Məhkəmə qərarları › İş №2-2(103)-436/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-436/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-436/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, üçüncü şəxslərin nümayəndəsi və vəkili X3 iştirakları ilə, iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin cavabdeh X2 “xxxxxxxx” ASC-yə qarşı “pul tələbinə” dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 2(81)-927/2019 saylı qətnaməsindən (hakim Aytən Oruczadə) üçüncü şəxslər Coşkun Faxri və Alsaç Mustafa tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxx” MMC cavabdeh X1 “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh X2 “xxxxxxxx” ASC ilə iddiaçı “xxxxxxxxxxxxx” MMC arasında rezin məmulatlarının satışı ilə əlaqədar olaraq xx xxxxxx 2018-cı il tarixli alğı-satqı müqaviləsi üzrə alıcı tərəfindən satıcıya yaranmış 34448,60 AZN məbləğində borcun, o cümlədən illik 5 faiz olmaqla 34448.60x5%:12 ay:5ay=2870 AZN faizin, hüquqi xidmətə görə vəkilə ödənilmiş 210 manat xidmət haqqının və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Coşkun Fahri və Alsaç Mustafa iş üzrə iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuşlar. İddia onunla əsaslandırılmışdır ki, X2 “xxxxxxxx” ASC ilə “xxxxxxxxxxxxx” MMC arasında rezin məmulatlarının satışı ilə əlaqədar olaraq xx xxxxxx 2018-cı il tarixli alğısatqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən satıcı, yəni ”xxxxxxxxxxxxx” MMC alıcı, yəni X2 “xxxxxxxx” ASC tərəfindən sifariş edilən miqdara əsasən, bu müqavilənin ayrılmaz hissəsi olan razılaşdırma protokolunda (1 №-li Əlavədə) nəzərdə tutulmuş tam keyfiyyətli materialları (bundan sonra mallar adlandırılacaq) alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində həmin malları təhvil alıb pulunu ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ödənişlər alıcı tərəfindən nağdsız qaydada icra ediləcəkdir. Ödəmələr hər bir hesab faktura üzrə sifariş edilmiş malların alıcıya tam təhvil verildikdən sonra 30 (otuz) iş günü ərzində icra ediləcəkdir. Satıcı, yəni ”xxxxxxxxxxxxx” MMC tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməsinə baxmayaraq, alıcı, yəni X2 “xxxxxxxx” ASC müqavilə üzrə ödəmələri ödəməkdən yayınmış və satıcıya 34448,60 AZN məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı dəfələrlə yazılı qaydada pretenziya ünvanlanmasına baxmayaraq, pretenziya tələbləri müxtəlif bəhanələrlə bu günədək icra olunmamışdır. Göründüyü kimi, X2 “xxxxxxxx” ASC ilə “xxxxxxxxxxxxx” MMC arasında rezin məmulatlarının satışı ilə əlaqədar olaraq xx xxxxxx 2018-cı il tarixli alqı-satqı müqaviləsi üzrə alıcı tərəfindən satıcıya yaranmış 34448.60 AZN məbləğində borc, o cümlədən illik 5 faiz olmaqla 34448.60x5%:12 ay:8ay=2870 AZN faiz, hüquqi xidmətə görə vəkilə ödənilmiş 210 manat xidmət haqqı və 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(81)- 927/2019 saylı qətnaməsi ilə iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin iddiası qismən təmin edilmiş, cavabdeh X2 “xxxxxxxx” ASC-dən 34448,60 manat əsas borc məbləği, illik 5 faiz olmaqla 1.736,58 manat və hüquqi xidmətə görə 210 manat, ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin alınaraq iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən üçüncü şəxslər Coşkun Faxri və Alsaç Mustafa apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2- 2(81)-927/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Coşkun Fahri və Mustafa Alsaç “xxxxxxxxxxxxx” MMC-nin 66.6% pay sahibi olan həmtəsisçiləridirlər. Eyni zamanda Şirkətin Nizamnaməsinə əsasən, hər biri icra edici orqanın üzvləri kimi qanuni təmsilçi (direktor) sayılırlar və şirkət tərəfindən qərarlar qəbul edilməsində 2/3 səs çoxluğuna malikdirlər. “xxxxxxxxxxxxx” MMC-nin Nizamnaməsinin 4.6-cı bəndinə əsasən cəmiyyətin fəaliyyətinə rəhbərlik cəmiyyətin kollegial icraedici orqan tərəfindən həyata keçirilir. İcraedici orqan 3 üzvdən ibarətdir. Üzvlər direktor adlanır. Hər bir direktor şirkəti fərdi təmsil etməklə yanaşı, ayrı-ayrılıqda qanuni təmsilçilik səlahiyyətinə malikdir. Direktorlardan hər hansı birinin imzası ilə təsdiqlənən sənədlər hüquqi qüvvəyə malikdir. xx xxx 2018-ci il tarixinə “xxxxxxxxxxxxx” MMC-nin toplamda 720 min manata yaxın aktivlərinin olmasına baxmayaraq, onlar müəssisənin harada fəaliyyət göstərməsini bilmirlər, avadanlıq və avtomobillərin, xammal və materialların harada olması barədə xəbərləri yoxdur. Nümayəndə 2018-ci ilin may ayından məqsədli şəkildə müxtəlif şəxslərlə icarə müqavilələri bağlayaraq, şirkətin əsas vəsaitləri gizlətmiş, şirkətin əmlaklarını özbaşına olaraq ayrı-ayrı (faktiki olaraq özünün rəhbərlik etdiyi) şirkətlərin adına rəsmiləşdirmişdir. Həmin vaxtdan şirkətin fəaliyyət göstərdiyi istehsal sahəsinə buraxılmamış, bağlanmış icarə müqaviləsinin 2020-ci ilə kimi müddətinin olmasına baxmayaraq onlara müqavilənin ləğv olunduğunu bildirmişdir. Bununla bağlı onlar tərəfdən 2018-ci ilin avqust ayından müxtəlif məhkəmə mübahisələri qaldırılmışdır. Nümayəndə qarşı “Hüquqi şəxsin bölünməsi şəklində yenidən təşkil edilməsi” tələbinə dair iddia tələbi üzrə 2(004)- 8258/2018 saylı mülki iş Yasamal Rayon Məhkəməsində xx.xx.2018-ci il tarixdən icraatdadır. İddiaçı “xxxxxxxxxxxxx” MMC-nin təsisçisi və qanuni təmsilçisi Nümayəndə “xxxxxxxxxxxxx” MMC-nin adından cavabdeh “X2 – “xxxxxxxx” ASC-yə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməsini xahiş etmişdir. Onlar da “xxxxxxxxxxxxx” MMC-nin təsisçi və qanuni təmsilçiləri kimi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X2 – “xxxxxxxx” ASC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin iddia ərizəsinin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçı və cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən nümayəndələrin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi və vəkili X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildir ki, apellyasiya şikayəti ona görə verilmişdir ki, iş üzrə icraatın dayandırılması barədə vəsatət verilsin. Üçüncü şəxslər də pulun cavabdehdən tutulmasını istəyirlər, lakin Nümayəndəla olan məhkəmə mübahisələri həll olunana qədər pulun ödənilməsini istəmirlər. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(81)-927/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, xx xxxxxx 2018-ci il tarixdə X2 “xxxxxxxx” ASC (“Alıcı”) ilə ”xxxxxxxxxxxxx” MMC (“Satıcı”) arasında A/02 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin ayrılmaz tərkibi olan xx xxxxxx 2018-ci il tarixdə bağlanmış əlavə №1-dən (qiymətlərin razılaşdırılması protokolu) görünür ki, tərəflər malların dəyərinin ƏDV daxil olmaqla 343.963,38 manat məbləğində olmasını razılaşdırmışdırlar. Həmin qiymətlərin razılaşdırılması protokolu tərəflərin imzası və möhürü ilə təsdiqlənmişdir. İşdə olan elektron sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixli seriya HR№ 306192 saylı elektron vergi hesab-faktura üzrə 3.752,40 manat, xx.xx.2018-ci il tarixli seriya HR№ 402848 saylı elektron vergi hesab-faktura üzrə 6.265,80 manat, xx.xx.2018-ci il tarixli seriya HR№ 457035 saylı elektron vergi hesab-faktura üzrə 4.436,80 manat, xx.xx.2018-ci il tarixli seriya HR№ 500666 saylı elektron vergi hesab-faktura üzrə 4.436,80 manat, xx.xx.2018-ci il tarixli seriya HR№ 694526 saylı elektron vergi hesab-faktura üzrə 11.717,70 manat, xx.xx.2018-ci il tarixli seriya HR№ 978897 saylı elektron vergi hesabfaktura üzrə 11.453,08 manat, xx.xx.2018-ci il tarixli seriya HR№ 130034 saylı elektron vergi hesab-faktura üzrə 17.261,04 manat, xx.xx.2018-ci il tarixli seriya HR№ 601905 saylı elektron vergi hesab-faktura üzrə 264,32 manat, xx.xx.2018-ci il tarixli seriya HR№ 601900 saylı elektron vergi hesab-faktura üzrə 3.826,74 manat, xx.xx.2018-ci il tarixli seriya HR№ 790881 saylı elektron vergi hesab-faktura üzrə 5.102,32 manat dəyərində mallar ”xxxxxxxxxxxxx” MMC tərəfindən X2 “xxxxxxxx” ASC-yə təqdim edilmişdir. İşə əlavə edilmiş VHF axtarışının nəticəsindən müəyyən edilir ki, xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2019-cu il tarixədək iddiaçı tərəfindən cavabdehə ƏDV daxil olmaqla 200.028 manat məbləğində mal verilmiş, hesabdan çıxarışa əsasən X2 “xxxxxxxx” ASC tərəfindən verilmiş mallar üzrə edilmiş ödənişlərin məbləği 135.066,65 manat olmuşdur. İşdə olan 599/18 saylı, xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, X2 “xxxxxxxx” ASC “xxxxxxxxxxxxx” MMC-yə məktub ilə müraciət edərək, müqavilə əsasında tələb olunan borc məbləğinin X2 “xxxxxxxx” ASC tərəfindən ödənilməsi yalnız ”xxxxxxxxxxxxx” MMCnin səhmdarları arasında əldə olunacaq razılaşmadan sonra həyata keçiriləcəkdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə cavabdehin üzərinə götürdüyü ödəniş öhdəliklərini 05 gün müddətində yerinə yetirməkləri tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında 2016-cı il tarixdən etibarən alğı-satqı münasibətləri olmuş, münasibətlərin davamı olaraq tərəflər xx xxxxxx 2019-cu il tarixdə alğı-satqı müqaviləsi bağlamış, həmin müqavilə əsasında iddiaçı tərəfindən müəyyən məbləğdə mallar təqdim edilmiş, iddiaçı təqdim olunan mallara görə cavabdehə elektron hesab faktura təqdim etmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra etməmiş və 34.448,60 manat ödənilməmiş borcu qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən, malın qiyməti və ödəmə şərtləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə(lər)-də tərəflər arasında protokol əsasında razılaşdırılır. Ödənişlər alıcı tərəfindən nağdsız qaydada icra ediləcəkdir. Ödəmələr hər sifariş üzə 30% əvvəlcədən, qalan ödəmə malların alıcıya tam təhvil verildikdən sonra 10 (on) iş günü ərzində icra ediləcəkdir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən bu müqavilə çərçivəsində əlavələrdə göstərilən razılaşdırılmış şərtlərə əsasən alıcı malın dəyərini vaxtında ödəməli, eyni zamanda satıcı da malı vaxtında və əlavə(lər)də göstərilən xüsusiyyətlərə uyğun təhvil verməlidir. Cavabdeh X2 “xxxxxxxx” ASC iddiaçının tələbinə dair etirazlarını, həmin tələbi təkzib edən sübutları, iddia tələbində əsas borc kimi göstərilən məbləğ üzrə ödənişlərin həyata keçirilməsinə dair sənədləri məhkəməyə təqdim etməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Azərbaycan Respublikası MM-nin 567-ci, 385.1-ci, 598.1-ci maddələrinə istinad edərək iddianı əsas borc və hüquqi xidmət xərcinin tutulması hissəsində tam, faiz borcu tutulması hissəsində qismən təmin etmişdir. 3-cü şəxslərin apellyasiya şikayətində qətnamənin dəyişdirilməsi və ya ləğvi üçün əsas olan hər hansı pozuntu halı qeyd edilməmiş, iddianın qismən təmin edilməsinə dair məhkəmənin gəldiyi nəticə düzgün olsa da təsisçilər arasındakı mübahisə həll edilməyənədək hazırkı iş üzrə icraatın dayandırılması barədə məhkəməyə verilmiş vəsatətin təmin edilməməsinin 3-cü şəxslərin hüquqlarına toxunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə hesab edir ki, hazırkı işin həlli iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin təsisçiləri arasında olan mübahisənin həllindən asılı olmadığından iş üzrə icraatın dayandırılması barədə 3-cü şəxslərin vəsatətini təmin etməməklə birinci instansiya məhkəməsi hər hansı pozuntuya yol verməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(81)-927/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Üçüncü şəxslər Coşkun Faxri və Alsaç Mustafa tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-2(81)- 927/2019 saylı qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar