Məhkəmə qərarları › İş №2-2(103)-434/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-434/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-434/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi , İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “cavabdehin üzərinə komitə qərarının verilməsi öhdəliyinin qoyulması” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 25.02.2022-ci il tarixli 2- 2(113)-489/2021 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə kreditin ayrılması (və ya ayrılmaması) üçün nəzərdə tutulmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" ASC) komitə qərarının iddiaçıya təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar olan İddiaçı 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmiş və heyvandarlığın inkişafı üçün güzəştli kreditin ayrılması üçün lazım olan müvafiq sənədləri təqdim etmişdir. 2015-ci ilin yanvar ayında Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı iddiaçıya 50000 manat məbləğində kredit ayırmışdır. İddiaçı dəfələrlə sənədlərinin ona təqdim edilməsini Fonddan xahiş etmiş, lakin Fond sənədləri tam şəkildə ona təqdim etməmişdir. Belə ki, Fond bu günə kimi kreditin ayrılması üçün ekspert rəyini iddiaçıya təqdim etmir. X3 iddiaçıya 13 sentyabr 2019-cu ildə məktub göndərmiş, lakin orada ekspert rəyinin verilib-verilməməsinə münasibət bildirməmişdir. İddiaçı 18 noyabr 2019-cu ildə bir daha cavabdehlərə müraciət etmiş və xahiş etmişdir ki, sözügedən rəy ona təqdim edilsin. Lakin bu günə kimi ona cavab verilməmiş, həmçinin ekspert rəyi də təqdim edilməmişdir. İddiaçıya aid sənədlər bankdadır. Bank özü də cavabında bu sənədlərin onda olmamasını inkar etmir. Bank qanunsuz olaraq sənədləri ona verməkdən imtina edir.İddianın qanuni əsası kimi “İnformasiya əldə etmək haqqında qanun”un 2, 3, 4.2-ci maddələrinə, “Banklar haqqında” Qanunun 39.1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 32.5-ci maddəsinə istinad edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.02.2022-ci il tarixli 2- 2(113)-489/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 25.02.2022-ci il tarixli 2- 2(113)-489/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X3nun vəsaitindən istifadə Qaydası”na əsasən Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatlarına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı 10 (on) bank günündən gec olmayaraq öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarları əsasında investisiya layihələrini təhlil edərək layihənin maliyyələşdirilməsi və ya maliyyələşdirmədən imtina barədə qərarını sahibkara bildirir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumat və sənədlər tələb edə bilər, lakin sözügedən Qanundan göründüyü kimi iddiaçıya aid sənəd Bankdadır. Bank özü də cavabında bu sənədin onda olmamasını inkar etmir. Qanunun tələbinə əsasən Fond iddiaçıya aid sənədləri ona təqdim etməli idi. Fond isə ekspert rəyinin verilməsindən boyun qaçırır. Üstəlik, sözü gedən sənəd dövlət sirri təşkil etmir. Bu halda Fond müştəriyə ona aid sənədləri maneəsiz təqdim etməli idi. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə izahatları, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 25.02.2022-ci il tarixli 2- 2(113)-489/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia edir ki, o heyvandarlığın inkişafı üçün güzəştli kreditin ayrılması üçün 2014-cü ildə Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmiş, Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə hazırda ləğv prosesində olan “AG” bank tərəfindən (iddia ərizəsi və bəzi ərizələrdə “Aqrarkredit” Səhmdar Təşkilatı qeyd edilmişdir) ona 50.000 manat məbləğində kredit ayrılsa da, kreditin ayrılması barədə komitə qərarı və digər sənədlər iddiaçıya təqdim edilmə, həmin qərarın təqdim edilməsi üçün bankın ləğvedicinə informasiya sorğusu ilə müraciət etsə də ərizəsi təmin edilməmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC Bakı Apellyasiya Məhkəməsinin 14.05.2020-ci il tarixli 2-3(103)-132/2020saylı qərarı ilə müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.3-cü maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs: 2.3.1. sorğu edilən informasiyanın informasiya sahibində olubolmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; 2.3.2. informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Qanunun 3-cü maddəsinə əsasən informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar, informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət, informasiya sahibi informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxsdir. Qanuna əsasən sorğu edilən informasiya informasiya sahibində olduğu təqdirdə informasiya sahibi qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla həmin informasiyanı soröu verən şəxsə təqdim etməyə borcludur. İş materiallarında iddiaçının cavabdeh Əmanətlərin Sığortalanması Fonduna ünvanlanmış ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ona kreditin ayrılması və ya kredit ayrılmaması üçün nəzərdə tutulmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ("xxxx" ASC) komitə qərarının iddiaçıya təqdim edilməsinə dair informasiya sorğusu mövcud deyil. İddia ərizəsinə əlavə edilmiş Əmanətlərin Sığortalanması Fondunun 13.09.2019-cu il tarixli cavab məktubunun məzmunundan aydın olur ki, iddiaçı Mahir Babayev və Camal Məmmədov adlı şəxslərin Sahibkarlığa Kömək Milli Fondunda hansı vəzifələri tutması barədə məlumat istəmiş, qeyd edilən məktubla ona həmin şəxslərin Fondda tutduqları vəzifələr barədə məlumat verilmişdir. İddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirinə, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoruna, Azərbaycan Respublikasının X3na, “Aqrarkredit” Səhmdar Kredit təşkilatının rəhbərinə ünvanlanmış 18.11.2019-cu il tarixli ərizəsində 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə “Aqrarkredit” Səhmdar Təşkilatı tərəfindən ona 50.000 manat kredit ayrıldığını, bu barədə ekspert rəyinin təqdim edilməsi üçün Əmanətlərin Sığortalanması Fonduna müraciət etdiyini, lakin həmin rəyin təqdim edilmədiyini göstərərək rəyin təqdim edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 24 dekabr 2020-ci il tarixli, 02/2-3079- 04/2195 nömrəli sorğusuna cavab olaraq verilmiş 02 fevral 2021-ci il tarixli, **********287 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı Kredit Komitəsinin sənədlərinin tələblərinə dair həmin orqana daxil olmuş və baxılması üçü Fonda göndərilmiş müraciətinə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmış, "xxxx" ASC-nin Kredit Komitəsi tərəfindən sahibkar İddiaçı kreditin verilməsinə dair hər hansı sənəd və ya protokol aşkar edilməmişdir. Bu səbəbdən müraciətinizdə tələb edilən sənədlərin təqdim edilməsinin mümkün olmadığının nəzərə alınması xahiş edilmişdir. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinə ünvanlanmış 16.12.2014-cü il tarixli məktubda, "xxxx" ASC-nin Sumqayıt filialının İddiaçı ünvanlanmış 01.12.2014-cü il tarixli, 591 nömrəli məktubunda qeyd edilənlərə və ləğv prosesində olan bankın Bakı Kommersiya Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, e-2-2(113)- 489/2022 saylı sorğusuna cavabına əsasən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı banka güzəştli kredit əldə etmək üçün müraciət etmiş, kredit mütəxəssisi tərəfindən sifariş alındıqdan sonra iddiaçının sahibkarlıq fəaliyyəti tam təhlil edilmiş, məntəqəyə baxış keçirilmiş və mülkiyyət sənədləri yoxlanmış, təhlil zamanı mülkiyyətində torpaq sahələrinin özünə məxsus olmadığı, gəlirlərinin alacaq krediti ödəmə imkanlarından aşağı səviyyədə olması müəyyən edilmiş, qeyd olunan səbəblər nəzərə alınmaqla İddiaçı kreditlə bağlı müraciəti, kreditlərin verilməsi üçün bank daxili müəyyən edilmiş tələblərə cavab vermədiyindən və riskli olduğundan kredit vəsaitinin ayrılması məqsədəuyğun hesab olunmamış, bu barədə vətəndaş İddiaçı filial tərəfindən məktub verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid ifadəsində bildirmişdir ki, “o, 2008-2020-ci illər ərzində "xxxx" ASC-də işləmişdir. İddiaçı həmin bankda çalışdığı zaman müştəri kimi tanımışdır. X3 kredit verilməsi üçün banklara limit ayırırdı. Veriləcək kreditin məbləği 15000 manatdan çox olduğu zaman müştərilər X2 qəbul edilirdilər. Fondda razılıq əldə olunandan sonra həmin müştərilər banka yönləndirilirdilər. İddiaçı kredit verilməsi ilə bağlı iş ona yönləndirilmişdir. X1 iş banka yönəldilən zaman ona verildi. İş yükünə görə iş vaxtından sonra zəng etdi. İddiaçı iki biznesi var idi. Onlardan biri Ceyranbatanda 8 sot torpaq sahəsi, digəri isə Biləsuvar rayonunda 60 hektar torpaq sahəsi idi. Biznesinin araşdırılması zamanı müəyyən edildi ki, müştərinin biznesi hazır vəziyyətdədir və əlavə vəsaitə ehtiyacı vardır. İddiaçı bildirmişdi ki, 120000 manat məbləğində kredit ayıra bilərlər. İddiaçıdan 120.000 manat kreditin verilməsi ilə bağlı komitəyə müraciət edilməsini soruşdu, o da həmin məbləğlə razılaşdı. Kreditin verilməsi tezləşsin deyə, İddiaçı bankda hesab açmasını bildirmişdir. İşlərin paralel aparılması və operativliyi təmin etmək üçün bank hesabının açılmasını demişdir. Kredit işi baxılması üçün komitəyə çıxarıldığı zaman İddiaçı demişdir ki, iş komitəyə çıxarılır. Əgər fondla razılaşıbsa, onlara bildirsin ki, pulu fonddan bankın hesabına köçürsünlər. İşə komitədə baxılarkən kreditin verilməsindən imtina olundu. İmtina edilməsinə səbəb müştərinin Biləsuvar rayonunda yerləşən torpaq sahəsinin etibarnamə əsasında müştəriyə məxsus olması oldu. Həm imtina, həm də kreditin verilməsinə razılıq eyni formada olurdu. Kreditin verilməsindən imtina barədə qovluq olur. Bankın qaydalarına əsasən bank yalnız aktiv kreditlərə görə məsuliyyət daşıyır. Komitə gəlirləri qənaətbəxş hesab elədi, lakin regionda olan biznes çıxıldığından kreditin verilməsi mümkün olmadı. İş təcrübəsinə əsasən düşündü ki, əgər X3 kreditin verilməsinə müsbət yanaşıbsa, komitə də məqbul qərar qəbul edəcək. Region filialı olduqları üçün mərkəzi server vasitəsilə komitəyə müraciət edildi. O, telefon vasitəsilə bağlanmışdı. Komitənin imtina barədə qərarını görməmişdir.” İşdəki məktublardan göründüyü kimi, sahibkar İddiaçı "xxxx" ASC-yə 2014-cü ildə güzəştli kredit əldə etmək məqsədi ilə müraciət etmiş, bank tərəfindən kredit vəsaitinin verilməsi məqsədəuyğun hesab edilməmiş, bu barədə iddiaçıya məktub göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya kredit vəsaitinin ayrılması və ya ayrılmasından imtina edilməsi ilə bağlı 2014-cü ildə "xxxx" ASC-nin Kredit Komitəsi tərəfindən hər hansı qərar qəbul edildiyi və bu qərarın ləğvedici Əmanətlərin Sığortalanması Fonduna bankın digər sənədləri ilə birlikdə təqdim edildiyi iddiaçı tərəfindən sübut edilmədiyindən mövcud olmayan qərarın təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilə bilməz. Bunda əlavə 10.12.2008-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış, 23.12.2018-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X4 Qərarı ilə ləğv edilmiş “Banklarda kreditlərin verilməsi Qaydaları”nın 4.1.17-ci bəndində qeyd edilmişdi ki, kreditin verilməsindən imtinanın əsasları bankdaxili qaydalarla müəyyən edilməlidir. Kreditin növündən asılı olaraq bank tərəfindən sifarişlərə baxılması və kreditin verilməsi üzrə qərarların qəbul edilməsinin maksimum müddəti müəyyənləşdirilməli və sifarişçiyə həmin müddət ərzində cavab verilməlidir. Qeydiyyat jurnalında qeyd olunmuş sifarişlər üzrə kreditin verilməsindən imtina edildikdə, bank sifarişi təqdim edən fiziki və ya hüquqi şəxsə imtinanın səbəblərini göstərməklə aydın şəkildə yazılı cavab verilməlidir. Kreditin verilməsindən imtina edilməsi barədə bankın sifarişçiyə rəsmi məktubunda bu qərarın ayrı seçkilik səbəbindən qəbul edilmədiyi bildirilməlidir. Göründüyü kimi, iddiaçının "xxxx" ASC-yə kredit ayrılması barədə müraciət etdiyi dövrdə qüvvədə olmuş Qaydalarda bank tərəfindən kredit ayrılmasından imtina edildiyi halda bu barədə qərarın kredit sifarişi vermiş hüquqi və ya fiziki şəxsə təqdim edilməli olduğu nəzərdə tutulmamış, bu barədə ərizəçiyə bank tərəfindən məktubla məlumat verilməli olduğu göstərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddiaçının apellyasiya şikayəti əsassız hesab edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 25.02.2022-ci il tarixli 2- 2(113)-489/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 25.02.2022-ci il tarixli 2- 2(113)-489/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar