Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-431/2025 18.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7576/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları:
1. İddiaçı MMC (daşıyıcı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 025/22 nömrəli yük daşınması müqaviləsinə görə daşıyıcı sifarişçinin tapşırığı ilə müxtəlif növ yüklərin daşınmasını həyata keçirməsini və ya təşkil edilməsini, sifarişçi isə daşımanın müqabilində daşıyıcıya müvafiq sifarişdə nəzərdə tutulmuş daşımanın dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin: 4.2-ci bəndinə görə sifarişçi müvafiq sifariş üzrə ödənişi yükün boşaldılacağı ölkədə təyinat gömrük terminalına daxil olduqdan sonra və daşıyıcı tərəfindən hesab-faktura təqdim edildikdən sonra dərhal daşıyıcının hesablaşma hesabına ödəniş həyata keçirir. Ödənişlər gecikdirilərsə, hesaba daxil olmazsa və ya həyata keçirilməzsə daşıyıcı yükün təhvil verilməmə hüququnu özündə saxlayır. Ödənişin gecikdirilmi hər günü üçün məbləğin 0,5%-i qədər əlavə ödəniş hesablanacaq.
2. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli EBCİ 996996 nömrəli 29887,12 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCN 468723 nömrəli 9446,10 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
3. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli, 398/22 nömrəli hesab fakturaya görə 5550 ABŞ dolları, xx.xx.2022-ci il tarixli 335/22 nömrəli hesab fakturaya görə 17560 ABŞ dolları məbləğində vəsait ödənilməlidir.
4. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-01659 nömrəli barışıq sazişi imzalanmış, sazişin 1-ci bəndinə görə tərəflər sazişin bağlandığı günə cavabdehin iddiaçıya 22434 manat məbləğində borcunun olduğunu qəbul etmişlər. Həmin sazişin: 2-ci bəndinə görə cavabdeh müqavilənin 1-ci bəndində göstərilmiş borcunu 6 ay ərzində həy ay 3739 manat verməklə ödəyəcək. 4-cü bəndinə görə ilk ödəniş 2023-cü ilin dekabr ayının sonuncu iş gününədək həyata keçiriləcək. 3-cü bəndində göstərilmişdir ki, sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur.
5. İddiaçı MMC-nin bank hesabından çıxarışa əsasən Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixdə 22634 manat vəsait ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12988,16 manat məbləğ üzrə 606 gün gecikdirilmiş müddət üzrə borc 1078,19 manat, 9446,10 manat məbləğ üzrə 532 gün gecikdirilmiş müddət üzrə borc 688,35 manat, müqavilə üzrə 12988,16 manat və 9446,1 manat məbləğ üzrə ümumi məbləğin 30 faiz dəbbə pulu 6730,27 manat, iş üzrə vəkilə ödənilmiş 1000 manat xidmət haqqı olmaqla, ümumilikdə 9496,81 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 115 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “Novamatic" Məhdud Məsuliyyətli Cəmiyyəti” arasında xx.xx.2022-ci il tarixdə yük daşınmasına dair müqavilə bağlanmışdır. Müqavilənin 4.2-ci maddəsinə əsasən daşıyıcı tərəfindən hesab-faktura təqdim edildikdən dərhal sonra daşıyıcının hesablaşma hesabına sifarişçi ödənişi həyata keçirməli idi. Daşıyıcı şirkət tərəfindən 12988,16 manat pul məbləğinə görə xx.xx.2022-ci il tarixdə 335/22 saylı hesab-faktura təqdim edilmiş, lakin sifarişçi pulun ödənilməsini həyata keçirməmişdir. Daha sonra 9446,10 manat pul məbləğinə görə xx.xx.2022-ci il tarixdə 398/22 saylı hesab-faktura təqdim edilmiş, lakin sifarişçi bu ödənişi də həyata keçirməmişdir. Daha sonra yaranmış kommersiya mübahisəsi ilə bağlı ilkin olaraq Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət olunmuşdur. İş mediasiya təşkilatında baxılan zaman sifarişçi Cavabdeh ilə daşıyıcı İddiaçı arasında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 1-ci maddəsi üzrə Cavabdeh MMC barışıq sazişinin bağlandığı tarixə İddiaçı MMC-yə 22434 manat borcu olduğunu etiraf etmiş, sazişin 2-ci maddəsi üzrə qeyd edilən borcu 6 ay ərzində hər ay 3739 manat verməklə ödəməyi öhdəsinə götürmüşdür. Həmin sazişin 3 və 4-cü maddələri üzrə ödəniş hər ayın sonuncu gününədək həyata keçirilməli, ilk ödəniş 2023-cü ilin dekabr ayının sonuncu iş gününədək ödənilməli idi. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq sifarişçi heç bir ödəniş həyata keçirməmişdir. Bu səbəbdən barışıq sazişinin təsdiq edilməsilə bağlı məhkəməyə müraciət olunmuş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il tarixli qətnaməsi ilə barışıq sazişi təsdiq edilmişdir. Bundan sonra iş icra mərhələsində olan zaman xx.xx.2024-cü il tarixdə hər iki hesab faktura üzrə borc tam şəkildə ödənilmişdir. Borcun bu qədər gec müddət sonra ödənilməsi Mülki Məcəllənin 445.7-ci maddəsinə əsəsən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik 5 faiz daşıyıcının sifarişçiyə pul tələb etməsi zərurətini yaratmışdır. Yuxarıda qeyd edildiyi kimi 12988,16 manat pul məbləğinə görə xx.xx.2022-ci il tarixdə 335/22 saylı hesab faktura təqdim edilmiş, 9446,10 manat pul məbləğinə isə xx.xx.2022-ci il tarixdə 398/22 saylı hesab faktura təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli 335/22 saylı hesab faktura üzrə elektron qaimə (EBCİ 996996) xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə 398/22 saylı hesab faktura üzrə elektron qaimə (EBCN 468723) isə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Müqavilə şərti üzrə hesab faktura göndərildikdən dərhal sonra pul ödənilməli idi. Deməli sifarişçi daşıyıcıya 12988,16 manat pulu xx.xx.2022-ci il tarixdə, 9446,10 manat pulu isə xx.xx.2023-cü il tarixdə ödəməli idi. Lakin qeyd edilən pul məbləği daşıyıcıya xx.xx.2024- cü il tarixdə ödənilmişdir. Göründüyü kimi 12988,16 manat pul məbləği 606 gün sonra, 9446,10 manat pul məbləği isə 532 gün sonra ödənilmişdir. İllik 5 faiz gecikdirilmə faizi üzrə 12988,16 manat pul məbləği üçün 1 günə gecikdirilmiş pul 1,7792 manat, (12988x5%=649,408, 649,408/365=1,7792 manat) 9446,10 manat pul məbləği üçün 1 günə gecikdirilmiş pul 1,2939 manat (9446,10x5%=472,305 472,305/365=1,2939 manat) təşkil edir. Beləliklə 12988,16 manat məbləğ üzrə 606 gün gecikdirilmiş müddət üzrə borc 1078,19 manat, (606x1,7792=1078,19) 9446,10 manat məbləğ üzrə 532 gün gecikdirilmiş müddət üzrə borc 688,35 manat (532x1,2939=688,35 manat) təşkil edir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə əsasən ödənişin gecikdirilmiş hər günü üçün məbləğin 0,5%-i qədər əlavə ödəniş hesablanacaq. Yuxarıda qeyd olunduğu kimi 12988,16 manat pul məbləği 606 gün sonra, 9446,10 manat pul məbləği isə 532 gün sonra ödənilmişdir. 12988,16 manat pul məbləğinin 0.5%i 64,94 manat təşkil edir. (12988,16x0.5%=64,94) 1 gün üçün dəbbə pulu 64,94 manat təşkil edirsə 606 gün üçün dəbbə pulu 39353,64 manat təşkil edir. (64,94x606=39353,64) 9446,10 AZN pul məbləğinin 0.5%-i 47,23 manat təşkil edir. (9446,1x0,5%=47,23) 1 gün üçün dəbbə pulu 47,23 AZN təşkil edirsə 532 gün üçün dəbbə pulu 25126,36 manat təşkil edir. (47,23x532=25126,36 manat) Göründüyü kimi müqavilə üzrə dəbbə pulu 12988,16 manat pul məbləğinə görə 39353,64 manat, 9446,10 manat pul məbləğinə görə 25126,36 manat olmaqla ümumilikdə 64480 manat təşkil edir. Lakin iddiaçı şirkət cavabdehlə əvvəllər aralarında olan işgüzar münasibətlərə əsasən 64480 manat dəbbə pulu tələb etmək hüququ olduğu halda daha humanist davranaraq hesab edir ki, dəbbə pulu ümumi borc məbləğinin 30 faizi təşkil etməlidir. (12988,16+9446,1=22434,26, 22434,26x30%=6730,27) Hesab edilir ki, müqavilə üzrə ümumlikdə 22434,26 manat məbləğin 30 faizi olan 6730,27 manat məbləğ dəbbə pulu olaraq hesablanmalıdır.
8. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin maddələrinin pozulması ilə müşahidə olunan şəkildə verilmişdir. İddia tamamilə absurddur və qətiyyən qəbul edilmir. İddiaçı özü-özünün iddiasını iddia ərizəsində təkzib edir. Belə ki, iddia ərizəsində qeyd edildiyi kimi tərəflər arasında öhdəliyin icrası təsdiqlənmiş və tərəflərin arasında yekun öhdəliklər müəyyən olunmuşdur. Mediasiya sessiyasının sonunda imzalanmış barışıq sazişinə əsasən yekun məbləğ 22434 manat müəyyən olunmuşdur. Eyni zamanda borcun ödənilməsi üçün 6 aylıq müddət müəyyən olunmuşdur. Tərəflərin qarşılıqlı razılığı ilə hissə-hissə ödənilmə müəyyən edilməsinə baxmayaraq, iddiaçı tərəfindən Azərbaycan Respublikasınin MPMnin tələblərinə uyğun şəkildə barışıq sazişi xüsusi icraat qaydasında təsdiq edilmişdir. İcra şöbəsi tərəfindən verilmiş icra vərəqəsinə uyğun olaraq cavabdeh tərəfindən xx.xx.2024- cü il tarixdə 20000 manat, xx.xx.2024-cü il tarixdə isə 2434 manat pul ödənilmiş və iddiaçı ilə tam hesablaşma olunmuşdur. Lakin iddiaçı tərəfindən verilmiş iddianın absurdluğu bundadır ki, iddiaçı yekun məbləğin barışıq sazişi ilə təsdiqləndiyi öhdəliklərin cavabdeh tərəfindən tam icra edilib qurtardıqdan sonra heç bir qanuni əsasa dayanmayan iddia ilə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Eyni zamanda iddiaçının da imzaladığı və təsdiqlədiyi xx.xx.2023-cü il tarixli mediasiya barışıq sazişinin 3-cü maddəsində göstərilir ki, “Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur”. Bundan başqa barışıq Sazişin 5-ci maddəsində göstərilir ki, və tərəflər təsdiq etmişlər ki, Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar, öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edilirlər. Mülki Məcəllənin 399.3-cü maddəsinə görə müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikasının 405-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Tərəflər arasında müqavilənin ləğvinə və ya etibarsızlığına dair hər hansı müqavilə, razılaşma, saziş və ya məhkəmə qətnaməsi mövcud deyil. Bu da ona əsas verir ki, Mülki Məcəllənin 460.2-ci maddəsində göstərilir ki, öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Bir halda ki, iddiaçının daşıma müqaviləsi üzrə yekun tələbi 22434 manat olmuşdur və bu məbləğ tam olaraq ödənilmişdir. Tərəflər arasında öhdəliklərə xitam verilmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 7576/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 349,35 manat faiz borcu, 50 manat hüquqi yardıma görə xərc, 30 manat dövlət rüsumu, ümumilikdə 429,35 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi iki hissədən ibarətdir: İ. 1766,54 manat illik 5 faizlə hesablanmış faiz borcunun ödənilməsi;
2. 6730,27 manat dəbbə pulunun tutulması. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 025/22 nömrəli yük daşınması müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında yük daşınmaları həyata keçirilmiş, həmin daşınmalara görə 22434 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Göstərilən müqavilə üzrə tərəflər arasında yaranmış mübahisə xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə həll edilmiş, cavabdeh göstərilən borcu 6 ay ərzində - 2023-cü ilin dekabr ayınının son iş günündən başlanmaqla iddiaçıya aylıq 3739 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyi sazişdə müəyyən edilmiş müddət ərzində icra etməmiş, yaranmış borcunu xx.xx.2024-cü il tarixdə iddiaçıya ödəmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının həmin tələbi əsaslıdır. Bununla yanaşı, iddiaçı borcun məbləğinin 1766,54 manat olmasını iddia etsə də, iddia ərizəsindən görünür ki, iddiaçı həmin borcun hesablanmasının hesab fakturalar təqdim edildiyi gündən borcun tam ödənildiyi günə qədər olan müddət üçün hesablamışdır. Halbuki, iddiaçı xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə cavabdehə yaranmış borcun ödənilməsi üçün əlavə vaxt vermiş, borcun hissə-hissə olmaqla 6 ay ərzində ödəniləcəyi tərəflər arasında razılaşdırılmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehdən tutulacaq faiz borcunun məbləği xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtləri nəzərə alınmaqla ümumilikdə 349,35 manat müəyyən edilməlidir. Belə ki, materiallardan görünür ki, cavabdehdən birinci ödənişin ödənilməsini 190 gün gecikdirdiyi üçün 96,9 manat faiz borcu (gecikdirilmiş 1 gün üçün faiz borcu - 3739*5/100/365 gün = 0,51 manat), ikinci ödənişin ödənilməsini 159 gün gecikdirdiyi üçün 81,09 manat faiz borcu, üçüncü ödənişin ödənilməsini 130 gün gecikdirdiyi üçün 66,30 manat faiz borcu, dördüncü ödənişin ödənilməsini 99 gün gecikdirdiyi üçün 50,49 manat faiz borcu, beşinci ödənişin ödənilməsini 69 gün gecikdirdiyi üçün 35,19 manat faiz borcu, altıncı ödənişin ödənilməsini 38 gün gecikdirdiyi üçün 19,38 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbini ikinci hissədə əsassız hesab etmişdir. Məhkəmə iddianın həmin hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisəli məsələ xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə həll edilmişdir. Göstərilən razılaşmada öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə, o cümlədən icranın gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmamışdır. Halbuki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Odur ki, tərəflər arasında dəbbə pulunun ödənilməli olması barədə barışıq sazişində yazılı razılaşma olmadığından məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, 349,35 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa iddia ərizəsində 1000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 50 manat hüquqi yardıma görə xərc ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, hüquqi yardımla bağlı çəkilmiş qalan xərc iddiaçının özünə aid edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə hüquqi yardımla bağlı Bakı şəhəri 20 saylı Vəkil Bürosuna hüquqi xidmət haqqına görə 1000 manat vəsait ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunduğundan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 82 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7576/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilərək, 12988,16 manat məbləğ üzrə 606 gün gecikdirilmiş müddət üzrə borc 1078,19 manat, 9446,10 manat məbləğ üzrə 532 gün gecikdirilmiş müddət üzrə borc 688,35 manat, müqavilə üzrə 12988,16 manat və 9446,1 manat məbləğ üzrə ümumiməbləğin 30 faiz dəbbə pulu 6730,27 manat, iş üzrə vəkilə ödənilmiş 1000 manat xidmət haqqı olmaqla, ümumilikdə 9496,81 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 115 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin təmin edilməmiş hissəsində səhvə yol vermiş, bu da yanlış hesab etdikləri qətnamənin qəbul olunmasına gətirib çıxarmışdır. Belə ki, məhkəmə iddia tələbinin qeyd olunan hissəsi ilə bağlı göstərmişdir ki, ıçaiddi“ xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə cavabdehə yaranmış borcun ödənilməsi üçün əlavə vaxt vermiş, borcun hissə-hissə olmaqla 6 ay ərzində ödəniləcəyi tərəflər arasında razılaşdırılmışdır.” Lakin nəzərə alınmalıdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmasına baxmayaraq cavabdeh barışıq sazişini icra etməmişdir, bununla da barışıq sazişi öz qüvvəsini itirmişdir. Bu səbəbə görə də iddiaçı barışıq sazişinin təsdiqi barədə məhkəməyə müraciət edərək pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edib. Göründüyü kimi barışıq sazişi cavabdehin onlara borclu olduğu müddəti uzatmaq məqsədi daşımışdır, belə olan halda həm müqavilə üzrə dəbbə pulu, həm də pulun gecikməsinə görə olan faiz cavabdehdən tutularaq iddiaçıya ödənilməli idi. Dəbbə pulu ilə barışıq sazişində razılaşma olmadığı halda necə ola bilər ki, məhkəmə tərəflər arasında bağlanmış barışıq sazişinə istinad edərək dəbbə pulunu görməzdən gəlsin. Eyni zamanda məhkəmə iclasında bildirdiyi kimi iddiaçının gecikmə faizi üzrə tələb etdiyi məbləğ borcun ödənilməli olduğu tarixdən borcun ödənildiyi tarixə qədər olan müddətdir. Faktiki olaraq barışıq sazişi bağlanmış olsa belə iddiaçının MM-nin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Barışıq sazişinin bağlanması cavabdehin borc məbləğini gecikdirməsini kölgə altında qoya bilməz və ya iddiaçının gecikdirilmiş məbləğə görə illik beş faiz tələb hüququnu məhdudlaşdıra bilməz. Beləliklə cavabdeh tərəfindən ödənilməli olan ödənişilə ödədiyi vaxt arasında olan gecikmə faizi və müqavilə üzrə dəbbə pulunun cavabdehdən ödənilməsini tələb etsə də birinci instansiya məhkəməsi tərəfindən iş düzgün araşdırılmamış, bu da düzgün hesab etmədiyi məhkəmə qətnaməsinin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmənin ilk iclasında cavabdeh borc məbləğinin 1500 manat hissəsini qəbul etməsinə baxmayaraq məhkəmə cavabdehin mövqeyi dəyişməyinə əsaslanaraq bu barədə qətnamədə heç bir qeyd bildirməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
15. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -881.1-ci madəsinə görə barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. -881.2-ci maddəsinə görə barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
16. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
17. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə iddiaçı tərəfindən qətnamənin rədd edilmiş mübahisələdirilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı iddianın rədd edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (daşıyıcı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2022-ci il tarixli, 025/22 nömrəli yük daşınması müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı cavabdehin tapşırığı ilə müxtəlif növ yüklərin daşınmasının həyata keçirilməsini və ya təşkil edilməsini, cavabdeh isə daşınmanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən həyata keçirilmiş və təşkil edilmiş yükdaşımalara görə cavabdehin iddiaçıya borcu yaranmışdır. Həmin borcla tərəflər arasında yaranmış mübahisə məhkəmədən kənar qaydada həll edilərək mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-01659 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən cavabdeh sazişin bağlandığı günə iddiaçıya 22434 manat məbləğində borcunun olduğunu qəbul etmiş və həmin borcu 6 ay ərzində həy ay 3739 manat verməklə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh barışıq sazişinə əsasən üzərinə götürdüyü öhdəliyi də vaxtında icra etməmiş, iddiaçıya olan borcu yalnız xx.xx.2024- cü il tarixdə ödəmişdir.
21. Hazırda iddiaçı cavabdehin yükdaşıma müqaviləsinin şərtlərinə uyğun olaraq 12988,16 manat pulu xx.xx.2022-ci il tarixdə, 9446,10 manat pulu isə xx.xx.2023-cü il tarixdə ödəməli olduğu halda xx.xx.2024- cü il tarixdə ödəməklə 12988,16 manat pulun ödənilməsini 606 gün, 9446,10 manat pulul ödənilməsini isə 532 gün gecikdirdiyini əsas göstərərək xx.xx.2022-ci il tarixdə borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5%-in və dəbbə pulunun ödənilməsini tələb edir.
22. Kollegiya qeyd etməyi zəruri sayır ki, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyrimüəyyənliyin aradan qaldırılmasına yönəlir. Mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür (“Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 23 fevral 2024-cü il tarixli qərarı)
23. Göründüyü kimi hazırkı halda mübahisəli hüquq münasibəti ilə bağlı barışıq sazişinin bağlanması tərəflər arasında əvvəlki öhdəlik hüquq münasibətlərindən asılı olmayan yeni öhdəlik hüquq münasibətinin yaranmasına səbəb olmuşdur. Həmin sazişə əsasən cavabdeh üzərinə yeni bir öhdəlik - 22434 manat məbləğində borcu iddiaçıya ödəmək öhdəliyini götürmüş, eyni zamanda həmin sazişdə sözügedən öhdəliyin hissəhissə - 6 ay ərzində ayda 3739 manat olmaqla ödənilməli olması nəzərdə tutulmaqla öhdəliyin icrası müddəti müəyyən edilmişdir.
24. Odur ki, Mülki Məcəllənin 445.2.1-ci maddəsinin tələblərinə əsasən borclunun öhdəliyi icra müddəti ərzində icra etmədiyi təqdirdə icranı gecikdirmiş hesab edildiyini nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi öhdəliyin icrasının gecikdirilməsinə görə faizləri məhz həmin sazişdə müəyyən edilmiş öhdəliyin icra müddətinin başa çatdığı tarixdən sonrakı dövr üçün hesablanmalı olması barədə düzgün nəticəyə gəlmişdir.
25. Öhdəliyin icrasının gecikdirilməsi müddətinin borcun yaranması üçün əsas olmuş yükdaşıma müqaviləsi üzrə muzdu ödəmək öhdəliyinin icrası müddətinin başa çatdığı tarixdən hesablanmalı olması barədə iddiaçının dəlillərinə gəldikdə bildirilir ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçının yükdaşıma müqaviləsindən irəli gələn tələbi ilə bağlı barışıq sazişinin bağlanması nəticəsində tərəflər arasında yeni öhdəlik hüquq münasibətləri yaranmış, əvvəlki hüquq münasibətlərindən irəli gələn və barışıq sazişin bağlandığı məqamda məlum olan hüquq və öhdəliklərə isə xitam verilmişdir. Bu baxımından barışıq sazişin bağlanması tərəflərin sazişə qədərki hüquq və öhdəliklərə, o cümlədən həmin öhdəliklərin icrası müddətlərinə istinad etməsi imkanını istisna edir.
26. Cavabdeh barışıq sazişini lazımi qaydada icra etmədiyindən barışıq sazişinin qüvvədən düşməsi barədə dəlillərə münasibətdə isə qeyd edilməlidir ki, barışıq sazişində saziş üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsinin avtomatik həmin sazişin qüvvədən düşməsinə (ləğv edilməsinə) səbəb olması barədə şərt yer almamış, eləcə də belə bir norma mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Digər tərəfdən barışıq sazişinin ləğv edilməsi ehtimal edilsə belə qeyd edilməlidir ki, müqavilənin ləğv edilməsi yalnız həmin müqavilə əsasında yaranmış hüquq və öhdəliklərin xitam verilməsinə səbəb olmaqla həmin müqavilənin bağlanmasının hüquqi nəticələrini (hazırkı halda tərəflər arasında əvvəlki hüquq münasibətlərinin xtiamına səbəb olan yeni hüquq münasibətinin yaranmasını) aradan qaldırmır və belə olan halda tərəflər arasında əvvəlki hüquq münasibətlərinin bərpa edilməsi üçün əsas vermir.
27. Dəbbə pulu tələbinə dair hissədə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, barışıq sazişində tərəflərin dəbbə pulu barədə razılaşmasını ehtiva edən bənd nəzərdə tutulmamışdır. İddiaçının yükdaşıma müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu barədə şərtə istinad etməklə tələb irəli sürmək hüququna isə barışıq sazişinin bağlanması ilə xitam verilmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz.
29. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7576/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın.
Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov