Məhkəmə qərarları › İş №2-2(103)-444/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-444/2021

05.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-444/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-413/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək ona məxsus qeyri-yaşayış sahəsinə (kod: **********00815) əsassız olaraq hesablanmış 7545,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən tikili ona məxsusdur. Qaz sayğacı xeyli müddətdir ki, quraşdırılmışdır. Həmin ünvanda quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən sökülərək aparılmış, yoxlamadan keçirilmiş və yenisi ilə əvəz edilmişdir. Cari ilin iyun ayında ünvana məxsus qaz kartına pul yüklədikdə kartın blokda olduğunu öyrənmiş, bununla bağlı cavabdeh təşkilata müraciət etmişdir və oradan bildirmişlər ki, həmin ünvana aid qaz sayğacında problem olub və bununla bağlı cərimə ödəməlidir. Qaz sayğacı aparılarkən sayğaca tərəfindən hər hansı bir müdaxilə edilməmişdir. Qaz İdarəsinin əməkdaşları ona bu səbəbdən 2016-cı ildən başlamaqla müxtəlif tarixlərdə yazılmış aktlar əsasında ümumilikdə 7526,75 manat sərfiyyat haqqı kimi borcun ödənilməli olduğunu bildirmişdir. Bununla yanaşı 235,88 manat sayğacın dəyəri də ondan tələb olunmuşdur. Həmin ünvanda təbii qazdan istifadəyə görə yaranmış borclar hər ay gecikdirilmədən ödənilmiş və qaz xəttinə hər-hansı kənar müdaxilə edilməmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaşanmamışdır. Çünki o istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmişdir və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcu ödəmişdir. Bundan başqa onun və ya ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə və ya digər təsir edilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-413/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı (Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 7,545.60 manat məbləğində borcun silinməsinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən xidməti əraziyə baxış keçirilən zaman İddiaçı məxsus qeyri-yaşayış sahəsində təbii qazdan qanunsuz olaraq sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir. Aşkar edilmiş qanunsuz istifadə faktları müvafiq qaydada 28.03.2016-cı il tarixli, 080659 saylı, 20.06.2017-ci il tarixli, ******* saylı 26.10.2017-ci il tarixli, ******* saylı, 27.09.2018-ci il tarixli, ******* saylı, 29.03.2019-cu il tarixli, ******* saylı, 30.12.2019-cu il tarixli, ******* saylı, 30.01.2020-ci il tarixli, ******* saylı və 28.02.2020-ci il tarixli, ******* saylı aktlarla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilmişdir. Göründüyü kimi, istehlakçı müqavilənin şərtlərini və qazdan istifadə qaydalarının tələblərini kobudcasına pozaraq qaz kəmərinə qanunsuz müdaxilə edərək təbii qazı talamışdır. Bu səbəbdən də təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən itirilmiş qazın bərpası üçün iddiaçının istifadəsində olan qaz cihazlarının maksimal qaz sərfinə uyğun olaraq hesabat aparılmış və 7570,55 manat məbləğində itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün istehlakçıya bildiriş göndərilmişdir. Abonent saldosundan da göründüyü kimi qanunsuz xətt ləğv edildikdən sonra istehlakçının ay ərzində etdiyi ödənişlər iki dəfə artıq olmuşdur. İddiaçı tərəfin təbii qazdan qanunsuz istifadə etməsi sübuta yetirilsə də məhkəmə buna baxmayaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanaraq borcun silinməsinə və dövlət əmlakının talanmasına səbəb olan qətnamə qəbul etmişdir. İşə apelyasiya qaydasında baxılması 05.05.2021-ci il tarixə təyin edilmiş, lazımı qaydada xəbərdar edilsələr də iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)- 413/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardan və abonent saldosundan görünür ki, iddiaçı tərəfindən silinməsi tələb edilən 7545,60 manat borc İddiaçı məxsus Bakı ş., Nizami rayonu, H.Əliyev prospekti ünvanında yerləşən obyektə keçirilən baxış zamanı sayğacdan kənar qeyri-qanuni qazdan istifadə olunması faktının aşkar edilməsi nəticəsində tərtib edilmiş 28.03.2016-cı il tarixli, 080659 nömrəli, 20.06.2017-ci il tarixli, ******* nömrəli, 26.10.2017-ci il tarixli ******* nömrəli, 27.09.2018-ci il tarixli, ******* nömrəli, 29.03.2019-cu il tarixli, ******* nömrəli, 30.12.2019cu il tarixli ******* nömrəli, 30.01.2020-ci il tarixli ******* və 28.02.2020-ci il tarixli ******* nömrəli aktlar əsasında hesablanmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf aparılmış iddiaçıya məxsus obyektdə aparılmış yoxlamaların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınması barədə sübutlar təqdim etməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Sözügedən Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5- ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra -yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Əsasnamənin 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Sadalanan müddəaların məzmunundan məlum olur ki, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan qurum sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməlidirlər və yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilməlidir. Qeydə alınmadan aparılmış yoxlamalar nəticəsində hətta qanun pozuntuları aşkar olunduğu təqdirdə belə, onların hüquqi nəticəsi, o cümlədən məsuliyyət tədbirləri tətbiq oluna bilməz. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçının qazdan qanunsuz şəkildə istifadə etməsi faktı öz təsdiqini tapmasına baxmayaraq Cavabdeh İB həyata keçirdiyi yoxlamanı vahid məlumat reyestrində qeydə alması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmədiyindən həmin yoxlamanın nəticələri iddiaçı üçün hər hansı bir məsuliyyət yarada bilməz. Odur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində aparılmış yoxlamanın nəticələrinə uyğun olaraq hesablanmış 7545.60 manat məbləğində borc silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-413/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-413/2021 saylı, 15.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar