Məhkəmə qərarları › İş №2-2(103)-44/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-44/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-44/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının vəkili Vəkil1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1613/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 33790,2 manat borcun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı, tərəflər arasında bağlanmış xidmətlərin göstərilməsi və malların satılması barədə 23/17 saylı, xx xxxxxx 2017-ci il tarixli müqavilə ilə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməsinə baxmayaraq, cavabdeh isə üzərinə düşən öhdəlikləri bu günə kimi yerinə yetirməmişdir. Belə ki, müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, avadanlıqların dəyəri müqavilə imzalandığı gündən 15 gün ərzində alıcı tərəfindən ödəniləcək. İddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən dəyəri 16690 manat, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən dəyəri 15900 manat dəyərində mal verilmiş, lakin həmin malların pulu bu günə kimi ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1613/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tam təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə, qətnamə qəbul edərkən işi birtərəfli qaydada araşdırmmamış, iş üzrə yalnızca iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanmışdır. Qarşı tərəfin təqdim etdiyi bu müqaviləni cavabdeh imzalasa da sonradan onların təklif etdiyi qiymətlərin yuxarı olduğunu nəzərə alaraq onlarla işləməkdən imtina etmişdir. Tərəflər arasında müqavilə bağlanması hələ öhdəliklərin yaranması demək deyil. Bunun üçün müqavilənin bir işləmə mexanizmi olmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 146, 184.2-ci və 376.2ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 cavabdehin hazırda borcunu ödəmək üçün müəyyən addımlar atdığını və bu yaxınlarda borcu tam ödəyəcyini bildirdiyini qeyd edərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında xx xxxxxx 2017-ci il tarixli, 23/19 saylı müqavilə bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı (yəni İddiaçı MMC) müqaviləyə əlavələrdə göstərilən xidmətləri və ya məhsulları satıcı realizə edir, alıcı (cavabdeh «Cavabdeh” MMC) isə dəyərini qabaqcadan ödəməklə təhvil alır. Eyni zamanda müqavilənin 1.3-və 2.2-ci cü bəndlərinə əsasən müqavilə mallar və xidmətlər təhvil veriləndən etibarlıdır.Avadanlıqların təslim edilməsi günü kimi tərtib olunmuş qaimə-faktura tarixi qəbul edilir. Müqavilənin qeyd olunan şərtlərindən göründüyü kimi müqavilə iddiaçı tərəfindən cavabdehə həm malların satışını, həm də xidmət göstərilməsini nəzərdə tutur. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçının iddia ərizəsindən görünür ki, onun tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixli qaimə faktura əsasında dəyəri 16 690 manat, xx.xx.2019-cu il tarixli qaimə faktura əsasında dəyəri 15 900 manat dəyərində mallar verdiyini əsaslandırsa da, ona xidmətlər göstərməsi barədə heç bir əsaslandırma mövjud deyil və bununla bağlı iddia ərizəsinə sübutlar əlavə edilməmişdir. Lakin iddia tələbindən göründüyü kimi, cavabdehdən 33 790 manat pulun tutulmasını tələb etmişdir (İşdən görünür ki, onun istinad etdiyi və iddia əriəzsinə əlavə etdiyi iki qaimə-fakturadan (WN N-22499 No-li xx.xx.2019-cu il tarixli və WN N-22556 No-li xx.xx.2019-cu il tarixli) başqa, o cümlədən, cavabdehə xidmət göstərilməsinə dair faktura mövcud deyil.) Eyni zamanda, işə əlavə olunmuş, xx.xx.2020-ci il tarixində tərəflər arasında imzalanmış və dairəvi möhürləri ilə təsdiq olunmuş “borcların qarşılıqlı üzləşdirməsi haqqında aktdan görünür ki, iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi 33790 manatın borcun tərkibində - WN N-22499 No-li xx.xx.2019-cu il tarixli fakturaya əsasən təqdim edilən malların dəyəri olan 16 690 manat və WN N-22556 No-li xx.xx.2019-cu il tarixli fakturaya əsasən təqdim edilən malların dəyəri olan 15 900 manat, bundan əlavə xx.xx.2019-cu il tarixdə göstərilən xidmətin dəyər kimi - 1040 manat, xx.xx.2012019-cu il tarixdə göstərilən xidmətin dəyəri kimi - 160 manat təsbit olunmuşdur. İddiaçı, əsaslandırdığı adıçəkilən iki faktura üzrə cavabdeh təqdim edilən 32 590 (16690+15900) manat dəyərində mallara görə yaranmış borcun ödnəilməsini tələb olunmasında haqlıdır. Çünki, Mülki Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Lakin işdən görünür ki, onun tərəfindən iddia olunan 33 790 manat borxc məbləği alqı-satqının və xidmətin ümumi dəyərindən toplanır. Belə olan təqdirdə, onun tərəfindən üzləşmə aktında iki epizod üzrə təsbit olunan 1040 manat və 160 manat, cəmi 1200 manat məbləğində xidmət göstərilməsi faktı əsaslanıdırılmadığı halda, həmin məbləğdə cavabdehə qarşı pulun ödənilməsinin tələb olunması əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, işin qeyd olunan həqiqi halları nəzərə alınmamış, tərəflərin təsdiq etdiyi üzləşmə aktının göstəriciləri işdə olan digər sübutetmə vasitələri ilə təhlil olunmaqla, düzgün hüquqi qiymət verilməmiş, nəticədə cavabdehdən iddiaçının xeyrinə 32590 manat tutmaq əvəzinə, 1200,2 manat məbləğində artıq, yəni 33 790,2 manat məbləğində pulun tutulmasını qət olunmuşdur. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi isə iddia tələbi 1200,20 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun gəlmir. MPM-in 385.1.4-cü maddəsinin tələbindən isə görünür ki, qətnamədə göstərilmiş nəticənin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğ apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə də qeyd olunanları ümumiləşdirərək məhkəmə cavabdehin apellyasiya şikayətinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1613/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin, ondan iddiaçının xeyrinə 1200,2 manat məbləğin tutulması hissəsində əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır. Şikayətin, cavabdehin müqavilədən imtina etdiyi barədə dəlilləri isə sübutlarla əsaslandırılmadığına və formal xarakter daşıdığına görə məhkəmə kollegiyası əsassız sayır və yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə 1200,2 manat pulun tutulması hissəsində ləğv edilərək , həmin hissədə iddia rədd edilməli, qalan – cavabdehdən iddiaçının xeyrinə 32590 manat məbləğində pulun tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402 - 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1613/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi, qismən - cavabdehdən iddiaçının xeyrinə 1200,2 (bir min iki yüz) manat pulun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə İddiaçı MMC-nin iddiası təmin edilməsin. Qətnamə qalan - Cavabdeh MMC-dən 32590 (otuz iki min beş yüz doxsan) manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması hisəsində, dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar