Məhkəmə qərarları › İş №2-2(103)-448/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-448/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-448/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X10 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin və dəbbə pulunun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-179/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı “sığorta ödənişinin və dəbbə pulunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh “xxxx” ASC-dən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 15805 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1 faiz hesablanmaqla 1580 manat, 30 manat dövlət rüsumu olmaqla, cəmi, 17385 manat pulun tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının mülkiyyətində olan, “Changan Alsvin V3” **-PL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 12.03.2019-ci il ildə cavabdeh tərəfindən sığortalanmış və MC********** saylı kasko sığorta şəhadətnaməsi verilmişdir. 27 mart 2020-ci il tarixində, təxminən, saat 00:30 radələrində həmin avtonəqliyyat vasitəsini etibarnamə ilə idarə edən sürücü X11 Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəs.,Vorovski küçəsi istiqamətinə dönmə manevri edərkən, qəfildən qarşısına çıxan nəmalum şəxsi vurmamaq üçün yolun kənarındakı dəmir beton dirəyə çırpılmışdır. Yol-nəqliyyat hadisəsi zamanı G.Pladovanın idarə etdiyi avtonəqliyyat vasitəsində onun kiçik azyaşlı qızı da olmuş və onun hadisədən qorxduğunu görərərək G.Poladova hadisə barədə ətrafda olan vətəndaşlardan polisə xəbər verilməsini xahiş edib, avtomobili hadisə yerində qoyub qızını yaxınlıqda olan evinə aparmışdır. Beləliklə də sığorta hadisəsi barədə ən qısa vaxtda məlumat sığorta şirkətinə verilmişdir. O cümlədən, sığorta hadisəsi barədə səlahiyyətli dövlət orqanı X16 məlumat verilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ-nin əməkdaşı hadisə yerinə gəlmiş, G.Poladova avtomobili idarə etmək hüquq verən sürücülük vəsiqəsini DYPnə təqdim etmiş, sürücü ayıq vəziyyətdə olmuş, sürücülük vəsiqəsi və etibarnaməsi olmuş, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilməsi barədə 27.03.2020 cu il tarixdə qərar qəbul edilmişdir. Qəza nəticəsində avtomobilə 15.805.00 manat ziyan dəymişdir. Sığorta şəhadətnaməsi ilə təminat verilən risklərdə avtonəqliyyat haddisəsinin baş verməsi, avtomobili idarə edən şəxsin ayıq olması, avtomobilə dəyən zərərlər müvafiq dövlət orqanı tərəfindən qəbul edilən qərarda birmənalı göstərilmişdir. Zərər cavabdehdən tələb edilsə də imtina etmişdir...” Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianı qəbul etməmiş, sığorta hadisəsi barədə Mülki Məcəllənin 923.1-ci maddəsinə müvafiq olaraq ən qısa müddətdə və “Avtomobil nəqliyyatı vasitələrinin kasko sığortası qaydaları”nın 12.1-ci bəndinə əsasən 24 saatdan gec olmayarpaq məlumat verilmədiyini qeyd edərək 935.1.1-ci maddəsi baxımından sığorta ödənişindən imtina olunmasını qaunauyğun olduğunu mübahisələndirərək iddianın rədd olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-179/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Yol-nəqliyyatı hadisəsi zamanı X6 idarə etdiyi ** PL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsində onun kiçik azyaşlı qızı olmuş və o, övladını qorxduğunu görərək onu yaxınlıqdakı evinə aparmış və hadisəyə şahidlik edənlərdən 102 xidmətinə xəbər verilməsi xahiş etmişdir. Daxili İşlər Nazirlyinin Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə gəlmiş, nəqliyyat vasitəsini DYP nin dayanacağına yerləşdirmişdirlər. 27 mart 2020 ci il tarixdə G. Poladova Bakı şəhəri X17 İdarəsində olmuş, yol nəqliyyat hadisəsi barədə DYP İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 cı maddəsi ilə 100 manat cərimə edilmişdir. İddiaçının mülkiyyətində olan həmin minik avtomobili 05 aprel 2020-ci il tarixindədə İddiaçı MMC-nin servisinə gətirilmiş və 06 aprel 2020 ci il tarixdə dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə müraciət məktubu ünvanlanmışdır. Daha sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 934-cü maddəsinə və qanunvericilyin digər normalarna istinad olunduqdan sonra iddiaçı qeyd edir ki, sığortalı olaraq 1980 manat sığorta haqqını cavabdehə ödənilib. Daha sonra, iddiaçı mülki və prosessual qanunvericiliyin normalarına istinadən, qeyd edir ki, məhkəmənin qətnamə qəbul edilərkən yol verdiyi kifayət qədər maddi və prosessual hüquq normalarının pozulması aşkar və şərtsizdir və bunlar həmin qətnamənin dəyişdirilməsi və apellyasiya şikayətinin təmin edilməsi üçün əsasdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasia şikayətini dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Hüseynli onunla razılaşmamış, iddiaçının ən qısa müddətdə sığortaçıya sığorta hadisəsi barədə məlumat vermədiyini mübahisələndirərək, Mülki Məcəllənin 923.1-ci və 935.1.1-ci madələrinə istinadən birinci instansiya məhkəməsinin qətnaməsini əsaslı hesab edərək, qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarına, cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi izahatına əsasən müəyyən olunur ki, 12.03.2019-ci il il tarixində bağlanmış kasko sığorta müqaviləsi əsasında iddiaçının mülkiyyətində olan “Changan Alsvin V3” **-PL-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sığortalandığı və 27 mart 2020-ci il tarixində onu etibarnamə əsasında sürücü G.Poladova idarə edərkən, yol-nəqliyyat hadisəsi baş verdiyim və avtomobilin yolun kənarındakı beton dirəyə çırpılaraq zədələndiyi işin mübahisələndirilməyən halıdır. Cavabdehin işə əlavə olunmuş sığortalıya (iddiaçıya) ünvanladığı 20.04.2020-ci il tarixli AS-20/629 saylı müktubundan görünür ki, ki, sığorta ödənişindən aşağıdakılara görə imtina olunmuşdur: “...İddiaçı” MMC məktubla müraciət edərək 06.04.2020-ci il tarixdə sığorta hadisəsi hesab edilə bilən hadisənin baş verdiyini bildirməklə, sığorta tədbirlərinin həyata keçirilməsi xahiş edilmişdir. Müraciətə baxılmış və araşdırılmışdır. Cəmiyyətə Bakı şəhər BPİ DYPİ tərəfindən təqdim olunan İnzibati xəta haqqında protokolda baş vermiş hadisə zamanı “Changan Alsvin” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X8 hadisədən sonra DYP əməkdaşlarının gəlməsini gözləməyib hadisə yerindən yayındığına görə İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinin tərtib olunduğu göstərilmişdir. Beləliklə hadisə baş verdikdən sonra heç bir üzrlü səbəb və hadisə barədə xəbər verməni mümkünsüz edən hər hansı hal mövcud olmadığı halda, G.R,Poladova hadisə baş verdikdən sonra hadisə yerindən yayınaraq bu barədə nə sığorta şirkətinə, nə də DYP-yə hadisə yerindən dərhal məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olubolmamasını müəyyənləşdirmək imkanından məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Bununla da, yuxarıda göstərilənlər nəzərə alınaraq, hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunur.” Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsinin izahatından göründüyü kimi, sürücü G.Poladovanın hadisə yerindən getdyiyi və onun sığorta hadisəsi barədə ən qısa müddətdə sığortaçıya məlumat vermədiyi əsasə gətirilməklə, hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından cavabdehin məhrum olduğu mübahisələndirilərək Mülki Məcəllənin 923.1-ci və 935.1.1-ci maddələrinə istinadən iddiaçının tələbini əsassız sayır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunpan dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh Mülki Məcəllənin 923.1-ci maddəsinə istinad etsə də, həmin Məcəllənin növbəti müddəalarına diqqət yetirməmişdir. O cümlədən: Mülki Məcəllənin 923.3-cü maddəsinə əsasən sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. Həmin Məəllənin 923.4-cü maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən, səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. Məcəllənin qeyd olunan imperativ normalarından göründüyü kimi, birincisi, sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı sığortaçıya xəbər verməli; ikincisi isə üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən, səlahiyyətli dövlət orqanları və ya müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi – sığorta hadisəsi barədə sığortaçnın məlumatlandırması kimi qəbul edilir. Belə olan halda, işə əlavə olunmuş inzibati xətaya dair icraat materiallarına əsasən məhkəmə kollegiyası aşağıdakıları müəyyən edir. 27.03.2021-ci il tarixində 00:30 dəqiqədə iddiaçıya məxsus sürücü X9 idarə etdiyi iddiaçının mülkiyyətində olan “Changan Alsvin” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qəzaya uğraması ilə bağlı müvafiq icra hakimiyyəti orqanı AR DİN Bakı şəhər DYPİ tərəfindən həmin gün hadisə yeri müayinə olunmuş, sxemi tərtib olunmuş, sürücü G.Poladava izahatı alınmış və barəsində inzibati xətaya dair protokol tərtib olunmuş və s. hərəkətlər, o cümlədən sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə Arayış tərtib olunmuş və idarənin 046-15531 saylı qərarı ilə təsdiq olunmuşdur Bakı şəhər DYPİ-nin işə əlavə olunmuş sığortaçı “xxxx” ASC-nin 31.03.2020-ci il tarixli 011924 № -li məktubuna ünvanladığı 01.04.2020-ci il tarixli, 046-15531 saylı cavab məktubundan görünür ki, 27.03.2021-ci il tarixində “Changan” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsinə aid toplanmış materialların surətləri sığortaçıya göndərilmişdir. Cavabdehin hazırkı məhkəmə ticlasında iştirak edən nümayəndəsi izahatında bunu təkzib etməmiş, lakin israrla, sığortalı tərəfindən hadisə barədə onalara 31.03.2020-ci il tarixində məlumat verildiyini qeyd edərək məlumatın ən qısa müddətdə verilmədiyini bildirmişdir. Hər bir halda, sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, cavabdehin sığorta hadisəsi barədə ən qısa müddətdə məlumatı olmuş kimi hesab edilməlidir. Ən azından, Mülki Məcəllənin yuxarıda qeyd olunan 923.3-923.4-cü maddələrinin tələblərin baxımından, hadisə baş verən gün hadisə yerini müayinə edən, zəruri araşdırmanı aparan müvafiq icra hakimiyyəti orqanı - AR DİN Bakı şəhər DYPİ bu barədə sığortaçı cavabdehi də həmin gün hadisə barədə məlumatlandırmaq öhdəliyini daşıması, sonuncu həmin sığorta hadisəsi barədə məlumatlandırılmış hesab edilməsini deməyə əsas verir. Digər tərəfdən, cavabdehin 31 mart 2020-ci il tarixində məlumatlandırılması belə, onun ən qısa müddətdə hadisə barədə məlumatdadırılmaması kimi qiymətləndirilə bilməz. Çünki, cavabdehin “Avtomobil nəqliyyatı vasitələrinin kasko sığortası Qaydaları” 12.1-ci bəndinə istinadən, iddiaçının 24 saatdan gec olmayaraq sığorta hadisəsi barədə sığortaçıya məlumat verməli olduğunu vurğulayan dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası onu qeyd edir ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 2.5ci maddəsinin tələbnə görə Mülki Məcəllə daha üstün qüvvəyə malikdir. Həmin Məcəllə isə ən qısa müddətin 24 saatdan ibarət olduğu nəzərdə tutulmamışdır. Eyni zamanda, baş vermiş hadisə müvafiq icra hakimiyyəti orqanı AR DİN Bakı şəhər DYPİ tərəfindən araşdırılmış, prtokol tərtib olunmuş və qərarı ilə iddiaçıya məxsus avtomobili idarə edən sürücü G.Poladova inzibati tənbeh qaydasında cərimə olunmuş, hətta, həmin idparə tərəfindən “sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə Arayış” da tərtib olunub olunmuşdur. Ən azından, cavabdeh iddiaçıya ünvanladığı 20.04.2020-ci il tarixli məkubunda özü qeyd edir ki, iddiaçı sığorta ödənişi üçün lazımi tədbirlərin həyata keçirilməsi barədə ona müraciət etmişdir. Bu isə onu deməyə əsas verir ki, z qəzaya uğramış həmin avtomobilin ilkin vəziyyəti qorunub saxlanılmışdır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdein Mülki Məcəllənin 935.1.1-ci maddəsinə istinadən iddiaçı tərəfindən həminMəcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olubolmamasını müəyyənləşdirmək imkanından məhrum olmasını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. İşə əlavə olunmuş, mübahisəli minik avtomobilinin texniki baxışına dair İddiaçı MMC-nin servis xidməti (mütəxəssisi) tərəfindən tərtib qüsur aktına (qiymət cədvəlinə) əsasən isə müəyyən olunur ki, avtomobilin təmirinə 15.805,00 manat dəyərində xərc tələb olunur. İş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizsı Mərəkəzinin 30.11.2020-ci il tarixli 9/4353 saylı rəyindən də görünür ki, mütəxəssis tərəfindən müəyyən olunan həmin qiymətə köhnəlmə fazi tətbiq edilməklə, mübahisəli “Changan Alsvin V3” **-PL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmir bərpa xərcinin təxminən 14947,0 manat məbləğində olduğu müəyyən edilmişdir (Tədqiqatın dəyəri: 100 manat təşkil edir). Həmin qüsur aktında (qiymət cədvəlində) 24.02.2020-ci il tarixinin yazılmasına gəldikdə isə iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi, məhkəmənin müvafiq sualını cavabdlandırarkən bununla bağlı bildirmişdir ki, servis xidməti tərəfindən yol verilən texniki bir səhvdir. Aktın tarixi 2020-ci ilin 2-ci ayı yox, 4-cü, yəni aprel ayıdır. Məhkəmə kollegiyası qüsur aktındakı tarixin yazılışında təxniki səhvə yol verildiyinə inandırıcı yanaşır. Çünki, ən azından, cavabdeh sığorta ödənişi ilə bağlı iddiaçının müraciətinə üvanladığı 20.04.2020-ci il tarixli cavab məktubğunda özü də qeyd edir ki, iddiaçı ondan baş vermiş sığorta hadisəsi ilə bağlı sığorta tədbirlərinin həyata keçirilməsini xahiş etmişdir ki, bu da onu demyə əsas verir ki, servis xidməti tərəfindən avtomobilə texniki baxış 20.04.2020-ci il tarixindən sonra keçirilmişdir (Qeyd olunmalıdır ki, bu hal cavabdehin nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir). Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası mütəxəssis və ekspert rəyləri ilə iddiaçıya məxsus mübahisəli avtomobilin təmir-bərpa işələrinə çəkilməli xərcin 14.947,0 manat təşkil etməsi ilə razılaşaraq mötəbərliyini qəbul edir. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta şəhadətnaməsindən görünür ki, sığorta məbləi 23.000 manat, şərtsiz azadolma mələği 450 manat təşkil edir. Mülki Məcəllənin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödəniºi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Həmin Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Beləliklə də qanunun qeyd olunan tələbləri baxımından işin sübutlarla müəyyən olunan halları nəzərə alınmaqla, tərəflər arasındakı sığorta müqaviləsində nəzərədə tutulan 450 manat azaolma çıxılmaqla, 14.497 (14.947,0-450) manat məbləğində sığorta ödənişi verilməsini zəruri edən faktiki və hüquqi əsasların mövcudluğu sübuta yetirilir. Belə olan halda, Mülki Məcəllənin 934.2-ci maddəsinin tələbinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Cavabdehin 20.04.2020-ci il tarixli imtina məktubundan etibarən iddiaçının ona göndirdiyi pretenziya məktubunun alındığı 29.07.2020-ci il tarixinədək (100 gündən çox müddət üçün) sığorta ödənişinin gecikdirilməsinə görə hesablanmalı dəbb dəbbə pulu iddiaçının tələb etdiyi 1580 manatdan da çoxdur. Belə olan halda isə, MPM-in 218.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, qətnamə iddiaçının verdiyi tələbi üzrə, yəni 1580 manat həddində, çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, məhəkəmə tərəfindən iş üzrə hərtərəfli araşdırma aparılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmənin gəldiyi nəticə sübutlara uyğun olmamış, maddi hüquq normaları da düzgün tətbiq edilməmiş, iddianın rədd olunması barədə qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Sadlanan həmin hallar isə MPM-in 385.1-ci maddəsinin tələbləri baxımından apeldlyasiya qaydasındla qətnamənin ləğv edilməsi üçün əsaslar hesab edilir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-179/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsi ləğv olunmalı, İddiaçı MMC-nin iddia tələbi qismən təmin olunmalı, cavabdeh “xxxx” ASC-dən onun xeyrinə 14.497,00 manat məbəlğində sığorta ödənişi, ödənilmiş dövlət rüsumuna görə isə MPM-in 119.1-ci maddəsinin tələbinə müvafiq olaraq 45 manat tutulmalı, qalan hissədə isə iddia rədd edilməli və iddiaçının vəsatəti əsasında keçirilən ekspertizaya görə 100 manat məbləğində ekspertiza xərc isə, MPM-in 117-ci maddəsinin tələb nəzərə alınmaqla, iddiaçıdan tutulub AR ƏN Məhəkəmə Ekspertizası X2 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı ”İddiaçı” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-179/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. “xxxx” ASC-dən İddiaçı MMC-nin xeyrinə 14.497,00 manat sığorta ödənişi və 1.580,00 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumuna görə 45,00 manat tutulsun. İddia qalan hissədə təmin edilməsin. 100 manat məbləğində ekspertiza xərci İddiaçı MMC-dən alınıb AR ƏN Məhkəmə X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar