Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-433/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) X4, onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı "xxxx" Şirkətinin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-83/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə 22 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 536.950 ABŞ dolları əsas, borcun gecikdirildiyi üçün 53.695 ABŞ dolları məbləğində zərərin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasında qeydiyyatdan keçən iddiaçı "xxxx" şirkəti ilə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş cavabdeh “Melkom MMC arasında lift və lift avadanlıqlarının alqı-satqısına dair 22 aprel 2014-cü il tarixli müqavilə üzrə cavabdehin satın aldığı mallara görə iddiaçıya 438.330 ABŞ dolları məbləğində borcu yaranmışdır. 24 avqust 2017-ci il tarixdə tərəflər arasında bağlanmış sözügedən müqaviləyə qarşılıqlı razılıq əsasında razılaşma protokolu imzalanaraq müqaviləyə əlavə edilmişdir. Tərəflər arasında bağlanmış 22 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsinə edilən 24 avqust 2017-ci il tarixli əlavəyə - razılaşma protokoluna əsasən hazırkı iş üzrə iddiaçı siyahısı razılaşma protokoluna əlavə edilən 205.000 ABŞ dolları dəyərində lift avadanlıqları istehsal edərək Cavabdeh MMC-yə satmağı öhdəsinə götürür. Bu razılaşma protokolunun şərtlərinə əsasən Cavabdeh MMC həm bu razılaşma protokolu ilə, həm də bu protokolun əlavə edildiyi müqavilə üzrə satın aldığı lift və lift avadanlıqlarına görə yaranmış borcunu ümumiləşdirərək 2017-ci ilin 25 dekabr tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Ödənişlə bağlı qrafık tərtib edilmiş və həmin ödəmə qrafikinə əsasən Cavabdeh MMC 25.09.2017-ci il tarixdə 150.000 ABŞ dolları, 25.10.2017-ci il tarixdə 113.330 ABŞ dolları, 25.11.2017-ci il tarixdə 200.000 ABŞ dolları, nəhayət 25.12.2017-ci il tarixdə isə 180.000 ABŞ dolları olmaqla, ümumilikdə 643.330 ABŞ dolları ödəməklə iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirməli idi. Beləliklə, tərəflər arasında bağlanmış 22 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsinə edilən 24 avqust 2017-ci il tarixli əlavəyə - razılaşma protokoluna əsasən iddiaçı 98620 ABŞ dolları dəyərində lift avadanlıqları istehsal edərək alıcı-hazırkı iş üzrə Cavabdeh MMC-nin ünvanına göndərmişdir. Cavabdeh MMC isə öz növbəsində qeyd edilən dəyərdə həmin malları 31.01.2018-ci il tarixli bəyannamə əsasında Azərbaycan Respublikasına idxal etmişdir. Cavabdeh malları qəbul etsə də, əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməmişdir. Bununla da tərəflər arasında bağlanmış 22 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsinə və həmin müqaviləyə edilən 24 avqust 2017-ci il tarixli əlavəyə - razılaşma protokoluna əsasən Cavabdeh MMC-nin iddiaçı "xxxx" şirkətinə cəmi 536.950 ABŞ dolları borcu yaranmışdır. Bununla yanaşı cavabdeh iddiaçının pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə sözügedən borc məbləğindən faizlər ödəməlidir. Odur ki, cavabdeh “Melkom’' MMC-dən iddiaçı “ARD Mühendislik Asansör Sanayi ve Ticaret Limited’' şirkətinin xeyrinə 536.950 ABŞ dolları əsas borc, həmin borcun gecikdirildiyi 2018-2019-cu illər üzrə illik 5 faiz olmaqla 53.695 ABŞ dolları məbləğində zərər tutulmalıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-83/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC-dən 536.950 ABŞ dolları məbləğində borc və 53.695 ABŞ dolları məbləğində zərərin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının ödəniş günü manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-83/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin qismən, 49170 ABŞ dolları tutulması hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçı tərəfindən məhkəməyə tərəflər arasında bağlanmış 24.08.2017-ci il tarixli razılaşmaya əsas olmuş 14.04.2014-cü il tarixli müqavilə təqdim edilməmişdir. Məhkəməyə yalnız 22.04.2014-cü il tarixli müqavilə təqdim edilmiş və qeyd edilmiş razılaşma da həmin müqavilənin tərkib hissəsi kimi göstərilmişdir. Məhkəmə buna əhəmiyyət verməmiş, razılaşmaya əsas olmuş 14.04.2014-cü il tarixli müqavilənin olubolmamasını araşdırmamışdır. Halbuki 28.04.2017-ci il tarixli razılaşmanın yuxarı hissəsində “14.04.2014-cü il tarixli sözləşməyə” sözləri aydın şəkildə göstərilmişdir. Məhkəmə yalnız iddiaçının izahatına uyğun olaraq iddianı təmin etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, 98620 ABŞ dolları dəyərində lift avadanlıqlarını qəbul etmişdir. Qalan məbləğdə malın təhvil verildiyi qəbul edilməmiş, məhkəməyə bu halın araşdırılması barədə vəsatət vermiş, lakin vəsatəti təmin edilməmişdir. Tərəflər arasında bağlanmış 14.04.2014-cü il tarixli müqavilənin 4-cü maddəsinə əsasən alıcı tərəfindən bu müqavilənin maddə 2-də ifadə edilən idxal edilən və ya toplanan bütün lift avadanlığının və aksesuarların satıcının anbarında razılaşma protokolu ilə təhvil alınacağı və dəyərini tam ödənilməklə ixrac ediləcəyi qeyd edilmişdir. Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulmaq barədə 01 fevral 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsində göstərilmişdir ki, satıcı müqavilə və bu Konvensiyanın tələblərinə uyğun olaraq malları göndərməli, ona aid olan sənədləri təqdim etməli və mallar üzərində mülkiyyət hüququnu ötürməlidir. Məhkəmə isə onun təhvil almadığı və ya ümumiyyətlə onun ünvanına göndərilməyən mallara görə pul tutulması qənaətinə gəlmişdir. 20.11.2017-ci il və 21.11.2017-ci il tarixli hər iki tərəfin imza və möhürü ilə təsdiq etdiyi hesap durumundan da görünür ki, iddiaçıya cəmi 49170 ABŞ dolları məbləğində pul borcu qalmışdır. İşin həlli üçün əhəmiyyətli hallara qiymət verməyən məhkəmənin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir. 24.08.2017-ci il tarixli razılaşma protokoluna əsasən göndərilən malın dəyəri faktiki dəyərindən 2 dəfə artıq olduğundan həmin malı gömrükdən çıxarmaq istəməmiş, mal gömrük terminalında qalmışdır. Sonradan TİR şirkətinin təkidi ilə həmin malları gömrükdən çıxarmış, TİR şirkətinə 10000 ABŞ dolları cərimə ödəmişdir. Eyni zamanda qiymət yüksək olduğu üçün 2 dəfədən çox gömrük xərci ödəmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-450/2020 saylı 9 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-83/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Məhkəməsinin 2-2(102)-53/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-450/2020 saylı 9 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərar alınmışdır. Bu baxımdan hazırki işə apellyasiya qaydasında yenidən baxılarkən cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, tərəflər arasında 14 və 22 aprel tarixli iki sözləşmə olmuşdur. Müqavilənin müddəalarına əsasən tərəf anbarda mala baxış keçirməli, yoxlamalı, pul ödənildikdən sonra malı anbardan çıxarmalıdır. Lakin cavabdeh tərəf iddiaçıya aldığı malın dəyəri ilə bağlı ödənişlər etsə də, bu ödənişləri iddiaçı tərəf nəzərə almamışdır. Sonuncu hesab durumu sənədində cavabdehin ödədiyi ödənişlərə görə qalan borcu barədə məlumat öz əksini tapmışdır. İddiaçı tərəfin göndərdiyi mal gömrük sənədlərinə əsasən respublikaya idxal olunmuş və həmin mala görə edilən ödənişlərlə bağlı qalan borc hesab durumundakı rəqəmlər üst-üstə düşür. Bununla bağlı cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın qismən, 49170 ABŞ dolları hisssində təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək göstərmişdi ki, iddiaçı 22 aprel 2014cü il tarixli müqaviləyə əlavə olaraq 24 avqust 2017-ci il tarixli Razılaşma protokoluna əsasən cavabdehin borcu oldugunu, 22 aprel 2014-cü il tarixli müqavilənin 24.08.2014-cü il tarixli razılaşmaya aidiyyətinin olmadığını bildirir. Belə ki, razılaşma protokolunun 4-cü bəndində dəqiq göstərilmişdir ki, alıcının anbarında mal təhvil alınır, pul ödəndikdən sonra satıcı tərəfindən alıcıya göstərilir. Gömrük sənədlərinə əsasən aldığı mal bəllidir. İşdəki hesab durumu sənədinə əsasən qalıq borcu təsdiqlənmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi kicavabdeh tərəfin istinad etdiyi hesab durumu sənədini mötəbər sübut hesab etmir. Şirkət tərəfindən bu sənəd göndərilməmişdir. Cavabdeh əvvəl heç bir malı almadığını qeyd etsə də, sonradan ödənişləri təsdiq edən sənədin olmamasını etiraf edir. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki işdən müəyyən olunur ki, iddiaçı "xxxx" Şirkətinin Cavabdehnə qarşı tələbi 536.950 ABŞ dolları əsas, borcun gecikdirildiyi üçün 53.695 ABŞ dolları məbləğində zərərin ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh tərəfindən iddiaçıya 438.330 ABŞ dolları məbləğində borcun olması etiraf edildiyi halda onun ödənilməsi barədə hər hansı sübutun məhkəməyə təqdim edilməməsinə, eyni zamanda 24.08.2017ci il tarixdə bağlanmış razılaşma protokoluna əsasən 536.950 ABŞ dolları məbləğində borcun hazırkı vaxtadək ödəmədiyindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla zərərin tələb edilməsində haqlı olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, kassasiya instansiyasının möqeyi fərqli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-53/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarında göstərilmişdir ki, işin materiallarında olan hər iki tərəfin rəhbərinin imzası və müəssisənin möhürü ilə rəsmiləşdirilmiş, deməli, hər iki tərəfin qarşılıqlı iradə ifadəsini əks etdirən üzləşmə aktlarından ("xxxx") görünür ki (i.m., İ cild, səh.166-167, 208), MMC-nin Şirkətə ümumilikdə borcu 2017-ci il 20 noyabr tarixinə 49.170 (53.120 – 3.950) dollar, 2017-ci il 21 noyabr tarixinə isə 53.270 (57.220 – 3.950) dollar təşkil etmişdir. Bu üzləşdirmə aktları ilə borcun müəyyən olunduğu tarixlər 2017- ci il 24 avqust tarixli razılaşma protokolundan sonrakı tarixlərə təsadüf edir və aktlarda göstərilmiş borcun məbləği həmin protokolda əks etdirilmiş 438.330 dollar borcun məbləğindən 8,2-8,9 dəfə azdır. İşin materiallarında malların təhvil alınmasını və dəyərinin ödənilməsini təsdiq edən sənədlər yoxdur. Belə olan halda təhvil alındığı bildirilən malların dəyəri MMC tərəfindən ödənilmədən ixracın hansı qaydada baş tutduğu məlum olmur. Həmin mallar təhvil alınsaydı və dəyəri ödənilsəydi ən azı hazırkı iddia tələbi əsassız hesab olunmalı idi. MMC-nin vəkili 2019-cu il 23 dekabr tarixli 712 saylı sorğu məktubu ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə müraciət edərək tərəflər arasında 2014-cü il 22 aprel tarixindən 2017-ci il 24 avqust tarixinədək aparılmış əməliyyatlara dair bəyannamələrin, invoys sənədlərinin surətlərinin məhkəməyə təqdim edilməsi üçün verilməsini xahiş etmiş (i.m., İ cild, səh. 168), lakin işin materiallarından görünür ki, müraciət cavabsız qalmışdır. Bununla bağlı məhkəmələr sorğunun nəticələri ilə maraqlanıb malların idxalını təsdiq edən sənədləri əldə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan işə yenidən baxan məhkəmə kollegiyası aparılan araşdırmalar nəticəsində hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi aşağıda göstərilənlərə əsasən ləğv edilməlidir. İddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında 3 il müddətinə bağlanmış 14 aprel 2014-cü il tarixli razılaşmadan görünür ki, satıcı qismində iddiaçı lift, onun hissələri və aksesuarları alıcı qismində cavabdehə verməyi öhdəsinə götürmüşdür. "xxxx" Şirkəti iləCavabdeh MMC arasında 24 avqust 2017-ci il tarixdə 14 aprel 2014-cü il tarixli razılaşmaya əsasən protokol bağlanmışdır. Həmin razılaşma protokolunun 1-ci bəndinə əsasən 24.08.2017-ci il tarixə Cavabdeh MMC-nin 14.04.2014cü il tarixdə imzalanmış sözləşməyə əsasən "xxxx" Şirkətindən təhvil aldığı lift avadanlıqlarına görə olan borcunun ümumi məbləği 438.330 ABŞ dolları təşkil edir. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən "xxxx" Şirkətinin anbarında Cavabdeh MMC-nin sifarişi əsasında istehsal edilmiş, ümumi dəyəri 205000 ABŞ dolları olan lift şaxta qapıları və kabin mexanizmləri Cavabdeh MMC-nin ünvanına göndərilmək üçün hazırlanmışdır. Razılaşmanın 3-cü bəndinə əsasən protokolun 1 və 2 bəndlərində göstərilən lift avadanlıqlarının ümumi dəyəri 643330 ABŞ dolları təşkil edir və bu məbləğ Cavabdeh MMC tərəfindən "xxxx" Şirkətinə ödəniləcəkdir. "xxxx" Şirkəti tərəfindən tərtib olunmuş lift avadanlıqlarının siyahısına əsasən Cavabdeh MMC-nin sifarişi əsasında istehsal olunmuş lift avadanlıqlarının ümumi dəyəri 205000 ABŞ dolları təşkil edir. Razılaşmanın 6-cı bəndinə əsasən protokolun tam icrası 31.12.2017-ci il tarixinə qədər razılaşdırılmışdır. 24 avqust 2017-ci il tarixli razılaşma protokoluna əlavə ödəmə qrafikindən görünür ki, Cavabdeh MMC iddiaçıya 25.09.2017-ci il tarixdə 150000 ABŞ dolları, 25.10.2017-ci il tarixdə 113330 ABŞ dolları, 25.11.2017-ci il tarixdə 200000 ABŞ dolları, 25.12.2017-ci il tarixdə isə 180000 ABŞ dolları olmaqla, ümumilikdə 643330 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyini götürmüşdür. 25.02.2020-ci il tarixli arayışa əsasən 23.11.2017-ci il tarixə cəmi 438690 ABŞ dolları məbləğində mal idxal edilmiş, Cavabdeh MMC tərəfindən iddiaçıya 389520 ABŞ dolları məbləğində vəsait ödənilmiş, 49170 ABŞ dolları məbləğində pul vəsaiti qalmışdır. İddiaçı "xxxx" Şirkəti tərəfindən pretenziya qaydasında məktubla Cavabdeh MMCyə müraciət edilərək borcun ödənilməsi xahiş edilmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 082526 saylı lisenziyadan görünür ki, Cavabdeh MMC-yə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən liftlərin quraşdırılması və təmiri üçün FHN/41-01890 qeydiyyat nömrəli 20.07.2015-ci il tarixli 5 il müdətinə lisenziya verilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000-170/170-24/010168 saylı 08 may 2019-cu il tarixli məktubuna əlavə edilmiş xarici tərəfdaşın idxal-ixrac əməliyyatları haqqında ümumi məlumatdan görünür ki, "xxxx" Şirkəti tərəfindən 01.08.2017-ci il tarixdən 29.04.2019-cu il tarixədək statistik dəyəri 101120 ABŞ dolları məbləğində olan 2 ədəd “ARD Mühendislik” mod.elektriklə idarə olunan sərnişin liftləri Cavabdeh MMC-nin (VÖEN:**********) tərəfindən 31.01.2018-ci il tarixli bəyannamə əsasında Azərbaycan Respublikasına idxal edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakışəhəri Lokal Gəlirlər Departamentinin **********8921300 saylı 07 may 2019-cu il tarixli məktubundan görünür ki, "xxxx" Şirkəti 98620 ABŞ dolları dəyərində lift avadanlıqları istehsal edərək Cavabdeh MMC-nin ünvanına göndərmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, tərəflər arasında davamlı olaraq kommersiya münasibətləri olmuş və onlar elektron qaydada (e-mail vasitəsilə) yazışmalar aparmışlar. Belə ki, onlar arasında elektron formada aparılmış yazışmalardan görünür ki, göndərilən malların ümumilikdə dəyəri 79356.00 ABŞ dolları təşkil etmiş, həmin məbləğdən 42000.00 ABŞ dolları ödənilmiş, 37357.00 ABŞ dolları məbləğin ödənişi isə qalmışdır. İddiaçı tərəfindən cavabdehə 37000.00 ABŞ dolları məbləğində vəsaitin göndəriləcəyi təqdirdə borcun tamamlanacağı bildirilmişdir. Elektron formada aparılan yazışmaya (bu yazışmaları hər iki tərəf imza və möhürlə təsdiqləmişdir) görə “Hesab durumu” (İ cild i.v. 166-167, 208) sənədindən görünür ki, Cavabdeh MMC-nin Şirkətə ümumilikdə borcu 2017-ci ilin 20 noyabr tarixinə 49170 (53120-3950) dollar, 2017-ci ilin 21 noyabr tarixinə isə 53270 (57220-3950) dollar təşkil edir. 21.11.2017-ci il tarixə olan borcun 20.11.2017-ci il tarixə olan borc məbləğindən çox olmasını cavabdehin nümayəndəsi onunla izah etmişdir ki, 20.11.2017-ci il tarixdə tərəflər arasında son hesap durumu nəzərdən keçirilərkən borclar bir daha üzləşdirilmiş və nəticədə daha dəqiq olaraq borcun 53270 ABŞ dolları olduğu razılaşdırılmışdır. Ona görə də sonuncu 21.11.2017-ci il tarixli üzləşmə aktına görə həmin borc məbləği 53270 ABŞ dolları olaraq təsdiqlənmişdir. Qeyd olunan sənədlər 24.08.2017-ci il tarixdə tərəflərin imzaladığı razılaşma protokolundan sonra tərtib edilmişdir, ona görə də tərəflər arasında imzalanmış sonuncu sənəd olaraq protokola istinad olunması və cavabdehin 438330 ABŞ dolları məbləğində borcunun qalması fikri qəbuledilməzdir. Üzləşdirmə aktlarına görə qalan borc- 53270 ABŞ dolları məbləği tərəflərin daha öncə imzaladığı razılaşdırma protokolundakı məbləğdən dəfələrlə azdır. Nəzərə alınmalıdır ki, 14.04.2014-cü il tarixli sözləşmənin 4-cü maddəsinə əsasən tərəflər belə razılaşmışlar ki, alıcı şirkət malları satıcının anbarında təhvil aldıqdan və dəyərini tam ödədikdən sonra malların ixracı gerçəkləşdiriləcəkdir. Hazırki işdə malların təhvil alınmasını və dəyərinin ödənilməsini təsdiq edən sənədlər olmadığı üçün təhvil alındığı bildirilən malların dəyəri MMC tərəfindən ödənilmədən ixracın hansı qaydada baş tutduğunu müəyyən etmək məqsədilə, o cümlədən iddiaçı "xxxx" Şirkəti ilə Cavabdeh MMC arasında 2014-cü il 22 aprel tarixindən 2017-ci il 24 avqust tarixinədək aparılmış əməliyyatlara dair bəyannamələrin, invoys sənədlərinin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu göndərilmişdir. Həmin sorguya cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 13.07.2021-ci il tarixdə daxil olmuş məktubda qeyd edilmişdir ki, 22.04.2014cü il tarixdən 24.08.2017-ci il tarixədək olan dövr ərzində "xxxx" Şirkətindən malların idxalı haqqında məlumatı, 22.04.2014-cü il tarixdən 24.08.2017-ci il tarixədək olan dövr ərzində gömrük rəsmiləşdirilməsi ilə bağlı tərtib edilmiş gömrük bəyannaməsinin və təqdim olunmuş invoysun surətləri təqdim edilmişdir. Həmçinin məktubda qeyd olunmuşdu ki, 22.04.2014-cü il tarixdən 04.04.2016-cı il tarixədək olan dövr ərzində aparılan idxal-ixrac əməliyatları haqqında sənədlərin saxlama müddəti bitdiyi üçün sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 nömrəli 6 mart 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyasının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydaları”nın 11-ci bəndinə əsasən məhv edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş cavab məktubuna əlavə edilmiş gömrük bəyannamələri əsasında rəsmiləşdirilmiş ixrac və idxal əməliyyatları haqqında məlumat sənədlərindən görünür ki, iddiaçı "xxxx" Şirkəti tərəfindən Cavabdeh MMC-nin adına göndərilmiş və həmin dövrdə idxal olunmuş malların dəyəri 332457,68 ABŞ dolları təşkil etmişdir. Həmin malların dəyərinin ödənilməsini təsdiq edən sənədlər işdə olmasa da, tərəflərin imza edib möhürlə təsdiqlədikləri "xxxx" sənədlərinin mövcudluğu onu deməyə əsas verir ki, idxal olunan malların dəyərinin çox hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Bu fakt tərəflər arasında e-mail vasitəsilə aparılan yazışmaların məzmunu ilə də öz təsdiqini tapır. Beləliklə, işdə adı çəkilən "xxxx" sənədlərinə görə cavabdeh tərəfindən iddiaçıya əsas borc üzrə ödənilməli məbləğin 53270 ABŞ dolları olduğu görünür. Azərbaycan Respublkası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi zamanı müəyyən olunur ki, tərəflər arasındakı kommersiya münasibətlərinə görə cavabdehin iddiaçıya adına idxal olunmuş malların dəyərinin çox hissəsini ödədikdən sonra qalan borcu 21.11.2017-ci il tarixə olan Hesap durumu sənədinə əsasən 53270 ABŞ dolları (57220- 3950) təşkil etmişdir ki, həmin borc qalığını da iddiaçı tərəf tələb etməkdə haqlı olmuşdur. İddiaçı qeyd olunan məbləğdən cavabdehin daha çox məbləğdə borcunun olduğunu əsaslandıra bilməmiş, bu halı təsdiqləyən hər hansı sənədi də təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan iş üçün əhəmiyyəti olan halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.2 və 385.1.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiası qismən, əsas borc üzrə 53270 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması hissəsində əsaslı olduğu üçün həmin hissədə təmin edilməli, qalan hissədə tələb təmin olunmamalıdır. İddiaçının “borcun gecikdirildiyi dövr üçün 53695 ABŞ dolları məbləğində zərərin ödənilməsi” barədə tələbinə münasibətdə isə Kollegiya hesab edir ki, iddia tələbi bu hissədə də qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, yuxarıda sözügedən 21.11.2017-ci il tarixdə tərəflərin imza və möhürlə təsdiq etdikləri "xxxx" sənədinə görə cavabdeh MMC-nin qanuni təmsilçisi və direktoru olan A.Vəliyev 53270 ABŞ dolları məbləğində pulun 15.12.2017-ci il tarixədək ödəniləcəyini vəd etmiş, lakin həmin tarixədək öhdəliyini icra etməmişdir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh MMC-nin iddiaçı qarşısında öhdəliyinin icrasını gecikdirdiyi üçün onun vəd etdiyi 15.12.2017-ci il tarixdən iddia qaldırıldığı 12.04.2019-cu il tarixədək (1 il 4 ay) illik 5 % bank uçot dərəcəsi ilə 3551,3 ABŞ dolları məbləğində zərər iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 28.02.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-83/2020 saylı 28 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 53270 ABŞ dolları məbləğində borc və 3551,3 ABŞ dolları məbləğində zərər ödəniş günü Azərbaycan manatına olan məzənnə nəzərə alınmaqla manat hesabı ilə tutularaq iddiaçı "xxxx" Şirkətinin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-2(103)-433/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-433/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver