Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-431/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, Cavabdeh MMC-nin nümayəndəsi (qanuni təmsilçi) X1 iştirakı ilə, iddiaçı “İddiaçı” MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair ilk, Cavabdeh MMC-nin cavabdeh “İddiaçı” MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə qəbul edilmiş Bakı Kommersiya Məhkəməsinin 07.02.2022-ci il tarixli 2-2(113)-181/2022 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “İddiaçı” MMC (Gürcüstan Respublikasında qeydə alınmış xarici hüquqi şəxs) Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbini dəqiqləşdirərək tərəflər arasında bağlanmış 20.12.2019-cu il tarixli 100465 saylı yük daşıma xidmətləri müqaviləsinə xitam verilməsi, cavabdehdən iddiaçının xeyrinə 3000 ABŞ dolları əsas, 300 ABŞ dolları cərimə və 150 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 3450 ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 20.12.2019-cu il tarixli 100465 saylı yük daşıma xidmətləri müqaviləsi bağlanmışdır. Yük daşıma xidmətləri müqaviləsinin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehin xərcləri hesabına onun karqo xidmətlərini yük maşını, dəmir yolu, dəniz, hava nəqliyyatı və ya digər istənilən növ nəqliyyat vasitəsi ilə həyata keçirir, cavabdeh isə bu xidmətlərin haqqını həmin müqavilənin 3-cü maddəsinin şərtlərinə uyğun ödənişləri həyata keçirməlidir. Cavabdeh yük daşıma xidmətləri müqaviləsinin 2.3.6-cı bəndinə əsasən müvafiq əlavəyə uyğun olaraq iddiaçının daşıma xidmətləri üçün vaxtında ödəniş etməlidir. Həmin müqavilənin 1.2-ci və 1.3-cü bəndinə əsasən daşıma xidmətlərinin qiyməti və ödəniş şərtləri bu müqaviləyə edilən müvafiq Əlavələr ilə müəyyənləşdirilir. Xidmət sifarişi və əlavələr bu müqavilənin tərkib hissəsidir. İddiaçı cavabdehə 20.12.2019-cu il tarixli 100465 saylı yük daşıma xidmətləri müqaviləsinə əsasən göstərdiyi xidmətlərin müqabilində 26.03.2021-ci il tarixli TBL4659 saylı qəbul aktına əsasən 150 ABŞ dolları, 09.04.2021-ci il tarixli TBL4703 saylı qəbul aktına əsasən 350 ABŞ Dolları, 09.04.2021ci il tarixli TBL4704 saylı qəbul aktına əsasən 500 ABŞ Dolları, 12.04.2021-ci il tarixli TBL4715 saylı qəbul aktına əsasən 1000 ABŞ Dolları, 03.05.2021-ci il tarixli TBL4778 saylı qəbul aktına əsasən 4000 ABŞ dolları, 04.05.2021-ci il tarixli TBL4787 saylı qəbul aktına əsasən 550 ABŞ Dolları, ümumilikdə 6550 ABŞ Dolları təşkil etmişdir. Cavabdeh 26.03.2021-ci il tarixli TBL4659 saylı qəbul aktına əsasən 150 ABŞ dolları, 09.04.2021-ci il tarixli TBL4703 saylı qəbul aktına əsasən 350 ABŞ dolları, 09.04.2021-ci il tarixli TBL4704 saylı qəbul aktına əsasən 500 ABŞ dolları, 12.04.2021-ci il tarixli TBL4715 saylı qəbul aktına əsasən 1000 ABŞ dolları, ümumilikdə 2000 ABŞ dolları, 03.05.2021-ci il tarixli TBL4778 saylı qəbul aktına əsasən 4000 ABŞ dolları vəsaitdən isə qismən, yəni 1000 ABŞ dolları ödəmişdir. 04.05.2021-ci il tarixli TBL4787 saylı qəbul aktına əsasən 550 ABŞ dolları vəsaitdən isə heç bir ödəniş etməmişdir. Cavabdeh yük daşıma xidmətləri müqaviləsinin 2.3.6-cı bəndinin tələblərini pozaraq, həmin müqavilənin 3-cü bölməsinə əsasən ümumilikdə 3550 ABŞ dolları vəsaiti iddiaçıya ödəməmişdir. Yük daşıma xidmətləri müqaviləsinin 4.1-ci bəndinə uyğun оlaraq gecikmiş ödəniş olan halda, iddiaçının müvafiq əlavəyə hər gecikdirilən gün üçün xidmətlərin ümumi dəyərinin 0.1 %-i dəyərində cavabdehdən cəza ödənişi tələb etmək hüququ vardır, lakin bu ödəniş müvafiq əlavəyə əsasən Xidmətlərin ümumi qiymətinin 10 %-ni keçməməlidir. Yük daşıma xidmətləri müqaviləsi üzrə hesablanmış cərimə 355 ABŞ dolları təşkil edir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməməklə iddiaçıya zərər vurmuşdur Mərkəzi bankın uçot dərəcəsinə uyğun olaraq yük daşıma xidmətləri müqaviləsi üzrə hesablanmış əldən çıxmış fayda 177 ABŞ dolları təşkil edir. İddiaçı Cavabdeh MMC cavabdeh “İddiaçı” MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan tələbini dəqiqləşdirərək ilk iddianın rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilərək cavabdehdən vurulmuş maddi ziyanın əvəzi olaraq 6995 manat, dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 20.12.2019-cu il tarixli 100465 saylı yük daşıma xidmətləri müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında olan razılaşmaya əsasən sifarişçinin Türkiyə Respublikasından aldığı malın hava nəqliyyatı vasitəsilə çatdırılması nəzərdə tutulmuşdur. Tərəflər arasında olan danışıqlara əsasən malın 28.04.2021-ci il tarixdə təhvil verilməsi razılaşdırılmışdır. Cavabdehin səlahiyyətli şəxsi tərəfindən göndərilmiş izləmə cədvəli üzrə malın 28.04.2021-ci il tarixdə çatdığı ifadə olunur. Həmçinin C.Əzimov tərəfindən avia-qaimə göndərilmişdir ki, bunun əsasında iddiaçı həmin sənədləri əldə edərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi mümkün olur. Cavabdeh danışıqlara əsasən 29.04.2021-ci il tarixdə malın götürülməsi üçün müraciəti zamanı heç bir malın göndərilmədiyi məlum olur, bununla əlaqədar yenidən cavabdehə müraciət edildikdə, malın çatdırıldığı bildirilmiş, daha sonra tərəflərindən malın hələ ölkəyə gətirilmədiyi, yalnız 02.05.2021-ci il tarixdə çatacağı bildirilmişdir. Halbuki, əvvəlcədən onlara malın 28.04.2021-ci il tarixdə hava nəqliyyatı vasitəsilə gətirilə biləcəyi bildirilmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 2.1.2-ci bəndinə əməl etməyərək, onlara malın vaxtında çatdırıla bilməməsi barədə məlumat verməli olduğu halda, onlara bu barədə hər hansı məlumat verilməmişdir. Bu səbəbdən, cavabdeh tərəfindən öhdəliklərin vaxtında yerinə yetirilməməsi səbəbindən iddiaçı 6995 manat ziyan çəkmişdir. Belə ki, qarşılıqlı iddiaçı ilə “Prokon” LLC arasında xidmət müqaviləsi mövcuddur. Həmin müqavilə üzrə qarşılıqlı iddiaçının cavabdeh tərəfindən çatdırılmalı olan yükün (qapının) 02.05.2021-ci il tarixədək quraşdırmaq vəzifəsi olmuşdur. Lakin yük çatdırılmadığından iddiaçı fərdi sahibkar X7 ilə 30.04.2021-ci il tarixli müqavilə bağlayaraq ona binanın giriş hissəsində qapı boşluğunun və qapının hazırlanıb quraşdırılması işlərinin görülməsini tapşırmışdır. 02.05.2021-ci il tarixdə M.Əhmədov bütün işləri görüb təhvil vermişdir. Bununla da, cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra edilməməsi nəticəsində iddiaçıya 6995 manat ziyan dəymişdir. Bakı Kommersiya Məhkəməsinin 07.02.2022-ci il tarixli 2-2(113)-181/2022 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, iddiaçı “İddiaçı” MMC ilə Cavabdeh MMC arasında bağlanmış 20.12.2019-cu il tarixli 100465 saylı “Ekspeditor xidmətlərinə dair” müqaviləyə xitam verilməsi, Cavabdeh MMC-dən 3000 (üç min) ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı “İddiaçı” MMC-yə ödənilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh “İddiaçı” MMC-yə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı Cavabdeh MMC-yə aid edilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 07.02.2022-ci il tarixli 2-2(113)-181/2022 nömrəli qətnaməsinin ilk iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə daşıyıcı – ekspeditor tərəfindən malın gecikdirilmə halının təsdiq olunduğunu göstərsə də, maddi hüquq pozuntusuna yol verərək tərəflər arasında olan mübahisəyə Mülki Məcəllənin 859.2-ci maddəsini tətbiq etməli olduğu halda, Mülki Məcəllənin 1096-1097-ci maddələrini tətbiq etmişdir. Tərəflər arasında bağlanmış ekspeditor müqaviləsinin şərtlərinə əsasən malın vaxtında çatdırılması öhdəliyini iddiaçı daşıyırdı. Bunun üçün qarşılıqlı iddia təmin edilməli idi. “Silk Way” avia şirkətinin malın Bakıya çatdırılması üçün cavabdeh qarşısında öhdəliyi yox idi. Əgər həqiqətən “Silk Way” avia şirkətinin təqsiri üzündən mal vaxtında çatmamışdırsa onda yenə də qarşılıqlı iddia təmin edilməli və “Tiber Logistika”nın dəymiş ziyanla bağlı “Silk Way”dan reqress iddia əsasında ödədiyi ziyanı alma hüququ göstərilməli idi. Cavabdeh MMC X7 ilə 30 aprel 2021-ci il tarixli müqavilə bağlayaraq binanın giriş hissəsində qapı boşluğunun və qapının hazırlanıb quraşdırılması işlərinin görülməsini tapşırmışdır. 02 may 2021-ci il tarixdə X7 tərəfindən bütün işlər icra edilərək təhvil verilmişdir. X5 6995 manat pul vəsaiti ödəmişdir. Bu halı təsdiq edən kassa məxaric orderi məhkəməyə təqdim olunmuşdur. Yəni “Tiber Logistika”nı öz öhdəliyi vaxtında icra edərək malı (dönər qapını) vaxtında Bakıya çatdırmaması nəticəsində Cavabdeh MMC-yə 6995 manat ziyan dəyməsi sübut qismində əlavə edilən sənədlərlə tam təsdiqini tapmışdır. Lakin məhkəmə bütün bu hallara qiymət verməmişdir. Məhkəmə hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmayaraq səhv nəticəyə gəlmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmayaraq mübahisəli qətnamənin çıxarılmasına səbəb olmuşdur. İşə apellyasiya qaydasında baxılması 11.05.2022-ci il tarixə təyin edilmiş, ilk iddia üzrə iddiaçı “İddiaçı” MMC-yə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq “İddiaçı” MMC məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə İddiaçıMMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi (qanuni təmsilçi) X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə izahatı, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 07.02.2022-ci il tarixli 2-2(113)-181/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə ilk iddianın təmin edildiyi hissədə mübahisələndirilsə də apellyasiya şikayətinin məzmunundan görünür ki, iş üzrə qəbul edilmiş qətnamə tərəflər arasında bağlanmış 20.12.2019-cu il tarixli 100465 saylı ekspeditor xidmətlərinə dair müqavilənin ləğv edildiyi hissədə mübahisələndirilmir. Buna görə də həmin hissə apellyasiya baxışının predmetini təşkil etmir. İlk iddia tələbi üzrə işin halları və məhkəmənin hüquqi mövqeyi. Birinci instansiya məhkəməsinə təqdim edilmiş və məhkəmə araşdırmasının predmeti olmuş sübutlara əsasən işin müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 20.12.2019-cu il tarixli 100465 saylı ekspeditor xidmətlərinə dair müqavilə bağlanmış, həmin müqavilə əsasında cavabdehin sifarişi ilə iddiaçı Türkiyə Respublikasından (İstanbul) hava nəqliyyatı vasitəsi ilə Azərbaycan Respublikasına (Bakı) cavabdehə məxsus yüklərin (qapıların) daşınmasını həyata keçirmişdir. Müqavilə əsasında daşıma haqqının ümumi məbləği 6550 ABŞ dolları (sonuncu dəfə 4300 ABŞ dolları) razılaşdırılmış, 3000 ABŞ dolları daşıma haqqı cavabdeh tərəfindən ödənilməmişdir. İş materiallarında olan yükün daşıma qaiməsindən görünür ki, yük “X11” şirkəti tərəfindən daşınmış, Cavabdeh MMC-yə çatdırılmalı olan yükün 28.04.2021-ci ildə Heydər Əliyev adına X9 çatacağı göstərilmişdir.(iş materialları 33-cü vərəq). İş materiallarında olan “Bank of Georgia” tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, 1000 ABŞ dolları məbləğində vəsait cavabdeh tərəfindən 22.06.2021-ci il tarixdə ilk iddiaçının bank hesabına köçürülmüşdür. Borc tam ödənilmədiyindən iddiaçı 19.05.2021-ci il tarixdə borcun ödənilməsi, əks halda müqavilənin ləğv ediləcəyi və borcun tutulması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəvərdarlıq məktubu göndərmiş, 30.06.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, iddiaçı şirkətdə logistika üzrə menecer vəzifəsində çalışır. Sifarişləri whatsapp sosial şəbəkəsi və ya e-mail vasitəsi ilə qəbul edirlər. Cavabdeh ilə aralarında müqavilə bağlanılıb və sifariş olunan malların daşınmasını öz öhdələrinə götürmüşlər. Sifarişi onlar 28.04.2021-ci il tarixində Bakıya çatdırmalı idilər, lakin onlardan asılı olmayan səbəblərdən həmin gün mal Bakıya çatdırılmamışdır. Səbəbini aydınlaşdırmaq üçün “Silk Way” avia şirkətinin əməkdaşları ilə əlaqə saxlamış, onlar həmin gün uçuşu nəzərdə tutulan iki yük hava gəmisinin reyslərindən birinin texniki səbəblərdən təxirə salındığını və bu səbəbdən daşınma haqqına görə müəyyən endirim edə biləcəklərini ona bildirmişlər. Hava nəqliyyatı ilə yüklərin daşınmasının qiyməti 4300 ABŞ dolları təşkil etmiş və onlar cavabdehə 300 ABŞ dolları endirim edərək ondan 4000 ABŞ dollarının ödəməsini tələb etmişlər. Lakin dəfələrlə müraciət etmələrinə baxmayaraq qarşı tərəf həmin pulu ödəməkdən boyun qaçırtmış və cəmi 1000 ABŞ dolları məbləğində pulu ödəmişdir. Daşımanın 28.04.2021-ci il tarixdə həyata keçirilməyəcəyi barədə cavabdehə vaxtında xəbər verməmələrinin səbəbi odur ki, “SilkWay” avia şirkəti də onlara malın çatdırılmadığını vaxtında xəbər verməmişdir. Həmin mal gəlməli olduğu gün müvafiq sənədləri cavabdehin nümayəndəsinə vermiş, o da “SilkWay” avia şirkətinə getmiş, orada məlum olmuşdur ki, mal çatdırılmayıbdır. Cavabdehin iddiaya etirazı və qarşılıqlı iddiası belə əsaslandırılır ki, “iddiaçı ilə razılığa əsasən daşınan mallar 28.04.2021-ci il tarixdə təhvil verilməli idi. Daşınan qapıların quraşdırılacağı obyektdə 02.05.2021-ci il tarixdə açılış olacağı və yükün həmin tarixədək çatdırılmalı olacağı barədə iddiaçıya məlumat verilmiş, lakin iddiaçı razılaşmanın şərtini pozaraq yükü vaxtında çatdırmamış, nəticədə cavabdehə ziyan vurmuşdur.” Müqavilənin 1.1-ci bəndinə əsasən ekspeditor sifarişçinin yükünün yük maşını, dəmir yolu, dəniz, hava və/və ya nəqliyyatın hər hansı digər növü ilə daşınması üçün ekspeditor xidmətlərini sifarişçinin dəyəri və xərcləri hesabına təşkil edir və sifarişçi hazırkı müqavilənin 3-cü bölməsinə uyğun olaraq ekspeditor xidmətlərinin dəyərini ödəyir; 1.2-ci bəndinə əsasən daşınma şərtləri, marşrut, yük nomenklaturası, həcmi, dərəcələri, xidmətlərin siyahısı, ödəniş şərtləri və digər xüsusi şərtlər tərəflər arasında razılaşdırılır və hazırkı müqavilənin əlavəsi kimi rəsmiləşdirilən Xidmət Sifarişində göstərilir; 2.1-ci bəndinə əsasən sifarişçi yükünün daşınmasını Xidmət Sifarişinə və müvafiq Əlavəyə uyğun olaraq təşkil etmək, icra olunan işlər üzrə hesab-fakturanın əslini və aktı (“Göstərilmiş Xidmətlər haqqında Akt”) təqdim etmək, yükün bütövlüyünə, çatdırılma müddətinə və/və ya ekspeditor tərəfindən öhdəliklərin hazırkı müqavilə üzrə lazımi qaydada yerinə yetirilməməsinə təsir edə biləcək bütün hallar barədə sifarişçiyə dərhal yazılı məlumat vermək vəzifələrini daşıyır; 2.3.6-cı bəndinə əsasən hazırkı müqavilənin 3-cü maddəsinə və müvafiq Əlavəyə əsasən ekspeditora xidmət haqqını vaxtında ödəmək sifarişçinin vəzifəsidir; 3.2-ci bəndinə əsasən ödəniş şərtləri: Göstərilmiş Xidmətlər haqqında Aktın hər iki tərəfin imzaladığı və ödəniş üçün hesab-fakturanın alındığı tarixdən etibarən 5 təqvim günü ərzində; 4.1-ci bəndinə əsasən ödəniş gecikdirildiyi halda, ekspeditor müvafiq əlavəyə uyğun olaraq xidmətlərin ümumi dəyərinin 0,1 %-i həcmində, gecikmiş ödənişin hər təqvim günü üçün, lakin müvafiq əlavəyə əsasən xidmətlərin ümumi dəyərinin 10 %- dən çox olmayaraq sifarişçiyə cərimə tətbiq etmək hüququna malikdir. Məhkəmə araşdırması zamanı tərəflərin nümayəndələrinin izahatlarına əsasən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya 20.12.2019-cu il tarixli 100465 saylı ekspeditor xidmətlərinə dair müqavilənin şərtlərinə uyğun yazılı Xidmət sifarişi göndərilməmiş, sifariş telefon vasitəsi ilə verilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi Vəkil2 30.08.2021ci il tarixli məhkəmə iclasında izahatında göstərilmişdir ki, yük 01.05.2021-ci il tarixdə iddiaçı tərəfindən təhvil verilmişdir. Həmin iclasda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə malın 2-3 gün gecikmə ilə çatdırıldığını etiraf etmişdir. Tərəflərin nümayəndələri (iddiaçı tərəfdən Ceyhun Əzimov və Cavabdeh MMC-nin direktoru Telman Ağakişiyev) arasındakı “Vatsap” mobil telefon proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmalardan görünür ki, yükün 28.04.2021-ci il tarixdə çatdırılacağı barədə məlumat həmin proqram vasitə ilə verilmiş, cavabdeh vaxtı az olduğu üçün yükün mümkün qədər tez çatdırılmasını xahiş etsə də konkret tarix göstərməmiş, gecikməyə görə iddiaçı daşımaya görə ödənişin məbləğini 300 ABŞ dolları azaltmışdır. Cavabdehin iddiaya etirazında qeyd edilənlərə, və şahid X4 ifadəsinə əsasən müəyyən olunmuşdur ki, razılaşmaya əsasən cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən hava nəqliyyatı ilə daşınmış yüklər 28.04.2022-ci il tarixdə təhvil verilməli idi. Yük hava gəmisinin reyslərindən birinin texniki səbəblərdən təxirə salınması səbəbindən yük vaxtında çatdırılmamışdır. İlk iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsi aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmin Məcəllənin 852.4-cü maddəsinə əsasən ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Həmin Məcəllənin 857-ci maddəsinə əsasən daşıyıcı yükün çatdırılması yerinə gəlməsi barədə yük alana dərhal bildiriş verməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi 2 gün gecikdirməklə icra etsə də qeyd olunan hal daşıma haqqının ödənilməsindən imtina üçün əsas ola bilməz. Ekspeditor tərəfindən yükün daşınıb təhvil verilməsi ilə bağlı öhdəlik icra olunduğundan və öhdəliyin icrası cavabdeh tərəfindən hər hansı irad bildirilmədən qəbul edildiyindən daşıma haqqı üzrə qalıq borcun tutulması barədə ilk iddia tələbi əsaslıdır. İşdəki “Vatsap” yazışmalarından görünür ki, iddiaçı yükün təhvil verilməsinin gecikəcəyi barədə müqavilə şərtlərinə uyğun olaraq cavabdehə məlumat vermiş, cavabdeh yükün çatdırılmasının gecikməsi ilə əlaqədar zərərə məruz qalacağı barədə qarşı tərəfə hər hansı məlumat verməmişdir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi, malın çatdırılmasının 28.04.2021-ci il tarixdə mümkün olmadığı müəyyən edildikdən sonra, sifarişçi daşımadan imtina etməmiş, iddiaçı öz öhdəliklərini icra edərək, daşımanı həyata keçirmişdir. Cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 3000 ABŞ dolları borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olduğunu nəzərə alaraq birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ilk iddia qismən təmin edilməli, cavabdehdən 3000 ABŞ dolları məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələbi üzrə işin halları və məhkəmənin hüquqi mövqeyi. Qarşılıqlı iddia ərizəsində iddiaçı yükün 2 gün gec çatdırılması ilə əlaqədar X7 ilə müqavilə bağlayaraq həmin müqavilə əsasında ödənilmiş 6995 manat məbləğində pulun maddi ziyan olaraq ilk iddia üzrə iddiaçıdan tutulmasını xahiş edir. İş materiallarında olan 17/2021 saylı, 30.04.2021-ci il tarixli müqavilədən görünür ki, sifarişçi (qarşılıqlı iddiaçı) tapşırır, icraçı (X7) isə Ravy Tover layihəsi üzrə Ravy Tover binasının giriş hissəsində qapı boşluğunun və qapının hazırlanıb quraşdırılması işlərini yerinə yetirir. İşlər qiymət razılaşma protokolunda qeyd edilmişdir. Müqaviləyə 30.04.2021-ci il tarixli X2 əsasən, görüləcək işlərin dəyəri ümumi olaraq 6995 manat müəyyən edilmişdir. 02.05.2021-ci il tarixə yerinə yetirilən işlər haqqında Forma 2-yə əsasən 17/2021 saylı, 30.04.2021-ci il tarixli müqavilə ilə razılaşdırılmış işlər icra edilmiş, ödənilməli olan vəsait ümumilikdə 6995 manat təşkil edir. 03.05.2021-ci il tarixli kassa məxaric orderi qəbzinə əsasən 6995 manat pul qarşılıqlı iddiaçı tərəfindən M.Əhmədova ödənilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, “cavabdehin nümayəndəsi Telman bəy ona müraciət edərək qapı düzəltməyini xahiş etmiş və o, həmin obyektə gedərək ölçüləri götürmüşdür. Ona həmin qapının quraşdırılmasının təcili olduğu bildirilmişdir. O, Telman bəyə qapını bir günə quraşdıra biləcəyini və işin təcili görülməsini nəzərə alaraq ödəniləcək məbləği ona bildirmişdir. 30.04.2021-ci il tarixində Cavabdeh MMC ilə müqavilə bağlamış, daha sonra o, zəruri materialları sifariş etmiş, 01.05.2021-ci il tarixdə həmin qapını cavabdeh müəssisəyə quraşdırmışdır. O, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qarşı tərəfdən ödənişi nağd şəkildə almışdır. Elektron qaimə göndərməməyinin səbəbi isə ödənişin gecikdirilməsinin qarşısını almaq olmuşdur. Daha sonra qapı tərəfindən sökülmüş, köhnə materialları isə metalloma vermişdir. Buna səbəb isə həmin materialların təkrar istifadəsinin mümkünsüzlüyü idi. Sifariş verdiyi və aldığı mallara dair hər hansı qəbz yoxdur. Aldığı malların işçilik daxil qiyməti həmin malların xalis qiyməti və həmin malların daşınmasına, quraşdırılmasına sərf olunan xərclərdən ibarətdir. Əvvəlcə tərəfindən qapı qoyulacaq yerə baxış keçirilmiş, növbəti gün isə bir sutkaya işlər görülmüşdür. Bütün ləvazimat tərəfindən Dərnəgül yolunda olan mağazalardan şəxsən alınmış, amma bu barədə qəbzlər onda yoxdur, həmin qəbzləri cavabdehə də təqdim etməmişdir. Usta və fəhlələr orada bütün gecəni işləmişlər. İş təcili olduğu üçün qarşı tərəfdən 7000 manat pul almışdır. Təcili olmasaydı, həmin işlər 3000- 3500 manata başa gələrdi.” Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 895.2-ci maddəsinə əsasən daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 895.2-ci maddəsində daşıyıcının çatdırmanın gecikdirilməsi ilə əlaqədar sifarişçiyə vurulmuş ziyana görə məsuliyyəti müəyyən edilsə yuxarıda istinad edilən normalara əsasən, bu məsuliyyətin yaranması üçün aşağıdakılar müəyyən olunmalıdır: öhdəliyin icrası üçün müddətin müəyyən olunması, öhdəliyin icrasının gecikdirilməsində daşıyıcının təqsirli olması və öhdəliyin icrasının gecikdirilməsi nəticəsində maddi ziyan vurulması. Hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrası müddəti nəzərdə tutulmamış, müqavilədə nəzərdə tutulmuş qaydada yükün daşınması ilə bağlı yazılı sifariş verilməmiş, sifarişçi daşımanın konkret tarixdən gec olmayaraq həyata keçirilməli olduğuna dair ekspeditor qarşısında şərt irəli sürməmişdir. Tərəflər arasındakı “Vatsap yazışmaları”ndan aydın olur ki, cavabdeh mümkün qədər yükün tez çatdırılmasını xahiş etmiş, yazışmalarda ekspeditorun nümayəndəsi tərəfindən hava nəqliyyatı ilə daşınan yükün üçüncü gün (yəni 28.04.2021-ci il tarixdə) Bakı şəhərində hava limanında olacağı barədə məlumat verilmiş, 30.04.2021-ci il tarixdə sifarişçiyə göndərilmiş email-də isə yükün izlənilməsi barədə elektron məlumata əsasən yükün 28.04.2021-ci il tarixdən Bakı şəhərində olduğu qeyd edilmişdir. Yazışmalardan görünür ki, cavabdeh yükü təhvil aldıqdan sonra gecikmə ilə bağlı heç bir etiraz bildirməmiş, hesabda pul olmadığı üçün daşıma haqqının bir hissəsinin ödəniləcəyini, qalan məbləğin 1-2 günə ödəniləcəyini bildirmişdir. Eyni zamanda yazışmalardan məlum olur ki, ekspeditorun nümayəndəsi gecikmənin hava yolları şirkəti ilə bağlı olması barədə də sifarişçiyə məlumat vermişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında öhdəliyin icra ediləcəyi tarix konkret olaraq şərtləşdirilmədiyindən və yük daşıma ilə bağlı sifariş alındığı gündən (“Vatsap” yazışmalarının 26.04.2021-ci il tarixdən başladığı nəzərə alınaraq həmin tarix sifarişin verildiyi tarix hesab olunur) sonra ağlabatan müddət ərzində təhvil verildiyindən, yükün ekspeditorun göstərdiyi tarixdə sifarişçiyə təhvil verilməməsində ekspeditor təqsirli olmadığından (yükün daşındığı hava gəmisinin uçuşunun texniki səbəblərə görə təxirə salınması) yükün iki gün gec təhvil verilməsinə görə iddiaçının cavabdeh qarşısında mülki hüquqi məsuliyyəti müəyyən olunmur. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yükün gec təhvil verilməsinə görə sifarişçinin zərərə məruz qaldığı mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, sifariş verilmiş qapıların hansı obyektdə, obyektin hansı hissələrində (girişdə və ya digər hissələrdə) və hansı tarixədək quraşdırılacağı barədə ekspeditora məlumat verildiyini təsdiq edən sübutlar olmadığından Cavabdeh MMC-nin təqdim etdiyi, “Ravy Tower” adlı binanın giriş hissəsində qapı boşluğunun və qapının hazırlanıb quraşdırılması işlərinin yerinə yetirilməsi ilə bağlı 30.04.2021ci il tarixli müqavilənin bağlanması və həmin müqavilə üzrə icraçı X5 6995 manat vəsait ödənilməsi ilə daşınmış yükün təhvil verilməsinin iki gün gecikməsi arasında səbəbli əlaqə olduğu müəyyən olunmur. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 07.02.2022-ci il tarixli 2-2(113)-181/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 07.02.2022-ci il tarixli 2-2(113)-181/2022 nömrəli qətnaməsi müahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-431/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-431/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver