Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-445/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və X5 qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X6, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X5 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 2(113)-185/2023 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı (satıcı) ilə X8 (alıcı) arasında Sun/11-01 saylı xx.xx.2020-ci il tarixli Farmaseptik preparatların çatdırılması üçün müqavilədən görünür ki, həmin müqaviləyə əsasən X8 baş spesifikasiyada göstərilmiş preparatlar üzrə iddiaçının Azərbaycanda rəsmi eksklüziv distribütoru təyin edilmişdir. (iş materialları 53-56-cı vərəqlər)
2. İddiaçı (satıcı) ilə X8 (alıcı) arasında imzalanmış Sun/11-01 saylı xx.xx.2020-ci il tarixli sazişə Qoşma 1 olan xx.xx.2020-ci il tarixli əlavəyə (price list) əsasən 1 ədəd Ascorplus N20 tab adlı məhsulun qiyməti 0,60 ABŞ dollardır. Qoşma 1 (əlavə) alıcının imzası ilə təsdiq edilmişdir.
3. İddiaçı tərəfindən Cavabdeh2 və X5 borcla bağlı xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh2 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X2 borcun ümumi məbləği olan 92.000 manat pulun müştərək qaydada alınıb, İddiaçı hesabına verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X14 ve X15.Ve Tic. LTD.Sti” şirkəti bir ildir Azərbaycana bioloji qida əlavələri ixrac edir. Azərbaycanda X3 onların Azərbaycanda təmsilçiləri olmaq arzusunda olduğunu bildirdikdə şirkət rəhbərliyi onun arzusunu məmnuniyyətlə qarşıladı. Müqavilə bağlayarkən N.Muradovanın tanışı X7 adına Bakıda təmsilçisi olaraq ofis açacaqlarına dair təklif vermiş və ofis açılmışdır. Cavabdehlər Türkiyədən onların sifarişi əsasında göndərdikləri məhsulları alıb-satdıqdan sonra pullarını ödəyəcəklərini bildirdilər. Digər firmalarla da bu şəkildə iş birliyində olduqlarını demişlər. Onlar cavabdehlərə inanmış və mallarını göndərmişlər. Mallar Bakıya çatanda pullarını istəmiş, lakin cavabdehlər isə müxtəlif bəhanələr gətirmişlər.. Sonra onlara məlum oldu ki, bütün malları satıb, pullarını isə özləri mənimsəmişlər. Ən sonda isə onlara pul ödəməyəcəklərini bildirmişlər. Onların fakturalarla toplam 21.650 ABŞ dolları (36.805 manat) pullarını iddia üzrə cavabdehlər mənimsəyiblər və pretenziyaya baxmayaraq, bu günə qədər pullarını qaytarmırlar. Buna görə də şirkətin Azərbaycana olan ixracatı yox dərəcəsinə qədər azalmışdır. Bu zərərə görə də maddi vəsaitdən əlavə mənəvi təzminat da tələb edirlər. Aralarındakı şifahi və yazılı əqdlərə görə cavabdehlərlə bağlanmış əqd yazılı və şifahi borc müqaviləsi əsasında ona olan borclarının ümumi məbləği 2019-cu ilin noyabr ayı üçün 92.000 manat təşkil edir ki, həmin məbləği ona ödəməli olduqları halda, ödəmirlər və müxtəlif uydurma bəhanələrlə borcu qaytarmaqdan yayınırlar. Cavabdehlərə 08 iyul 2021-ci ildə pretenziya məktubu göndərilərək, borcun qaytarılmadığı təqdirdə məhkəməyə iddia ilə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh pretenziyanı almış olsa da, şirkətə pul ödəməmişdir.
6. Cavabdehin nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən malların göndərildiyini qəbul etmiş, lakin yararsız olduğu üçün dəyərinin ödənilmədiyini bildirmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-185/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdeh X2 36.805 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X14 Ve X15ayi ve Ticaret Limited Şirkətinə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə qətnamədə qeyd etmişdir ki, hazırkı mübahisə İddiaçı ilə X8 arasında bağlanılmış Farmaseptik preparatların çatdırılması (alqı-satqı) müqaviləsindən irəli gəlir. Həmin müqavilənin şərtlərindən də göründüyü kimi tərəflər müqavilədən irəli gələn mübahisələrə hansı dövlətin məhkəmələrində baxılmalı olması barədə razılığa gəlməmişlər. Müqavilədə nəzərdə tutulmuş həmin müqavilədən irəli gələn mübahisələrə X11 Məhkəməsində baxılması barədə qeyd-şərtə gəldikdə məhkəmə qeyd etmişdir ki, belə bir qurum mövcud olmadığından müqavilənin göstərilən şərti etibarlı şərt kimi qiymətləndirilmir. Bununla yanaşı işə məhkəmədə baxılarkən cavabdeh tərəfindən də mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmasına etiraz edilməmişdir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı iddia üzrə birgə cavabdehlərin hər birinin yaşayış yeri və olduğu yer Azərbaycan Respublikasıdır, eləcə də iddia icrası qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli müqavilədən irəli gəlir.
10. Məhkəmə Türkiyə Respublikasının müvafiq sahədə hüquq normalarının məzmununu müəyyən edən sənədlərin məhkəməyə təqdim edilməsini iddiaçı tərəfə təklif etmiş, eyni zamanda Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müraciət edərək, alqı-satqı müqaviləsi haqqında ümumi müddəaları, eləcə də mülki hüquq münasibətlərində öhdəliyinin icra edilməsi vaxtı və yeri, müqavilə üzrə dəbbə pulunun tutulması qaydası və əsasları barədə müddəaları əhatə edən Türkiyə Respublikasının mülki hüquq qanunvericiliyindən çıxarışların Azərbaycan dilinə tərcümə olunmuş lazımi qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsini xahiş etsə də məhkəmənin sorğusuna cavab məktubu məhkəməyə daxil olmamışdır. Məhkəmə “Beynəlxalq xüsusi hüquq” haqqında Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə istinad edərək mübahisəyə Azərbaycan Respublikası qanunvericiliyi əsasında baxılmasını mümkün hesab etmişdir.
11. Mübahisə ilə bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı farmaseptik preparatların çatdırılması (alqı-satqı) barədə xx.xx.2020-ci il tarixli Sun/11-01 saylı müqavilə əsasında cavabdeh X5 mallar təqdim etdiyini, lakin cavabdehin həmin müqavilə üzrə 92.000 manat məbləğində borcunun ödənilməmiş qaldığını, nəticədə onlara maddi və mənəvi zərər vurulduğunu, eləcə də sözügedən müqavilənin Cavabdeh2 təklifi ilə bağlandığını, müqavilənin bağlanması zamanı danışıqlarda Cavabdeh2 iştirak etdiyini əsas göstərərək həmin borcun cavabdeh X2 və Cavabdeh2 tutulmasını tələb edir.
12. Cavabdehlərin nümayəndəsi və vəkili məhkəmədə verdiyi izahatda İddiaçı tərəfindən mübahisəli alqı-satqı müqaviləsi üzrə 21.650 ABŞ dolları dəyərində dərman preparatlarının təqdim edilməsi faktını təsdiq etmişdir. Eynilə göstərilən fakt iş materiallarında olan sənədlərlə də təsdiq edilir. Belə ki, iş materiallarında olan gömrük bəyannamələri, invoys və qablaşdırma siyahılarından müəyyən edilir ki, mübahisə predmeti olan cəmi 21.650 ABŞ dolları dəyərində olan mallar İddiaçı tərəfindən cavabdeh X4 adına Azərbaycan Respublikasına göndərilmişdir.
13. Cavabdeh tərəf məhkəmə iclasında iş materiallarında olan səsli görüntülərin qeyd edildiyi diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, səsli görüntüdə Nərmin xanıma müraciət edilərək, Soner bəy tərəfindən göndərdiyini söyləyən məhkəmə üçün şəxsiyyəti məlum olmayan şəxs tərəfindən masanın üstündə olan bir neçə dərman tabletlərinin əl ilə sıxılaraq ovulduğu müşahidə edilir. Həmçinin görüntülərdən müəyyən edilir ki, həmin dərman tabletlərinin yanında “İnfert” adlı boş dərman qutusu vardır.
14. İddiaçı tərəfindən müqavilənin şərtlərinə uyğun olmayan, keyfiyyətsiz dərman preparatlarının təqdim edilməsi barədə cavabdeh tərəfin dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, mübahisəli alqı-satqı müqaviləsinin şərtlərinə görə satıcı tərəfindən bu müqaviləsinin şərtlərinə uyğun olmayan, keyfiyyətində çatışmamazlıq və ya nöqsan tapılarsa həmin məmulatlar satıcının hesabına iddianın alınmasında 3 aydan gec olmadan yeniləri ilə əvəz olunmalı və satıcının öz hesabına alıcıya göndərilməli və yaxud 3 aydan gec olmadan məmulat üçün ödənilmiş məbləğ alıcının bank hesabına geri qaytarılmalıdır. Alıcı keyfiyyətsiz məmulatları iddia göndəriləndən sonra 3 ay ərzində, başqa əlavə şərtlər yoxdursa satıcıya qaytarmalıdır. Satıcı iddia göndərən tarixdən 5 ay ərzində keyfiyyətsiz məmulatları əvəz etməzsə alıcı müqaviləni poza bilər. Bu zaman alıcı satıcının hesabına keyfiyyətsiz məmulatları geri qaytarır və onların göndərilməsi ilə, müqavilənin pozulması ilə bağlı bütün ziyanları satıcı öz üzərinə götürür. Alıcı qüsurlu mallarla əlaqədar olan xərcləri təsdiq edən sənədləri təqdim etməyə borcludur. Keyfiyyətsiz məmulatların keyfiyyətsiz olması Azərbaycan Respublikasında xüsusi laboratoriyada həmin maldan götürülmüş nümunələr üzərində keçirilmiş testlərə əsasən xüsusi laborator analiz sənədi ilə təsdiq edilməlidir. Alıcı keyfiyyət və kəmiyyət üzrə iddia edərkən o satıcıya ziyanın hesabatını təqdim etməlidir. İddialar yazılı surətdə təqdim olunur. İş materiallarından isə görünür ki, cavabdeh E. İsmayılov etirazında göstərilmiş dəlilləri, yəni iddiaçı tərəfindən təqdim edilmiş malların keyfiyyətsiz olduğunu, eləcə də keyfiyyətsiz mallarla bağlı müqavilədə nəzərdə tutulmuş prosedurlara (malların keyfiyyətsiz olması barədə satıcıya yazılı formada xəbər verilməsi, malların əvəz edilməsi ilə bağlı satıcıya vaxt verilməsi, malların keyfiyyətsizliyinin laboratoriya rəyi ilə təsdiq edilməsi və s.) riayət etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
15. Bununla yanaşı məhkəmə iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Sun/11-03 saylı müqaviləyə, həmin müqaviləyə əlavəyə və xx.xx.2020-ci il tarixli müqaviləyə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin sənədlər tərəflərin yalnız biri tərəfindən imzalandığından onların tərəflər arasında bağlanmış müqavilələr kimi qiymətləndirildirilməsi üçün əsas yoxdur.
16. Məhkəmə qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı X14 Ve X15ayi ve Ticaret Limited Şirkəti ilə cavabdeh X8 arasında xx.xx.2020-ci il tarixli Sun/11-01 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək cəmi 36.805 manat dəyərində olan farmaseptik preparatları cavabdeh X5 təqdim etmiş, lakin cavabdeh tərəfindən həmin malların dəyəri ödənilməmişdir. Məhkəmə alqı-satqı müqaviləsinə əsasən 36.805 məbləğində malların İddiaçı tərəfindən cavabdeh E.İsmayılova təqdim edildiyini, lakin həmin malların müqabilində iddiaçıya ödənişin edilmədiyini nəzərə alaraq hesab etmişdir ki, mübahisəli hüquq münasibətində satıcı olan iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən həmin malların dəyərinin ödənilməsini alıcıdan - cavabdeh E.İsmayılovdan tələb etmək hüququna malikdir.
17. İddiaçının Cavabdeh2 qarşı iddiasını əsaslandırmaq üçün istinad etdiyi danışıqların Cavabdeh2 tərəfindən aparılması, Cavabdeh2 iddiaçı şirkətə E.İsmayılovla müqavilə bağlanmasını təklif etməsi və işlərin Cavabdeh2 tərəfindən idarə edilməsi barədə dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi hallar Cavabdeh2 iddiaçı şirkətlə (satıcı) cavabdeh E. İsmayılov (alıcı) arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə alıcı ilə birgə məsuliyyət daşıması anlamına gəlmir. Bundan əlavə Cavabdeh2 belə bir öhdəliyinin yaranması üçün əsas ola biləcək etibarlı müqavilənin (məsələn, zaminlik müqaviləsinin) mövcudluğu da iş materialları ilə təsdiq edilmir. Digər tərəfdən cavabdehlərin nümayəndəsi və vəkilinin məhkəməyə təqdim etdiyi etirazın məzmunundan cavabdeh E.İsmayılov və Cavabdeh2 dərman preparatlarının alqı-satqısının təşkil edilməsi ilə bağlı birgə fəaliyyət göstərdikləri aydın olsa da, etirazda E. İsmayılovun mübahisəli alqı-satqı müqaviləsi üzrə alıcı olması faktı inkar edilmir (Əksinə etirazda hətta E. İsmayılovun mübahisəli müqavilə üzrə borcun ödənilməsi ilə bağlı iddiaçı şirkətlə danışıqlar aparması, o cümlədən xərcin borcun ofis açılması ilə bağlı çəkilmiş xərclərlə əvəzləndirilməsi ilə bağlı təklif verməsi göstərilmişdir). Belə olan halda mübahisəli alqı-satqı müqaviləsinin alıcı qismində E. İsmayılovla deyil, əslində Cavabdeh2 ilə bağlanması müəyyən edilmədiyindən iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməsi üçün əsas yoxdur.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh X8 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-185/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycanda qida əlavələrini ölkəyə idxal etmək üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məhsul nümunəsi təqdim etdikdən sonra, məhsulda heç bir nöqsan aşkar olunmadıqda rəy verilir. Soner Çelik məhsul nümunələrini göndərməmiş, ekspertiza rəyi alınmamışdır. Lilit MMC şirkətindən 10.000 ABŞ dollar pul almış və bildirmişdir ki, yeni icarəyə yer götürmüş və xam maddə almağa vəsaiti qalmamışdır. Lilit MMC-nin sahibi Cavabdeh2 zəng edərək bildirdi ki, mən Soner Çeliki tanımıram, sizin vasitəniz ilə tanımışam, siz təsdiqləyirsinizsə mən o məbləği yollayım. O, iş gördüyükləri üçün və Soner bəyin öz məhsullarının yüksək keyfiyyətdə olduğunu bildirdiyi üçün inanaraq, güvənərək razılıq verdi. Üzərindən 2 ay sonra Soner Çelik 8 adda olan məhsul nümunəsini ekspertizaya yolladı. Həmin 8 adda olan məhsulun laborator analizi üçün dövlət rüsumu ödənişinin hər biri 578.20 manat təşkil edərək, toplam 4625.60 manat təşkil etdi. Bu məhsulların məbləğini Lilit MMC dövlətə keçirtdi. Bundan əlavə 8 adda olan məhsulun qutu, içlik və digər sənədlərin xidmət haqqının hər bir ədədini 200 manatdan toplam 1600 manat fikirləşərək, Soner bəyin ona vəd etdiyi komissiondan onun götürəcəyinə inanaraq öz vəsaitindən ödədi. Lakin, Soner Çelikin 8 adda olan məhsulun laborator analizindən tam yararsız çıxdı və 8 adda olan məhsulun hamısına xitam verildi. Artıq Lilit MMC şirkəti Soner Çelik adlı şəxsə 77000 (yemiş yeddi min) ABŞ dollar ödəmişdir. Məhsullar burada müsbət rəy almamış, Soner Çelik həmin şirkətdən öncədən pul almışdır. Şirkət Cavabdeh2 Mirzəbala qızının vasiti ilə Soner bəyi tanıdığı üçün ondan 8 adda olan məhsulun rəyini və artıq 6 ay müddət keçdiyini bildirirək tələb etməyə başlamışdır. Bu zaman Soner bəyə yeni bir nümunə göndərməsini bildirdi. Yenidən göndərilən məhsulların laborator analiz ödənişlərini və digər xərcləri toplam 7825,60 manat olaraq Cavabdeh2 Mirzəbala qızı öz vəsaiti ilə ödəmişdir. 8 ay sonra nəhayət müsbət rəy alınaraq məhsullar Azərbaycana gəlmişdir. Məhsul gələndən sonra X1 sertifikata müraciət edildi. Məhsullar agentlikdən uyğun olmadığı üçün yenə rədd cavabı aldı. Ödənilən məbləğləri Cavabdeh2 Mirzəbala qızı öz vəsaiti ilə ödədi və həmin vaxtda Soner Çelikə bildirdi ki, ödənişlər var və Soner Çelik ona "Nərmin hanım ne gerekiyorsa yapın" cavabını deyirdi. Həmin məhsullardan Soner bəy ona 1 qəpik belə yollamamışdır. Bütün xərcləri borca girərək özü vermişdir. Çünki, 77.000 ABŞ dolları alıb əvəzinə uyğun olmayan mal istehsal etmişdir. Cavabdeh2 Mirzəbala qızının etibarı üzərində sifarişlərinin olduğuna görə Soner bəyə distribyutor müqaviləsi bağlamaqlarını təklif etdi, o da dərhal qəbul etdi. Cavabdeh2 Mirzəbala qızı Bakı şəhəri, Xətai rayonunda ofis icarəyə götürdü və icarə götürdüyü ofisin şəkillərini, qiymətini Soner bəylə razılaşdı. Soner bəy ona işçi tutmağını da istədi. 5 ay işçiyə, icarəyə, reklam işlərinə tanışı Nərmin xanım 7000 manat xərc çəkdi. Aralarındakı razılaşmaya görə, iddiaçı şirkət bütün yararlıq müddətində tərkibinin uyğunsuzluğu, təlimatların olmaması, markalanmaması, partiyanın nömrəsinin olmaması və ikinci dərəcəli qablaşdırmada son istifadə tarixinin olmaması və s. daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq,məhsulların keyfiyyətinə görə məsuliyyət daşıyacaq. İddiaçı təşkilat aralarındakı razılaşmanın şərtlərini pozaraq başqa şəxslərə Nərmin xanımın xəbəri olmadan mal göndərmiş, kifayət qədər gəlir əldə etmişdir ki, həmin gəlirdən də ona heç nə ödəməmişdir. Hansı ki, həmin müştəriləri onunla tanışı Nərmin tanış etmişdir. O, 2020-ci ilin avqust ayında Soner bəyə 2 məhsul sifariş verdi. Askorplus və Mekodril adda məhsul Azərbaycana gəldiyi vaxt uzandı və gömrük rüsumu qalxdığına görə, mala təlabat bitdiyinə görə ucuz qiymətə realizasiyaya satdı. Daha sonra o, yenə müştəri yolladı Soner bəyə. Soner bəydən 2 məhsula qiymət aldı. İnfer və Zenavit. Soner Çelik məhsullara 1.35 ABŞ dolları qiymət verərək daha sonradan məhsulun qiymətini 2.70 ABŞ dolları səviyyəsində "elemanım yanlış hesaplamış" deyərək məhsulun qiymətini qaldırdı. Həmin qaldırılan məbləğ Nərminin üzərində sifarişçi arasında üstündə borc qaldı. Məhsul Azərbaycana zay və keyfiyyətsiz gəldi, tabletlər ovulub tökülürdü. Sifarişçi videosunu çəkib Nərmin xanıma yolladı və məhsulu istəmədiyini bildirdi. O, bu məsələni Soner bəyə bildirdi. Soner bəy "elemanım yanlış karışım yaptı" deyərək bildirdi. Nərmin xanım həmin məhsulun ödənişini öz vəsaitindən ödəyib və işçi tutaraq həmin məhsuldan bir bir zay malları ayırdı. Daha sonra Soner Çelik onun vəsaiti ilə Vüsal və Faiq adlı şəxslərə onun distribyutor olduğu halda üzərindən 21 adda məhsul satmış və ona faiz ödəməsin deyə gizlətmişdir. Cavabdeh2 2020-ci ilin fevral ayında aralarındakı məsələni danışmaq üçün İstanbula 6 məhsulu mənim (X4) adıma vurduğu üçün yollandı və özünə də bildirdi ki, mənim (X4) adıma vurulub mal, işlə əlaqəm yoxdur. Sun Med fabrikasında görüşdülər. X16 bağırdı və onun üzərinə basqı etdi, hətta əlindəki pultu onun üzərinə atmağa cəhd etdi. Oraya Ahmet adlı şəxslə getmişdi. Nərmin xanıma 21600 dollarlıq sənəd imzalatdırdı. O, 7 aylıq hamilə olduğu üçün çox qorxmuşdu. O sənədi özü yazdı və ancaq imzalamağa görə Nərmin xanıma uzatdı. xx.xx.2020-ci ildə Mekodril və Askorplus ümumi dəyəri 9000 (doqquz min) ABŞ dolları, xx.xx.2020-ci ildə Biviqam və İnfert ümumi dəyəri 7250 (yeddi min iki yüz əlli) ABŞ dolları və xx.xx.2021-ci ildə Zenavit və RS-Vera ümumi dəyəri 5400 (beş min dörd yüz) ABŞ dolları, cəmi 21650 (iyirmi bir min altı yüz əlli) ABŞ dolları hesab faktura ilə borc qaldığına görə şikayət etmişdir. Aralarında 3 ay fərq olmaqla müxtəlif vaxtlarda mal göndərmiş və Nərmin xanımın onu aldatmaqla şikayət etmişdir. Pul ödənilməyibsə bu məbləğdə məhsulları Nərmin xanıma nə məqsədlə göndərib. Soner Çelik adlı şəxs ümumilikdə ona 30.000 (otuz min) manat ziyan vurub. Aralarındakı razılaşmaya əsasən onlar Soner Çelikin Azərbaycandakı rəsmi nümayəndəsi qismində hərəkət etmişlər. Bundan əlavə Soner Çelik ilə aradakı münasibətlərə görə mənəvi ziyan da çəkmişlər. Məhkəmə işə baxarkən bu hallara düzgün qiymət verməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
21. İddiaçının nümayəndəsi və vəkili X9 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
22. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 387.2-ci maddə- əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 387.3-cü maddə- öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. 440.1-ci maddə- Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443-cü maddə- Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1-ci maddə- iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.7-ci maddə- iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. 450.1-ci maddə- Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 450.2-ci maddə- tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. 598.1-ci maddə- əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.3-cü maddə- əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. 586.1-ci maddə-qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. 586.2-ci maddə-əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. 586.3-cü maddə- Əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. 586.4-cü maddə- istər satıcı, istərsə də alıcı tərəfindən əşyanın keyfiyyətinin yoxlanmasının qaydası, habelə digər şərtləri eyni olmalıdır. 587.1-ci maddə-əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2-ci maddə-əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-cü maddə-bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4-cü maddə-komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5-ci maddə-əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
385.1, 442, 443.1 və 448.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir
“Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanun: 1.2-ci maddə- xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 2.1-ci maddə- xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. 2.2-ci maddə- bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. 25.1-ci maddə- müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət göstərdiyi ölkənin hüququ tətbiq edilir: 25.1.1. alqı-satqı müqaviləsində - satıcının. Belə olan halda müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq edilməli hüquq barədə razılıq olmadığından qanunvericiliyin tələbinə görə alqı-saqtı müqaviləsindən irəli gələn hazırkı mübahisəyə tətbiq edilməli olan hüquq satıcının təsis olunduğu və ya əsasən fəaliyyət göstərdiyi ölkənin, yəni Türkiyə Respublikasının hüququdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
23. Apellyasiya baxışının predmetini iddianın cavabdeh X5 qarşı təmin edildiyi hissə təşkil edir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
24. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-185/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, xarici elementli olan hazırkı mübahisəyə Azərbaycan Respublikasının məhkəməsi tərəfindən və Azərbaycan Respublikasının qanunvericiliyi əsasında baxılmalı olması barədə birinci instansiya məhkəməsinin qətnamədə istinad etdiyi əsaslar qanuni və əsaslı hesab edir.
26. Mübahisə və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunur ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən tərəflər arasında Azərbaycan Respublikası ərazisində cavabdeh tərəfindən Farmaseptik preparatların distributor qismində satışının həyata keçirilməsi ilə bağlı Sun/11-01 saylı xx.xx.2020-ci il tarixli müqavilə və malın qiyməti ilə bağlı müqavilə bağlanmışdır. Eyni zamanda işin mübahisəsiz halıdır ki, iddiaçı tərəfindən cavabdehə satış üçün göndərilmiş 36.805 manat dəyərində malı cavabdeh E.İsmayılov almış, lakin malın dəyəri ödənilməmişdir.
27. Cavabdeh E.İsmayılovun iddiaya etirazının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən göndərilmiş mallar (qida əlavələri) keyfiyyətsiz olduğundan ödəniş həyata keçirilməli deyil.
28. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı tərəfindən göndərilmiş malların keyfiyyətsiz olması iddiaçının təqdim etdiyi videogörüntü əsasında müəyyən edilə bilməz. Belə ki, cavabdehin imzaladığı Sun/11-01 saylı xx.xx.2020-ci il tarixli müqavilənin 3.3-cü bəndində satıcı tərəfindən bu müqavilənin şərtlərinə uyğun olmayan, keyfiyyətində çatışmamazlıq və ya nöqsan tapılarsa həmin məmulatların satıcının hesabına iddianın alınmasından 3 aydan gec olmadan yeniləri ilə əvəz olunması və satıcının öz hesabına alıcıya göndərilməsi və yaxud 3 aydan gec olmadan məmulat üçün ödənilmiş məbləğ alıcının bank hesabına geri qaytarılması, 3.4-cü bəndində alıcının keyfiyyətsiz məmulatları iddia göndəriləndən sonra 3 ay ərzində, başqa əlavə şərtlər yoxdursa satıcıya qaytarması, 3.6-cı bəndində əgər satıcı iddia göndərən tarixdən 5 ay ərzində keyfiyyətsiz məmulatları əvəz etməzsə alıcının müqaviləni ləğv edərək satıcının hesabına keyfiyyətsiz məmulatları geri qaytarılmasını və onların göndərilməsi ilə, müqavilənin pozulması ilə bağlı bütün ziyanları satıcıdan tələb etmək hüququ, 3.7-ci bəndində alıcı qüsurlu mallarla əlaqədar olan xərcləri təsdiq edən sənədləri təqdim etməyə borclu olduğu, 3.8-ci bəndinə görə keyfiyyətsiz məmulatların keyfiyyətsiz olmasının Azərbaycan Respublikasında xüsusi laboratoriyada həmin maldan götürülmüş nümunələr üzərində keçirilmiş testlərə əsasən xüsusi laborator analiz sənədi ilə təsdiq edilməli olduğu, 4.1-ci bəndində alıcının keyfiyyət və kəmiyyət üzrə iddia edərkən satıcıya ziyanın hesabatını təqdim etmək öhdəliyi, 4.2-ci bəndində iddiaların yazılı surətdə təqdim olunması nəzərdə tutulmuşdur.
29. Cavabdeh E.İsmayılov işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2022ci il tarixdə keçirilmiş məhkəmə iclasında bildirmişdir ki, ona təqdim edilmiş “İnfert” adlı məhsulun keyfiyyətsiz olduğuna dair videogörüntü təqdim ediləcək. Məhkəmə qeyd edir ki, cavabdeh həmin malın keyfiyyətsiz olması barədə nə qarşı tərəfə, nə də məhkəməyə müqavilə şərtlərinə uyğun olaraq laborator analiz sənədi təqdim etməmiş, qüsurlu malların geri qaytarılması üçün iddiaçıya hər hansı yazılı müraciəti olmamış, keyfiyyətsiz hesab etdiyi malın miqdarı və dəyəri ilə bağlı iş materiallarına sənəd əlavə edilməmişdir. Bundan əlavə qüsurlu olduğu iddia edilən “İnfert” adlı məhsuldan başqa digər malların dəyərinin hansı səbəbdən ödənilmədiyinə dair cavabdeh əsaslı bir dəlil göstərə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edildiyi hissədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
30. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 185/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh X4 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-185/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.