticəyə gəlmişdir. Cavabdehin nümayəndəsi həqiqətən üzləşmə aktı üzrə borcun məbləğini mübahisələndirməmişdir, lakin elektron qaimənin həqiqəti əks etdirmədiyini bildirmiş və tərəflər arasında olan işgüzar münasibətlər zəminində həmin vaxt elektron qaiməyə etiraz edilmədiyini qeyd etmişdir. “Üzləşmə aktı”na əsasən cavabdehin iddiaçıya həqiqətən 82571,28 manat borcu yaranmışdır, lakin cavabdeh həmin borcu tam olaraq ödəmişdir və hal-hazırda iddiaçıya borcu yoxdur. EBAS seriyalı, 173157 saylı 04 noyabr 2020-ci il tarixli elektron qaimə isə üzləşmə aktı üzrə ödənişlər tam həyata keçirildikdən sonra cavabdehə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə 01.06.2022-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsinə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmənin iclasına gəlməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə izahatları, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 22.02.2022-ci il tarixli 2-2(113)-429/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 01 aprel 2019-cu il tarixili 010419/GDF/14 saylı xam süd alqı-satqısına dair müqavilədən görünür ki, satıcı - İddiaçı MMC xam südü alıcıya – Cavabdeh MMC-yə satmağı, alıcı isə malı qəbul edib, dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə "X1" MMC arasında imzalanmış üzləşmə aktından görünür ki, 15 aprel 2020-ci il tarixədək "xxxx" MMC-nin ödənilməmiş 82571,28 manat məbləğdə borcu yaranmışdır. İş materiallarında olan ödəniş qəbzlərinə əsasən "xxxx" MMC tərəfindən "X1" MMCyə üzləşmə aktı tərtib edildikdən sonra 16 may 2019-cu il tarixli ödəniş qəbzinə əsasən 5000 manat məbləğində, 13 oktyabr 2020-ci il tarixli ödəniş qəbzinə əsasən 10000 manat məbləğində, 03 noyabr 2020-ci il tarixli ödəniş qəbzinə əsasən 3731,9 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan EBAS seriyalı, 173157 saylı 04 noyabr 2020-ci il tarixli elektron qaiməyə əsasən 66339,38 manat dəyərində mal "xxxx" MMC-yə verilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, elektron-qaimə cavabdehə 04.11.2020-ci il tarixdə göndərilsə də faktiki olaraq üzləşmə aktı tərtib edilən tarixədək, yəni 15.04.2020-ci il tarixədək təhvil verilmişdir. İddianın qanuni əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı mülahizədən görünür ki, tərəflər arasında ümumi satış dövriyyəsi 144818,53 manat təşkil etmiş, cavabdeh üzləşmə aktı tərtib edilənədək ümumilikdə 52738,45 manat ödəniş etmiş, eyni zamanda iddiaçıya 9508,80 manat dəyərində yağ satmış, əvəzləşmə aparılaraq yağın dəyəri ümumi borcdan tutulmuş, üzləşmə həyata keçirilən tarixə 82571,28 manat məbləğdə borcu qalmışdır. İş materiallarının 77-ci vərəqinə əlavə edilmiş cavabdehin möhürü ilə təsdiq edilmiş “Analitik uçot kitabı”ndan çıxarışdan da 2020-ci ilin noyabr ayına iddiaçıya olan kreditor borcun 66339,38 manat olduğu aydın görünür. Beləliklə işin sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə 15 aprel 2020-ci il tarixədək cavabdehin iddiaçıya tərəflər arasında tərtib edilmiş üzləşmə aktına əsasən 82571,28 manat məbləğdə borcu olmuş, həmin borc məbləğindən cavabdeh tərəfindən 16231,9 manat ödənilmiş, 66339,38 manat məbləğində borc qalmışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçıya olan bütün borcun ödənildiyini bildirsə də bu barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Elektron qaimənin tərəflər arasında üzləşmə aktı tərtib edildikdən sonra göndərilməsinə dair apellyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, iddiaçı yalnız tərəflər arasında üzləşmə həyata keçirildiyi tarixədək yaranmış borcu tələb etdiyindən və üzləşmə aktı tərtib edildikdən sonra cavabdehə mal verildiyi iddia olunmadığından malların təhvil verilməsi ilə bağlı elektron qaimənin cavabdehə hansı tarixdə göndərilməsinin mübahisənin həlli üçün əhəmiyyəti yoxdur. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında və işə birinci instansiya məhkəməsində baxılarkən izahatlarında bildirmişdir ki, üzləşmə aktı və aktda qeyd edilmiş borc mübahisələndirilmir. Lakin həmin borc ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçıya 15.04.2020-ci il tarixədək olan borcun tam ödənildiyini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda cavabdeh iddiaya etirazın əsaslı olduğuna dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsinin işə baxarkən apellyasiya şikayətində qeyd edilmiş prosessual pozuntulara (MPM-nin 9.3, 14.2-ci maddələri) yol verdiyi müəyyən edilmədiyindən apellyasiya şikayəti əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 22.02.2022-ci il tarixli 2- 2(113)-429/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 22.02.2022-ci il tarixli 2-2(113)-429/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar