Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-441/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Cəfərov Merac Amil oğluna (VÖEN: **********) qarşı “müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2955/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı MMC cavabdeh Cəfərov Merac Amil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16 iyul 2019- cu il tarixli alqı-satqı müqaviləsinə və ona edilmiş 16 iyul 2019-cu il tarixli 1 saylı, 17 avqust 2019-cu il tarixli 2 saylı, 11 sentyabr 2020-ci il tarixli 3 saylı və 08 noyabr 2019-cu il tarixli 4 saylı - Əlavələrə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 46.428,00 manat, penya borcu üzrə 20.976, manat, 11 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsivə və həmin tarixli 1 saylı əlavəyə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 23.131,72 manat, penya borcu üzrə 4140,00 manat, habelə, 30,40 manat məbləğində dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 500 manat məbləğində xidmət haqqının, ümumilikdə 95206,32 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı tərəflər arasıda bağlanmış 16 iyul 2019- cu il tarixli müqavilə şərtlərinə uyğun olaraq “Ukrayna mənşəli soya şrotunu (230400001 TNVD kodu) alıcı cavabdehə satmağı ohdəsinə götürmüşdür. Həmin müqavilənin əlavələrinə əsasən ümumi dəyəri 239.835,20 manat olan soya şrotu göndərilmiş, lakin sonuncu tərəfindən həmin məbləğin 193.407,00 manat vəsait ödənilmiş, qalan 46.428,20 manat məbəlğində borc isə tərəflər arasında imzalanmış 07 fevral 2020-ci il tarixində üzləşmə aktına əsasən ödənilməmiş qalmaqdadır. Həmin alqı-satqı müqavilənə əlavələrinin 3.1-ci bəndləinə əsasən ödəniş malların çatdırılma tarixindən etibarən 30 təqvim günü müddətində həyata keçirilir. Bundan başqa tərəflər arasında 11 oktyabr 2019-cu il tarixində 2019/6785-22 saylı digər bir alqı-satqı müqaviləsi bağlanmaqla ona 1 saylı əlavə də imzalanmaqla cavabdehə ümumi dəyəri 33.166,00 manat məbləğində mallar göndərilmiş, həmin malların bir qismi 10034,28 manat məbəlinə olan hissəsi razılaşma əsasında əvəzləşdirilmiş, sonuncunun 23.131,72 manat məbəlğində borcu ödənilməmiş qalmışdır. Halbuki, həmin müqavilənin əlavəsinin 3.1-ci bəndinə görə ödəniş malların çatdırılma tarixindən etibarən 30 təqvim günü müddətində həyata keçirilir. Hər iki alqı-satqı müqaviləsinin 5.1-ci maddəsinə əsasən tərəflər bu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yetirmədikləri halda, birinci gündən etibarən hər geçikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0,2 % miqdarında penya ödənilməsi nəzərdə tutulmuşdur. 16.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi müqaviləsi üzrə - 12.12.2019cu il tarixdən 30.07.2020-ci il tarixinədək olan dövr üçün cavabdehə hesablanmış penyanın məbləği 20.976,00 manat; 11.10.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 30.04.2020-ci il tarixindən 30.07.2020-ci il tarixinədək olan dövr üzrə hesablanmış penya məbəlği isə 4.140,00 manat təşkil edir. Hüquqi yardım göstərilməsinə dair 09 iyul 2020cu il tarixli 1396 saylı müqavilə və həmin tarixli 696272/00525 saylı ödəniş tapşırığına əsasən vəkilə 500 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2955/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsi ilə: - iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanmış 16 iyul 2019-cu il tarixli alqısatqı müqaviləsi və həmin müqaviləsi və 16 iyul 2019-cu il tarixli 1 saylı, 17 avqust 2019cu il tarixli 2 saylı və 11 sentyabr 2019-cu tarixli 3 saylı və 08 noyabr 2019-cu il tarixli 4 saylı əlavələrə əsasən yaranmış əsas borc üzrə 46.428,20 manat, 1000,00 manat penya, 11 oktyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə və 11 oktyabr 2019-cu il 1 saylı əlavəyə əsasən yaranmış əsas borc üzrə 23.131,72 manat, 500 manat penya olmaqla, ümumilikdə, 71.059,92 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi qət ounmuş,qalan hissədə iddia rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnaməni penya hissəsində ləğv edib, iş üzrə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, o, əsas borcu qəbul etsə də, penyanı qəbul etmir. Çünki, devalvasiya və pandemiya dövrünün olması, iş imkanlarını çətinləşdirdiyindən hesab edir ki, məhkəmə həmin hissədə obyektiv yanaşaraq penyanı tam həcmdə silə bilərdi. Belə ki, bu günə kimi iddiaçı tərəf ilə davamlı alqı-satqı əməliyyatları aparmış və onlara kifayət qədər qazanc vermişdir. Hal-hazırda borcu ödəyə bilməməməsi mövcud şərait ilə bağlıdır. Məhkəmə prosesində iddia tələbini əsas borca münasibətdə qəbul etməməsi, işi qərəzli olaraq yubatmaq niyyətininin olmamasını məhkəmə səmimi davranış olaraq qəbul edib, penyanı silmə imkanı olduğu halda bunu etməmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Sadalanan hallar məhkəmə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərir. Belə ki, MPM-in 385.1.1 maddəsinə əsasən maddi hüquq normalarının və prosesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 135.5, 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə cavabdehin apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ondan iddiaçının xeyrinə penya tutulması hissəsində mübahisəlndirilir. Bu baxımdan, MPM-in 372.6-cı maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə cavabdehin şikayəti həddində, yəni, birinci instansiya məhkəməsinin əsaslılığı penya tutulması hissəsində yoxlanılmalıdır. Birinci instansiüya məhkəməsinin qətnaməsindən isə göründüyü kimi: - 16.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi və onun əlavələri üzrə cavabdehdən ona göndərilmiş mallara görə yaranmış 46.428,20 manat borc üzrə ödənişin gecikdirilməsinə görə - 1000 manat; -11.10.2019-cu il tarixli alqı-satqı müqaviləsi və onun əlavəsinə görə təqdim olunmuş mallara görə yaranmış 23.131,72 manat borc üzrə ödənişin gecikdirilməsinə görə 500 manat - məbləğində penyanın cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, tərəflər arasında bağlanmış: - 16.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavələrin 3.1-ci bəndlərinə əsasən alıcı tərəfindən ona göndərilmiş malların çatdırılma tarixindən etibarən 30 təqvim günü müddətində; -11.10.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavənin 3.1-ci bəndinə əsasən isə alıcı ona göndərilmiş malların çatdırılma tarixindən etibarən 15 təqvim günü müddətində ödənişi həyata keçirməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Hər iki alqı-satqı müqaviləsinin 5.1-ci bəndləri isə nəzərdə tutur ki, müqavilə üzrə öhdəliklərin lazımi qaydada yetirilmədiyi halda, birinci gündən etibarən hər geçikdirilən gün üçün qoyulmuş və ya ödənilməmiş malın dəyərinin 0,2 % miqdarında penya ödənilir. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, cavabdeh (alıcı) iddiaçı (satıcı) tərəfindən ona göndərilmiş mallırın dəyərini lazımınca ödəməmiş, 16.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə mallarıın dəyərini 12.12.2019-cu il tarixinədək, 11.10.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə malların dəyərini 30.04.2020-ci il tarixindək tam ödəməli olduğu halda, üzrinə götürdüyü bu müqavilə öhdəliklərini pozmuş və iddiaçı ona qarşı əsas borcun ödənilməsi tələbi ilə yanaşı hazırkı iddia qaldırılanadək olan dövr üzrə gecikdirilmiş hər günə görə 0,2% hesabı ilə aşağıdakı penya məbləğlərini hesablamışdır: -birinci müqavilə üzrə 12.12.2019 - 30.07.2020 dövrü üzrə - 20.976,00 manat; -ikinci müqavilə üzrə 30.04.2020 - 30.07.2020 dövrü üzrə - 4.140,00 manat. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinadən: -16.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış borca dair ödənilməsi tələb olunan 20.976,00 manat məbləğində penya borcunu – 1000,00 manat; -11.10.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış borca dair ödənilməsi tələb olunan 4.140,00 manat penya borcunu 500,00 manat - həddinə qədər azaltmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Çünki, Mülki Məcəllənin sözügedən 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qətnamə ilə 16.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə tutulması qət olunan 1000,00 manat penya məbləği - həmin müqavilə üzrə yaranmış əsas borcun 2,15 faizi, ödənilməsi tələb olunan penya məbləğinin isə 4,67 faizidir; - 11.10.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə tutulması qət olunan 500 manat penya məbləği isə həmin müqavilə üzrə yaranmış əsas borcun 2,16 faizini, ödənilməsi tələb olunan penya məbləğinin isə 12,07 faizini təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin həm əmlak, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, çox cüzi miqdarda penya məbləği təyin edilmişdir. Mülki Məcəllənin 467-ci maddəsinin tələbindən isə göründüyü kimi, penyanın məbləği azaldılarkən həm də kredtorun mənafeləri nəzərə alınmalıdır. Digər tərəfdən həmin norma penyanın tamamilə ləğv edilməsini də nəzərdə tutmur. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin penya ilə bağlı gəldiyi nəticəni işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, Cavabdeh apellyasiya şikayətinin həmin hissədə qətnamənin obyektiv olmadığını və maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin e-2-2(113)-2955/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402 - 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin e-2-2(113)-2955/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-441/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-441/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver