Məhkəmə qərarları › İş №2-2(103)-43/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-43/2020

18.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-43/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və X2 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “xxxx” Azərbaycan-X3 Cavabdeh ASC-yə qarşı pul tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(82)-894/2019 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Azərbaycan-X4 xx.xx.2019-cu il tarixdə Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 216.398 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, qətnamənin çıxarılacağı gün bank uçot dərəcəsini əsas götürərək 216.398 manat pul məbləğindən istifadə etdiyi üçün minimal bank faizi dərəcəsi ilə illik 7 faiz olmaqla hesablanmış 15.147,86 manat məbləğində faizin və məcburən bankdan götürülmüş kredit məbləği üçün 16 faiz hesabı ilə ödənilmiş 14.333 manat məbləğində pul vəsaitinin, cəmi 245.878,86 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx xxxxx 2017-ci il tarixdə “Asılan və Qoşulan Texnikaların satınalınması barədə” 14/17 saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq etmişlər ki, sifarişçi bu müqavilənin tərkib hissəsi olan əlavə 1-12-də göstərilən texniki təsnifata və şərtlərə uyğun Respublikada istehsal olunan 1145 ədəd asılan və qoşulan texnikaların (bundan sonra mallar) satınalınması barədə həmin müqaviləyə 13 nömrəli əlavədə göstərilən malların qiymət cədvəlinə uyğun olaraq icraçının 5.709.336,51 manat (3.060.650 Avro) məbləğində qiymət təklifini qəbul etmişdir. Müqavilə şərtlərinə uyğun olaraq, müqavilə üzrə icraçı “xxxx” Azərbaycan-X4 müqavilə üzrə öhdəliklərini tam həcmdə icra etmişdir. Tərəflər bu müqavilə üzrə malların satınalınmasına dair qiymət cədvəlinə uyğun olaraq veriləcək malların ümumi qiyməti 3.060.650 Avro hesabı ilə 5 709 336,51 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh ilə rəsmiləşdirilmiş müqavilənin 9-cu bəndi əsasında ödənişlərin bankların ödəniş günü üçün müəyyən etdiyi satış məzənnəsinə uyğun olaraq həyata keçiriləcəyi razılaşdırılmışdır. Müqavilənin 9.1-ci bəndinə görə sifarişçi bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 40 faizin əvvəlcədən avans olaraq, qalan hissəsini mallar təhvil verildikdən sonra 5 iş günü müddətində icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 9.2-ci maddəsinə görə icraçı avansın göstərilən məqsədlər üçün istifadə olunmasını müvafiq sənədlərlə təsdiq edərək sifarişçiyə təqdim etməlidir. Həmin Məcəllənin 9.3-cü bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439-cu maddəsinin müddəaları nəzərə alınmaqla, müqavilə üzrə ödəmələr ödəniş aparılan gün üçün müvəkkil bankın müəyyən etdiyi satış məzənnəsinə uyğun olaraq həyata keçirilir. Həmin müqavilənin 9.4-cü bəndinə görə müqavilə icraçı və ya sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin bütün ödənişlərinin məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Fərq 15 bank günü müddətində ödənilir. Cavabdeh bu müqavilə şərtlərinə uyğun olaraq təşkilata olan borc məbləğini ödəmişdir. Bundan sonra tərəflər arasında müqavilə münasibətləri davam edilmişdir. İddiaçı ilə cavabdehin arasında “Texnikaların satın alınması barədə” 18/18 nömrəli xx xxxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə uyğun olaraq cavabdeh 170 ədəd kənd təsərrüfatı texnikasının satınalınması barədə bu Müqaviləyə 3 nömrəli əlavədə göstərilən malların (70 ədəd qollu çiləyici, 100 ədəd su çəni) qiymət cədvəlinə uyğun olaraq, iddiaçının 1.781.260 manat məbləğində qiymət təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq iddiaçı 3 nömrəli əlavədə göstərilən 1.781.260, manat məbləğində malları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh iddiaçının hesabına malların dəyəri olan 1.781.260,0 manatdan cəmi 1.564.862 manat ödəmişdir. Ödəniş aşağıdakı tarixlərdə və məbləğdə həyata keçirilmişdir: xx.xx.2018-ci il tarixdə 712.504, xx.xx.2018-ci il tarixdə 760.896, xx.xx.2018-ci il tarixdə 91.462, cəmi 1.564.862 manat. Cavabdeh borclu qaldığı 216.398 manat pulu ödəməyərək pul məbləğini özündə saxlamaqla ondan faydalandığına görə iddiaçı qarşısında məsuliyyət daşıyır. Qeyd olunan anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə cavabdehə tərəflərindən xx.xx.2019-cu il tarixli Pretenziya təqdim olunmuşdur. Pretenziyaya xx.xx.2019-cu il tarixdə cavab vermişdir. Onu da bildirmək istəyirik ki, həmin borc məbləği müəssisədə böyük maliyyə çətinlikləri yaratdığı üçün “xxxx” ASC-də 200.000 manat illik 16 faizlə kredit xətti açdırmaq məcburiyyətində qalmışlar. Müəssisə tərəfindən həmin dövrdən hazırkı tarixə gədər 14.333 manat yalnız kredit faizi ödənilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(82)- 894/2019 saylı qətnaməsi ilə (hakim L.Əliyeva) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx xxxxx 2017-ci il tarixdə “Asılan və Qoşulan Texnikaların satınalınması barədə” 14/17 saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, Sifarişçi bu müqavilənin tərkib hissəsi olan əlavə 1-12-də göstərilən texniki təsnifata və şərtlərə uyğun Respublikada istehsal olunan 1145 ədəd asılan və qoşulan texnikaların satınalınması barədə bu Müqaviləyə 13 nömrəli əlavədə göstərilən malların qiymət cədvəlinə uyğun olaraq İcraçının 5.709.336,51 AZN (beş milyon yeddi yüz doqquz min üç yüz otuz altı manat, 51 qəpik) (3.060.650 Avro) məbləğində qiymət təklifini qəbul etmişdir. Müqavilə şərtlərinə uyğun olaraq, müqavilə üzrə icraçı “xxxx” Azərbaycan-X4 müqavilə üzrə öhdəliklərini tam həcmdə icra etmişdir. Tərəflər bu müqavilə üzrə malların satınalınmasına dair qiymət cədvəlinə uyğun olaraq veriləcək malların ümumi qiyməti 3.060.650 Avro hesabı ilə 5.709.336,51 AZN müəyyən olunmuşdur. İddiaçı ilə cavabdehin arasında “Texnikaların satın alınması barədə” 18/18 nömrəli xx xxxx 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə uyğun olaraq cavabdeh 170 ədəd kənd təsərrüfatı texnikasının satınalınması barədə bu Müqaviləyə 3 nömrəli əlavədə göstərilən malların (70 ədəd qollu çiləyici, 100 ədəd su çəni) qiymət cədvəlinə uyğun olaraq, iddiaçının 1 781 260,0 manat məbləğində qiymət təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq iddiaçı 3 nömrəli əlavədə göstərilən 1 781 260,0 manat məbləğində malları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh iddiaçının hesabına malların dəyəri olan 1.781.260,0 manatdan cəmi 1.564.862 manat ödəmişdir. Cavabdeh borclu qaldığı 216398 manat pulu ödəməyib pul məbləğini özündə saxlamaqla ondan faydalandığına görə iddiaçı qarşısında məsuliyyət daşıyır. Qeyd olunan anlaşılmazlıqları aradan qaldırmaq məqsədilə cavabdehə tərəflərindən xx.xx.2019-cu il tarixli Pretenziya təqdim olunmuşdur. Pretenziyaya cavabdeh xx.xx.2019-cu il tarixdə cavab vermişdir. Həmin borc məbləği müəssisəmizdə böyük maliyyə çətinlikləri yaratdığı üçün, “xxxx” ASC-dən 200.000 manat illik 16 faizlə kredit xətti açdırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və onunla oxşar məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq, o, müqavilədə məbləğin manatla göstərildiyini, mal xaricdən alındığı zaman məzənnənin dəyişmə ehtimalı nəzərə alınaraq, müqavilədə manatın qarşısında avro ilə məbləğin göstərildiyini, müqaviləyə əlavə və dəyişikliklərin yalnız, əlavə müqavilə şəklində olduğunu, məktub şəklində nəzərdə tutulmadığını, ikitərəfli müqavilədən irəli gələn öhdəliyin birtərəfli qaydada daxili əmrlə dəyişdirilməsinin düzgün olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 izahat verərək iddia tələbini və apellyasiya şikayətini qəbul etməyərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.Əlavə olaraq, o, tərəflər arasındakı müqaviləni birtərəfli qaydada dəyişdirmədiklərini, birinci müqavilə üzrə 216 min manat məbləğində artıq ödəniş həyata keçirildiyini, qarşı tərəfin pretenziya məktublarını borc məbləği kimi qəbul etdiklərini, bunun əsasında da həmin məbləğin digər müqavilə üzrə əvəzləşdirildiyini, malların təhvil verilərkən, ödənişin də mütəmadi şəkildə ödənildiyini, məzənnə fərqi nəticəsində artıq ödənilmiş pulu qarşı tərəfin qəbul etdiyini və daxili əmrlə də əvəzləşdirdiklərini bildirdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarının dinləyərək, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməlidir. İddiaçı “xxxx” Azərbaycan-X4 (icraçı) ilə Cavabdeh ASC (sifarişçi) arasında bağlanmış xx xxxx 2018-ci il tarixli, 18/18 saylı Texnikaların satınalınması barədə müqavilədən görünür ki, sifarişçi bu Müqavilənin tərkib hissəsi olan əlavə 1-2-də göstərilən texniki təsnifata və şərtlərə uyğun 170 ədəd kənd təsərrüfatı texnikasının satınalması barədə bu Müqaviləyə 3 nömrəli əlavədə göstərilən malların qiymət cədvəlinə uyğun olaraq icraçının 178126,0 manat məbləğində qiymət təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların komplektləşdirilmiş şəkildə 90 gündən gec olmayaraq bu müqaviləyə 4-5 nömrəli əlavələrdə göstərilən müddətdə və qaydada sifarişçinin Təchizat bazalarına boşaldıb təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci maddəsinə əsasən icraçı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları bu Müqavilədə göstərilən qaydada və ünvanda boşaldıb sifarişçiyə təhvil verməlidir. Sifarişçi təhvil-təslim aktına imza etdikdən sonra mallar qəbul edilmiş sayılır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. “xxxx” Azərbaycan-X4 tərəfindən Cavabdeh ASC-nin İdarə Heyətinin sədr müavini Aydın Əzizova ünvanlanan xx xxxx 2018-ci il tarixli məktubun surətindən görünür ki, “xxxx” Azərbaycan-X4 14/17 saylı, xx xxxxx 2017-ci il tarixli müqaviləyə əsasən yaranmış 216.358,35 manat borc vəsaitini xx.xx.2018-ci i tarixli 18/18 saylı müqavilədə ödəniş zamanı nəzərə almağı xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh ASC tərəfindən xx.xx.2018-ci il tarixdə 712.504 manat məbləğində, xx.xx.2018-ci il tarixdə 91.462 manat məbləğində, xx.xx.2018-ci il tarixdə 760.896 manat məbləğində ödənişlər həyata keçirilmişlər. Elektron işə əlavə edilmiş “xxxx” Azərbaycan-X3 xx.xx.2019-cu il tarixli MÇ/87 saylı pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh ASC-dən xx.xx.2018-ci il tarixli, 18/18 saylı müqavilə üzrə 216.358,35 manat məbləğində borcun 44.550 manat hissəsinin xxxx” Azərbaycan X3 digər müqavilə üzrə (1175-GL/17 saylı güzəşt müqaviləsi) olan borcuna çıxılması, qalan 171.848 manat məbləğin müəssisənin bank hesabına köçürülməsi tələb edilmiş, əks təqdirdə məhkəmə müraciət ediləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “xxxx” Azərbaycan-X3 ödənilməsini tələb etdiyi 216.358,35 manat borc tərəflərin razılığına əsasən Cavabdeh ASC-nin iddiaçıya olan qarşılıqlı tələbi ilə əvəzləşdirildiyindən cavabdehin həmin məbləğin ödənilməsi öhdəliyinə tələblərin əvəzləşdirilməsi yolu ilə xitam verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Mülki Məcəllənin qeyd edilən müddəalarının hazırkı mübahisəyə tətbiqi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən Cavabdeh ASC arasında Texnikaların satınalınması barədə müqavilənin bağlanması və bununla bağlı öhdəlik münasibətlərinin meydana gəlməsi iş materiallarında olan həmin müqavilə ilə (xx xxxx 2018-ci il tarixli, 18/18 saylı) təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “xxxx” Azərbaycan-X4 (icraçı) ilə Cavabdeh ASC (sifarişçi) arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli, 14/17 saylı Asılan və qoşulan texnikaların satınalınması barədə müqavilə üzrə cavabdeh iddiaçıya olan borc məbləğini ödəmiş və bundan sonra tərəflər arasında müqavilə münasibətləri davam edərək xx xxxx 2018-ci il tarixli, 18/18 saylı Texnikaların satınalınması barədə müqavilə bağlanmışdır. Göründüyü kimi hazırkı iddia tələbi sonuncu müqavilə üzrə yaranmış borcla bağlıdır. Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq iddiaçı 3 nömrəli əlavədə göstərilən 1781260,0 manat məbləğində malları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh iddiaçının hesabına malların dəyəri olan 1.781.260,0 manatdan cəmi 1.564.862 manat ödəmişdir (xx.xx.2018-ci il tarixdə 712.504 manat, xx.xx.2018-ci il tarixdə 91.462 manat, xx.xx.2018-ci il tarixdə 760.896 manat). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisəli məbləğin ödənilməsinə dair cavabdehin öhdəliyinə tələblərin əvəzləşdirilməsi yolu ilə xitam verilməsi ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibət müqavilə münasibətidir. Müqavilə əsasında qiymət müəyyən olunaraq təqdim olunacaq malların malın təqdim olunduğu vaxt mövcud məzənnə bankın müəyyən etdiyi satış məzənnəsinə uyğun həyata keçiriləcəyi razılaşdırılmışdır. Müqavilə ilə müəyyən olunmuş məbləğin məktub əsasında əvəzləşdirilməsi yaxud dəyişdirilməsi aşağıda qeyd olunan Mülki Məcəllənin müddəalarına ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.1.2-ci maddəsinə görə mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.3-cü maddəsinə görə bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə kollegiyası iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən tələb edilən faiz borcu məbləğinin yaranma əsasları və hesablanma mexanizmi barədə iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddia tələbi faiz borcunun tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda iddiaçının ödədiyi 30 manat dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 216398 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıdan aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 385, 392, 393 402 və 406-cı maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxx” Azərbaycan-X3 apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, e-2-2(82)- 894/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC-dən 216.398 (iki yüz on altı min üç yüz doxsan səkkiz) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” Azərbaycan-X3 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə “qətnamənin çıxarılacağı gün bank uçot dərəcəsini əsas götürərək 216.398 manat pul məbləğindən istifadə etdiyi üçün minimal bank faizi dərəcəsi ilə illik 7 faiz olmaqla hesablanmış 15.147,86 manat məbləğində faizin və məcburən bankdan götürülmüş kredit məbləği üçün 16 faiz hesabı ilə ödənilmiş 14.333 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsində rədd edilsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi, 14, 1193-cü məhəllə) kommersiya kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar