Məhkəmə qərarları › İş №2-2(103)-444/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-444/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-444/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1460/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli qarşılıqlı üzləşmə aktında qeyd olunan 199849,73 manat məbləğində borcun Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri barədə məhkəməyə ərizə təqdim edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə cavabdehə məxsus bank hesabının üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, e-2-2(113)1460/2020 saylı qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı yenidən ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus İmişli rayonu Məmmədli kəndinə qeydiyyata alınmış 1 ədəd A-10941-1 qeydiyyat nömrəli Qazma qurğusu İdeco M1200 BD-20 və 1 ədəd A-11165-02 qeydiyyat nömrəli Atqıya qarşı preventor 2FZ18-35 avadanlıqları üzərinə həbs qoyulması, həmin avadanlıqların hər hansı bir şəkildə özgəninkiləşdirilməsinin (alqı-satqı, bağışlama və.s) və ölkə ərazisindən çıxarılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(113)- 1460/2020 saylı qərardadı ilə ərizə qismən təmin olunaraq, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus İmişli rayonu, Məmmədli kəndinə qeydiyyata alınmış 1 ədəd A-10941-1 qeydiyyat nömrəli Qazma qurğusu İdeco M1200 BD-20 və 1 ədəd A- 11165-02 qeydiyyat nömrəli Atqıya qarşı preventor 2FZ18-35 avadanlıqlarının özgəninkiləşdirilməsi Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qadağan edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. İddiaçı MMC şikayət verərək, həmin qərardadın avadanlıqlarının ölkə ərazisindən çıxarılmasının qadağan edilməsinin təmin edilməməsinə aid olan hissədə ləğv edib, həmin hissədə də ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh bu ölkədə öz fəaliyyətini faktiki olaraq dayandırmış, onlarda olan məlumata görə özünə məxsus olan avadanlıqları quyudan çıxararaq qablaşdırmış və gömrük sərhədlərindən çıxarmağa hazırlaşır. Cavabdehin bank hesabında da heç bir vəsait mövcud olmadığına görə iddia tələbi təmin ediləcəyi halda həmin qətnamənin icrası mümkün olmayacaqdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, şikayətin dəlillərini, ərizənin qismən təmin edildiyini, lakin cavabdeh tərəfindən şikayət verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qərardadın əsaslığı yalnız avadanlıqlarının ölkə ərazisindən çıxarılmasının qadağan edilməsinin təmin edilməməsi hissəsində yoxlanılır. Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3). Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxılana qədər cavabdehə məxsus yuxarıda adı çəkilən avadanlıqların ölkə ərazisindən çıxarılmasının qadağan edilməsi barədə ərizə əsaslıdır. Belə ki, iddia tələbi kifayət qədər yüksək məbləğin, yəni 199849,73 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasından ibarətdir və iddia təmin olunduğu təqdirdə həmin məbləğin könüllü ödənilməyəcəyi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar vardır. Eyni zamanda işdən də görünür ki, cavabdeh xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filialıdır və işə mahiyyəti üzrə baxılana qədər cavabdehə məxsus yuxarıda adı çəkilən avadanlıqların ölkə ərazisindən çıxarılması gələcəkdə qətnamənin icrasına çətinliklər yarada bilər. Bu baxımdan kollegiya hesab edir ki, həmin avadanlıqların ölkə ərazisindən çıxarılması cavabdehə qadağan edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən, yəni avadanlıqlarının ölkə ərazisindən çıxarılmasının qadağan edilməsinin təmin edilməməsinə aid olan hissədə ləğv edilməli və yuxarıda göstərilənlərə əsasən həmin hissədə də ərizə təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1460/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı qismən, yəni avadanlıqlarının ölkə ərazisindən çıxarılmasının qadağan edilməsinin təmin edilməməsinə aid olan hissədə ləğv edilsin və həmin hissədə də ərizə təmin edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus İmişli rayonu Məmmədli kəndinə qeydiyyata alınmış 1 ədəd A-10941-1 qeydiyyat nömrəli Qazma qurğusu İdeco M1200 BD-20 və 1 ədəd A-11165-02 qeydiyyat nömrəli Atqıya qarşı preventor 2FZ18-35 avadanlıqların ölkə ərazisindən çıxarılması Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Bakı şəhəri Xətai rayon icra şöbəsinə həvalə edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar