Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-447/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdeh Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: xidmət müqaviləsi, xidmətin dəyərinin ödənilməməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MTK (şirkət) ilə Cavabdeh MMC (müştəri) arasında 06 iyul 2022-ci il tarixdə CY6 145/22 nömrəli müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, müqavilənin şərt və müddəalarına uyğun olaraq, şirkət müqavilənin 2 saylı əlavəsində daha geniş təsvir olunan, binada yerləşən 1701 saylı mənzili yaşayış üçün müştəriyə təqdim etməyə, müştəri isə həmin mənzili yaşayış məqsədi üçün şirkətdən qəbul etməyə razılıq vermişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, müştəri hazırkı müqavilədən və müqavilənin digər şərtlərindən irəli gələn öhdəlikləri yerinə yetirməsi şərtilə, əmlakla əlaqədar mülkiyyət hüquqlarını Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əldə etmək hüququna malikdir; 1.3-cü bəndinə əsasən, əmlak üzərində mülkiyyət hüququ müştərinin adına qeydiyyatdan keçirildikdən sonra, müştəri müqavilənin şərt və müddəalarına uyğun olaraq mülkiyyətçi kimi əmlak ilə əlaqədar bütün hüquqları, o cümlədən əmlakı girov qoymaq hüququnu, yaxud üçüncü tərəflərə özgəninkiləşdirmək, ötürmək, bağışlamaq hüququnu həyata keçirə bilər.
2. Müqavilənin 2.3-cü bəndinə əsasən, əsaslı tamamlama tarixi 1 iyul 2022-ci il müəyyən edilir; 2.4-cü bəndinə əsasən, tərəflər əmlakın təhvil verilmə şərtləri təsvir olunan və onun ümumi tikinti sahəsi göstərilən təhvil-təslim aktı əsaslı tamamlama tarixindən etibarən hazırlamalı və imzalamalıdırlar. Əmlakın itirilməsi və ya ona ziyan vurulması ilə bağlı risk təhvil-təslim aktı imzalandığı tarixdən etibarən şirkətdən müştəriyə keçir.
3. Müqavilənin 4.1-ci bəndinə əsasən, əmlak və avtomobil dayanacağı üçün toplam alış qiyməti 646 935 manat təşkil edir. Müştəri sözügedən məbləğin 40%-ni müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində göstərildiyi kimi və müəyyənləşdirilmiş qrafik üzrə bank köçürməsi əsasında ödəməlidir; 4.2-ci bəndinə əsasən, əmlak üçün alış qiyməti 613 935 manat və müqavilənin 1.5-ci bəndində göstərildiyi kimi 1 avtomobil dayanacağı sahəsinin qiyməti 33 000 manat olacaq.
4. Müqavilənin 4.3-cü bəndinə əsasən, müqavilə çərçivəsində qiymətin hər hansı hissəsinin ödənişi gecikdirildiyi halda müştəri ödənişin verilməli olduğu tarixdən faktiki ödəniş tarixinə qədər ödənilməmiş məbləğin gecikdirilmiş hər bir gün üçün gündəlik əsasda hesablanan illik 24% cərimə ödəməlidir; 4.4-cü bəndinə əsasən, şirkət təqdim etdiyi hesab-faktura 10 (on) iş günü ərzində müştəri tərəfindən şirkətin müvafiq bank hesabına köçürülmə yolu ilə ödənilməlidir. Əks halda müqavilə qüvvəsini itirmiş sayılacaq; 4.5-ci bəndinə əsasən, müqaviləyə uyğun olaraq bütün ödənişlər bank köçürməsi yolu ilə ödəniş cədvəlində qeyd olunan tarixə qədər ödənilməlidir. Tərəflər ödənişin digər qaydada aparılmasına dair əlavə razılığa gələ bilərlər.
5. İdarə edən qismində İddiaçı MTK ilə sifarişçi qismində Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli CY6-145/22 nömrəli çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı qanunvericilikdə müəyyən olunmuş əsaslarda sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi Azərbaycan Respublikası, Bakı şəhəri, Ağ şəhər, 8 noyabr prospekti, 59/2-4 ünvanında, “K Residence Baku” yaşayış kompleksində müqaviləyə 1 nömrəli əlavədə nəzərdə tutulmuş kommunal xidmətləri göstərməyi, sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini təmin etməyi öz öhdəsinə götürür.
6. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, xidmətlərin tərkibi, xidmət haqqı və tərəflər üçün əhəmiyyət kəsb edən və müqavilə ilə müəyyənləşdirilməmiş digər şərtlər müqaviləyə müvafiq əlavələrdə müəyyən olunur; 2.1-ci bəndinə əsasən, idarə edənin xidmətlərə görə ödənişlərin müqavilə ilə müəyyən edilmiş qaydada hesablanmasını və tətbiq olunmasını təmin etmək, sifarişçi tərəfindən edilmiş ödənişlər barədə ona arayış və digər sənədlərin verilməsini təşkil etmək, müqavilə və onun əlavələrindən irəli gələn digər vəzifələri yerinə yetirmək öhdəlikləri vardır; 2.3-cü bəndinə əsasən, sifarişçinin müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş xidmətləri idarə edəndən təhvil almaq və xidmət haqqını müqavilə və onun müvafiq əlavələri ilə müəyyən edilmiş şərtlərlə vaxtlıvaxtında ödəmək, müqavilə və onun əlavələrindən irəli gələn digər vəzifələri yerinə yetirmək öhdəliyi vardır; 3.1-ci bəndinə əsasən, müqavilə üzrə xidmət haqqı və hesablaşma qaydası müvafiq əlavədə müəyyən olunur; 3.2-ci bəndinə əsasən, ödəniş Azərbaycan manatı ilə idarə edən tərəfindən hazırlanmış hesab-faktura üzrə sifarişçi tərəfindən idarə edənə nağd və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir; 5.3cü bəndinə əsasən müqavilədə göstərilmiş ödəniş sifarişçi tərəfindən gecikdirildikdə, idarə edən hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i həcmində cərimə tətbiq etmək hüququna malikdir; 5.4-cü bəndinə əsasən, sifarişçi müqavilə üzrə müəyyən olunmuş müddətdə ödənişləri yerinə yetirmədikdə icraçıya hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1%-i həcmində dəbbə pulu ödəyəcək.
7. xx.xx.2023-cü il tarixli CY6-145/22 nömrəli çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqaviləyə 1 nömrəli əlavəyə görə, şirkət tərəfindən əlavədə adıçəkilən xidmətlər təmin edilir. Əlavənin 3-cü bəndinə əsasən sifarişçi binadakı ona məxsus mənzil və qeyri-yaşayış sahəsinin hər kvadrat metri üçün icraçıya ƏDV daxil 1,5 manat aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür; 6-cı bəndinə əsasən xidmət haqqı hər cari ay üçün əvvəlcədən, müvafiq hesab-fakturanın təqdim olunduğu tarixdən 3 iş günündən gec olmayaraq sifarişçi tərəfindən nağd və ya idarə edənin bank hesabına köçürmə yolu ilə ödənilir.
8. İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdə bildiriş ünvanlanmış, tərtib olunan qaydalara uyğun olaraq CY-6 1701 saylı mənzil üzrə açarların xx.xx.2023-cü il tarixinədək təhvil alınması, həmçinin təhvil-təslim ilə bağlı müvafiq sənədlərin imzalanması məqsədilə Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən satış ofisinə dəvət edilmişdir (bildirişin göndərilməsi ilə bağlı sübutlar təqdim olunmayıb).
9. "xxxx" MTK tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdə bildiriş ünvanlanmış, “tərtib olunan qaydalara uyğun olaraq CY-6 1701 saylı mənzil üzrə açarların təhvil alınması, həmçinin təhvil-təslim ilə bağlı müvafiq sənədlərin imzalanması məqsədilə göndərilən xx.xx.2023-cü il tarixli bildirişə cavab verilmədiyi, bu səbəbdən ikinci bildirişin göndərildiyi və xx.xx.2023-cü il tarixinədək təhvil alınması və müvafiq sənədlərin imzalanması məqsədilə Cavabdeh MMC-nin təkrar ünvan 2 ünvanında yerləşən satış ofisinə dəvət edildiyi” göstərilmişdir (göndərilməsi ilə bağlı sübutlar təqdim olunmayıb).
10. 21.08.2023-cü il tarixli, EBDM seriyalı, 523494 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MKT tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 292,35 manat (ƏDV daxil) təşkil edir. Həmin qaimə Cavabdeh MMC tərəfindən "xxxx" MKT-ya geri qaytarılmışdır.
11. 30.08.2023-cü il tarixli, EBDN seriyalı, 173352 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MKT tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 292,35 manat (ƏDV daxil) təşkil edir. Qaimə Cavabdeh MMC tərəfindən "xxxx" MKT-ya geri qaytarılmışdır.
12. 30.08.2023-cü il tarixli, EBDN seriyalı, 173602 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MKT tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 292,35 manat (ƏDV daxil) təşkil edir. Qaimə Cavabdeh MMC tərəfindən "xxxx" MKT-ya geri qaytarılmışdır.
13. 30.08.2023-cü il tarixli, EBDN seriyalı, 173860 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MKT tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 292,35 manat (ƏDV daxil) təşkil edir. Qaimə Cavabdeh MMC tərəfindən "xxxx" MKT-ya geri qaytarılmışdır.
14. 30.08.2023-cü il tarixli, EBDN seriyalı, 174081 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MKT tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 292,35 manat (ƏDV daxil) təşkil edir. Qaimə Cavabdeh MMC tərəfindən İddiaçı MKT-ya geri qaytarılmışdır.
15. İddiaçı MTK tərəfindən tərtib edilmiş maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh MMC-nin "xxxx" MTK-ya xx.xx.2024-cü il tarixə olan əsas borcu (ƏDV daxil) 1461,75 manat, cərimə borcu 389,07 manat təşkil edir.
16. xx.xx.2023-cü il tarixli, CY6-1701 nömrəli təhvil-təslim aktından görünür ki, aktda qeyd olunan mənzil və ona əlavələr Cavabdeh MMC tərəfindən İddiaçı MTK-dan təhvil alınmışdır. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
17. İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2023cü il tarixli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış borcun 10 (on) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
18. İddiaçı MTK tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 2778 nömrəli pretenziya məktubundan görünür ki, müqavilə üzrə yaranmış borcun 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
19. İddiaçı (iddiaçı) Cavabdeh MMC-yə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, CY6 1701 nömrəli mənzil üzrə cavabdehdən 1850,82 manat (bir min səkkiz yüz əlli manat səksən iki qəpik) borcun və iddia ərizəsinin verilməsinə görə MTK tərəfindən ödənilmiş 38,51 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, 8 Noyabr pr prospekti və X.Rüstəmov küçəsinin əhatə etdiyi məhəllələrdə və 8 Noyabr prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 151 ünvanındakı “K Residence Baku” yaşayış kompleksində yerləşən Kortyard 6 saylı binanın 7-ci mərtəbəsində, ümumi sahəsi 194.5 kv.m. olan 1701 saylı mənzilin alqısatqısına dair xx.xx.2022-ci il tarixli CY6-145/22 saylı müqavilə, eyni zamanda cavabdeh ilə iddiaçı arasında 8701 saylı mənzilə dair xx.xx.2023-cü il tarixli CY6-145/22 saylı çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilə ( “Xidmət müqaviləsi”) imzalanmış, iddiaçı qeyd olunan mənzilləri cavabdehə təhvil vermiş, bununla bağlı tərəflərin nümayəndələri arasında xx.xx.2023-cü il tarixində əmlaklara dair “Sakin təlimatı” sənədləri, o cümlədən müvafiq təhvil-təslim aktları imzalanmışdır. Mənzilin alqı-satqısına dair CY6-145/22 saylı müqavilə xx.xx.2022-ci il tarixində imzalansa da, cavabdeh mənzilin təhvil alınmasını xx.xx.2023-cü il tarixinədək gecikdirmişdir. Mənzilin təhvil alınması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixli 521 nömrəli və xx.xx.2023-cü il tarixli 698 nömrəli bildiriş məktubları, habelə xx.xx.2023-cü il tarixində “Whatsapp” mobil tətbiqi vasitəsilə elektron bildiriş göndərilsə də, cavabdeh tərəfindən mənzilin təhvili qəsdən yubadılmışdır. İddiaçının mənzili təhvil vermək üçün əlindən gələn mümkün tədbirləri gördüyünü nəzərə alaraq, xidmət haqqının hesablanmasına 2023-cü ilin mart ayından başlanmışdır. Bundan əlavə, cavabdehə Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq platforması üzərindən xx.xx.2024-cü il tarixində pretenziya məktubu da göndərilmiş, lakin cavabdehdən heç bir cavab alınmamışdır. 1701 saylı mənzil üzrə əlavə olunmuş cədvəldə göstərildiyi kimi, 2023-cü ilin mart ayından başlayaraq 2023-cü ilin iyul ayı daxil olmaqla, ümumi əsas borc 1461,75 manat, gecikməyə görə hesablanmış ümumi dəbbə pulu 389,07 manat olmaqla, cəmi borc 1850,82 manat təşkil edir. Dəbbə pulu xx.xx.2024-cü il tarixinədək hesablanmışdır. Göründüyü kimi, iddiaçı üzərinə götürdüyü bütün öhdəlikləri icra etmiş və icra etməkdə davam edir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı xidmət haqqının ödənilməsi üçün əlindən gələn bütün tədbirləri görmüş, lakin cavabdeh qəsdən müqavilə üzrə xidmət haqqının ödənişindən yayınmaqdadır. xx.xx.2022-ci il tarixli CY6-145/22saylı alqı-satqı müqaviləsinin (“Alqı-satqı müqaviləsi”) 2.3-cü bəndinə əsasən əsaslı tamamlanma tarixi 1 iyul 2022-ci il müəyyən edilir. Həmin alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə görə tərəflər əmlakın təhvil vermə şərtləri təsvir olunan və onun ümumi tikinti sahəsi göstərilən təhvil-təslim aktını əsaslı tamamlanma tarixindən etibarən hazırlamalı və imzalamalıdırlar. Həmin alqısatqı müqaviləsinin 5.2.8-ci yarımbəndinə əsasən müştəri (yəni cavabdeh) əsaslı tamamlanma tarixindən başlayaraq Şirkət (yəni iddiaçı) tərəfindən göstərilən texniki xidmət, idarəetmə, təhlükəsizlik, inzibati və digər xidmətlərlə (“Xidmətlər”) bağlı xidmət haqlarının müqaviləyə qoşulmuş Əlavə №4-də nəzərdə tutulduğu kimi, aylıq əsasda şirkətə ödənilməsinə görə məsuliyyət daşıyır. Həmin alqısatqı müqaviləsinin 5.2.12-ci yarımbəndinə əsasən müştəri əlavə 4-də qeyd olunan xidmətlərə görə xidmət haqqını vaxtında və tam ödəməlidir. Həmin alqı-satqı müqaviləsinə əlavə №4-ün 1-ci bəndində iddiaçı tərəfindən cavabdehə göstərilən xidmətlər göstərilir. Həmin əlavə №4-ün 3-cü bəndinə görə müştəri göstərilən xidmətlərin müqabilində şirkətə əmlakın ümumi tikinti sahəsinin hər kvadrat metri üçün hər ay 1,50 manat məbləğində xidmət haqqını əsaslı tamamlanma tarixindən etibarən ödəməyi öhdəsinə götürür. Həmin əlavə №4-ün 4-cü bəndinə görə müştəri bu müqavilədə istinad olunan xidmət haqlarını və digər haqları aylıq olaraq hər ayın 5 (beş) iş günü ərzində şirkətə ödəməlidir. Həmin əlavə №4-ün 5-ci bəndinə görə müştəri göstərilən xidmətlərin müqabilində ödəməli olduğu xidmət haqqını əlavə №4, bənd 5-də göstərilən müddət ərzində ödəməzsə, hər gecikdirilmiş gün üçün gündəlik əsasda hesablanan illik 24% cərimə şirkət tərəfindən hesablanacaq və bu məbləğ müştəri tərəfindən ödənilməlidir. Tərəflər arasında imzalanmış çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli CY6-145/22 saylı xidmət müqaviləsinin 2.3.1-cü yarımbəndinə əsasən sifarişçi (yəni cavabdeh) müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş xidmətləri idarə edəndən (yəni iddiaçı) təhvil almaq və xidmət haqqını bu müqavilə və onun müvafiq əlavələri ilə müəyyən olunmuş şərtlərlə vaxtlı-vaxtında ödəmək öhdəliyi daşıyır. Həmin xidmət müqaviləsinin 5.3-cü bəndinə görə ödəniş sifarişçi tərəfindən gecikdirildikdə, idarə edən hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində cərimə tətbiq etmək hüququna malikdir. Həmin xidmət müqaviləsinin 5.4-cü bəndinə görə sifarişçi müqavilə üzrə müəyyən olunmuş müddətdə ödənişləri yerinə yetirmədikdə, icraçıya (əslində idarə edən nəzərdə tutulub) hər gecikmə günü üçün gecikdirilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcək. Həmin xidmət müqaviləsinə əlavə №1-in 2-ci bəndində sifarişçiyə (cavabdehə) göstərilən xidmətlər ətraflı sadalanır. Həmin əlavə №1-in 3-cü bəndinə görə sifarişçi (cavabdeh) binadakı ona məxsus mənzil və qeyri-yaşayış sahəsinin (“Obyekt”) hər kvadrat metri üçün icraçıya ƏDV daxil 1,50 manat aylıq xidmət haqqı ödəməyi öhdəsinə götürür.
21. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 442, 443-cü maddələrinə, Mənzil Məcəlləsinin 2.1, 135.1, 135.2.3cü maddələrinə istinad olunmuşdur.
22. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etirazlar göndərilmiş, iddianın əsassız olduğu bildirilmişdir.
23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə iddianın əsassız olduğunu bildirmişdir.
24. Birinci instansiya məhkəməsinin 09 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
25. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
25.1. Tərəflər arasında alqı-satqı və xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin hal, eyni zamanda cavabdeh tərəfindən mənzilin xx.xx.2023-cü il tarixdə təhvil alınması və həmin tarixdə tərəflər arasında Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Həmin tarixdən etibarən də cavabdehə xidmətlərin göstərilməsi və xidmət haqqının ödənilməsi işin mübahisəsiz hallarını təşkil edir. 25.2. Hazırkı mübahisə məhz həmin tarixdən əvvəlki 5 ay üçün xidmət haqqının ödənilməsi ilə bağlıdır. İddiaçı cavabdeh tərəfindən mənzilin təhvilinin qəsdən yubadıldığını iddia etmiş, ona görə də iddiaçının mənzili təhvil vermək üçün əlindən gələn mümkün tədbirləri gördüyünü nəzərə alaraq, xidmət haqqının hesablanmasına 2023-cü ilin mart ayından başlanılmalı olduğunu iddia etmişdir. Cavabdeh etiraz etmiş və etirazında bildirmişdir ki, mənzil istifadəyə yararlı olduğu zaman tərəflər mənzilə baxış keçirmiş və təhvil-təslim aktını imzalamışlar. İlk ay həmin ayın xidmət haqqı nəzərdə tutulan elektron qaimə göndərilmiş və ödəniş edilmişdir. İddiaçının sonradan əvvəlki ayların xidmət haqqını istəməsi qanunsuzdur. Təhvil-təslim aktı və xidmət müqaviləsi imzalandıqdan sonra ev cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən onların müqaviləni imzalamaqdan imtina etməsi barədə iddiası da əsassızdır. Binanı təhvil alan zaman binaya normal giriş mümkün deyildi və inşaat sahəsindən keçməli olmuşlar. Bu zaman iddiaçıya bildirilmişdir ki, bina tam hazır olduqdan sonra müraciət edilsin və binanın tam hazır olmasından sonra müqavilə problemsiz imzalanmışdır. Cavabdeh isə bu razılaşmaya gələn əməkdaşların artıq işçi olmadığını əsas gətirərək deyilənlərlə razılaşmır. Həmçinin iddiaçı tərəfindən göndərilən qaimələr geri qaytarılmışdır. 25.3. Qeyd olunmalıdır ki, xidmət müqaviləsinin şərtlərinə əsasən icraçı sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi yaşayış kompleksində müqaviləyə 1 nömrəli əlavədə nəzərdə tutulmuş kommunal xidmətləri göstərməyi, sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. Xidmətlərin tərkibi, xidmət haqqı və tərəflər üçün əhəmiyyət kəsb edən və müqavilə ilə müəyyənləşdirilməmiş digər şərtlər müqaviləyə müvafiq əlavələrdə müəyyən olunmuşdur. Müqavilənin 2.1-ci maddəsinə əsasən idarə edənin xidmətlərə görə ödənişlərin müqavilə ilə müəyyən edilmiş qaydada hesablanmasını və tətbiq olunmasını təmin etmək öhdəliyi vardır. Müqavilənin 2.3-cü maddəsinə əsasən sifarişçinin müqavilə şərtlərinə uyğun olaraq göstərilmiş xidmətləri idarə edəndən təhvil almaq və xidmət haqqını müqavilə və onun müvafiq əlavələri ilə müəyyən edilmiş şərtlərlə vaxtlı-vaxtında ödəmək, müqavilə və onun əlavələrindən irəli gələn digər vəzifələri yerinə yetirmək öhdəliyi vardır; 3.1-ci maddəsinə əsasən müqavilə üzrə xidmət haqqı və hesablaşma qaydası müvafiq əlavədə müəyyən olunur. Müqavilə isə göründüyü kimi, xx.xx.2023-cü il tarixdə bağlanmışdır. 25.4. Beləliklə, xidmət haqqının hesablanmasına 2023-cü ilin mart ayından başlanması üçün əsaslar müəyyən olunmur. Həmin müddətdə xidmətlərin göstərilməsinə dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
26. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 442-ci, 448.1-ci, 462.1-ci və Mülki Prosessual Məcəllənin 14.2-ci, 76.1-ci, 77-ci maddələrinə istinad etmişdir.
27. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
29. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
31. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir
32. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
38. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”
49. Bənd 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir.
50. Bənd 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
51. Bənd 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
52. Bənd 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
53. Bənd 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaiməfaktura proqram təminatı tərəfindən təsdiq edilir.
Apellyasiya baxışının həddi
54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
56. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
57. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
58. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edibetməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).
59. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki halların məcmusunu nəzərə alan kollegiya hesab edir ki, müvafiq tələbin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları (§ 38, 39) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, işin (xidmətin) icrasının həyata keçirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür.
60. İddiaçı cavabdehə 2023-cü ilin mart ayından etibarən xidmət göstərdiyini iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir.
61. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 41-44).
62. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
63. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-508/2025 saylı iş üzrə 09 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva