Məhkəmə qərarları › İş №2-2(103)-440/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-440/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-440/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-508/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X2 Zirai makinalar ve X3 Anonim” şirkəti cavabdeh “xxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 274217 ABŞ dolları əsas borc, 41132 ABŞ dolları faiz borcu və əsas borcun tutulmasına dair qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcunun “xxxxxxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-508/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 74217 ABŞ dolları məbləğində əsas borc, 11133 ABŞ dolları məbləğində faiz borcu olmaqla ümumilikdə 85350 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla “xxxxxxxx" X1 tutularaq “X2 Zirai makinalar ve X3 Anonim” şirkətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 8 manat məbləğində pul vəsaitinin “xxxxxxxx" X1 tutularaq “X2 Zirai makinalar ve X3 Anonim” şirkətinə ödənilməsi qət edilmişdir. Cavabdeh “xxxxxxxx” MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında xx xxxx 2016-cı il tarixli, ASQ/AS/001/16 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən satıcı “X2 Zirai makinalar ve X3 Anonim” şirkəti ümumi dəyəri ******* ABŞ dolları olan istixana üçün material və avadanlıqların satmağı, alıcı “xxxxxxxx” MMC isə malları qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında həmin müqaviləyə xx xxxxxxxx 2016-cı il tarixli, 1 №-li əlavə bağlanmış və əlavəyə əsasən kontraktın ümumi dəyəri 3391170,32 manat müəyyən olunmuş və Cavabdeh MMC 10 bank günü ərzində 900000 ABŞ dolları məbləğində avans ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, onun tərəfindən göndərilən malların dəyəri 3124147,09 ABŞ dolları təşkil etmiş, cavabdeh tərəfindən ******* ABŞ dolları məbləğində pul vəsaiti ödənilmiş və 274217 ABŞ dolları məbləğində borc yaranmışdır. Borcun ödənilməsi ilə bağlı cavabdeh tərəfə dəfələrlə həm yazılı, həm də şifahi müraciətlər edilməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələr gətirməklə borcun ödənilməsindən yayınmışlar. Cavabdehin iddiaçıya olan külli miqdarda borcu vaxtında qaytarmaması iddiaçının maliyyə vəziyyətinin çətinləşməsinə, pisləşməsinə səbəb olmaqla sonuncuya ciddi zərər dəymişdir. Buna görə də cavabdehdən əsas borcdan əlavə həm illik 5 %, həm də qətnamə qəbul edilən günə bank faizinin uçot dərəcəsinə uyğun faiz borcu da hesablanaraq tutulmalıdır. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz etmiş və bildirmişdir ki, tərəflər arasında xx xxxx 2016-cı il tarixdə müqavilə bağlandıqdan sonra Cavabdeh MMC tərəfindən avans olaraq 200000 ABŞ dolları ödənilmiş və bu barədə iddiaçı şirkətin rəhbəri İsmail Çağlayan tərəfindən qəbz imzalanmışdır. Bundan sonra tərəflər arasında xx xxxxxxxx 2016-cı il tarixdə kontrakta 1 №-li əlavə razılaşma imzalanmış və həmin əlavədə kontraktın dəyəri 3391170,32 ABŞ dolları müəyyən olunmuş və həmin kontrakta uyğun olaraq ödənişlər aparılmışdır. Lakin kontrakta əsasən verilməli olan mallar da Cavabdeh MMC-yə tam təhvil verilməmişdir. Apellyasiya baxışında isə cavabdehin nümayəndəsi bildirdi ki, təhvil verilən mallarda qüsurlar aşkar olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqısatqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyaların dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Eyni zamanda iddiaçı malların tam göndərildiyini, cavabdeh isə tam göndərilmədiyini bildirir. Kollegiya hesab edir ki, cavabdehin həmin dəlili əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin “Malların qəbulu, Pretenziyalar” adlı 4-cü bəndində aşağıdakılar göstərilmişdir: Mallar aşağıda göstərilən şərtlərin riayət olunduğu halda, satıcı tərəfindən təhvil verilmiş və alıcı tərəfindən qəbul edilmiş sayılır: Miqdar üzrə - göndərilmə sənədlərində göstərilən qross çəkinin və yerlərin saylarına uyğun olaraq, Keyfiyyət üzrə - malların keyfiyyət sertifikatına uyğun olaraq. Mallara mülkiyyət hüququ satıcıdan alıcıya təhvil verilmə anından keçir. Mallara zəmanət şərtləri, bu kontraktın 2 №-li əlavəsi ilə - zəmanət şərtləri – müəyyən edilib. Mallarda qüsurlar yarandıqda, satıcı həmin qüsurları, pretenziya aldığı tarixdən 30 günü müddətində, FCA İstanbul, Türkiyə (İncoterms 2010) şərti ilə, malların və ya onların hissəsinin əvəz edilməklə, aradan qaldıracaqdır. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə malların təhvili və qəbul edilməsinin xüsusi qaydası, yəni bununla bağlı təhvil-təslim aktı və ya digər sənədin tərtib edilməsi ilə bağlı şərt nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Dövlət Gömrük Komitəsinin xx xxxxxx 2020-ci il tarixli məktubu və həmin məktuba əlavə olunmuş tərəflər arasında aparılan ixrac və idxal əməliyyatları barədə, həmçinin əməliyyatlar zamanı idxal edilmiş malların invoys dəyəri haqqında məlumatda iddiaçının göstərdiyi dəyərdə malların göndərilməsi öz təsdiqini tapır. Cavabdehin nümayəndəsi də həmin sənədlərdə göstərilən malların göndərildiyini və qəbul edildiyini təsdiq edir. Eyni zamanda cavabdeh Mülki Məcəllənin 578.1-ci maddəsinə əsasən iddiaçıya pretenziya məktubunun (malların tam olaraq təhvil verilmədiyi ilə bağlı) göndərdiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, ümumi dəyəri 3124147,09 ABŞ dolları təşkil edən mallar cavabdehə tam olaraq təhvil verilmiş, cavabdeh isə həmin malların dəyərini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Ödənilməyən məbləğ isə 74217 ABŞ dolları təşkil edir. Belə ki, iddiaçı ******* ABŞ dollarının ödənilməsini etiraf edir, 200000 ABŞ dollarının ödənilməsi isə xx xxxx 2016-cı il tarixli 001 №-li qəbzlə təsdiq olunur (birinci instansiya məhkəməsində iddiaçı həmin qəbzi mübahisələndirsə də, qətnamədən apellyasiya şikayəti vermədiyinə görə qəbul olunur ki, hazırda həmin qəbzi mübahisələndirmir). Bu baxımdan kollegiyası hesab edir ki, iddiaçı 74217 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Həmçinin kollegiya hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər də qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki işin halları da ondan ibarətdir ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini 3 il ərzində ödəməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş 3 il vaxt üçün illik 5% hesablanmış 11133 ABŞ dolları pulun tutulmasını tələb etməkdə haqlıdır (1 il üçün – 74217 x 5% = 3711 ABŞ dolları; 3 il üçün – 74217 x 5% = 11133 ABŞ dolları). İddiaçının təhvil verdiyi mallarda qüsurların aşkar olunması ilə bağlı cavabdehin nümayəndəsinin dəlilləri isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh tərəfindən həmin hala istinad olunmamışdır. Apellyasiya icraatında buna istinad olunması isə Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə ziddir. Belə ki, həmin maddənin tələblərinə görə əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində ifadə olunmuş dəlillərə və faktlara əsaslanır. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin yuxarıda istinad olunan “Malların qəbulu, Pretenziyalar” adlı 4-cü bəndindən müəyyən olunur ki, mallardakı qüsurlarla bağlı pretenziya verilməlidir. Lakin cavabdeh tərəfindən belə pretenziya verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “xxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-508/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar