Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-437/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1455/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Radio-Televiziya Yayımı və X8 Birliyi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1455/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 59.5, 63-cü maddələri və “Müflisləşmə və iflas” haqqında Qanunun 1-ci maddəsi düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə cavabdehin əmlakının dəyərini və o dəyərin kreditorların tələblərinin ödənilməsi üçün yetərli olubolmadığını yalnız cavabdehin təqdim etdiyi, onun əmlakının şərti dəyərini (amortizasiyası üzrə qalıq dəyərini) əks etdirən maliyyə arayışı əsasında müəyyən etmişdir. Halbuki cavabdehin ödəmə qabiliyyətinin olub-olmadığını aydınlaşdırmaqdan ötrü onun əmlakının hazırkı real bazar dəyəri qanunvericiliklə nəzərdə tutulan qaydada müəyyən edilməli idi. Bu məqsədlə müvafiq sahədə ixtisaslaşmış bir ekspert məhkəmə prosesinə cəlb olunmalı və onun verəcəyi rəy əsasında cavabdehin ödəmə qabiliyyətinin olub-olmadığını müəyyən edilməli idi. Təqribi qiymətləndirməyə görə cavabdehin əsas vəsaitlərinə aid olan əmlakının real bazar dəyəri onun bütün kreditorlar qarşısında mövcud olan öhdəliklərinin cəmindən bir neçə dəfə artıqdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X7 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh MMC televiziya və radio proqramlarının yayımlanması ilə məşğul olan şirkətdir. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (icraçı) ilə “Teleradio” İB və Cavabdeh MMC (sifarişçi) arasında **-TR-***, **-TR-*** və **-TR-*** nömrəli, xx.xx.2018-ci il tarixli müqavilələr bağlanmış və müqavilələrə əsasən icraçı sifarişçiyə yerüstü efir rəqəmli televiziya, TV və radio proqramların peykdən yayımı və yerüstü radio yayım avadanlıqlarına texniki xidmətləri göstərir. Göstərilən xidmətlər üzrə Cəmiyyətin Birliyə xx.xx.2020-ci il tarixə 691092,16 manat borcu yaranmışdır. İddiaçı həmin borcla əlaqədar xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020-ci il tarixlərdə cəmiyyətə və Milli Teleradio Şurasına müraciətlər edilmiş, lakin cavabdehin xx.xx.2020-ci il tarixli LG/75/20 nömrəli məktubunda borcun ödənilməsi imkanlarına malik olmadığı bildirilmişdir İddiaçı qeyd olunan hallara əsaslanaraq hesab edir ki, cavabdeh MMC müflis elan edilməli və əmlak inzibatçısı təyin edilməlidir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddiaçı ilə uzun illər əməkdaşlıq edildiyini və öhdəliklərin həmişə vaxtında yerinə yetirildiyini, son bir neçə ildə maliyyə problemlərinin yarandığını bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətində isə cavabdeh iddiaya etirazının əsaslarını dəyişmiş və öz etirazını şikayətdə göstərilənlərlə əsaslandırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Mülki Məcəllənin 59.5-ci maddəsinə əsasən əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. Həmin Məcəllənin 63-cü maddəsinə görə, əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər. Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən borclu ödəmə qabiliyyəti olmadığı halda iflas prosesinə məruz qalır. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki, borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 (on) faizindən az bir hissəsini təşkil etdiyi hallarda kreditorların borcluya qarşı əmlak iddiaları məhkəmədə əmlak mübahisələrinə baxılmasının ümumi qaydalarına uyğun həll edilir. İflas haqqında işin qaldırılması üçün kreditorun (kreditorların) və ya borclunun məhkəməyə təqdim olunan ərizəsi əsas sayılır. Həmin ərizənin məhkəməyə təqdim edilməsi tarixi iflas prosesinə məhkəmə vasitəsilə başlanmasının məqamıdır. Məhkəməyə iflas haqqında iddia ərizəsi borclu müəssisənin idarəetmə orqanının qəbul etdiyi qərar (əgər borclu dövlət müəssisəsidirsə, müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi qərar) əsasında təqdim oluna bilər. Həmin Qanunun 11.1-ci maddəsində isə göstərilmişdir ki, iflas haqqında işə məhkəmə iclasında baxıldıqdan sonra məhkəmə qanunvericiliklə müəyyən edilmiş qaydada borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi barədə müvafiq qərar çıxarır. Hazırki işdə də qeyd olunan maddələrin bütün dispozitiv şərtləri mövcuddur. Belə ki, Cavabdeh MMC tərəfindən verilmiş üzrə xx.xx.2020-ci il tarixə olan maliyyə arayışına əsasən Cavabdeh MMC-nin cəmi aktivləri 1701001,93 manat (binalar, tikililər və qurğular – 85170,71 manat, maşınlar və avadanlıq – 1270284,10 manat, nəqliyyat vasitələri – 67344,37 manat qeyri maddi aktivlərin dəyəri – 50942,00 manat, debitor borcları: 227260,75 manat), cəmi kapitalı 21140000,00 manat, cəmi öhdəlikləri 3806916,94 manat (kreditor borcları – 1736929,46 manat və bank kreditləri – 2069987,48 manat) təşkil edir. Teleradio İB-yə olan borcu isə 726468,97 manatdır. Göründüyü kimi Cavabdeh MMC-nin öhdəliklərinin məbləği onun nizamnamə kapitalının miqdarından 10 faizindən artıqdır. Eyni zamanda iş materiallarından görünür ki, borclu “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC kreditorlar qarşısında öhdəliklərini onların icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməmişdir. Bu hallar isə cavabdehin “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə ödəmə qabiliyyəti olmayan sayılması və müflis elan edilməsi üçün əsasdır. Eyni zamanda “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmə və ya kreditorlar tərəfindən fiziki və ya hüquqi şəxs, o cümlədən müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəkil edilən orqan, habelə rezident və ya qeyri-rezident əmlak inzibatçısı təyin edilə bilər. Borclu dövlət müəssisəsi olduqda əmlak inzibatçısının məhkəmə tərəfindən təyin edilməsi bu barədə müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla həyata keçirilir. Əmlak inzibatçısı təyin edilmək üçün fiziki şəxslər hökmən hüquq, təsərrüfat idarəçiliyi, iqtisadiyyat və ya mühasibat uçotu sahəsində müvafiq təhsilə, yaxud buna bərabər əməli təcrübəyə malik olmalıdırlar. Törətdiyi cinayətlər ilə əlaqədar müəyyən vəzifələr tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olma cəzasına məhkum olunmuş şəxslər (əgər bu cəzanın çəkilməsi müddəti müəyyən edilmiş qaydada bitməmişdirsə), eləcə də barəsində iflas prosesinə başlanmış şəxslər əmlak inzibatçısı təyin edilə bilməzlər. Əmlak inzibatçısı təyin edilən şəxs təyinatını qəbul etməzdən əvvəl onu təyin edənlər qarşısında belə təyinatda şəxsi marağının olmadığını yazılı şəkildə bəyan etməlidir. Hazırki işdə də iddiaçı Radio-Televiziya Yayımı və Peyk X1 texniki direktoru X4 əmlak inzibatçısı təyin edilməsini xahiş etmiş və iddia ərizəsinə qanunvericiliklə tələb olunan sənədlər, eləcə də, təyin olunması tələb olunan şəxsin bu təyinatda şəxsi marağının olmaması barədə yazılı bəyanatı əlavə olunmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarında olan sənədlər əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin kreditorları, o cümlədən hazırki iş üzrə iddiaçı olan Radio-Televiziya Yayımı və Peyk X5rşısında öhdəliklərini onların icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etmədiyi və ödəmə qabiliyyəti olmadığı tam təsdiq olunur. Cavabdeh isə onun ödəmə qabiliyyətinin olduğunu və bunu təsdiq etmək üçün əmlakının hazırkı real bazar dəyərinin müəyyən edilməsi ilə əlaqədar iş üzrə ekspertiza təyin edilməsinin zəruri olduğunu bildirsə də, özünün təqdim etdiyi xx.xx.2020-ci il tarixə olan maliyyə arayışında cəmi aktivlərinin 1701001,93 manat təşkil etdiyini göstərmişdir. Eyni zamanda əsas vəsaitlərin dəyərinin həmin arayışda göstərilən qiymətlərdən daha artıq olması və bununla da, məhkəmə ekspertizasının keçirilməsinə əsas verən ilkin sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin həmin hallara istinad etməsi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1455/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-437/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-437/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver