Məhkəmə qərarları › İş №2-2(103)-434/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-434/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-434/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-594/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, DX/15 saylı nəqliyyat xidməti müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin 1.1-ci bəndinə görə, icraçı sifarişçinin sifarişinə əsasən, aşağıdakı əməliyyatların birini və ya bir neçəsini yerinə yetirməyi, sifarişçi isə həmin əməliyyatlar müqabilində icraçıya muzd ödəməyi öhdəsinə götürür (ekspedisiya xidməti, yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması, tərəflərin razılığı ilə digər əməliyyatlar).

3. Müqavilənin 2.1-ci bəndinə görə, sifarişçi göstərilən xidmətlər üçün ödənişi içraçının təqdim etdiyi hesab-fakturaya əsasən həyata keçirir.

4. Müqavilənin 2.2-ci bəndinə görə, müqavilənin əlavələrində başqa qayda nəzərdə tutulmadıqda sifarişçi ödənişin 100%-ni hesab-faktura təqdim edildikdən sonra 1 ay müddət ərzində icraçının hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirir.

5. Müqavilənin 4.1.5-ci bəndinə görə, icraçının təqdim etdiyi hesab-faktura vaxtında ödənilmədikdə, ödəmə gecikdiyildiyi hər gün üçün sifarişçi hesab-faktura məbləğinin 0,5 faizi həcmində dəbbə pulu ödəməlidir.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 80391 manat əsas borc, 36175,95 manat dəbbə pulu və 400 manat mediasiya xərci, ümumilikdə 116966,95 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı bildirir ki, xx.xx.2023-cü il tarixli, DX/15 saylı nəqliyyat xidməti müqaviləsi əsasında şirkət tərəfindən cavabdehə lojistik xidmət üzrə xarici dövlətdən Azərbaycana malların daşınması həyata keçirilmişdir. Cavabdehin sifarişləri əsasında iddiaçı tərəfindən ümumilikdə 100237 manat dəyərində daşıma xidməti həyata keçirilmişdir. Cavabdeh göstərilmiş daşıma xidmətinin ümumi dəyərindən xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 6000 manat, xx.xx.2023cü il tarixdə 3846 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat ödənişi, cəmi 19846 manatı Bank vasitəsi ilə köçürmə etmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2023cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsinə dair akta əsasən cavabdehin xx.xx.2023-cü tarixli müqavilə üzrə göstərilmiş lojistik xidmətlərə görə iddiaçıya 80391 manat borcu vardır. xx.xx.2023-cü il tarixdə cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq göndərilməsinə baxmayaraq borc təkrar olaraq ödənilməmişdir. Cavabdehlə bağlanılmış xx.xx.2023-cü il tarixli, DX/15 saylı nəqliyyat xidməti müqaviləsinin 4.1.5-ci bəndinə əsasən alıcı malların dəyərini hesab faktura əsasında mal təslim edildikdən sonra 1 ay ərzində icraçının bank hesabına ödəməli olduğu halda göstərilmiş xidmətlər üzrə 2023-ci ilin may ayının 17-dən başlayaraq vaxtı keçmiş 80391 manat borcu 3 aydan artıq vaxt keçməsinə baxmayaraq ödəməmişdir. Belə olan halda, müqavilə tələbləri qaydasında cavabdehdən 80391 manat əsas borc məbləğindən əlavə 90 gün gecikmə nəticəsində 36175,95 manat cərimə pulu tutulmalıdır.

8. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-594/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən 80391 manat əsas borc, 4000 manat dəbbə pulu, 410 manat dövlət rüsumu, ümumilikdə 84801 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

10. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsası kimi iddiaçı tərəf məhkəməyə təhvil-təslim aktları təqdim etmişdir. Həmin aktların məzmunundan görünür ki, təhvil verən Prime Logistics şirkəti, təhvil alan qismində isə fərqli-fərqli şəxslərin adları qeyd edilmişdir. Heç bir təhvil-təslim aktında təhvil alan qismində Cavabdeh MMC-nin adı qeyd edilməmişdir. Sözügedən aktlarda təhvil alan qismində adları göstərilən şəxslərin bir çoxu Cavabdeh MMC-nin işçisi olmamış, habelə onların malları təhvil almaq səlahiyyəti olmamışdır. Cavabdeh MMC-yə bəzi mallar çatdırılmamış və qeyd edilən halların araşdırılması ilə əlaqədar dəfələrlə İddiaçı MMC-dən açıqlama tələb olunsa da, iddiaçı tərəf məsələyə heç bir aydınlıq gətirməmişdir. Məhkəmə isə bu halları araşdırmamışdır. Bundan əlavə, məhkəmə tərəfindən tutulmuş dəbbə pulu tənasübsüzdür və həddindən artıq yüksədkir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

15. Həmin Məcəllənin 850.1-ci maddəsinin tələblərinə görə yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

16. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

19. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 850.1-ci maddəsinə uyğun olaraq yük daşınması müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

20. İddiaçı həmin müqavilə üzrə daşınma xidmətlərinin yerinə yetirilməsinə istinad edərək hazırki iddianı irəli sürmüş, cavabdeh isə birinci instansiya məhkəməsində iddiaya münasibətini bildirməmiş, lakin apellyasiya şikayətində iddiaçının istinad etdiyi halları və təqdim etdiyi təhvil-təslim aktlarını mübahisələndirmişdir.

21. Kollegiya qeyd edir ki, Mülki Məcllənin 850.1-ci maddəsinin dispozisiya şərtlərinə görə daşınma xidmətlərinin yerinə yetirilməsini sübutetmək vəzifəsi iddiaçının üzərinə düşür.

22. İddiaçının təqdim etdiyi sübutlardan görünür ki, tərəflr arasında bağlanmış müqavilə üzrə 10 aprel 2023-cü il tarixli 1, 2, 3, 4 saylı, 14 aprel 2023-cü il tarixli 5 və 10 saylı, 6 aprel 2023-cü il tarixli 6 saylı, 11 aprel 2023-cü il tarixli 7 saylı, 12 aprel 2023-cü il tarixli 8 saylı, 13 aprel 2023-cü il tarixli 9 saylı, 15 aprel 2023-cü il tarixli 11 saylı, 21 iyun 2023-cü il tarixli 12 saylı razılaşma protokolları imzalanmış, həmin protokollarda müqavilə üzrə malların qiyməti və təhvil-təslim şərtləri razılaşdırılmışdır. Həmin protokollar hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuşdur.

23. Bundan əlavə, iddiaçı tərəfindən cavabdehə dəyəri 7387 manat olan xx.xx.2023-cü il tarixli, 587932 saylı elektron qaimə, dəyəri 3070 manat olan xx.xx.2023-cü il tarixli, 587958 saylı elektron qaimə, dəyəri 7256 manat olan xx.xx.2023-cü il tarixli, 587979 saylı elektron qaimə, dəyəri 14846 manat olan xx.xx.2023-cü il tarixli, 587994 saylı elektron qaimə, dəyəri 3144,60 manat olan xx.xx.2023-cü il tarixli, 611446 saylı elektron qaimə, dəyəri 3748,60 manat olan xx.xx.2023-cü il tarixli, 761058 saylı elektron qaimə, dəyəri 7497,20 manat olan xx.xx.2023-cü il tarixli, 768593 saylı elektron qaimə, dəyəri 7552,60 manat olan xx.xx.2023-cü il tarixli, 769062 saylı elektron qaimə, dəyəri 31072 manat olan xx.xx.2023-cü il tarixli, 769196 saylı elektron qaimə, dəyəri 3748,60 manat olan, xx.xx.2023-cü il tarixli, 769495 saylı elektron qaimə, dəyəri 3748,60 manat olan xx.xx.2023-cü il tarixli, 769417 saylı elektron qaimə, dəyəri 7165,80 manat olan xx.xx.2023-cü il tarixli, 330705 saylı elektron qaimə təqdim edilmişdir.

24. Həmin elektron qaimələrin “Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı” qrafasında “**********-Beynəlxalq yüklərin daşınması xidməti” göstərilmişdir.

25. İddiaçı MMC ilə Cavabdeh MMC tərəfindən təsdiq edilmiş xx.xx.2023-xx.xx.2023-cü il tarixli dövr üzrə üzləşmə aktından isə görünür ki, tərəflər yuxarıda qeyd olunan elektron qaimələr əsasında cəmi ödənilməli olan məbləğin 100237 manat təşkil etməsini, cavabdeh tərəfindən 19846 manat ödənilməsini və qalıq borcun 80391 manat təşkil etməsini öz imzaları və möhürləri ilə təsdiq etmişlər.

26. Beləliklə, qeyd olunan sübutlarla müəyyən olunur ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişi əsasında sonuncuya daşınma xidmətləri həyata keçirmiş, lakin sonuncu həmin xidmətlərin ödənişini tam olaraq həyata keçirməmiş və 80391 manat borcu yaranmışdır.

27. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən cavabdehdən ödənilməyən 80391 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etməkdə haqlıdır.

28. Cərimə pulunun tutulması tələbinə dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.

29. Tərəflər arasında bağlanmış müqavilənin 4.1.5-ci bəndində də nəzərdə tutulmuşdur ki, icraçının təqdim etdiyi hesab-faktura vaxtında ödənilmədikdə, ödəmə gecikdiyildiyi hər gün üçün sifarişçi hesab-faktura məbləğinin 0,5 faizi həcmində dəbbə pulu ödəməlidir.

30. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən 4000 manat məbləğində cərimənin tutulmasını tələb etməkdə haqlıdır.

31. Apellyasiya şikayətinin dəlillərinə dair kollegiya qeyd edir ki, cavabdeh təhvil-təslim aktlarında adları göstərilən şəxslərin "xxxx" MMC-nin işçiləri olmadığını istinad etsə də, İddiaçı MMC ilə Cavabdeh MMC tərəfindən tərtib edilmiş üzləşmə aktında xx.xx.2023-xx.xx.2023-cü il tarixli dövr üzrə ödənilmiş və ödənilməli olan məbləğlər müəyyən edilmiş və həmin akt cavabdehin imza və möhürü ilə təsdiq edilmişdir. Cavabdeh isə həmin aktı və aktda istinad olunan elektron qaimələri mübahisələndirməmişdir. Dəbbə pulunun məbləği isə əsas borcun 5 faizi həddində müəyyən olunub və ona görə də, tənasübsüz yüksək məbləğ kimi qiymətləndirilə bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-594/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar