Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-441/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-459/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, AK/0912 **********228 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. - Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə satıcı bu müqavilə ilə müəyyən olunmuş qaydada alıcının yazıı sifarişi əsasında, bu müqaviləyə əlavə olunmuş 01 saylı sifariş orderində müəyyən olunmuş malların, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş məbləğini ödəməyi öhdəsinə götürür. -Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə malların haqqı 01 saylı əlavədə təsvir olunan sifariş orderinə uyğun olaraq hesablanır. Satıcı təchiz edilmiş mallara görə tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında alıcıya hesab-faktura və elektron qaimə-faktura təqdim edir. Müvafiq sifariş orderində başqa müddət göstərilməyibsə, alıcı ödənişi hesab-fakturanı aldığı tarixdən 30 təqvim günü ərzində həyata keçirir. - Müqavilənin 6.6-cı bəndinə əsasən alıcı bu müqavilənin 2.1-ci maddəsi ilə müəyyən olunmuş öhdəliyini bu müqavilədə tutulmuş müddətdə yerinə yetirməzsə, satıcı icranın gecikdirildiyi hər təqvim günü üçün bu gecikdirilən ödəişin 0.1% həddində cərimə ödənilməsini tələb edə bilər.
2. İddiaçı şirkət ilə Cavabdeh MMC arasında 09 dekabr 2020-ci il tarixli, AK/0912 saylı malların alqı-satqı müqaviləsi üzrə göndərilmiş elektron qaimələr üzrə ödənişlər, onların tarixləri barədə məlumatlar cədvəlindən göründüyü kimi cavabdehin yekun borc qalığı ƏDV daxil 25267,77 manat təşkil etmişdir.
3. xx.xx.2023-xx.xx.2023-cü il dövr üzrə İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə yaranmış borca dair qarşılıqlı üzləşmə aktına əsasən xx.xx.2023-cü il tarixinə Cavabdeh MMC iddiaçı şirkətə 25.267,78 manat borcun olmasını qəbul etmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış **********228 saylı xx.xx.2020-ci il tarixli malların alqısatqı müqaviləsi üzrə ödənilmiş 25267,78 (ƏDV daxil olmaqla) manat məbləğinin, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində mediasiyaya dair xərcin, 4396.45 manat dəbbə pulunun və hüquqi yardıma görə ödənilən 200 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC MMC arasında **********228 saylı xx.xx.2020-ci il tarixli malların alqı-satqısına dair müqavilə bağlanmış və müqavilə üzrə cavabdehin sifarişi əsasında iddiaçı ona malları satmağı öhdəsinə götürmüşdür. Sonuncu alqı-satqı əməliyyatından cavabdehin iddiaçıya 25267.78 manat (ƏDV daxil olmaqla) borcu qalmışdır. İddiaçı borcun ödənilməsi üçün cavabdehə şifahi və yazılı müraciətlər etmiş və bu müraciət nəticəsində xx.xx.2023-cü il tarixində tərəflər arasında üzləşmə aktı tərtib olunmuş və tərtib olunan üzləşmə aktına əsasən Cavabdeh MMC İddiaçı MMC-yə olan 25267.78 manat (ƏDV daxil olmaqla) manat borcu etiraf etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli pretenziya ilə cavabdehə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sənəd dövriyyəsi vasitəsilə müraciət edilmiş və ümumi ödənilməli olan 25267.78 manat (ƏDV daxil olmaqla) 5 günə kimi İddiaçı MMC-yə ödənilməsi xahiş edilmiş, lakin cavabdeh borcunu geri qaytarmamışdır. Uzun müddət borcun geri qaytarılması üçün danışıqlar aparılmış və bunun nəticəsində tərəflər arasında 19 iyun 2023-cü il tarixində anlaşma memorandumu imzalanmış və qeyd olunan memoranduma əsasən cavabdeh borcu iyul-dekabr 2023-cü il tarixləri arasında aylıq 3569 manat ödəməklə borcunu ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh bir daha memorandumda üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək iyul ayından oktyabr ayına kimi olan aylıq borc ödənişlərini ödəməyərək tərəflər arasında olan müqavilə münasibətlərini pozmuşdur. Buna görə də qeyd olunan mübahisənin həll olunması üçün məhkəməyə müraciət olunması zərurəti meydana gəlmişdir. İddiaçı və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasında sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/18/2023-01422 saylı arayış alınmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 6.4-cü bəndinə əsasən “Ödəniş hər gecikdirilmiş gün üçün ümumi məbləğin 0,1% həcmində cərimə ödəməyi Alıcı satıcıya ödəməyi öz öhdəsinə götürür. İş materiallarına əlavə olunan iddiaçı tərəfindən xx.xx.2023- cü il tarixində pretenziya göndərilmiş, ona görə də gecikdirilmiş gün olaraq 18 may 2023-cü il tarixindən hesablanmalıdır. 18 may 2023-cü il tarixindən iddia ərizəsinin verildiyi tarix olan 7 noyabr 2023-cü il tarixinə kimi 174 gün təşkil edir. (25267.78 manatın 0,1%-i 25.267 manat təşkil edir. (25.267 manat × 174= 4396.45) dəbbə pulu-4396.45 manatdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-459/2024 nömrəli qətnaməsi ilə (hakim Günay Namazova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 25267,78 (iyirmi beş min iki yüz altmış yeddi manat yetmiş səkkiz qəpik) manat (ƏDV daxil) borc məbləği, 1263 (bir min iki yüz altmış üç) manat dəbbə pulunun və mediasiya xərcinin əvəzi olaraq 200 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 25267,78 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən 25267,78 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə iddianın cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 1263 manat məbləğində müəyyən edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-459/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, əsas borcun 20214,22 manat, dəbbə pulunun 1010,72 manat müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni qanunsuz hesab edilməsinin səbəbi ondan ibarətdir ki, məhkəmə cavabdehin sübutlarını tam və obyektiv araşdırmamışdır. Belə ki, cavabdeh, xx.xx.2020-ci il tarixli, **********228 saylı “Malların Alqı-Satqı” müqaviləsi (bundan sonra “müqavilə”) üzrə hesablanan 25 267,78 (ƏDV daxil olmaqla) AZN əsas borcla razı deyildir. Cavabdehin iddiaçıya borcunu ödəmə ərəfəsində şirkətin daxilində dəyişiklik baş vermişdir. Şirkətin Baş direktoru X4 xx.xx.2023-cü il tarixindən tutduğu vəzifəsindən azad edilərək əvəzinə yeni Baş direktor X3 təyin edilmişdir. Bununla bağlı şirkətdə hal-hazırda təhvil-təslim prosesi gedir. Təhvil-təslim gedişatında aparılan daxili təftiş zamanı iddiaçı tərəfindən irəli sürülən 25 267,78 (ƏDV daxil olmaqla) AZN əsas borc tələbinə dair satılmış mallara aid təhvil-təslim aktları da daxil olmaqla bəzi ödəniş sənədlərində uyğunsuzluqlar aşkar edilmişdir. Bu səbəbdən, müqavilə üzrə cavabdehə İddiaçı tərəfindən satılan malların satış haqqlarında uyğunsuzluqlar olduğundan, cavabdeh həmin satılan malların real satış haqqlarını müəyyən etmək üçün audit şirkətinə müraciət etmişdir və audit rəyini almışdır. Audit rəyinin nəticələrinə görə, iddiaçı müqavilə üzrə cavabdehdən tələb etdiyi 25 267,78 (ƏDV daxil olmaqla) AZN əsas borc məbləğ şişirdilmişdir. Audit şirkətinin qiymətləndirmə rəyindən məlum olur ki, həmin məbləğ real məbləğdən 15-20% artıq göstərilmişdir. Ehtimal olunur ki, cavabdehin keçmiş baş direktoru Azad Namazov və iddiaçının rəhbərliyi arasında sövdələşmə olmuşdur. cavabdeh, həmin audit rəyini əldə etdikdən sonra, üçüncü hazırlıq iclasında vəsatət ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya olan real borc məbləğini tam və dəqiq müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə cavabdehin audit rəyini təqdim etməsinə baxmayaraq, hesab etmişdir ki, hazırkı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə əsaslar olmadığından vəsatət rədd edilməlidir. Nəticə olaraq məhkəmə xx.xx.2024-cü il tarixində baxış iclasında cavabdehin sübutlarını tam və obyektiv araşırmadan qətnamə qəbul etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdein nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
12. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
13. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddə- alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddə- satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 597.1-ci maddə-alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 598.1-ci maddə-əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 600.1-ci maddə-alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddə-əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 443.1-ci maddə- öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
14. Qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
15. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-459/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli, AK/0912 **********228 saylı alqı-satqı müqaviləsi əsasında cavabdehə nisyə mallar satılmış, xx.xx.2023-cü il tarixinə tərtib edilmiş üzləşmə aktına əsasən Cavabdeh MMC iddiaçı şirkətə 25.267,78 manat borcun olmasını qəbul etmişdir. Cavabdeh tərəf bu borcun ödənilməsinə dair sübut təqdim etmədiyindən həmin borcun tutulması barədə iddiaçının tələbi təmin edilmişdir.
17. Cavabdeh apellyasiya şikayətinə əlavədə 20214,22 manat hissədə əsas borcu qəbul etdiklərini, tələb olunan borc məbləğinə 20 % endirim edilməsini xahiş etsə də, bu tələbinin qanuni əsasını göstərə bilməmiş, əgər borcun məbləği az olmuşsa üzləşmə aktının hansı səbəbdən təsdiq edldiyinə məntiqi izah verə bilməmişdir.
18. MM-nin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə borclu olduğundan hazırkı halda cavabdehin daxili audit yoxlaması keçirməklə müqavilə bağlandığı qiymətlərin yüksək olmasına istinad etməklə ödəniş zamanı qiyməti dəyişdirmək hüququ yoxdur. Bu səbəbdən cavabdehin nümayəndəsinin işə apellyasiya qaydasında baxılarkən satılan malların real bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatəti əsassız hesab edilərək təmin edilməmişdir.
19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, işə baxmış məhkəmə tərəfindən hər hansı maddi və ya prosessual pozuntuya yol verilmədiyindən apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-459/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-459/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.